Qaliboğlu E.
Bir sərgidən doğan
təəssürat
Sənətdə qeyri-adilik
yalnız gerçəkliyi ötəndən sonra
başlayır
Muzey Mərkəzində gənc rəssam Gündüz Ağayevin rənggarlıq və installyasiya işlərindən ibarət fərdi sərgisi açılıb. Sərginin təşkilatçıları Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin sərgi qalereyası, Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət İdarəsi və Azərbaycan Rəssamlar İttifaqıdır. Gündüz Ağayev 1998-2002-ci illərdə Rəssamlıq Akademiyasında təhsil alıb. Respublikada keçirilən bir çox sərgilərdə iştirak edib. Ötən il bir qrup rəssamla "H 2 O" (suyun kimyəvi adı - red.) adlı rəsamlar birliyi yaradıb. Bakıda qrup üzvlərinin əsərlərindən ibarət sərgi təşkil olunub. Bu, onun ikinci fərdi sərgisidir. Ekspozisiyaya rənggarlıq və installyasiya işlərindən ibarət 80-ə yaxın iş daxildir.
Sənətşünas Ziyadxan Əliyev bildirir ki, "Gündüz Ağayevin yaradıcılığında artıq bizə məlum olan bədii cərəyan və üslublarla səsləşən onlarla anım-assosiasiya yaradan məqamlar olsa da, bu əsərlərin hər biri həyat hadisələrinə, onun sayagəlməz yaşantılarına fərdi və fərqli münasibətin ifadəsi kimi qəbul olunur. Bütünlükdə isə onları mücərrəd sənətin özünəməxsus görüntüləri hesab etmək olar. Lakin rəssam mücərrəd şərhə ona görə tapınmayıb ki, onu çətin başa düşsünlər. Əksinə, o, istəyir ki, tamaşaçı onu əhatə edən gerçəklikdə onunla qoşa addımlayan, ancaq çox vaxt görünməyən duyğulandırıcı mənəvi-estetik qaynaqları rəssam gözü ilə görə və dəyərləndirə bilsin. Bu gözəllik işartıları rənglərin xaotik ritmindən, ekspressiya yaradıcı qarşılaşmasından, plastik deformasiyalardan və onları gerçəkləşdirən təzadlı rəng selindən "boylanır" və istər-istəməz tamaşaçını düşündürür. Odur ki, Gündüzün bilavasitə həyatın fəlsəfəsinin açımına yönəlik əsərləri bir qədər də onlarla üz-üzə, göz-gözə qalanlardan xüsusi diqqət və analitik nüfuz tələb edir. Başqa sözlə desək, tamaşaçını arxasınca apara biləcək sənət nümunələrindən əsil zövq almaq üçün onları duymağa və dəyərləndirməyə həm də hazır olmaq lazımdır. Sərgi müstəqillik dövründə aparılan sənət axtarışlarının təzahürüdür. Əslində burada Gündüz dünyada olan cərəyanlara münasibətini bildirib, özünü bu cərəyanlarda sınayıb".
Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov isə deyir: "Gənc rəssamın əsərləri böyük həcmli olması ilə diqqəti cəlb edir. Həyatı dərk etmək, duymaq hər kəsdə fərqli olur. Rəssamlıqda çoxlu cərəyanlar var. Kompozisiya sarıdan bu əsərlər professionaldır. Rəssamın maraqlı abstrakt əsərləri var. Rəssamlar İttifaqı istedadlı gənclərə daim kömək edir. Bununla belə rəssam daim öyrənməlidir. L.Vinçi deyirdi ki, mən həmişə öyrənmişəm".
Azərbaycan
rəssamlığının çağdaş nəslinin
əcnəbi yaradıcılıq janrlarına meylinin
artmasına münasibət bildirən A.İbrahimov deyir ki,
sözün əsil mənasında rəssam olmaq
istəyən bütün janrları gözəl bilməlidir:
"Ola bilsin, bu rəssam sonradan belə mücərrəd
janrlarda işləməsin. Səttar da bu yolu keçib. Səttara
impressionist deyəndə deyirdi ki, mən impressionist
deyiləm. Sovetlər dövründən
çıxandan sonra çərçivələr
dağılıb, ona görə də belə
yaradıcılıq yönləri daha çox meydana
çıxır. Sənətkar
üçün dünyada ən böyük nemət azad
olmaqdır. Sizinlə razıyam, son
sərgilərdə ənənəvi janrlarda
çəkmək azalıb. İndikilər
nə oldu çəkir. Gündüzdə
isə yaradıcılıq məsuliyyəti
görürəm". Gündüzün
sərgilənən əsərlərinin qiyməti təxminən
200 manatdan 3500 manata qədərdir.
İndi isə
sözügedən sərgidə nümayiş etdirilən
əsərlərin daxili məzmununa, qayəsinə
nəzər salaq. Düzdür, gənc rəssamın
rənglərdən məharətli şəkildə
istifadə etməsi nəzərə çarpır, amma
əsas məsələ əsərin insanilik ölçüsünü
nə dərəcədə təsdiq etməsindədir.
Ümumən insan gerçəkliyi yarada
bilməyəndə (yəni daxili aləminə insanilik
ölçüsündə bələd olmayanda)
"həyat fəlsəfəsi" uydurulur. Sənətdə qeyri-adilik məhz
gerçəkliyi aşandan, ötəndən sonra
başlayır. Təbii, gərək
rəssamın gözü gerçəkliyi düzgün
görsün ki, onu ötə bilsin, hər adi məqamı
xüsusi dərketmə səviyyəsi saymasın. Bu əsərlərin çoxunda gerçəkliyi
düzgün görmək yoxdur. Rəssamlıq
mahiyyəti əslində təhrifsiz görməlidir. Mahiyyət ala-bula, qarışıq, xaotik
təsəvvür olunmamalıdır. Dünyanı
düzgün anlama insan ağlında,
təsəvvüründə, mənalı
təxəyyülündə başlayır.
Əsasən
müstəqillikdən sonrakı dönəmdə
Azərbaycan rəssamlığında qeyri-ənənəvi
janrda əsər yaratmaq dəbləşib. Özü
də belə rəssamlar başlıca olaraq çoxluğun anlamadığı,
anlamayacağı janrlarda çəkməyə
üstünlük verirlər. Bu, bir daha
göstərir ki, gerçəkliyi, yəni
reallığı yaratmaq olduqca çətindir. Qeyri-gerçək avanqard, abstrakt, sürrealist
janrlarla bağlı hətta bir lətifə də yaranıb.
Deyirlər, bir rəssamımızı təbrik
edirlər ki, əsərin Amerikada sərgilənib. O
isə deyir, nəyi təbrik edirsiniz, əsərimi
baş-ayaq asmışdılar. Doğrudan da bu
sayaq janrlarda yaranan əsərlərin başının ya
ayağının harada olduğunu ancaq rəssamın
özü bilir. Bu tipli əsərlərin
qeyri-adi məzmun daşıması, əlahiddəliyi
barədə təsəvvürlər yaradılır. Əslində bu kimi əsərlər
qlobalçılığın gerçək ifadəsi,
yerişi kimi anlaşılmalıdır. Əgər
sənət əsəri millilik çalarından
məhrumdursa, deməli, o, bəşərilikdən də
məhrumdur. Sənətdə azadlıq
və sənətkarın daxilən azadlığı
biri-biri ilə sıx şəkildə bağlıdır.
Unutmaq olmaz ki, azadlığın bir başqa
adı da məsuliyyətdir. İndi
baxır sənət adamı o azadlıq duyğusunu necə
ifadə edir. Sənət insanilik
üçündür. Məhz
böyük, yaşarı sənət nümunələri
insanilik ölçüsünü təsdiq etdikləri
üçün sabaha yetə bilirlər. Və bu
əcərlərin yaradıcıları da az
və ya çox yaşadıqları dönəmin
qaydalarından, baxışlarından üstün olduqları
dərəcədə sabaha yarayan əsər meydana qoya
bilmişlər. Səttar Bəhlulzadə
nədən çəkir-çəksin, onun içərisindən
mütləq bir nağıl çıxırdı.
2 il olmaz, Muzey Mərkəzində
Vüqar Muradovun, Mahmud Rüstəmovun, Nairə
Rüstəmovanın, Teymur Rüstəmovun və Niyaz
Nəcəfovun əsərlərindən ibarət "5+"
adlı sərgi açılmışdı.
Bu sərgidə
çeşidli janrlarda əsərlər vardı, amma
içərisində abstraktı da diqqəti çəkirdi. Rəssamlar
İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Hacı Mirzə
Fərzəliyevin sərgisi də yadıma düşdü. Onun əsərləri də tamaşaçıda
sırf abstrakt - mücərrədçilik
təəssüratı yaradırdı. Sərginin
baş tərəfində asılmış böyük
həcmli əsərdə çoxlu anlaşılan, sıravi
tamaşaçı üçün isə daha çox
anlaşılmayan, canlı və cansız obrazlar vardı: sol
tərəfdə səcdə edən, bir az
yuxarı tərəfdə əcnəbi musiqi əhvalı
ilə yaşayanlar, sağ tərəfdə əllərini
göyə qaldıranlar, nal, digər həndəsi fiqurlar
"anlaşılan" idi. Əsərlərin hamısı
adsız idi... Adətən bu tipli
əsərlərdə konkret adlandırma olmur. Əsərdən nəticə çıxarmaq
tamaşaçının öhdəsinə buraxılır.
Gündüzün
əsərlərinin isə hamısı adlıdır. İçərisində
qayəsi tamaşaçıya aydın çatan
əsərlər də var. Amma abstraktçılıq
sərgidə üstünlük təşkil edir. "Faciəvi mövcud olan avtoportret",
"Ruhumun portreti", "Uyğunluq, yaxud
alanlaşdırılmış", "Daxili
mübarizə" və b. bu qəbildəndir. Əsərlərin adları ritorik, cəlbedici
səslənsə də, insanın tale, gerçəklik
üzərində mübarizəsini ifadə etmir. Rəssamın qəhrəmanının daxili
qətiyyən çırpıntılardan xilas olmayıb.
Ala-bula, qarışıq anlamda ruhun təsviri
təsəvvür qarışıqlığından
doğur. Əslində isə ruh insanı
insan edən dörd keyfiyyətin - inamın, idrakın,
mənəviyyatın və iradənin vəhdətindən
ibarətdir.
Şübhəsiz, abstrakt, yəni qəliz mövzuda əsər çəkən rəssam üçün özünün anladığı, bildiyi ifadə tərzi var. Məşhur Danimarka karikaturaçısı Bidstrup bu yönü tənqid edən karikatura silsiləsi yaradıb. Orada təsvir olunur ki, abstrakt mövzuda əsər çəkmək istəyən rəssam çox fikirləşsə də, bir şey yarada bilmir. Axırda tablonun ortasında yumruya oxşar bir işarə qoyur. Əsəri gətirib sərgidən asır, camaat bilmir ki, bu, nə demək istəyir. Biri ağzını büzür, biri başını bulayır...
Əlbəttə, bu
cür əsərlərin də öz
tamaşaçıları var. Lakin gerçəklik budur ki,
belə əsərlər mahiyyəti bütöv halda
ifadə etmir, burada bir qarmaqarışıqlıq,
nizamsızlıq sezilir. Əslində bu yöndə
yaradıcılar "qarmaqarışıqlığın
nizamını" yaratmaq istəyirlər. S.Bəhluluzadə
Göy gölü öz Göy gölü kimi təqdim edir,
amma burada təhrif yoxdur. Nə qədər qəribə
səslənsə də, abstrakt rəssamın yaratdığı
gerçəklik əksər hallarda gerçəkliyin
özündən aşağı olur, insanın yaşamaq
ümidinə bu və ya digər dərəcədə
mənfi təsir edir.
Xalq cəbhəsi.- 2009.- 13
yanvar.- S. 14.