Məmmədov M.

 

Tarixi abidələri ilə öyünən diyar

 

Bu, Naxçıvandır

 

"Elə XX əsri götürün. Dünyada böyük dövlətlər var, amma böyük abidələr yarada bilmirlər, çünki imkanları yoxdur" - bu sözlər xalqımızın ümummilli lideri Heydər Əliyevə məxsusdur. O, Naxçıvan şəhərində  Mömünə xatun məqbərəsini ziyarət edərkən bu sözləri söyləyib. Dahi öndər "Bizlər çox vaxt bu abidəni gözəl memarlıq abidəsi kimi təbliğ edirik" - deyərək bu sənət əsərinin  çoxəsrlik dövlətçilik ənənələrimizin yaşadılması istiqamətində oynadığı rola da toxunub: "Bu abidənin memarlıq qiyməti ilə bərabər, bizim üçün  bəlkə daha da böyük qiyməti  Azərbaycanın qədim dövlət olmasını göstərməsidir. Bu, təkcə memarlığın zənginliyini yox, dövlətçiliyin nə qədər zəngin olduğunu, nə qədər möhkəm olduğunu da göstərir. Əgər dövlətçilik  o qədər yüksək səviyyədə olmasaydı, onlar bu cür abidənin yaradılması barədə qərar qəbul edə bilərdilərmi?"

 

Daşlar da danışır...

 

Alimlərin fikrincə, Naxçıvanda hər daşın, hər qayanın altında bir tarix yatır. Bu yaxınlarda bölgədə keçirilən mötəbər elmi toplantıda - beynəlxalq simpoziumda iştirak edən mütəxəssislərin yekun rəyləri də bundan ibarət olub ki məmləkətimizin ayrılmaz bir parçası olan bu diyar bəşər sivilizasiyasının, mədəniyyətinin ən başlanğıc nöqtələrindən biri olub. Bu qədim və kəşməkeşli tarixi isə sübut edən mənbələr, amillər də çoxdur: ilk insanların yaşadıqları mağaralar, qədim yaşayış yerləri, erkən şəhər mədəniyyəti, möhtəşəm qala divarları, qayaüstü rəsmlər, daş qoç heykəlləri, xatirə memarlığının ən mükəmməl nümunələri olan memarlıq inciləri...

 

Qazma, Əshabi-kəhf, Kilid mağaralarında Daş dövrü mədəniyyətinin izləri aşkar olunub. Bu yerlərdə insanlar ibtidai icma dövründə yaşayıblar. Eramızdan əvvəl dördüncü minilliyin sonu və ikinci minilliyin əvvəllərində isə Naxçıvan ərazisində Oğlanqala, Qarabağlar, Çalxanqala, Govurqala kimi qala-şəhər məntəqələri fəaliyyət göstərib. Gəmiqaya rəsmləri kimi təsviri sənət abidələri, bədii tərtibatlı boyalı qablar, tunc məmulatları və sairə Naxçıvanın qədim tayfalarının həyat tərzini, dini-ideoloji və fəlsəfi-estetik dünyagörüşünü əks etdirib.

 

Sonrakı dövrlərdə də Naxçıvan Şərqlə Qərb arasında mühüm karvan yolları üzərində yerləşən iri ticarət mərkəzinə çevrilib. Bu amil heç də bölgəyə həmişə xeyir-bərəkət, bolluq gətirməyib. Bu səbəbdən də uzun illər boyu o, döyüş meydanlarına çevrilib. Hətta qədim romalılar, parfiyalılar, sasanilər də neçə əsrlərlə bu torpağa göz tikiblər.

 

IX-XI əsrlərdə Azərbaycan feodal dövlətlərinin tərkibinə daxil olan Naxçıvan təkcə ayrılmaz parçası olduğu Azərbaycanın deyil, həm də Yaxın və Orta Şərqin gözəl və əzəmətli şəhərlərindən birinə çevrilir. O, böyük ticarət və sənaye, mədəniyyət mərkəzlərindən biri kimi şöhrət qazanır. XII əsrdə isə Naxçıvan Azərbaycanın Atabəylər-Eldəgizlər dövlətinin paytaxtına çevrildikdən sonra onun qüdrəti daha da artır. Regionda çoxəsrlik dövlətçilik ənənələrinin təməli də məhz o dövrdə qoyulur. Xalqımızın ümummilli lideri Heydər Əliyev tariximizin tədqiqi, öyrənilməsi və təbliği sahəsində bu amillə bağlı qarşıda duran vəzifələri aydın və konkret şəkildə belə göstərib: "Bugünkü Azərbaycanın böyük bir hissəsi, həm Naxçıvan tərəfdə olan hissəsi, həm də Araz çayının o tərəfindəki hissəsi Azərbaycan dövləti, Atabəylər dövləti olubdur. Ona görə də biz buna tarixi qiymət verməliyik".

 

Orta əsr Naxçıvan memarlıq məktəbi və onun ilk əsəri

 

XII əsrdə Azər baycan intibahı özünü iki zirvədə xüsusilə göstərə bilib: ədəbiyyat sahəsində və memarlıqda. Böyük rus şərqşünası Yevgeni Bertelsin belə bir fikri var: "Əgər dünyanın bütün dövrlərində yaşamış şairləri bir cərgəyə düzmək lazım gəlsə, mən birinci yeri tərəddüd etmədən Nizami Gəncəviyə verərdim". Sənətşünaslar isə belə deyirlər: Dahi Nizami poeziyada hansı zirvəni kəşf edə bilmişdirsə, Naxçıvan memarlıq məktəbi öz sahəsində ən yüksək zirvəyə qalxmışdır. Naxçıvan memarlıq məktəbi öz dövrünün ən yüksək nailiyyəti olmaq etibarilə Azərbaycan mədəniyyətinin qızıl fonduna daxil olub . O, türk, ərəb, səlcuq memarlıq xüsusiyyətlərinin əsas ştrixlərini özündə birləşdirərək heç bir mədəniyyəti təkrar etməyib.

 

Əcəmi Əbubəkr oğlu Naxçıvan memarlıq məktəbinin banisi və ən görkəmli nümayəndəsi olmaqla Qərb ölkələrində bu sənətin  imzası olduğu bir dövrdə Şərq aləmində bir sıra şah əsərlərin müəllifi kimi tanınıb. Böyük rus alimi, akademik M.V.Alpatov onun yaradıcılığından söz açaraq deyib ki, "Belə yüksək memarlıq forması duyğusuna, kompozisiyasının bu cür klassik bitkinliyinə və ifa mükəmməlliyinə bu dövrdə Orta Avropa memarlığında təsadüf olunmur".

 

Memar Əcəmi həm də öz zəmanəsinin elmi biliklərinə yiyələnmiş, hərtərəfli inkişaf etmiş bir şəxsiyyət olub. Bu məktəb Şərq dünyasına Əmirəddin Məsud Naxçıvani, Əhməd ibn Əyyub əl-Hafiz Naxçıvani kimi dahi memarlar, sənətkarlar bəxş edib. Bu dövrdə həndəsə və riyaziyyat elmləri də yüksək dərəcədə inkişaf etdiyindən bu elmi bilik və vərdişlərin tətbiq olunduğu sahələrdən biri də memarlıq olub.

 

Memar Əcəminin yaradıcılığında formalaşan memarlıq tiplərindən ən bitkini qülləvari türbələr olub. Ayrı-ayrı nüfuzlu şəxslərin xatirəsinə ucaldılan bu monumental abidələr el arasında uzun illər "Günbəz" adı ilə də tanınıblar. Naxçıvan şəhərinin mərkəzində yerləşən və yerli camaat arasında "Atababa günbəzi" adı ilə tanınan Yusif Küseyir oğlu türbəsi 1162-ci ildə inşa olunub. O, ustad memarın bu günümüzə gəlib çatan ilk böyük əsəri olub. Sərdabə və yerüstü qülləvari hissədən ibarət olan bu abidənin kitabəsindədə onun kimin şərəfinə və hansı tarixdə inşa olunduğu da əksini tapıb: "Bu türbə xacə, canlı rəis, dinin zəkası, İslamın camalı, şeyxlər başçısı Yusif Kuseyir oğlunundur". Digər kitabədə isə onun "Bənna Əcəmi Əbubəkr oğlu Naxçıvaninin əməli" sözləri yazılıb.

 

Şeyxlər başçısının türbəsi ikiqatlı olub, səkkizbucaqlı formadadır. Sərdabə yer altına salındığından türbə ətrafdan birqatlı qüllə kimi görünür. Abidə ilk baxışdan tutumunun həndəsi təmizliyi, nisbətlərinin incəliyi və harmonik gözəlliyi ilə seçilir. Əsas tikinti və bəzək hörgüsü kimi bir materialdan - bişmiş kərpicdən ustalıqla elə istifadə olunub ki, o da abidənin həndəsi biçiminin bütövlüyünü gücləndirməklə bərabər ona vahid, qırmızımtıl kalorit verir. Kompozisiyanın sadə olmasına baxmayaraq, bu abidə özünün düzgün münasibliyi, ornament bəzəyinin zənginliyi ilə də seçilir.

 

Naxçıvanın "Tac-Mahalı" - Mömünə xatun məqbərəsi

 

Mömünə xatun məqbərəsini Naxçıvanın “Tac-Mahalı” adlandıranlar heç də yanılmırlar. Düzdür, Tac-Mahal Hindistanda yerləşir. Deylənə görə, orta əsrlərdə inşa olunan bu abidə oradakı memarlıq incilərini ən gözəlidir. Mömünə xatun türbəsi isə memar Əcəminin şah əsəri olmaqla Naxçıvanın gözəllik simvoluna çevrilib.

 

Təkcə Azərbaycanda deyil, İslam ölkələrində də ən uca və incə kompozisiyalı türbələrdən olan bu abidənin belə uzunömürlüyü, ilk olaraq onun mühəndis həllinin bitkinliyi ilə bağlıdır. Memar Əcəmi bu əsərində təkcə bədii təfəkkürün dərinliyi, zövq incəliyi deyil, eləcə də geniş riyazi biliyə və zəngin yaradıcılıq təcrübəsinə əsaslanan  mühəndislik dühası nümayiş etdirə bilib. AMEA-nın müxbir üzvi, memarlıq doktoru Cəfər Qiyasinin sözləri ilə desək, abidənin dayaq sistemi, xüsusi ilə sərdabəsinin quruluşu ilə tanışlıq əyani göstərir ki, naxçıvanlı memar öz sağlığında "mühəndislər başçısı" titulunu heç də nahaq yerə qazanmayıb.

 

Təbii ki, Azərbaycan Atabəylər dövləti tariximizin və varlığımızın ən parlaq səhifələrindən birini təşkil edib. Xalqımızın ümümmmilli lideri Heydər Əliyev Naxçıvan MR-in 75 illik yubiley tədbirləri çərçivəsində Mömünə xatun türbəsi muzeyinin ekspozisiyası ilə tanış olarkən bununla bağlı deyib ki, "Bu abidə Atabəylər dövlətinin Azərbaycan dövlətçiliyini yüz illərlə dünyaya nümayiş etdirməsini, Atabəylər sülaləsinin, nəslinin Azərbaycan tarixində nə qədər böyük yer tutduğunu göstərir".

 

Əsrlər boyu yerli əhali arasında "Atabəy günbəzi" kimi tanınan  bu məqbərə 1186-cı ildə inşa olunub. O. Azərbaycan Atabəylər dövlətinin banisi olan Şəmsəddin Eldənizin arvadı Mömünə xatunun şərəfinə ucaldılıb. Bəzi tədqiqatçılara görə, Atabəylər dövlətinin başçısı Şəmsəddin Eldəniz, onun həyat yoldaşı Mömünə xatun və oğlu Məhəmməd Cahan Pəhləvan da bu sərdabədə dəfn olunublar. Ümummilli liderimiz abidəni inşa etdirən adamlar haqqında da yüksək fikirlər söyləyərək onları müdrik insanlar adlandırıb. Deyib ki, "Əgər o müdriklik, böyük zəka, ağıl olmasaydı, məsələn, Şəmsəddin Eldəniz öz həyat yoldaşına bu cür türbənin yaradılmasına qərar qəbul etməzdi... O nəsil nə qədər ağıllı olubdur ki, onun oğlu bunu davam etdirib və bizim tariximizi göstərən bu qədər əzəmətli memarlıq abidəsi, tariximizi təsdiq edən abidə yaranıbdır". 

 

Ümumi hündürlüyü 30 metrə yaxın olan tütrbə sərdabə və yerüstü hissədən ibarətdir. Sərdabə hissəsi planda on bucaqlıdır, orijinal quruluşlu olub, bədii baxımdan da zəngin tərtibata malikdir. Türbənin bucaqlarındakı sıxıntılar isə kufi xətlə işlənmiş kitabələrlə örtülüb. Bu kitabələrin uzunluğu isə 500 metrə çatır. Mürəkkəb quruluşlu həndəsi ornamentlərlə kompozisiyaya daxil edilmiş firuzəyi kaşılar onu daha da zənginləşdirilir.

Abidə əzəmətli memarlıq zənginliyi ilə yanaşı, Azərbaycanın qədim tarixini, möhtəşəm dövlətçilik ənənələrini, onun yüksək mədəniyyətə malik olmasını da açıb göstərir. Abidənin baş tağında kufi xətlə yazılan bu sözlər də insanları xeyirxah əməllərə səsləyir: "Biz gedirik ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar".

 

Naxçıvanın memarlıq inciləri sırasında  Kəngərli rayonunun Qarabağlar kəndindəki memarlıq kompleksi özünəməxsus yer tutur. Kompleks iki qoşa  minarədən, 16 metr hündürlükdə olan türbədən ibarətdir. Minarə ilə türbənin üst qatı kaşı naxışlarla bəzədilib. Onların  arasında qalan 15-20 metr  məsafədə isə dini  bina qalıqları var.

Dərələyəz dağ silsiləsinin yamaclarında  yerləşən bu kəndin də  uzaq keçmişi, qədim tarixi olub. Qalacıq deyilən ərazidə insanlar Son Tunc və İlk Dəmir dövründə yaşayıblar. Yaşayış məskəninin adının etimologiysı ilə bağlı deyilənlər də maraqlıdır. Alimlərin fikrincə, Qarabağlar sözü  qədim türk tayfası olan kəngərlərin bir qolunun adı ilə bağlı olub.   Bu məlumat  X əsr  müəllifi Konstantin Baqruanarodnının  Cənubi Rusiya çöllərində yaşayan peçeneq-kəngərlərin  bir tayfasının qarabay adlanması barədə deyilənlərlə tam  uzlaşır. Tariximizin  orta əsrlər dövründə isə Qarabağlar Azərbaycanın qədim şəhərlərindən biri olub. Onun  Yaxın Şərq ölkələri ilə  Avropanı birləşdirən  mühüm karvan yollarının  üstündə yerləşməsi  sayəsində burada sənətkarlıq, ticarət, iqtisadi həyat  xeyli tərəqqi edib.

 

Qarabağlar kəndindəki qoşa minarənin  XII əsrin sonu  XIII əsrin  əvvəllərində tikildiyi  ehtimal olunur. Minarələri bir-birilərinə bağlayan baştağ isə XIV əsrdə inşa olunub. Baştağın üzərində  Elxani hökmdarı  Hülaki xanın arvadı Quti xatunun adı yazıldığından, onun şərəfinə tikildiyi güman edilir. Heç şübhəsiz ki, Hülaki xan bu şəhərdə yaşayıb.

 

Sərdabə və yerüstü hissədən ibarət olan  Qarabağlar türbəsində qülləvari türbələrin  əsas xüsusiyyətləri əks olunub. Abidənin  12 bucaqlı yeraltı sərdabəsinin  divarları daşdan, günbəzləri isə  kərpicdən hörülüb. Türbənin səthi isə qırmızı və firuzəyi  kaşılı kərpiclə örtülərək, həndəsi ornamenti xatırladan  kitabələrlə bəzədilib. Kitabə qurşağı isə nəsx xətlə işlənib. Onun  memarlıqda başlıca kompozisiya xüsusiyyəti isə  4 baştağlı olmasıdır. Ayrı-ayrı qütblərdə yerləşən  bu baştağlar ona dörd fasadlı görkəm verir.

Türbənin konus şəklində olan  yuxarı günbəzi və müvafiq kitabələri  dağıldığından  onun tikilmə tarixini dəqiq müəyyən  etmək mümkün olmayıb. Aparılan tədqiqatlar isə Bərdə türbəsi kimi  onun XIV əsrin əvvəllərində tikildiyini  göstərir. Bu türbələr arasında oxşarlıqlar da  çoxdur.

XII əsr türk səyyahı Övliya Çələbi “Səyahətnamə” əsərində  Qarabağları  meyvə bağları arasında yerləşən  böyük şəhər kimi təsvir edib. Onun fikrincə, o dövrdə burada 50 min  adam yaşayırdı, çoxlu  məscid, minarə, karvansara mövcud olub.

 

Araz çayı sahilində məğrur abidə

 

Culfa rayonu ərazisində yerləşən Gülüstan türbəsi memarlıq xüsusiyyətləri baxımından  Naxçıvandakı qülləvari türbələr qrupuna daxil olan abidələrdən fərqlənir. Bu abidə ilk növbədə orta əsr Naxçıvan memarlığında əsas tikinti materiallarının  yalnız kərpic  və kaşıdan olmasını iddia  edənlərin fikirlərini alt-üst edir. Türbənin  12 üzlü gövdəsi qırmızı tuf daşlarından, kürsüsü isə  iri üzlük daş lövhələrindən inşa olunub. Digər qülləvari türbələr kimi bu abidədə iki hissədən ibarət olsa da, burada  sərdabə qatı yerin üst qatında tikilib. Türbənin qülləvari tutumu ilə onu üzərində saxlayan kürsülüyün üzvi bağlılığı təmin edilib. Bu səbəbdən də inşa tarixindən neçə əsrlər ötməsinə baxmayaraq öz vüqarını hələ də saxlaya bilib.

 

Türbənin səthi  daş üzərində həkk olu nan  qabartma həndəsi  ornamentlərlə  bəzədildiyindən o incə və zərif görünür. Halbuki Mömünə xatun və Yusif  Küseyir oğlu  türbələrində  bu cür ornamentlərdən istifadə olunmayıb. Bu ilk növbədə bu abidədə istifadə olunan tikinti materiallarının bu cür xassələrindən  irəli gəlib. Abidənin  üst çadır örtüyü bütövlükdə dağıdıldığından onun günbəzinin pramida, yoxsa konus biçimli  olması ətrafında mübahisələr  hələ də davam edir. Abidədə  epiqrafik materialın, daş kitabənin olmaması  türbənin  inşa tarixini  dəqiqləşdirməyə imkan vermir. Onun kimin şərəfinə tikildiyi, memarının kim olması da hələlik bəlli deyil.

Mömünə xatun məqbərəsinin təsiri ilə onun XIII əsrin əvvəllərində inşa olunduğu ehtimal olunur. Bu  abidə də ölkəmizin iqtisadi qüdrətini göstərir. 

 

Memarlıq abidələrinə isti münasibət 

 

Son on ildə Naxçıvanda aparılan genişmiqyaslı quruculuq tədbirlərinin mühüm bir qolunu da xalqın keçmişinə mənsub olan  hər qayanın, hər daşın tarixini yaşatmaq ideyası təşkil edib. Bir çox abidələrdə aparılan əsaslı təmir və yenidənqurma işləri aparılıb.  Əlincəçay üzərindəki XIII-XIV əsrlərə aid edilən  Xanəgah  kompleksi  də onlardan biri olub. Deyilənə görə, həmin xanəgahda ustad Nəsiminin müəllimi olan  Fəzlullah  Nəimi dəfn edilib.

Xanəgah əvəzinə  “İmamzadə”lərin  meydana gəlməsi  Səfəvilər dövrü üçün xarakterik olub. Naxçıvan  “İmamzadə”si isə bir kompleks kimi yaranmasını da XVII əsrə aid etmək olar. Son illər bu abidə-kompleksdə də əsaslı təmir işləri aparılıb, ora dindarların ixtiyarına verilib. XVIII əsrdə tikilməsi güman edilən  Xan evində aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra bu obyekt də şəhərin ən gözəl tikililərindən birinə çevrilib. İndi burada xalça muzeyi fəaliyyət göstərir. Naxçıvan şəhərində  Buzxana kompleksi, Cümə və  Zaviyyə məscidləri,  İsmayılxan  hamamı və digər obyektlərdə də  bərpaçı mütəxəssislər  bu abidələrin nəfəsini, ruhunu tam  duya biliblər. 

 

Naxçıvan şəhərində Köhnə Qala deyilən ərazidə Nuh peyğəmbərin məzarüstü türbəsi bərpa edilir. İki hissədən - sərdabə və türbə hissədən ibarət olan səkkiz guşəli  bu abidədə tikinti işləri artıq yekunlaşıb. Kaşı daşlarla işlənən həndəsi ornamentlər  abidəyə xüsusi yaraşıq verir. Türbənin çardaq hissəsi isə piramida  şəklində işlənib.  Naxçıvan MR Nazirlər Kabineti yanında  Elmi-Bərpa İstehsalat İdarəsinin bərpaçı mütəxəssisləri 15 metr hündürlüyündə olan bu obyektdə hördükləri  muncuq-muncuq kərpiclərdə, saldıqları zərif naxışlarda  dahi memarların dəst-xətlərini  olduğu kimi təkrarlayıblar. Onu da qeyd edək ki, bu abidə Muxtar Respublika Ali Məclisi sədrinin ”Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsinin bərpa edilməsi haqqında” sərəncamına əsasən inşa olunub.

 

* * *

 

Təbii ki, əcdadlarımızın özlərindən sonra qoyub getdikləri bütün  tarix və mədəniyyət abidələri bu yurdun Azərbaycançılıq möhürü olub. Bu abidələr təkcə varlığımızı və dövlətçiliyimizi  yaşatmırlar, onlar həm də zaman-zaman ölkəmizin iqtisadi qüdrətini özlərində təcəssüm etdirirlər. Xalqımızın ümümmilli lideri Heydər Əliyev də dönə-dönə deyirdi: ”Dünyada böyük dövlətlər var, amma böyük abidələr yarada bilmirlər, çünki imkanları yoxdur”.

Görünür, Azərbaycan bu cəhətdən xoşbəxt ölkədir. 

 

Mədəniyyət.- 2009.- 23, 29 yanvar.- S. 6.