Yoldaşımızın xatirəsi

 

Azərbaycan Dövlət Teleqraf Agentliyinin - AzərTAc-ın kollektivinə və ümumən mətbuatımıza ağır itki üz vermişdir. Respublikanın tanınmış fotojurnalistlərindən biri, AzərTAc-ın Fotoinformasiya baş redaksiyasının baş redaktoru Oqtay Aydın oğlu Məmmədov ömrünün 58-ci ilində qəflətən vəfat etmişdir.

1977-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirən Oqtay Aydınoğlu 1990-cı ildən həyatını Azərinformla - indiki AzərTAc-la bağlamışdır. 1998-ci ildən agentliyin Fotoinformasiya baş redaksiyasına rəhbərlik edirdi. Həmin illər ərzində Oqtay Azərbaycanda baş vermiş ən gərgin, ən mühüm hadisələrin təkcə canlı şahidi yox, həm də fotosalnaməçisi olmuşdur. Çünki o, ən qaynar nöqtələrdə, ən mühüm hadisələrlə bağlı çəkilişlər aparırdı. Oqtay Aydınoğlu ümummilli lider Heydər Əliyevin, son illərdə isə Prezident İlham Əliyevin çoxsaylı xarici və ölkədaxili səfərlərində AzərTAc-ın fotomüxbiri kimi iştirak etmişdir. Peşəkarlar bu işin nə qədər çətin və məsuliyyətli olduğunu yaxşı bilirlər. O, foto sənətinə bütün varlığı ilə bağlı idi. Oqtayın fotoları təkcə respublika mətbuatında yayılmırdı. Xarici informasiya agentlikləri də tez-tez ona müraciət edir, müxtəlif mövzularda fotoşəkillər sifariş edirdilər.

Oqtay Aydınoğlunun peşəkarlığı yüksək qiymətləndirilmiş, o, “Əməkdar mədəniyyət işçisi” fəxri adına və “Tərəqqi” medalına layiq görülmüşdür.

Oqtay səmimi insan, sədaqətli dost, gözəl ailə başçısı idi. Həmişə deyib-gülən Oqtayın çoxsaylı səfərlərlə bağlı, özünün və yol yoldaşlarının rastlaşdığı qəribə hadisələr barədə yumorla dolu şirin söhbətləri, heç kimin qəlbinə toxunmayan şux zarafatları hamıda xoş ovqat yaradırdı. Eyni zamanda, o, çox həssas qəlbli idi, haqsızlığı, kobudluğu, ədəb-ərkandan kənar hərəkətləri heç cür qəbul etmir, belə hallarla rastlaşanda etirazını, narazılığını gizlədə bilmirdi.

Son vaxtlar ürəyindən şikayətlənirdi. İş yoldaşlarının, dost-tanışların müayinədən keçmək barədə məsləhətləri ilə üzdə razılaşsa da, dava-dərmandan qaçırdı. Halbuki, uzun illərin gərgin iş rejimi bunun əksini tələb edirdi. Ancaq ürəyi ona vəfasız çıxdı. Xalqımız 20 Yanvar faciəsinin ildönümünü qeyd edən günü, Şəhidlər Xiyabanında çəkilişdən az sonra biz Oqtay Aydınoğlunu həmişəlik itirdik. Taleyin acı qismətinə bax ki, o, həyatla da fotolaboratoriyada–iş başında vidalaşdı, əgər belə demək mümkündürsə, peşəsinin şəhidi oldu. Onun arzuları böyük idi, övladlarının toyunu edəcəyi, baba olub qucağına nəvə götürəcəyi günləri gözləyirdi. Lakin amansız əcəl macal vermədi.

Oqtayın oğlu atasının peşəsini seçmişdir və artıq ilk uğurlu addımlarını atır. İnanırıq ki, vaxt gələcək, neçə illərdən bəri imzası yaxşı tanış olan Oqtay Aydınoğlunun davamçısı kimi Aydın Oqtayoğlunun xoş sorağını eşidəcəyik.

Əlvida, əzizimiz Oqtay, iş yoldaşların, həmkarların, dost-tanışların heç vaxt səni unutmayacaq, həmişə qəlbimizdə yaşayacaqsan!

Qəbrin nurla dolsun!

 

Xalq qəzeti.- 2009.- 22 yanvar.- S. 6.