Niftəliyev E.

 

Azərbaycanın turizm potensialı beynəlxalq tətil yarmarkasında nümayiş olunub

 

Yanvarın 15-dən 18-dək Vyanada növbəti beynəlxalq tətil yarmarkası - "Ferien-Messe Wien 2009" təşkil edilib. Yarmarkada dünyanın 65-dən artıq ölkəsindən turizm, səyahət və asudə vaxtın təşkili işi sahəsində fəaliyyət göstərən 800-dən çox şirkət iştirak edib. Ümumi sahəsi 29 min kvadratmetrdən çox olan ərazidə müxtəlif ölkələrlə yanaşı Avstriyanın 9 federal əyaləti (Karintiya əyaləti bu il ev sahibliyini öz üzərinə götürüb) də öz turizm imkanlarını nümayiş etdirib.

Hər  il təşkil edilən yarmarkanın əsas məqsədi yerli əhalini həm Avstriyanın, həm dıgər ölkələrin turizm potensialı barədə ətraflı  şəkildə  məlumatlandırmaq,  aktual mövsüm kataloqları əsasında insanlara tətil seçimlərində istiqamət vermək və həmçinin turizm mütəxəssisləri arasında təcrübə mübadiləsi aparmaqdır. Yarmarkada  ölkəmizi  Azərbaycanın Avstriyadakı səfirliyinin dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti təmsil edib. Azərbaycan bu tədbirdə üçüncü dəfədir ki, iştirak edir.

Azərbaycan üçün ayrılmış guşədə ölkəmizdə turizm imkanları, respublikanın, müxtəlif regionları, mədəniyyət və tarixindən bəhs edən kitab, broşür və bukletlər paylanıb, milli incəsənət nümunələri və suvenirlər nümayiş etdirilib, filmlər göstərilib. İngilis və alman dillərində hazırlanmış nəfis tərtibatlı kitabçalar sayəsində yarmarka iştirakçıları Azərbaycanın müxtəiif regionları ilə yanaşı mehmanxanalar, ölkənin turizm bölgələrinə səfər marşrutları və digər sahələrdə praktiki informasiyalar əldə ediblər. 2009-cu ildə İslam Mədəniyyətinin Paytaxtı seçilmiş Bakı barədə səyahət bələdçiləri xüsusi maraqla qarşılanıb. Dörd gün davam edən yarmarkaya 200 mindən artıq insan baş çəkib.

 

Palitra.- 2009.- 20 yanvar.- S. 10.