Hacı İsmayılov 65 yaşını Türkiyədə qeyd edib

 

Aktyor qastrol səfərində olduğundan yubileyini kiçik çevrədə keçirib

 

Ötən gün 65 yaşı tamam olan Xalq artisti Hacı İsmayılov yubileyini hazırda səfərdə olduğu Türkiyədə qeyd edib. Aktyorun ailəsindən "Kaspi" verilən məlumata görə, çalışdığı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppası ilə birlikdə iki gün əvvəl yola düşən Hacı müəllim vətənə ayın son günləri qayıdacaq. Aktyorun yubileyi səfər müddətinə düşdüyü üçün o, həmin tarixi həmkarları ilə birlikdə kiçik məclis səviyyəsində qeyd etməyi düşünüb. Söhbət zamanı öyrəndik ki, teatrın truppası türkiyəli tamaşaçılara Bəxtiyar Vahabzadənin "Özümüzü kəsən qılınc" tamaşasını nümayiş etdirir.

Xatırladaq ki, Hacı İsmayılov 1944-cü ildə Bakıda anadan olub. Aktyorluq fəaliyyətinə Sumqayıt Dövlət Dram Teatrından başlayan Hacı İsmayılov 1970-ci ildən Akademik Milli Dram Teatrında çalışır. Teatrda çalışdığı illərdə o, "Xəyyam", "Mahnı dağlarda qaldı", "Xurşidbanu Natəvan", "Od gəlini" s. tamaşalarda oynayıb. Kinofilmlərdən isə Rasim Ocaqovun ekranlaşdırdığı "Ad günü", "Həm ziyarət, həm ticarət" baş rolları oynayıb. 

 

Kaspi.- 2009.- 23 yanvar.- S. 16.