Həsənli A.
Kadr problemi var
Cəlilabad rayon Mədəniyyət və turizm
şöbəsinin müdiri Elşad Əzizov: "Birmənalı olaraq öz
işinin öhdəsindən gələ bilməyənlər
işdən kənarlaşdırılmalı, onların
yerinə ixtisaslı gənclər təyin
olunmalıdır"
Son illər ölkənin mədəniyyət və turizm sahələrində köklü inkişaf müşayiət olunmaqdadır. Çünki müasir dövrdə hər bir ölkənin tanıtım "silahı" onun maddi-mədəni varlığı və turizm potensialıdır. Bu siyasətin tərkib hissəsi kimi bölgələrin sosial-mədəni tərəqqisinə də ciddi fikir verilir, turizm potensialı olan rayonlarımızda infrastrukturun yaradılması, xidmət sahəsinin inkişafı kimi məsələlər önə çəkilir. Bu məsuliyyətli missiyanı icra etmək üçün isə təbii ki, hər bir rayon mədəniyyət və turizm şöbələri müdirlərindən yüksək qabiliyyət tələb olunur. Elə Cəlilabad rayon Mədəniyyət və turizm şöbəsinin müdiri Elşad Əzizovla söhbətimiz də bu kontekstdə oldu.
“İlk növbədə, onu qeyd edim ki, Cəlilabad rayon Mədəniyyət və Turizm Şöbəsində 94 kitabxana, 43 klub, 18 mədəniyyət evi, İncəsənət və musiqi məktəbi, tarix - diyarşünaslıq muzeyi fəaliyyət göstərir. Biz üzərimizə düşən vəzifənin məsuliyyətini başa düşsək də, müəyyən problemlərlə qarşı-qarşıyayıq. Elə götürək kadr məsələsini. Təsəvvür edin ki, klublarımızda ümumilikdə 24, mərkəzləşmiş kitabxana sistemində 8, muzeyimizdə isə yalnız bir ali təhsilli çalışanımız var.
Göründüyü kimi, şöbədə kadr islahatlarına böyük ehtiyac var. İndi bütün ölkədə ali təhsilli, yüksək potensiallı gənc kadrlara üstünlük verilir. Biz də təbii ki, bu strategiyaya uyğun olaraq şöbəyə istedadlı, savadlı, intellektual gəncləri cəlb etmək istəyirik. Artıq bu istiqamətdə xeyli irəliləyiş əldə etmişik. Birmənalı olaraq öz işinin öhdəsindən gələ bilməyənlər işdən kənarlaşdırılmalı, onların yerinə ixtisaslı gənclər təyin olunmalıdır".
Şöbə müdiri rayonun mədəniyyət müəssisələrində aparılacaq təmir-bərpa işləri barədə də məlumat verdi: “Artıq qısa müddət ərzində daxili imkanlarımız hesabına mədəniyyət evində təmir-bərpa işləri aparmışıq. Bildirim ki, mədəniyyət evinin özü bərbad vəziyyətdə idi. Sınıq pəncərələr, uçuq divarlar, laxlayan döşəmə insana xarabalığı xatırladırdı. Biz həmçinin, əksər kitabxana və klublarımızın cari təmirinə də nail olmuşuq".
Şöbə əməkdaşlarının iş şəraitini yaxşılaşdırmaq üçün idarə binasında, iş otaqlarında da cari təmir işlərinin aparıldığını bildirən şöbə müdiri əməkdaşlarının nizam-intizam qaydalarını pozmalarından şikayətləndi: “Şöbədə nizam-intizam yox dərəcəsində idi. Kim nə vaxt istəyirdi işə gəlirdi, nə vaxt istəyirdi gedirdi. Qəribəsi isə kefləri istəməyəndə ümumiyyətlə işə gəlməmələri idi. İndi siz deyin, belə heyətlə tələb olunan işləri necə görmək olardı? Odur ki, ilk olaraq bu məsələnin həllinə nail oldum. Ümumilikdə mədəniyyət müəssisələrində işin yüksək səviyyədə icrası və əhaliyə lazımi xidmətin göstərilməsi üçün əlimizdən gələni edirik. Belə ki, mədəniyyət evində yeni iclas və konsert zalı inşa olunur. 450 yerlik bu tikili ən müasir standartlara cavab verəcək.
Cəlilabadda ixtisaslı kadrlar çox azdır. İşçilərimizin əksəriyyəti yaşı 60-70-i haqlamış şəxslərdir. İndi hər yerdə gəncləşmə siyasəti aparılır. Biz gənc ixtisaslı kadrlar hazırlamalıyıq.
Onu qeyd edim ki, rayon mədəniyyət və turizm şöbəsində uğurlu kadr islahatları aparılmalıdır. Bu yaxında rayon Mədəniyyət Evinin direktoru Elşən Salam oğlu Cəbrayılov təyin edildi. Elşən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mədəni-maarif fakültəsini bitirmişdir.
Mənim yalnız bir amalım var.
Dövlət siyasətinə uyğun olaraq ölkə
mədəniyyətinin inkişafına dəstək
vermək. İstər Mədəniyyət və turizm
şöbəsinin müdiri olaraq, istərsə də adi
vətəndaş kimi mənim bundan böyük,
müqəddəs və şərəfli işim ola
bilməz!"
Mədəniyyət.- 2009.- 24
yanvar.- S. 7.