Muradoğlu N.

 

Üçgünbəzli Əylis hamamı

 

Naxçıvan Muxtar Respublikasının ərazisində möhtəşəm tarixi abidələr çoxdur və onların qorunub saxlanması diqqət mərkəzindədir. Bu tarixi abidələr əsasən məscidlərdən, qalalardan, məqbərə və digər tikililərdən ibarətdir. Qeyd etmək lazımdır ki, bu siyahıya tarixi hamam binaları da daxil edilir ki, onların da içərisində üçgünbəzli hamamları barmaq ilə saymaq olar. Üçgünbəzli hamam binalarından biri Naxçıvan şəhərində Təbriz otelinin qarşısında olan İsmayıl xan hamamıdır ki, muxtar respublika Mədəniyyət Nazirliyinin Elmi-Bərpa İdarəsi tərəfindən əsaslı şəkildə bərpa edilərək Naxçıvan şəhərinin hüsnünə xüsusi bir gözəllik verir.

 

Üçgünbəzli hamamlardan biri Ordubad şəhərində hazırda fəaliyyətini davam etdirməkdədir. Digər üçgünbəzli, XVI əsrin yadigarı olan hamam binası Əylis kəndindədir. Təqribən 600 kvadratmetr sahəsi olan bu hamam binasını Ordubad və Naxçıvan şəhərində olan üçgünbəzli hamam binalarından fərqləndirən cəhəti onun bu ərazidə yerləşən abidələr kompleksinin tərkib hissəsi olmasındadır. Belə ki, hamam binası Meydan kəhrizinin üzərində məscid, mədrəsə kompleksi ilə birlikdə, divar-divara söykənmiş halda və biri-birini tamamlayaraq inşa edilmişdir. Hamamın əsasən 3 böyük günbəzi olmuşdur: biri giriş hissənin, biri soyunub-geyinmə salonunun, digəri isə yuyunma zalının üzərində tikilmişdir. Giriş hissənin üzərində tikilən günbəz nisbətən salamat qalmışdır.

Soyunub-geyinmə salonunun ortasında soyuq su hovuzu tikilmişdir. Salonun kənarları tağlı taxçalar və hücrələrdən ibarətdir.

Hamamın yerin səthindən xeyli dərində olması soyunub-geyinmə salonunun qışda isti, yayda sərinlik verən rahat bir yerə çevrilməsinə səbəb olmuşdur.

Böyük Vətən müharibəsi başlayana qədər işləyən hamamın suyu içərisində olan Meydan kəhrizindən götürülərək hamamda yerləşən qazanxanaya ötürülmüş, istifadə edilmiş, çirkli su isə yenə də kəhrizin alt hissəsindən keçən kanalizasiya xətti ilə birləşdirilərək axıdılmışdır.

Əylis hamamının digər fərqli cəhəti onun qazanxana və ocağının binanın içərisində yerləşməsidir ki, bu da hamamın tez və az yanacaq sərfi ilə qızması ilə nəticələnirmiş.

Hamam binası Şərq memarlıq üslubunun mükəmməl nümunəsidir və Əylisdə 1813-cü ildən sonra müəyyən müddət üçün, 1918-ci ilə qədər müvəqqəti olaraq yerləşdirilən bir qisim erməni toplumunun qədim tarixi izlərini axtaranlara tutarlı cavabdır. Hətta bu gün Əylisin yaşlı adamları xatırlayırlar ki, ermənilər bu kəndə yerləşdiriləndən sonra, hökumətin təzyiqi ilə onların yuyunması üçün hamamda balaca bir hücrə ayrılmış, onlara həftədə iki gün (bir gün qadın, bir gün kişi) vaxt müəyyənləşdirilmişdir.

Bizi narahat edən məsələ bu gün bu tarixi hamam binasının uçub dağılmaq təhlükəsi ilə üz-üzə olmasıdır. Hamamın da daxil olduğu tarixi memarlıq kompleksinin tərkibində olan məscid, mədrəsə binası kənd camaatı tərəfindən bərpa edilmişdir. Hamam binasının da bərpası üçün kənd camaatı təşəbbüslər irəli sürür. Lakin qeyd etməyi lazım bilirəm ki, bu bərpa işləri kənd ustalarının iştirakı ilə aparıldığından (bunu bərpa yox, daha çox təmir adlandırmaq olar) xeyirdən çox ziyan gətirir, binaların tarixi görkəmi itir və zədələnir. Ona görə də bu tipli, çox əhəmiyyətli tarixi abidələr mütləq dövlət tərəfindən elmi şəkildə bərpa edilməlidir.

Muxtar respublika rəhbərliyinin təşəbbüs və qayğısı ilə aprılan quruculuq və abadlıq işləri bütün sahəni əhatə etdiyi kimi tarixi abidələrin qorunub saxlanılması və bərpasında da özünü bariz şəkildə göstərir. Əylis kəndi də bu qayğıdan heç vaxt kənarda qalmamışdır. Əylis kəndinin abadlaşdırılması, onun keçmiş şöhrətinin özünə qaytarılması yolunda çox böyük, önəmli işlər görülmüşdür və bütün bunlar alqışlanmalı təqdirəlayiq haldır.

Ümid edirik ki, Naxçıvan MR Mədəniyyət Nazirliyinin Elmi-Bərpa İdarəsi muxtar respublikada bu sahədə görülən böyük işlərin tərkib hissəsi kimi Əylis kəndində yerləşən üçgünbəzli tarixi hamam binasının elmi bərpasına da diqqət yetiriləcək, onun kənd camaatının öz fəaliyyət təmirinin nəticəsində tarixiliyinin itməsinin qarşısını alacaq və tarixi abidə gələcək nəsillərə olduğu kimi ötürüləcəkdir.

 

Azərbaycan.- 2009.- 24 yanvar.- S. 6.