Bir rejissorun “Manifesti”
yaxud
"Milli bomba"ya yox, dünyaya gərəkliyimiz barədə
Dünya Azərbaycanlılarının Həmrəylik
günü və Yeni - 2009-cu ili
bayram etdiyimiz günlərdə Vaqif Mustafayevin "Milli bomba" tammetrajlı bədii filminin "Azərbaycan" kinoteatrında
və televiziyada premyerası baş tutdu.
Çəkilişlərinə hazırlıq hələ
2000-ci ildə başlayan
bu ekran əsəri Elçinin
"Mənim atam dəlidir" povesti əsasında (ssenari müəllifləri Elçin
və V.Mustafayev) istehsal olunub. Bir sıra həqiqi
yaradıcı insanlar
kimi, V.Mustafayevin də bu filmi
növbəti avtobioqrafik
təzahür kimi dəyərləndirilməlidir. Filmin işçi adı
"Manifest" olsa da,
sonrakı tamamlama prosesində "Milli bomba" kimi təqdim edildi. İstər dünya kinematoqrafında,
istərsə də, xüsusən Azərbaycan
kinosunda kino və kino xadimləri
haqqında çəkilmiş
filmlər heç də çox deyil. "Milli bomba"nın ilk epizodu ömrünün 40 ilini kinostudiyanın montaj sexində, bir sıra SSRİ kinorejissorları
ilə əməkdaşlıqda
keçirmiş bir montajçı (Avtandil Maxaradze) barədə sənədli filmin çəkilməsi ilə
başlayır. Və elə
ilk təzad da bunun ardınca baş verir - montajçı keçid
dövrünün qurbanına
çevrilərək işdən
azad edilir. Onunla birlikdə həmin vaxt eyni film üzərində işlədiyi
rejissor da (Əjdər Həmidov).
40 illik zəhmətinin,
peşəkarlığının müqabilində montajçıya
elə "rasçyotnı"
verirlər ki, o, İçərişəhərdəki evini satmaq məcburiyyətində
qalır. Rejissor isə
özünü körpüdən
çaya atır.
Amma çay qurumuş olduğundan sağ qalır. Montajçının ruhdan düşməməsi,
evin satışından
əldə etdiyi məbləği bölüşdürəndə
yarımçıq qalmış
filmi də unutmaması sonrakı hadisələrə təkan
verir. Doğrudur, montajçı məbləği ən zəruri işlər üçün, hətta
zooparkın təmiri üçün də bölüşdürür. Lakin sonda aşkar edir ki, kommunal
xərclər üçün
ayrılmış məbləğ
kinoya yer qoymur. Buna görə
də montajçı
kommunal xərcləri
kinoya qurban vermək qərarına gəlir. Doğrudan da əgər
onun evini almış milyonçu kinoya kömək etmək xahişinə
"yalnız mən öləndən sonra"
cavabını verirsə
(sonda elə belə də olur), montajçı nəyə görə həyat amalından əl çəkməlidir?!
Beləliklə, rejissorla montajçı
təxəyyüllərini tam gücü ilə işə salıb filmin tamamlanması ilə məşğul olmağa başlayırlar.
Hətta
səslənməni "əldə
etməkdən" ötrü
montajçı xüsusi
qurğu da düzəldir.
Ümumiyyətlə,
"Milli bomba" filmində nə baş verirsə-versin, yaşayıb-yaratmaq həvəsini
itirməməyi təlqin
edən V.Mustafayev müəyyən mənada
"Hər şey yaxşılığa doğru"
filmindəki ideyasını
davam etdirib. Baxın, geniş mənzilini satıb daxmayaoxşar evə sığınan montajçı
duz gölündə boğulub-ölmüş atasının
qəbirüstü abidəsini
sifariş verir, özündə qeyri-adi istedad kəşf edərək abstraktizmin ənginliklərinə varır,
evini alan
şəxsin oğlunun
məsləhəti ilə
pul, avadanlıq olmasa da, kinonun
inkişafına xidmət
etməkdə davam edir. Çünki "əsas odur
ki ideyalar, düşüncələr olsun".
Amma montajçının
oğlunun Azərbaycanda
ekoloji cəhətdən
təmiz bombanı sınaqdan keçirmək
istəyi puç olur - dünya ictimaiyyəti qonşu ölkələrə, ilk növbədə
də Ermənistana ziyan vermək istəməyən bu azərbaycanlı gənci
"anlamırlar", buna
görə də bombanın Azərbaycanın
özündə sınaqdan
keçirilməsinə razılıq
vermirlər. Filmin son epizodu olan bu
xəbəri montajçının
"bu yaxşıdır,
deməli, biz hələ
kiməsə lazımıq!"
sözləri müşayiət
edir.
"Milli
bomba"nın montaj tərzində, replika və iri planlarında Fellini və Bunüelin ruhu, təsiri duyulur. Bununla belə, bir an
da olsa, ekran əsərinin məhz Vaqif Mustafayev axtarışlarının
təzahürü olması
təəssüratı zəifləmir.
Bu filmində rejissor, "Yaramaz" filmi istisna olmaqla,
replikalardan maksimum, dialoq və monoloqlardan isə minimum dərəcədə istifadə
etmək vərdişinə
bir qədər xilaf çıxıb.
Amma yenə də Vaqif Mustafayev öz dəst-xəttinə
sadiq qalmağın öhdəsindən ustalıqla
gəlib. "Milli bomba" məhz Vaqif Mustafayevsayağı ərsəyə
gəlmiş növbəti
ekran əsəridir - bir mövzunu baza modeli kimi
götürərək onun
ətrafında çeşidli
mətləbləri sonsuzluğa
qədər inkişaf
etdirmək və cəmiyyətə, bəşəriyyətə
bir-birindən düşündürücü
ismarışları göndərən,
yollayan yox, məhz ünvanlayan yaradıcı axtarışların
hələlik axarıncı
yekunu.
Həftə
içi.- 2009.- 9 yanvar.- S. 8.