İsmayıl X.
Harmoniya mədəniyyət
yaradır
Müasir musiqimizdə harmoniyanın pozulması barədə çoxdan götür-qoy edirdim ki, nə isə yazım. Bir dəfə də yazılarımda bu məsələyə başqa bir formada münasibət bildirmişəm. Bu yazıya isə Əhməd Qəşəmoğlunun qəzetimizdə "Mədəniyyət harmoniya yaradır" sərlövhəli köşəsi stimul verdi. Əhməd müəllim bir çox müəlliflərdən fərqli olaraq doğru yerə əxlaqa sığmayan işləri mədəniyyətə aid etmir. Cəmiyyətdə ahəng yaradan nəsnələri yalnız mədəniyyət adlandırır. Tərbiyəsizliyi, əxlaqsızlığı, sadizmi mədəniyyət sırasına daxil edənlər də var. Belə olan təqdirdə mədəniyyət əxlaq, mənəviyyat işinə çevrilir. Mənəviyyat da yenə ümumi mədəniyyət anlayışının tərkib hissəsidir. Demək, mədəniyyət kütləvi olmamışdan əvvəl fərdi olaraq yaranıb.
Bu dediklərimin də məsələyə dəxli var . Ancaq qayıdaq mətləb üstünə. Axı çağdaş musiqimizdə harmoniyanın pozulmasından danışırdıq. Məlumdur ki, hər nəsnədə həddin aşılması, əndazənin keçilməsi harmoniyanın - ölçü-biçinin pozulmasına gətirib çıxarır. Ən sadə gözəllik belə müəyyən parametrlərdə,mizan-tərəzi gözləniləndə formalaşır.
Poeziyada sözün (hətta bir səsin belə!) artıqlığı, rəssamlıqda rəngin tündlüyü, parlaqlığı ifrata gətirib çıxarır. Musiqidə bu məsələ daha incə və həssasdır. Musiqidə bu artıqlıq, harmoniyanın pozulması daha tez nəzərə çarpır. Bəlkə də, bu, musiqinin insanlara daha tez çatması və insanların musiqiyə olan dərin marağı ilə bağlıdır. Musiqi insanları daha tez ovsunlayır, bir göz qırpımında öz ağuşuna alır. Digər incəsənət sahələrindən fərqli olaraq musiqidə harmoniyanın pozulması daha çox qorxuludur. Ritmi, ahəngi, sözü, şeiriyyəti yerində olmayan musiqi insanın harmoniyasını alt-üst edir. Müasir musiqimizdə, xüsusən də mahnı janrında ciddi bir xaos yaşanır, hərc-mərclik hökm sürür. Özü də bu qarmaqarışıqlıq yeni yaranmayıb. Bu hərc-mərcliyin yaşını artıq qoşa rəqəmlər təyin edir. Nədir bu hərc-mərclik? Nədir bu xaos? Birinci mahnı bəstəkarlığından başlayaq. Bəri başdan qeyd edək ki, Azərbaycan bəstəkarlıq məktəbi bütün dünyada öz orijinallığı ilə sayılıb-seçilir. İlkin dövrlərdə xalqa məxsus olan bu musiqi məktəbini dahi Üzeyir bəy professional bir məqama yüksəltdi. Buna heç kəsin şəkki-şübhəsi ola bilməz. Yaxın tarixə kimi bu məktəbin gözəl ənənələri müvəffəqiyyətlə davam etdirilmişdi.Yaşadığımız günlərə qədər Azərbaycan ən çox musiqisi ilə öyünürdü.
Düzdür, bütün zamanlarda Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyevin (nə yaxşı ki, bu silsiləni artırmaq mümkündür) adları və musiqiləri ilə fəxarət duymağa mənəvi haqqımız olacaq. Onu da əminliklə deyə bilərik ki, dünya xalqlarının böyük bəstəkarları zaman-zaman Azərbaycan musiqisindən bəhrələniblər. Bu fikri ona görə vurğulayıram ki, musiqimiz o qədər də kasıb deyil. Kasıb olmadığı üçün yad sifrəyə, özü də kasıb süfrələrə əl uzatmağa ehtiyac duyulmur. Yad süfrələrindən təam qəbul etdiklərindəndir ki, son on illikdə məlahətli, zövq oxşayan mahnılar ya yoxdur, ya da çoxdur. Amma ekran-efirimizdə müğənni basabası, mahnı bolluğudur. Ekran-efirdən mahnı adıyla yağdırılanların çoxu yad notlar üstündə yığılmış "hibridlərdir". Digər xalqların mədəniyyətinə həqarətlə baxmaq fikrindən uzağam.
Hər şey kimi, mədəniyyət və incəsənət də fərdidir.
Əks qütb bilsin ki, bu yenilik deyil. Yenilik saydığımız bu əndirəbadiliklər yad və bayağı səslənir. Ruhu oxşamadığından "ağ şalvarda qara yamaq kimi görünür".
Bəstə işiylə bağlı bir məsələyə də toxunmaq istərdim. Bu aranjiman məsələsidir. Əcnəbi dildən gəlmə olan aranjiman musiqini zənginləşdirmək mənasını bildirir. Terminə heç bir irad yox. İrad müasir aranjimançılaradı. İndi aranjimançılar daha çox kliplərdə "külüng vururlar". Vursunlar. Ancaq onlar xalq və klassik Azərbaycan musiqisinə toxunmasınlar. Axı xalq və klassik Azərbaycan bəstəkarlarının müəllifi olduqları əsərlərin süni aranjimana heç bir ehtiyacı yoxdur. Süni aranjimançılıq "qaş düzəldən yerdə gözü çıxartmaqla" sonuclanır.
P.S. Yazıya ad seçmək istəyəndə də çox çətinlik çəkmədim. Bu işdə də Əhməd Qəşəmoğlunun köşəsi köməyimə çatdı. Onun yazısının sərlövhəsindəki sözlərin yerini dəyişməklə işimi bitirdim.
Mədəniyyət.- 2009.- 24
yanvar.- S. 3.