Mürvətqızı S.

 

"İrs-Nasledie"nin yeni sayı Qobustana həsr edilib

 

Bugünlərdə "İrs-Nasledie" beynəlxalq jurnalının növbəti sayı işıq üzü görüb. Jurnalın Qobustan tarixi-bədii qoruğuna həsr olunan bu sayı Heydər Əliyev Fondunun prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın oxuculara müraciətilə açılır: "Bütün dünyada məşhur olan Azıx mağarasında tapılmış daş alətlər Quruçay vadisində hələ milyon il bundan əvvəl qədim insan məskənlərinin mövcud olmasına dəlalət edir. Buna görə də biz fəxrlə deyə bilərik ki, Yer üzündə sivilizasiyanın yaranmasında və inkişafında Azərbaycan da mühüm rol oynayıb". M.Əliyeva müraciətində çoxsaylı arxeoloji abidələrin, qədim daş kitabələrin, qayaüstü təsvirlərin, bu gün dünyanın aparıcı muzeylərinin kolleksiyalarında layiqli yer tutan nadir əlyazmaların, yüzlərlə maddi mədəniyyət abidəsinin Azərbaycanın dünya mədəniyyətinə çox qiymətli töhfəsi olduğunu vurğulayıb. Xatırladaq ki, M.Əliyevanını təşəbbüsü ilə Qobustan 2007-ci ildə UNESKO-nun Dünya İrsi siyahısına daxil edilib.

Jurnaldakı məqalələrdə Qobustanın tarixi əhəmiyyəti önə çəkilərək, alimlərin mövzu ilə bağlı araşdırmaları təqdim olunub. "Qobustan qayaüstü rəsmləri", "Qobustan dünya mədəniyyəti irsidir", "Qavaldaş", "Azərbaycanda tunc dövründə süvari və qayıqçı ovçuların mənəvi dünyası", "Qobustan muzeyi peyzajın bir hissəsi olacaq" və başqa materiallarda Qobustanla bağlı maraqlı faktlar öz əksini tapıb.

Xatırladaq ki, "İrs-Naslediye" jurnalı düz bir il bundan əvvəl Azərbaycanın yeddi təbii möcüzəsinin seçilməsi üçün müsabiqə keçirmək təşəbbüsü irəli sürüb. Bundan məqsəd Azərbaycanı, onun zəngin maddi və mənəvi irsini bütün dünyada geniş təbliğ etməkdir. Həmin layihə çərçivəsində "İrs-Naslediye" jurnalı il ərzində ölkəmizin dünyanın möcüzələri sırasında yer almağa layiq olan müxtəlif guşələri haqqında çeşidli materiallar dərc edib.

525-ci qəzet.- 2009.- 14 yanvar.- S. 7.