Cəfərov A.
Kurortların bərpası və yenidən
qurulması turizmin inkişafına təkan verə bilər
Ölkəmiz neft, qaz kimi enerji ehtiyatları ilə bərabər zəngin müalicə əhəmiyyətli təbii sərvətlərə də sahibdir.
Lakin təbii müalicə ehtiyatları ilə zəngin torpaqlarımızın ermənilər tərəfindən işğal edilməsi, sanatoriya-kurort müəssisələrində qaçqın və məcburi köçkünlərin məskunlaşmaları, həmçinin sovetlər dönəmindən qalan infrastrukturun yenilənməməsi səbəbindən ölkəmiz hər il böyük həcmdə gəlirdən məhrum olur. Mövcud sanatoriya-kurort müəssisələrinin müasir tələblərə cavab verməməsi həm xarici turistlərin ölkəmizə gəlməsini əngəlləyir, həm də ölkə vətəndaşlarının istirahət məqsədilə başqa yerlərə getmələrinə səbəb olur ki, bu da milyonlarla vəsaitin ölkədən çıxması deməkdir.
Bu sahədəki mövcud vəziyyət milyonlarla vəsaitin itirilməsi deməkdir
Təkcə ölkəmizin deyil, keçmiş SSRİ-nin də ən böyük müalicə-istirahət müəssisələrindən olan Naftalan Sanatoriyası Kurortlar Birliyinin bugünkü vəziyyəti bu sahənin nə qədər acınacaqlı vəziyyətdə olduğunu göstərir. Birliyin baş həkimi Həsən Qocayev bizimlə söhbətdə bildirdi ki, vaxtilə bu müəssisə 2600 nəfər üçün nəzərdə tutulsa da hazırda burada qaçqınların məskunlaşması səbəbindən cəmi 30 nəfərə xidmət göstərmək mümkündür. Müsahibimiz qeyd etdi ki, hər il minlərlə insan müalicə-istirahət məqsədi ilə onlara müraciət etsə də, onları qəbul etmək imkanları yoxdur. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, mövcud müəssisələrin müasir tələblərə cavab verməməsi səbəbindən müalicə-istirahət məqsədi ilə ölkəyə gələn turistlərin sayı getdikcə azalır. Nazirlikdən onu da bildirdilər ki, yerli müəssisələrin azlığı və tələblərə cavab verməməsi nəticəsində ölkə vətəndaşları istirahət məqsədi ilə başqa ölkələrə, daha çox Rusiyanın müxtəlif kurort şəhərlərinə üz tuturlar.
İstirahət qiymətləri xarici ölkələrlə müqayisədə daha yüksəkdir
Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlərə görə, 2000-ci ildə ölkədə 88 dövlət sanatoriya və istirahət müəssisəsi olduğu halda, 2007-ci ildə bu göstərici 75 olub. Komitənin məlumatında bildirilir ki, il ərzində ölkə daxilində istirahət etmək istəyənlərə 2 milyon 639,8 min manat dəyərində 4 min 303 ədəd, xarici ölkələrdə istirahət etmək istəyənlərə isə 8 milyon 152,6 min manat dəyərində 20 min 777 ədəd yollayış satılıb. Həmçinin, istirahət üçün ölkəmizə gələn xarici vətəndaşlara 258,6 min manat dəyərində 2 min 411 ədəd yollayış satılıb. Rəqəmlərdən də göründüyü kimi, bu sahədəki problem təkcə maddi-texniki çatışmazlıqlar deyil, eyni zamanda qiymətlərin də digər ölkələrlə müqayisədə yüksək olmasıdır. Belə ki, ölkə daxilində istirahət üçün bir yollayışa 613,4 manat ödənilsə də, bu rəqəm ölkə xarici üçün təqribən 400 manata bərabərdir.
Ölkəmizin sanatoriya-kurort müəssisələrinin hazırkı vəziyyəti ilə bağlı “Azərkurort” Səhmdar Cəmiyyətindən daha ətraflı məlumat almaq istəsək də qurumdan telefon zənglərimizə cavab verən olmadı.
Qeyd edək
ki, təbii müalicə ehtiyatlarından
səmərəli istifadə
edilməsi, sanatoriya-kurort
müəssisələrinin yenidən qurulması və bu sahədəki
mövcud qanunvericiliyin
təkmilləşdirilməsi məqsədi ilə
2008-ci ilin aprel ayında “Təbii müalicə ehtiyatları,
müalicə-sağlamlaşdırma
yerləri və kurortlar haqqında” qanun,
2009-cu ilin yanvar ayının 8-də isə Nazirlər Kabineti tərəfindən “Kurortlar haqqında nümunəvi əsasnamə”nin tətbiq edilməsi barədə qərar qəbul edilib; eyni zamanda 2007-2017 ci illəri əhatə edəcək tədbirlər planı da hazırlanıb.
Zaman.- 2009.- 15-16 yanvar.- S. 5.