İbişova R.
Mədəniyyətə qayğı sabahımıza
qayğıdır
Qloballaşma şəraitində
milli-mənəvi dəyərlərin qorunub-saxlanması,
xalqın mentalitetinin hifz edilərək gənc nəslə
aşılanması xüsusilə vacibdir. Ulu öndər
Heydər Əliyev sivilizasiyalararası dialoqun, fərqli
mədəniyyətlər arasında inteqrasiyanın milli
mədəniyyətə, milli dəyərlər sisteminə
“zərbə” vurmaması üçün
“keçmişə ehtiram, gələcəyə ümid”
məramını önə çəkir, min illərin
süzgəcindən keçib gələn
adət-ənənələrin aşınmağa məruz
qalmaması zərurətinə diqqəti cəlb edirdi.
Bu gün ölkəmizdə
aparılan mədəni quruculuq siyasətinin əsası
ümummilli liderin qoyub-getdiyi mədəni-siyasi
dövlətçilik irsidir. Azərbaycan Prezidenti İlham
Əliyevin fəaliyyətində milli-mənəvi, əxlaqi
dəyərlərə hörmət prinsipi ön plandadır.
Bütün həyatı boyunca mədəniyyətin
inkişafına xüsusi diqqət yetirən ulu öndərin
layiqli varisi bu məqsədlə ötən beş ildə bir
sıra dövlət proqramları imzalamışdır.
Dövlətimizin başçısı xalqın milli
xüsusiyyətlərinin qorunub saxlanmasında
ədəbiyyatın, mədəniyyətin böyük rolu
olduğunu hər zaman xüsusi vurğulayır. Prezident
İlham Əliyev milli mədəniyyətin total
təsirlər nəticəsində assimilyasiyaya məruz
qalmasını qəbuledilməz sayır və
xalqımızın əsrarəngiz mədəni irsinin
dünya miqyasında təbliğini vacib sayır. Elə ötən
il dekabrın 27-də Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə inşa edilmiş
Beynəlxalq Muğam Mərkəzinin açılış
mərasimində dövlətimizin başçısı
demişdir: “Bizim gənclərimiz milli ruhda
böyüməlidirlər. Biz bütün
ümumbəşəri dəyərləri
bölüşürük, Avropa dəyərlərinə
böyük hörmətlə yanaşırıq. Ancaq bizim
üçün ən əsas milli dəyərlərimizdir.
Baxmayaraq ki, biz əsrlərlə müstəqillikdən
məhrum olmuşuq, amma Azərbaycan xalqını
onilliklər, əsrlər boyu bir millət kimi qoruyan
milli-mənəvi dəyərlərimiz,
ənənələrimiz olubdur, musiqimiz,
ədəbiyyatımız, ana dilimiz, incəsənətimiz
olubdur. Bütün bunları muğam sənəti ehtiva edir.
Muğam sənəti vətənpərvərlik
sənətidir, muğam sənəti sevgi, məhəbbət
sənətidir. Vətənə sevgi, ailəyə sevgi
Azərbaycan xalqına xas olan xüsusiyyətlərdir”.
Doğrusu, bir muğam
ifaçısı, xanəndə və bu sənəti
tədris edən bir müəllim kimi, dövlət
başçımızın həmin yüksək
fikirlərindən xeyli təsirləndim. Qəlbim
tükənməz qürur hissi ilə döyündü.
Əlbəttə, Prezidentin dilindən bu sözləri
eşitmək hər bir sənət adamı üçün
son dərəcə xoşdur.
Bu yaxınlarda mədəniyyət
nazirlərinin Bakıda keçirilmiş toplantısında
doğma Azərbaycanımızın nə qədər
böyük mədəni irsə malik olduğunu bütün
dünya ictimaiyyəti bir daha gördü. Həqiqətən
də milli dövlətçilik dəyərlərinin
əsasını belə sağlam və güclü mədəniyyət
təşkil edir.
Dövlət
başçısının “Azərbaycanın qabaqcıl
mədəniyyət, incəsənət, ədəbiyyat
xadimlərinin fəaliyyəti yüksək qiymətləndirilməlidir”
sözləri daim əməli fəaliyyətdə öz
təsdiqini tapır. Son beş ildə onlarca sənət
adamı Prezident təqaüdünə, yüksək fəxri
adlara layiq görülüblər. Mədəniyyət
ocaqlarımız əsaslı təmir edilir, yeniləri
tikilir, muzeylər yaradılır. Bakımız indi dünyanın
ən böyük mədəniyyət
mərkəzlərindən birinə çevrilib.
Prezident İlham Əliyevin
mədəniyyəti yüksək qiymətləndirməsinin
nəticəsidir ki, mədəni həyatımızda
böyük canlanma yaranıb, səsimiz-sorağımız
dünyanın hər yerindən gəlir. Dövlət
başçımızın qayğısı sayəsində
mədəniyyətimiz özünün intibah
dövrünü yaşayır, YUNESKO Azərbaycan
mədəniyyətinə böyük diqqət
göstərir. Qədim tarixi abidələrimiz həmin
təşkilatın mədəni irs siyahısına
salınıb. Muğam sənətimiz isə YUNESKO-nun
qeyri-maddi irs siyahısında artıq öz adına layiq
şərəfli yerini tutmaqdadır.
İftixarla deyə bilərik ki,
xalqımızın milli mədəniyyətinin,
milli-mənəvi dəyərlər sisteminin qorunmasında,
cəmiyyətdə saflıq, nəciblik, xeyirxahlıq kimi
keyfiyyətlərin təbliğində müstəsna
xidmətləri olan Heydər Əliyev Fondu həyatın
ən müxtəlif sahələrində fundamental
layihələr həyata keçirir. Fondun və
şəxsən onun prezidenti, Azərbaycanın birinci
xanımı Mehriban Əliyevanın
təşəbbüsü və
təşkilatçılığı ilə məhz
mədəniyyət məsələlərinə dair bir
çox önəmli tədbirlər reallaşdırılır.
Bu, sahənin sürətli inkişafı ilə
bərabər, müstəqil dövlətimizin dünyada
şöhrətini daha da artırır, ölkəmizin
beynəlxalq əlaqələrini daha geniş
şəkildə möhkəmləndirir.
Azərbaycan mədəni
həyatının inkişafında Mehriban xanımın
böyük xidmətləri var. 2004-cü ildə YUNESKO-nun,
2006-cı ildə İSESKO-nun xoşməramlı səfiri
adına layiq görülən, 2007-ci ildə “Qızıl
ürək” Beynəlxalq Mükafatı, Dünya Səhiyyə
Təşkilatının İhsan Doğramacı Ailə
Sağlamlığı Fondunun mükafatı, “Əsrlərin
xeyriyyəçiləri” Beynəlxalq Fondunun Yaqut Xaç
ordeni ilə təltif olunan, nəhayət, 2008-ci ildə
İSESKO-nun humanitar məsələlər üzrə
xüsusi elçisi seçilən Mehriban xanım Əliyeva
üzərinə götürdüyü missiyanı
layiqincə həyata keçirir. Biz qadın ziyalılar onun
adı ilə fəxr edir, fəaliyyətini nümunə,
etalon sayırıq. Xatırlayıram ki, ötən ilin
noyabrında Parisdə görkəmli ədib, alim, pedaqoq Mir
Cəlal Paşayevin 100 illiyi mərasimində o,
ölkəmizi necə yüksək təmsil etdi. YUNESKO
səviyyəsində qeyd olunan yubileyin ilk növbədə
Azərbaycan elminə, mədəniyyətinə və
ədəbiyyatına dünya miqyasında verilən
önəm kimi əhəmiyyət
daşıdığını qeyd edən ölkəmizin
birinci xanımının çıxışından sonra
mərasimdə Azərbaycanın təqdim etdiyi musiqi
çələngindən ibarət “Könül dolu musiqi”
konsert proqramı bütün iştirakçıları heyrətdə
qoydu, sürətli alqışlarla müşayiət olundu.
Bu, Azərbaycanın mədəniyyət bayrağının
YUNESKO-nun başı üzərində qürurla, əzəmətlə
dalğalanması demək idi.
Bir daha qeyd edim ki, bu gün mən
həmçinin paytaxtımızın Dənizkənarı
Milli Parkında Beynəlxalq Muğam Mərkəzinin
açılışının, orada cənab Prezident
İlham Əliyevin dərin məzmunlu nitqinin zəngin
təəssüratı altındayam. Xoş məramlar
elçisi Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə inşa edilən bu
gözəl memarlıq incisi barədə hələ 2005-ci
ilin aprel ayında Prezidentimiz xüsusi sərəncam
imzalamışdır. Xalqımızın qədim
mədəni irsinin ölməz nümunəsi, Azərbaycan
musiqisinin zəngin fəlsəfi təməl üzərində
təşəkkül tapmasında əvəzsiz rol oynayan
muğama möhtəşəm abidə ucaldılması
istiqamətində tarixi addım atılmışdır. 2005-ci
ilin avqustunda Prezident İlham Əliyevin və ölkəmizin
birinci xanımı Mehriban Əliyevanın, YUNESKO- nun baş
direktoru Koişiro Matsuuranın iştirakı ilə
təməli qoyulmuş Beynəlxalq Muğam Mərkəzi
artıq bizim ixtiyarımızdadır. Çox gözəl
binadır. Binada həm müasirlik öz əksini tapır,
həm də yuxarıdan baxanda görürsən ki, burada
qədim xalq çalğı alətlərimiz təsvir
olunur. Azərbaycan—YUNESKO əməkdaşlığının
bəhrəsi olan Beynəlxalq Muğam Mərkəzində 350
nəfərlik konsert salonu, klub, restoran, dərs otaqları,
səsyazma studiyası var. Baxdıqca baxmaq istəyir,
tamaşasından doymursan. Xalqımızın özü
qədər qədim olan muğamın yaşadılması
və gələcək nəsillərə
çatdırılması üçün həyata
keçirilən bu layihə ilk növbədə biz muğam
ifaçıları, musiqimizin bu sahəsi ilə
məşğul olanlar üçün ən böyük
hədiyyədir. Beynəlxalq statuslu mərkəz həm
də dünya miqyasında qorunan muğamın tədqiqi
baxımından mühüm funksiyanı yerinə
yetirəcək.
Sevindiricidir ki, Heydər Əliyev
Fondunun muğamın inkişafı istiqamətində
atdığı addımlar yalnız bu mərkəzin tikintisi
ilə məhdudlaşmır. Bundan əvvəl nəfis
tərtibatda “Qarabağ xanəndələri” albom-diski
buraxılaraq dünyaya yayıldı. “Muğam” jurnalı
nəşrə başladı. Heydər Əliyev Fondu ilə
Azərbaycan Televiziyasının birgə layihəsi
əsasında muğam televiziya müsabiqəsinin
keçirilməsi də bu əvəzsiz sənət
nümunəsinin yaşadılması, xalqımızın qan
yaddaşından irəli gələn
muğamlarımızın qorunması istiqamətində
mühüm hadisə kimi tarixə düşdü. Fondda
muğam ustaları ilə dəfələrlə unudulmaz
görüşlər,
məsləhətləşmələr aparıldı. İndi
də möhtəşəm Muğam Mərkəzi öz
qapılarını bizim üzümüzə açdı.
Muğamın bəşər mədəniyyətinin nadir
inciləri ilə bir sırada dayanması onun nə
dərəcədə bənzərsiz sənət
nümunəsi olmasını bir daha təsdiqlədi.
Dövlət başçısı səviyyəsində
fondun təşəbbüsünün müsbət
qarşılanması hər bir azərbaycanlının
qəlbində muğama möhtəşəm abidə
qoyulması deməkdir.
“...Burada müasirliklə qədim
tarix qovuşur, birləşir və bəlkə də bu, bu
gün Azərbaycana xas olan ən önəmli
xüsusiyyətlərdən biridir. Azərbaycan uğurla
inkişaf edir, bizim çox zəngin, böyük
mədəni irsimiz var. Biz öz inkişafımızı
milli əsaslar üzərində qururuq və eyni zamanda,
irəliyə gedirik, müasirliyə, tərəqqiyə
doğru gedirik”. Açılış mərasimində
möhtərəm Prezidentimizin xeyir-duası bizi daha
böyük nailiyyətlərə ruhlandırır.
Azərbaycan xalqının bu sənəti əsrlər boyu
yaşatdığını vurğulayan dövlət
başçısı muğamın bu gün
nəsildən-nəslə keçməsini çox vacib
sayır. Bizim də borcumuz bu şərəfli missiyanı
canla-başla həyata keçirməkdən ibarətdir.
Azərbaycan professional ifaçılıq
sənətinin, şifahi irsinin zirvə nümunəsi olan
muğam xalqımızın qədim mədəniyyət
daşıyıcısı olduğunu bir daha
təsdiqləyir. Onu sevmək, ona bağlanmaq hər birimiz
üçün son dərəcə təbii və
doğmadır. Bütün dünyanı heyrətdə qoyan,
yaxın-uzaq elləri birləşdirən muğam
Azərbaycan paytaxtında qoyulan əzəmətli abidəsi
ilə əbədiyaşarlıq qazandı. Muğamın
yenidən üzü güldü. Elə edək ki, muğamımızın
möcüzələri hər zaman ürəklərə
nüfuz etsin, dünyaya məhəbbət, işıq
yaysın.
Xalq qəzeti.- 2009.- 8 yanvar.- S, 3.