Fərhadqızı Ü.
Rəngkar və kino rəssamı
Xalq rəssamı Elbəy Rzaquliyev Azərbaycan təsviri sənətində maraqlı əsərlərin müəllifi, bir çox filmlərin quruluşcu rəssamıdır. Müxtəlif janrlarda işləmiş bu rəssamın əsərləri koloriti və dolğun kompozisiya həlli ilə fərqlənir. 1926-cı ildə ziyalı ailəsində anadan olmuş Elbəy Rzaquliyev hələ kiçik yaşlarından rəssamlığa maraq göstərmişdir. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirdikdən sonra, 1946-cı ildə Moskvada kinoşünaslıq üzrə təhsil alır. Görkəmli rəssamların tələbəsi olması ona dəzgah rəngkarlığında və kino sənətində işləməyə imkan yaradır. O, Azərbaycan SSR xalq rəssamı (1977) adına layiq görülmüş, “Şöhrət” (1998) ordeni ilə təltif edilmişdir. Rəssamın tematik tabloları fəhlə, neftçi, inşaatçıların fiziki gücünü göstərməklə yanaşı, onların mənəvi, daxili hissiyyatlarını əks etdirir. Rəssam portret janrına o qədər də çox müraciət etməsə də, onun yaradıcılığında maraqlı portretlərə rast gəlmək olur.
Rəssam Elbəy Rzaquliyevin 1965 - ci ilə aid “Yəmən əsgəri” adlı əsərində vətənin keşiyində dayanan cavan ərəb əsgərinin təsviri verilib. Rəssam əsasən soyuq rənglərdən istifadə etməklə obrazı tamaşacıya yaxınlaşdıraraq mənalı baxışlarını bizə tərəf yönəltmişdir.
Elbəy Rzaquliyev yaradıcılıq ezamiyyəti vaxtı bir çox Şərq ölkələrinə səyahət etmişdir. Bunun nəticəsi olaraq o, öz təəssüratlarını kətanın üzərinə həkk edərək silsilə əsərlər yaratmışdır. Bu silsiləyə - Meksika, Hindistan, Yaponiya, Yəmən və İsrailin şəhər həyat tərzini, mədəniyyətini, memarlıq abidələrini, təbiətinin gözəlliklərini əks etdirən tablolar daxildir. Meksikalıların həyat tərzi, məişəti onun “Rəqs edən cütlük”, “Xalça satıcısı”, “Günəşli gündə”, “Gülsatan” adlı kiçik ölçülü əsərlərində əks olunub. Bu əsərlərdə rəssamın insanlara xoş münasibət bəslədiyini aydın hiss etmək olar.
Rəssam “Meksikalılar kilsə qarşısında” adlı əsərində çox orijinal kompozisiya quruluşu tapmışdır. Bu əsərdə dörd meksikalı milli geyimdə, başlarında sambrero, skamyada üzü kilsəyə tərəf oturmuş halda təsvir olunublar. Kilsənin binasını görmək olmur, lakin orta plandakı kilsənin günbəzinin üstündəki xaçın kölgəsi geniş meydana düşür. Müəllif kompozisiyada işıq-kölgə effektini bacardığı qədər gözəl əks etdirə bilmişdir.
Elbəy Rzaquliyevin sevimli peyzaj motivlərini Abşeron mənzərəsi, tut və əncir agaclarının müxtəlif təsvirləri təşkil edir. O həmçinin kino sahəsində çoxsaylı dekorasiyaların, eskizlərin, səhnə geyimlərinin müəllifidir. Onun quruluşcu rəssamı olduğu: “Onun böyük ürəyi”, “Telefoncu qız”, “Qayınana”, “Arşın mal alan”, “Uşaqlığın son gecəsi”, “Bəxtiyar” filmləri bu siyahıya daxildir.
Rəssam 2008-ci ildə vəfat edib.
Elbəy Rzaquliyevin əsərləri hazırda “Qızıl fond”da saxlanılır. Onun rəngkarlıq və kino ilə bağlı əsərləri Azərbaycan təsviri incəsənətin ilə bağlı əsərləri sırasına daxildir.
Mədəniyyət.- 2009. – 29
yanvar.- S. 10.