Məmmədli E.
İncəsənətdə tam
yeni janr
Anqelikan-pambıq
heykəltaraşlığının yaradıcısı,
məşhur heykəltaraş Fuad Əbdürrəhmanovun
qızı Mariya Annadır
Qəzetimizə verdiyi geniş müsahibəsində xalq şairi Musa Yaqub demişdir ki, bizim işimiz asandır. çünki "dünyamız təzadla doludur və o təzadları qəzetinizə gətirsəniz, çarpaz budaqları gözümüzün önündə göyərtsəniz, dünyanın mənzərəsi canlanacaq." Doğrudan da dünyamız təzadlarla, təzadlı insanlarla doludur. Yaşadığımız şəhərdə, qəsəbədə, kənddə hər gün təzadlı insanlarla rastlaşırıq. Sadəcə, bu insanların özündə, xarakterində təzadı görmək lazımdır ki, həmin insan qəlbini sənə aça bilsin.
Elə bu günlərdə belə bir təzadlı insan redaksiyamızın qonağı oldu. İlk baxışdan çox sadə, hətta deyərdim çox kasıb görkəmi adama heç nə demir. Ancaq oturub onu dinləyəndən, yaxından tanış olandan sonra, qarşındakı bu sadə geyimli insanın daxilində nələr olduğunu, qeyri-adi bir xarakter sahibinin durduğunu görürsən. Yaxşı, əziz oxucular, sizləri çox intizarda qoymayaq. Qonağımızı təqdim edirik:
Əbdürrəhmanova Güllü Fuad qızı. Bu ad yəqin sizlərə heç nə demədi. Onda başqa cür təqdim edək: Mariya Anna Cahandari. Yəqin yenə çiyinlərinizi çəkib, tanımadığınıza işarə vurdunuz. Görürsünüzmü, elə ilk təzad addan başladı. İndi bu yazını oxuyandan sonra görəcəksiniz ki, bu xanım həyat tərzi, xarakteri, qeyri-adi qabiliyyəti və nəhayət, dini inancı ilə başdan ayağa təzaddır. özü deyir ki, ona Güllü yox, Mariya deyək. Mariya xanımı sizlərə tanıtmaq üçün isə, bir az keçmişə qayıtmağımız gərəkdir.
Fuad Əbdürrəhmanov Azərbaycanın məşhur heykəltaraşlarından biri olub. 1915-ci ildə Şəkidə dünyaya gəlib. 1971-ci ildə Bakıda vəfat edib və qəbri 1-ci Fəxri Xiyabandadır. Bakıda Ədəbiyyat Muzeyində Füzulinin (1939), Nizami Gəncəvinin (1949), "Azad Qadın"ın (1960), Səməd Vurğunun (1961), Həzi Aslanovun qəbrüstü abidəsindəki büstünün, Mehdi Hüseynzadənin (1974) qoyulmuş heykəllərinin müəllifi Fuad Əbdürrəhmanovdur. M.Hüseynzadənin heykəlini sağlığında hazırlasa da, heykəl heykəltaraşın ölümündən üç il sonra qoyulub. Sovet dövründə tez-tez xarici ölkələrdə uzun müddətli yaradıcılıq ezamiyyətlərində olub. İtaliyada ailəsi ilə birgə olduğu belə ezamiyyətlərin birində heykəltaraşın qızı dünyaya gəlir və İtalyan qadın ona dayəlik edir. Elə bu qadın da onu Mariya adlandırıb.
Deyəsən, yavaş-yavaş mənzərə aydınlaşır. Bəli, elə buna görə də, yəni xarici-ölkələrdə çox olduğundan, böyüyəndən sonra Güllü Əbdürrəhmanova hər yerdə özünü Mariya Anna Cahandari kimi təqdim edib. özü bunu belə izah edir ki, Mariya Anna - Məryəm ana, yəni İsa Məsihin anası deməkdir. Ona görə də bu müqəddəs insanın adını özünə götürüb. Cahandari isə, Cahan sahibi, yəni dünyaya sahib olmaq deməkdir. ömrünün çox hissəsini İtaliyada, Böyük Britaniyada, Amerikada və İstanbulda keçirib. İtaliyada onun üçün daha xoş olub. çünki əmisini o yerlərdə yaxşı tanıyırlar. Əmisi Midhət Əbdürrəhmanov 1941-45-ci illərin müharibəsində İtaliyanın müdafiəsində almanlara qarşı qəhrəmanlıqla döyüşüb, əfsanəvi partizan, Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadə ilə bir yerdə olub.
Mariya Annanın dedikləri: "Mehdi Hüseynzadə hələ müharibədən qabaq, atam Fuad Əbdürrəhmanovla möhkəm dost olublar. Birlikdə Leninqraddakı Rəssamlıq Akademiyasına oxumağa gediblər. Atam Akademiyaya qəbul olunur, lakin M.Hüseynzadə qəbul ola bilmir. Sonra M.Hüseynzadə Moskvaya gedib, Xarici Dillər İnstitutuna qəbul olunur. Ona görə də müharibə başlayanda ondan kəşfiyyatçı kimi istifadə edirlər."
Kliniki ölümdən sonra istedad verilib
Mariya Anna özü isə Britaniyanın "OXFORD-HOUSE" Kollecində təhsil alıb. öz dilimizdən başqa rus, türk, fars və Britaniya ingiliscəsi dillərini mükəmməl bilir. Atasının heykəltaraşlıq qabiliyyəti Mariya Annaya sırf təsadüf nəticəsində verilib.
Bir dəfə Mariya xanım kliniki ölüm keçirib. Ayılandan sonra isə özündə qeyri-adi bir istedad görüb və beləliklə, incəsənət tarixində yeni bir janrın əsasını qoyub. Nədir bu janr? çox sadə və ağla gəlməyən bir sənət növüdür. Deməli, Mariya xanım adi aptek pambığından və rəngbərəng tikiş saplarından istifadə etməklə, heykəltaraşlıq nümunələri yaradır. Pambığı yumrulayıb müxtəlif şəklə rahatca salır və üstünə saplar dolamaqla, istənilən quş, heyvan, insan fiqurlarını düzəldir. Bu fiqurlar içərisində it, pişik, siçan, canavar, şir, donuz, müxtəlif quşlar, gitara çalan insan və s. var. Bunlar Mariya xanımın əsərləridir. özü də bir maraqlı məqam ondan ibarətdir ki, düzəltdiyi bu fiqurlar əyilmədən çox möhkəm dayanır.
Mariya Anna olduğu ölkələrdə bu fiqurları satmaqla öz dolanışığını da təmin edib. Dediyinə görə İtaliyada bu fiqurları daha yaxşı sata bilirdi. Əcnəbilər əllə düzəldilmiş belə fiqurları, xüsusilə pişikləri, itləri, siçanları daha yaxşı alırlar. Qiymətləri isə fiqurdan asılı olaraq, bizim pulla 10 manatdan 100 manata qədərdir. ümumiyyətlə, incəsənətdə belə bir janr olmadığından Mariya xanım bu sənət növünə ad da qoyub: Anqelikan pambıq heykəltaraşlığı. İlk dəfə Britaniyada bu işə başladığından, yaratdığı yeni janrın adının əvvəlinə "Anqelikan" sözünü də əlavə edib. Bu yeni janrın banisi isə, heykəltaraş Fuad Əbdürrəhmanovun qızı Güllü Əbdürrəhmanova, yəni Mariya Annadır.
Komadan, yəni kliniki ölümdən ayılandan sonra, Mariya xanıma təkcə bu janrı yaratmaq yox, həm də bir çox sahələr üzrə xüsusi istedad verilib. Məsələn, heykəltaraşlığa aid bir çox elmi məqalələri Almaniyada, İtaliyada, Amerikada, Rusiyada çap olunub. Mariya xanım istedadının hələ bu da hamısı deyil. O xristianlar üçün yeni xaç növünü təklif edir. Bu xaçların yanları qağayı qanadlarını xatırladır. Eyni zamanda xaçın bir kənarında "Quran"dan da "Allah buyurmuş olsun, o da olur" kimi kəlam əksini tapıb.
Mariya xanım bildirdi ki, burada məqsəd xristianlarla müsəlmanları birgə, dostcasına yaşamağa, sülhə dəvət etməkdir.
Mariya Anna: "Böyük Britaniyanın Müqəddəs Georgi xaçının səkkiz guşəli olması sizə heç nə demirmi? Britaniya krallığı mənim yaratdığım sülhpərvər qağayı qanadlı xaçı bəyənib qəbul edib. Parisə də bunu göndərmişəm. Məqsədim Xristian dini ilə İslam dini arasında olan düşmənçiliyi aradan qaldırmaqdır."
Bir təzadlı məqam da ondan ibarətdir ki, Mariya Anna olduğu ölkələrdə Allaha sitayiş üçün ancaq kilsələrə gedib. Mariya Anna uzun müdət həm də, Azərbaycanda və Gürcüstanda yaşayıb. 1986-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 1996-cı ildə, Azərbaycandan gedəndən sonra Türkiyədə yaşayıb. İstanbulun Kara köy səmtində olan Anqelikan kilsəsinə gedib və oraya gələnlərə İslam dini haqqında məlumatlar verib.
Eyni zamanda Mariya Annanın Amerika bayrağına pərəstiş etməsinin özü də bir təzaddır. Anna xanım deyir ki, o bayraqdakı 50 ulduzun, ümumiyyətlə bayrağın özünün simfonik musiqi qədər dəyəri var. Onu təmsil edən dövlət liderlərinə qarşı isə biz qadınların hörməti daha yüksəkdir. Hətta sabiq prezident Bill Klintonun Monika Levinskiylə olan eşq qalmaqalında Bill Klintonu müdafiə edib, Monikanı pisləyib ki, həm dövlətin simvolunu təhqir edir, həm də qadınların adına ləkə gətirir. Amerika bayrağına o qədər məhəbbəti var ki, istəyir hamı onu bayraqpərvər kimi tanısın. Hətta BMT-nin Bakı ofisinə müraciət edib ki, Azərbaycan millətinin qeydiyyatından çıxıb Amerika bayraqpərvəri kimi qeydiyyata düşsün.
Başdan-ayağa qədər təzadlarla dolu olan Mariya Anna neçə müddətdir yenə Azərbaycandadır. Deyir ki, olduğu bütün ölkələrdə onun yeni yaratdığı anqelikan pambıq heykəltaraşlığının inkişaf etməsinə ermənilər həmişə mane olublar. İndi istəyir ki, Bakıda bu janrı inkişaf etdirsin. Mariya xanım bildirir ki, "düzdür, Bakıda da ermənilər çoxdur. Ancaq onlar burada mənim yaratdığım bu sənətin inkişafına mane ola bilməzlər. Məqsədim incəsənətin yeni növü olan anqelikan pambıq heykəltaraşlığının həyata tam vəsiqə almasını təmin etməkdir."
Göründüyü kimi, dünyanın özü qədər təzadlı olan Mariya Anna, doğrudanda çox qeyri- adi bir insandır. İnanırıq ki, bu qeyri-adi istedad sahibinə yaratdığı sənəti inkişaf etdirmək üçün xeyirxah insanlar köməklərini əsirgəməyəcəklər. Biz də bu ümidlə həyatı və özü tazadla dolu olan Mariya Annaya yaradıcılıq işlərində böyük uğurlar arzulayırıq.
Təzadlar.- 2009.- 13 yanvar.- S. 10.