Ərud E.

 

Mən heç vaxt şəkil çəkdirməyəcəm

 

Fotojurnalist Oqtay Məmmədovun unudulmaz xatirəsinə ithaf edirəm

 

Mən bir şəkil çəkdirməyəcəm. Oqtayın ölümü mənim üçün bütün şəkillərin ölümünə bənzəyir. Hərə öz peşəsinə oxşadığı kimi, Oqtay da çəkdiyi şəkillərə oxşayırdı. Ölkənin birinci şəxsini çəkmək vəzifəsini daşısa da, ən axırıncı adamı belə çəkməkdən çəkinmirdi. Oqtayın gözündən heç yayınmırdı. Maraqlı gördüyü bütün anları fotosunun yaddaşına köçürürdü. Bəlkə gördüyü bütün adamların şəklini çəkmişdi, ən azı ürəyində... Onun gördüyü hər şeydə maraq var idi.

 

   Oqtayı bu dünyada tanıyan qədər insan var idisə, hamısı özünü onun dostu sayırdı. Oqtay bütün dünyanı görmüşdü, bütün dünya da Oqtayı. Oqtayı təkcə biz tanımırıq, həm çəkdiyi şəkillər tanıyır. Çəkdiyi bütün şəkillərdə Ondan bir parça var. Bunu Oqtayın çəkdiklərinə baxanda asan görmək olar. Elə bu yazının başındakı məni Oqtay çəkib.

 

   Deyirlər, şəkil yazının yarısıdır. İndi bundan sonra Oqtaysız bütün yazılar yarımçıq olacaq. Kim çəkəcək yazdıqlarımızın şəklini? Kimsə çəkə biləcəkmi? Ancaq onu tanıyanların bəxti gətirib. Bir şey yazanda Oqtayın şəklini gözlərinin qarşısına gətirsinlər, yetər. Yazdıqlarının şəkli mütləq çəkiləcək...

 

   Bir dəfə səfərdə olanda Oqtay əlindəki fotoaparatı oturduğu pilləkənin üstünə qoyub, "mən artıq yorulmuşam" - dedi. Uşaqlar tez onun şəklini çəkdilər. Həmişə bu şəklə baxıb, onun yorulmağının səbəbini tapmaq istəyirdim. Tapa bilmədim. Siz baxın, bəlkə Oqtayın nədən yorulduğunu biləsiniz...

 

   Bir dəfə gecə qatarla dövlət başçısının səfərini işıqlandırmaq üçün hansısa rayona səfərə gedirdik. Çox vaxt olduğu kimi, onda da bir kupedə idik. Elə gecə uzunu mənə gileyləndi ki, niyə adamlara ad qoyanda səhvə yol verirlər. "Bir görürsən şərəfsizə Şərəf, vicdansıza Vicdan, namussuzun birinə Namus adı qoyurlar" - deyirdi.

 

   Onu tanıyan gündən yalvarıb-yaxarırdım ki, Oqtay, gəl sənin haqqında bir yazı yazım. 1988-ci ildən bəri ölkənin birinci adamlarının şəklini çəkməklə məşğul olmuşdu. Prezident fotoqrafı kimi başına gələn maraqlı hadisələrdən yazmaq istəyirdim. Qoymurdu, deyirdi ki, mən gördüyümü danışmaqla yox, çəkməklə məşğulam. Görünür, Oqtayın çəkdiklərindən yox, özündən yazmalıymışam.

 

   Oqtayın vaxt anadan olduğunu bilmirəm, ancaq onun ölüm günü Azərbaycan tarixinə faciə kimi düşüb. Oqtay Məmmədov 20 Yanvar günü, Şəhidlər Xiyabanında son tapşırığını yerinə yetirəndən sonra ürəyi partlayıb. Bəlkə 19 il şəklini çəkdiyi bu faciəyə ürəyi tab gətirməyib. növbəti dəfə elə 20 Yanvar şəhidlərinin anım günü, Şəhidlər Xiyabanından qayıdar-qayıtmaz ürəyini tutub, gedib. 20 Yanvar şəhidləri qədər anılacaqsa, Oqtay Məmmədov da bir o qədər anılacaq, ən azı onu tanıyanların qəlbində. Görünür, 20 Yanvar şəhidləri 1990- ilin bu günündə həyatını itirən 134 nəfərdən ibarət deyil. Əgər faciənin 19-cu il dönümündə Şəhidlər Xiyabanını çəkəndən sonra bir foto-jurnalistin ürəyi partlayıb ölürsə, deməli, 20 Yanvarda şəhid olanlar təkcə 134 nəfər deyil.

 

   Oqtay gözlərini yuman kimi bütün Azərbaycan onun yoxluğunu bir dəqiqəlik sükutla yad eləyib.

Yanvarın 20- düz saat 12- Azərbaycanda hərəkət dayanmışdı. Bayraqlar yendirilmiş, maşınlar haray salır, gəmilər Xəzər dənizinin Oqtay Məmmədova aid hissəsində fit verirdi...

 

   Oqtayla vidalaşmağa gedəndə Ona tərəf baxmağa ürək eləmirdim. Son dəfə görüşdüyüm, qucaqlaşıb gülə-gülə danışdığım, saçlı, işıqlı, başdan ayağa nur saçan Oqtayı yadımda saxlamaq istəyirdim. Mən ürək eləməsəm , ürəyim buna dözmədi. Gözlərimin ucu ilə dostuma nəzər saldım, Oqtayın ölüsü işıq saçırdı...

 

525-ci qəzet.- 2009.- 24 yanvar.- S. 8.