Kəbutər

 

Mədəniyyət xalqı dünyaya tanıtmaq üçün ən güclü müasir silahdan biridir

 

Telekanalların mənasız şou-proqramlarının doğurduğu narazılığın son həddə çatdığı heç kimə sirr deyil. Telekanalların səviyyəsiz, gənc nəslin əxlaqına mənfi mənada ciddi təsir göstərən verilişlərin, vaxtını sənətdən çox dedi-qoduya, cılız məişət məsələlərinə həsr edən dırnaqarası şou-biznes  nümayəndələrinin  meydanına çevrilməsi günün reallığıdır.

Bir neçə gün öncə Milli Məclisdə müzakirəyə çıxarılan məsələnin həlli yollarının araşdırılması və telekanalların rəhbərliklərinə ciddi təzyiqlərin edilməsi üçün artıq imza toplama kampaniyasına başlanıb. Bəs, tanınmış mədəniyyət və incəsənət xadimlərimiz bu barədə nə düşünürlər?

İlk müsahibəmiz Azərbaycan muğam sənətinin canlı heykəlinə cevrilmiş Alim Qasımov oldu:

- Bu anlama fikir verin: şou-biznes.

Yəni, sırf pul qazanmaq üçün hesablanıb. Pul qazanmaq ayıb deyil. Amma bu pulu milli-mənəvi dəyərlərimizin külünü göyə sovurmaqla qazanmaq günahdı. Mən özümü o sahəyə aid sənətkar hesab etmirəm. Şou-biznes nümayəndələri bir başqadır, sənətkar, müğənni bir başqa. Rəhmətlik Rəşid Behbudov da müğənni idi. Gözəl müğənnimiz Zeynəb Xanlarova da o cümlədən. Biz ilk olaraq istedadımızın, milli-mənəvi dəyərlərimizin qayğısına qalırıq. Allahın bizə verdiyi səsi pul qazanmaq üçün xərcləmirik.

Biz azərbaycanlıyıq və bütün dünyanı öz mədəniyyətimiz, incəsənətimizlə heyrətləndirən bir millətik. Qaldı ki, bu gün cəmiyyətin kəskin etirazına səbəb olan şou-verilişlərinə, həmin verilişlərə baxanda tamamilə başqa təsəvvür oyanır. Həmin verilişlərin nəyinə tamaşa edək. Bəlkə, biz durub danışsaq, həmin şou-biznes nümayəndələri bizi yanlış anlayar. Amma mən o verilişlərin Azərbaycan ailəsinə girməsinin əleyhinəyəm. Biz gözlərimiz görə-görə gənclərimizin, uşaqlarımızın, nəvələrimizin belə təsir altında böyüməsinə razı ola bilmərik.

Milli televiziyalarımızı zəbt etmiş şou-verilişlərə. ümumiyyətlə baxmadığını vurğulayan gözəl sənətkarımız kecmiş SSRİ-nin Xalq artisti Xuraman Qasımova artıq imza toplama kampaniyasına qoşulduqlarını dedi:

- Mən də, bacım Fidan da həmin müraciəti imzalayıb. Xalqın zövqünü bu şəkildə bərbad etmək yaramaz. Niyə tamaşaçıya ən gözəl, ən dəyərli, ən yüksək səviyyəli əsərləri yox, küçə, bazar səviyyəsində yarananları təqdim edib, uzun illər formalaşmış zövqləri də həmin səviyyəyə endirək. Əvvəllər telekanallarında Bədii Şura olardı, adını senzura qoyub ləğv etdilər. Bədii Şura senzura deyil. Onu tam aradan qaldırmaqdansa daha demokratik bir forma ilə əvəz etmək olardı. Bir ölkədə inqilab baş verirsə, dövləti darmadağın edib anarxiya yaratmırlar ki. Cəmiyyətin razılaşmadığı quruluşu daha demokratik hesab olunan digəri ilə əvəzləyirlər. Amma dövlət dövlətliyində qalır. Mədəniyyət də dövlət qədər əhəmiyyətlidir. Və dünyanın hazırkı dönəmində güclü mədəniyyət ən müasir silah qədər əhəmiyyətlidir. Mədəniyyət xalqı dünyaya tanıdır. Amma biz öz əlimizlə öz mədəniyyətimizi məhvə sürükləyirik. Gəlin, on beş il əvvələ baxaq. Televiziyalara çıxıb bu şəkildə danışan müğənnini daş-qalaq edərdilər. Mən düşünürəm ki, nə qədər gec deyil, Azərbaycan tamaşaçısının zövqünü işğaldan qurtarmalıyıq.

Xalq artisti, kamanca ustası Habil Əliyev isə bu tədbirlərinin görülməsini bir qədər gecikmiş hesab edir:

- Düşünürəm ki, bunun qarşısını almaq çox çətin olacaq. Özü də bu işdə ən böyük günah qəzet, televiziya işçilərinin üzərinə düşür.

Baxırsan ki, bir oxuyanı o qədər yazırlar, efirə çıxardırlar, axırda o, özünü korifey hesab edir. Yadımdadı ki, xanım oxuyanlardan birinə qarşı qələm əhli əməlli başlı üsyan etmişdi. Mənasız bir adamı bu qədər tərifləmək, göylərə qaldırmaq nə verir bu xalqa? Əvvəllər Filarmoniyada musiqişünaslıq fakültəsi vardı və musiqidən, incəsənətdən yazmağa ancaq həmin fakültənin məzunları olanlar cəsarət edə bilərdilər. İndinin musiqi tənqidçiləri akademik teatrla balet teatrını bir-birindən ayıra bilmirlər. Mənim dediyim odur ki, tənqidçiləri akademik teatrla balet teatrını bir-birindən ayıra bilmirlər.

Vəziyyətin bu yerə gəlib çıxmasında biz hamımız günahkarıq. Hətta din xadimlərimiz də. Niyə səslərini ucaltmırlar, niyə demirlər ki, biz müsəlmanıq, müsəlman ölkəsində belə təbliğat yaramaz. Niyə bu gün on beş yaşında qızların kumiri səhnəyə çıxıb əxlaqsızlığına "azadlıq" adı qoyan, bir-biriləri ilə maşınına, evinə görə bəhsə girən oxuyanlar olmalıdı?

Bəlkə, deyəcəklər bu dövlətin işidir. Dövlət mədəniyyətlə bağlı müxtəlif  layihələrə pul qoyur. Muğam dövlət səviyyəsində təbliğ edilir. Amma cəmiyyət olaraq özümüz də tərpəniş göstərməliyik. Mən sevinirəm ki, nəhayət cəmiyyət də bu şou-proqramların əleyhinə qalxıb. Heç olmasa bundan sonra özləri ilə bərabər Azərbaycanın mədəniyyətini bazara çıxaranlara hər hansı bir şəkildəsə ictimai qadağa qoyular.

 

Yeni Azərbaycan.- 2009.- 10 yanvar.- S. 8.