Samirə
Qazaxıstan
gerbinin müəllifi Tahir Salahovdur
İstedad
sərhəd bilməz
Dünyaşöhrətli
fırça ustası Tahir Salahovun 80 illik yubileyinə
həsr olunmuş tədbirlər və sərgilər davam
etməkdədir.
Rusiyanın və Azərbaycanın təsviri
sənətinin fəxri olan bu insanın daha bir fərdi
sərgisi Moskvada "Yekaterina" Mədəniyyət Fondunun
qalereyasında açılıb. Retrospektiv xarakter
daşıyan vernisaj "Tahir Salahov. Rəngkarlıq. Qrafika"
adı altında təqdim edilir. Sərginin
təşkilatçıları qismində Rusiya
Federasiyası Mədəniyyət Nazirliyinin, Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyinin,
Heydər Əliyev Fondunun, Rusiya Rəssamlıq
Akademiyasının və Azərbaycanın Rusiyadakı
səfirliyinin dayağı ilə "AYDAN QALEREYA" və
"Yekaterina" Mədəniyyət Fondu
çıxış edib.
Təsviri sənətdə "sərt üslub"un
banisi sayılan Tahir Salahovun fərdi sərgisi Moskvanın
zəngin mədəni həyatında özgün mədəni
hadisə kimi qiymətləndirilib. Vernisaja baş
çəkənlər zəmanəmizin dahi fırça
ustasının ən geniş yayılmış
əsərlərindən bir daha zövq almaq imkanı
qazanıblar. Rəssamın qızı Aydan Salahovanın
dediyinə görə, hər bir rəssam, eləcə də
T.Salahov üçün yaradıcılığının bütün
nümunələrini toplu halında görmək böyük
töhfədir. O, vernisajın təşkilində
əməyi olmuş hər kəsə
minnətdarlığını bildirib. Yubilyarın
özü də mətbuat konfransında
təşkilatçılara və iştirakçılara
təşəkkürünü bildirərək bu
günün, sərginin keçirildiyi qalereyanın onun
üçün xüsusi əhəmiyyət
daşıdığını qeyd edib. T.Salahov: "Bu
gün mən sərgini nəzərdən keçirdikdə
işlərimin mənim üçün yeni məna kəsb
etdiyini duydum, onları bir qədər fərqli tərzdə
qavradım. Bu çox maraqlıdır".
Vernisajın açılışı tam anşlaq
şəraitində keçib. Azərbaycanın Rusiyadakı
səfiri Polad Bülbüloğlu, Federasiya
Şurasının Mədəniyyət Komitəsinin sədri
Aleksandr Zasoxov, Rusiya prezidentinin beynəlxalq mədəni
əlaqələr üzrə xüsusi nümayəndəsi
Mixail Şvıdkoy, mədəniyyət nazirinin müavini
Pavel Xoroşilov, İosif Kobzon, Zurab Sereteli, Edvard Radzinski, Vera
Qlaqolzeva kimi mədəniyyət və incəsənət
xadimləri görkəmli həmyerlimizi təbrik
edərək ürək sözlərini söyləyiblər.
P.Bülbüloğlu T.Salahovun bu gün
yaradıcılıqla məşğul olmasından
böyük məmnunluq duyduğunu deyib. A.Zasoxov isə
belə bir əhvalat danışıb: "Bir dəfə
Tahir Salahov, Oljas Süleymenov və mən söhbət
edərkən Oljas dedi ki, müstəqil Qazaxıstanın
gerbi yoxdur. Tahir Salahov bunu eşidən kimi masanın
üstündəki salfeti götürdü, Oljasdan qazax eposu haqqında
danışmağı xahiş etdi və gerbin təsvirini
çəkməyə başladı. Beləliklə, bu
gün yubiley sərgisinə toplaşdığımız
maestro Qazaxıstanın gerbinin müəllifidir". Zasoxov
T.Salahov kimi şəxsiyyət yetirdiyi üçün
Azərbaycan xalqına təşəkkürünü də
bildirib.
Rusiya Rəssamlıq Akademiyasının prezidenti
Z.Sereteli yubilyara akademiyanın ən yüksək
mükafatı olan "Şöhrət" ordenini təqdim
edib.
Tanınmış tarixçi E.Radzinski isə
vurğulayıb ki, "müasir qaba təbirlə dedikdə
Tahir Salahov brend, normal ifadə ilə dilə gətirdikdə
isə adı böyük hərflə yazılan
yaradıcı şəxsiyyətdir. Onun əsərlərini
seyr etdikcə yaşamaq istəyirsən".
Kinoaktrisa V.Qlaqolyeva T.Salahov barədəki
təəssüratlarını belə ifadə edib:
"Mənim üçün Tahir Salahov
dövrümüzün ən vicdanlı, ən müdrik,
ən sevimli insanlarından biridir. O, çox düzgün
yaşayır. Bu dünyada adamlar üçün
ümumiyyətlə, necə yaşamaq nümunəsi olan
insanlar çox azdır. Mən xoşbəxtəm ki, Tahir
Salahovu tanıyıram, hətta onun dostlarından
biriyəm".
Həftə
içi.- 2009.- 17-19 yanvar.- S. 7.