Fəxriyyə
Azərbaycan turizmi “Moroccan Travel Market” sərgisində
Mərakeş Krallığında keçirilən
tədbirdə ölkəmizin turizm imkanları geniş
təbliğ edilib
Mədəniyyət və Turizm
Nazirliyi müxtəlif ölkələrdə
keçirilən beynəlxalq turizm sərgilərində
Azərbaycanın təmsil edilməsini mütəmadi olaraq
təmin edir. Bu məqsədlə ölkəmizin turizm
potensialı yanvarın 15-dən 18-dək Mərakeş
Krallığının Mərakeş şəhərində
keçirilən "Moroccan Travel Market" beynəlxalq turizm
sərgisində də nümayiş etdirilib.
Bu sərgidə Mədəniyyət
və Turizm Nazirliyinin Turizm Şöbəsinin Marketinq və
təbliğat sektorunun müdiri Səbinə Kərimova
və Daxili turizmin inkişafı sektorunun baş
məsləhətçisi Rəhman Oruclu iştirak edib.
R.Oruclunun qəzetimizə verdiyi məlumata görə,
"Moroccan Travel Market" sərgisinə 20
ölkədən turizm nazirliklərinin, agentliklərin
nümayəndələri, 8690 şirkət və 120-dən
çox jurnalist qatılıb: «Tədbir Mərakeş
Krallığının turizm və əl işləri naziri
M.Bussaid tərəfindən həyata keçirillrdi. Qeyd edim
ki, bu ölkədə beynəlxalq turizm sərgisi ikinci dəfə
idi təşkil edilirdi. Azərbaycan isə bu sərgidə
ilk dəfə idi təmsil olunurdu. Amma buna baxmayaraq,
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
kifayət qədər böyük lövhə - 27 kvadratmetrlik
sahə icarəyə götürülmüşdü. Burada
Azərbaycan turizmi ilə bağlı bukletlər, jurnallar,
audio və videodisklər sərgiləndi, monitor
vasitəsilə ölkəmizə aid turizm görüntüləri
nümayiş etdirildi, sərgi iştirakçılarına
əyani vəsalt paylandı, Tədbirin davam etdiyi üç
gün ərzində çoxlu sayda insanlar sərgini
ziyarət etdilər. Sevindirici idi ki, Azərbaycanın stendi
ilə maraqlananların sayı olduqca çox idi. Biz onlara
Azərbaycan turizminin bu günü və gələcək
inkişaf perspektivləri ilə bağlı geniş
məlumat verirdik. Azərbaycanla Mərakeş Krallığı
arasında müxtəlif sahələr üzrə
ikitərəfli əlaqələr mövcuddur. Sərgidə
yaxından iştirak etməkdə də bizim əsas məqsədimiz
odur ki, bu əlaqələri turizm sahəsi üzrə də
genişləndirək və bu ölkədən Azərbaycana
çoxsaylı turistlərin gəlməsinə nail olaq».
Adətən beynəlxalq turizm
sərgilərində iştirakçı ölkələr
haqqında yerli və digər kütləvi informasiya
vasitələrinin geniş materiallar təqdim etdiyini deyən
Rəhman müəllim bildirdi ki, bu dəfə də belə
olub: «Onu da qeyd edim ki, Azərbaycanın stendi daha çox
jurnalistin marağına səbəb oldu. Mən Dubay televiziyasına
və "Moroccan Travel Market" sərgisinin rəsmi
saytına müsahibə verdim. Müsahibədə
ölkəmizin turizm potensialına dair mümkün
qədər geniş məlumat verməyə
çalışdım. Bundan başqa, lövhəmiz və
apardığımız reklam-çap məhsulları ilə
bağlı çəkilişlər də oldu».
R.Oruclu maraqlı bir faktı da diqqətimizə
çatdırdı ki, Azərbaycanın stendinə
yaxınlaşan bir çox insanlar artıq ölkəmizin
turizm imkanları ilə bağlı CNN və «Euronews»
kanallarında verilən reklamlardan məlumatlı
olduqlarını bildiriblər: «Məncə,
görülən işdən dərhal müsbət
nəticə gözləmək düzgün deyil, xüsusilə
turizm sahəsində buna nail olmaq mümkünsüzdür.
Ölkənin turizm potensialını tanıtmaqla zaman-zaman
turist axınına naii olmaq olar. Bu baxımdan, ümid
edirəm ki, bizim apardığımız işin
nəticəsində Mərakeş Krallığından
Azərbaycana gələn turistlərin sayı artacaq».
Qeyd edək ki, sərginin rəsmi
açılışında Azərbaycanın bu ölkədəki
səfiri Sabir Ağabəyov da iştirak edib və
nümayəndə heyətimizə yaxından köməklik
göstərib.
Mədəniyyət.- 2009.- 22
yanvar.- S. 8.