Kinomuzun əsas problemlərindən biri sistemdir

Kinoşünas Aygün Aslanlı: "yaradıcı insanlarımızın əksəriyyətində səmimilik yoxdur"

 

Məlum olduğu kimi, bu günlərdə Peşəkar Rejissorlar Gildiyası İctimai televiziyaya qarşı iddia qaldırıb. Adıçəkilən gildiya İctimai Televiziyanı müəllif hüquqlarını pozmaqda, Azərbaycan filmlərini lisenziyasız yayımlamaqda ittiham edir. Təbii ki, İctimai Televiziyanın da özünümüdafiə arqumentləri yox deyil. Amma məsələnin ən maraqlı tərəfi təbii ki, bu deyil. İctimai Televiziya başda olmaqla, bütün yerli kanallarımız köhnə Azərbaycan filmlərini yayımlayır. Bu filmlər sovetlər dövrünün qayğısı altında yaranmış ekran əsərləri idi. Dava da həmin filmlərin üstündədir. Yəni, söhbət heç də son illərdə yaranmış ekran əsərlərindən getmir. Çünki son illərdə, yəni müstəqillik dövründə dövlət sifarişi ilə çəkilmiş "Girov", "Məkanın melodiyası", "Arxada qalmış gələcək" və s. kimi filmləri televiziya ancaq bayramda-seyranda, matəmli günlərdə, televiziyada kədərli şeylərin göstərilməsinin müstəcəb olduğu vaxtlarda yayımlayır. Təbii ki, tamaşaçı da bu son filmlərə baxmır və onları tanımır.

   Bizsə, indiyə qədər heç bir nüfuzlu festivala gedib çıxmayan yerli kinomuz haqqında yağlı-yağlı təriflər eşitməkdən doymuşuq. Bircə dənə də olsun "Oskar"ı olmayan kinomuzun o qədər korifey rejissorları, aktyorları, ssenariçiləri var ki... Hamısının da dünya çapına çıxarda bilmədikləri bu filmlər haqda danışmağa sözləri boldur.

   Amma müsahibimiz onlardan biri yox, yerli kinomuza sakit və obyektiv baxa bilən gənc kinoşünas Aygün Aslanlıdır. Hazırda fəaliyyətini dayandırmış "Kino+" qəzetində bir neçə il kino, kinonun problemləri haqda müntəzəm yazılar yazıb. Kino haqda məqalələr yazmağa başlayandan bəri əksər yaşlı rejissorların, aktyorların gözünün düşmənidir. Hazırda dublyajla məşğul olur.

   O, bizə Azərbaycan kinosunun problemləri, gələcəyi, ümumiyyətlə sistemlə bağlı qənaətlərini danışacaq.

   - Aygün xanım, dünya kinosu və yerli kinematoqrafiyanı yaxşı bilən bir kinoşünas kimi bizə az da olsa, ümid verə bilərsən: yerli kinoda bir işartı görünürmü? Nə vaxtsa azərbaycanlı rejissorun çəkdiyi yaxşı bir filmə baxmaq şansımız var?

   - Təbii ki, işartı görünür. Başqa cür mümkün deyil. Birinci ona görə ki, məncə, milli kinomuz artıq ola biləcəyi qədər pis olub, indi yaxşılığa doğru düzəlməyə məcburdur. İkincisi, indi elə bir şərait yaranıb ki, dövlət istehsalına vəsait ayırdığı filmlərin keyfiyyətinə diqqət yetirməlidir. Təbii ki, dəyişməli, düzəlməli çox şeylər var. Bəzi qocaman rejissorlarımız hələ də nəyinsə hesabına dövlətdən film ala bilirlər. Baxmayaraq ki, Eldar Quliyev, Ramiz Əzizbəyli, Fikrət Əliyev kimi rejissorlar artıq istedadlarının sovulduğunu, quruduğunu hərtərəfli sübut eləyiblər. Amma onlarla paralel istedadlı, deməyə sözü olan sənətkarlara da imkan verilir. Yəni bu ölkədə hər il çəkilən beş filmdən ikisi yaxşı, maraqlı, baxımlı, keyfiyyətli alınsa, böyük nailiyyətdir. Bu, təkcə nəzəriyyə deyil. Ötən il premyerası keçirilmiş "Düyün", "Yalançılar", "Qanadlarıma sığal çək", ondan əvvəl "Ev" qısametrajlı filmləri əyani nümünədir və məncə onların sayı artacaq. Ola bilsin ki, yavaş-yavaş, amma artacaq...

   - Səncə, kinomuzun əsas problemi texnika, internet əsri ilə ayaqlaşa bilməməyimizdi, yoxsa kino ilə məşğul olanların yaradıcı potensialının olmaması?

   - Məncə, kinomuzun əsas problemlərindən biri sistemdir. Hazırkı sistem - yeniliyi ya qəbul etməyən, ya da özünə uyğunlaşıdırıb ondan istifadə edən sistemg Normal ölkələrdə uğursuz film çəkmiş rejissora ikinci dəfə şans vermirlər. Ta ki özünü bir də sübut eləyənə qədər. Ancaq Stiven Spilberq, Stenli Kubrik kimi rejissorların belə şansları var. O da ona görə ki, vaxtında öz gələcəklərini təmin eləyiblər. İndi öz istədiklərini çəkirlər. Publika onların işlərini bəyənməyə bilər, filmləri gəlir gətirməyə bilər. Amma onlar bu haqqı illər əvvəl qazanıblar. İkinci problemimiz isə məncə, birincidən də vacibdir. Hamı bilir ki, yaradıcı insan özünü ifadə etmək üçün gec, ya tez mütləq bir çıxış yolu tapır. Problem ondadır ki, bizim yaradıcı insanların əksəriyyətində səmimilik yoxdur. Bilmirəm, bəlkə doğrudan da çox vətənpərvərrdilər, öz millətləri, həmvətənləri haqqında yüksək fikirdədirlər. Amma belədirsə, niyə bunu göstərə, çatdıra bilmirlər? Məncə, əsas, ən birinci problem budur - qeyri-səmimilik, olmadığımız kimi görünməyə çalışmağımız... Əsl kimliyimizi araşdırmaq əvəzinə, özümüzdən nələrsə uydururuq. Tanımadığımız adamlardan, bilmədiymiz mövzulardan danışırıq. Təbii ki, son model texnika da vacibdir, yaradıcı potensial da mütləq olmalıdır... Amma istiqamət doğru deyilsə, savad, dünyagörüşü məhduddursa, bunların heç birinin əhəmiyyəti yoxdu.

   - Səncə, niyə sovet vaxtı çəkilən filmlər baxımlı idi, indisə tamaşaçı yerli film görəndə kanalı dəyişir? Hanı Azərbaycan kinosunun keçmişdəki şirinliyi, baxımlılığı?

   - Açığı, bu çox maraqlı məqamdır. Belə baxırsan, filmin yaradıcıları az qala həmin yaradıcı heyətdir. Məsələn "Cavid ömrü" ilə "Dədə Qorqud"u müqayisə edək. Flmin biri sovet vaxtında, biri isə lap təzəliklə çəkilib. Hər iki filmin ssenari müəllifi Anardır. Hər iki filmdə baş rolda Pasim Balayev çəkilib. Rejissor isə yenə sovet vaxtından qalmış, özünün maraqlı, orijinal işləri ilə tamaşaçıların rəğbətini qazanan Ramiz Həsənoğludur. Amma çifayda, tamaşaçı "Dədə Qorqud"a yüz dəfə baxır, doymur. Amma "Cavid ömrü"nə heç kim baxmır. Düz də eləyirlər. Elə filmə nəinki baxmaq, heç çəkmək, pul, istedad, zəhmət sərf etmək lazım deyil. Ssenari bərbad, rejissor işi bərbad, aktyor işi bərbad, rəssam işi bərbad...

   - Səncə, səbəbi nədir?

   - Məncə, səbəb birdir. Yenə də deyirəm, həmin adamların istedadları soğulub. Tükəniblər. Vəssalam.

   Bilirsiniz, "Sovet vaxtında çəkilən fimlərin hamısı baxımlı idi" fikri də yanlışdır. O vaxt bir ildə onlarla film çəkilirdi, amma biri tamaşaçı rəğbəti qazanırdı. Sovet vaxtı çəkilən o qədər film var ki, indi rəflərdə toz altında yatır. Sadəcə, indi "Azərbaycanfilm" məhdud sayda kino çəkir, bədbəxtlikdən bu filmlər də alınmır...

   - Bir az da kinodakı nəsillər davası barədə danışa bilərsən? Kinoda da yaşlı və gənc nəsil dəyərlər davası aparır?

   - Yox. Müşahidə elədiyim qədərilə, kinoda daha nəsillər davası yoxdu. Ola bilsin ki, yanılıram. Sadəcə yuxarıda qeyd etdiyim kimi, yanlış sistem var.

   - Məlum sərəncamdan sonra telekanallar daha rus dilində film yayımlaya bilmirlər. Buna görə də teleşirkətlər xarici filmləri konveyer üsulu ilə tərcümə, dublyaj edir. Səviyyəsi də göz qabağında. Sən də artıq bir ildən çoxdur ki, filmlər tərcümə edirsən. Belə bərbad dublyajın günahını təkcə tərcüməçidə görmək nə qədər doğrudur?

   - Əslində, işin mətbəxini görəndə fikirləşirsən ki, doğru deyil. Filmin tərcümə mətni bir neçə mərhələdən keçəndən sonra dublyaj stoluna qoyulur. Tərcüməçi filmi tərcümə eləyəndən sonra mətn redaktorun əlindən keçir. O da mətni özünün yaradıcılığı, biliyindən çıxış eləyərək redaktə edir. Lap tərcüməçi mətni yaradıcı tərcümə eləsə belə, redaktor mətni quruda da bilər. Sonra da tamaşaçı filmə baxanda, bərbad tərcüməyə görə tərcüməçini günahlandırır. Hələ üstəlik, səsləndirmə problemi də var. Dublyajla çoxdan məşğul olan yaşlı aktyorlarla o qədər də çətin deyil, amma yeni nəsil dublyaj aktyorları elə bil ki, Azərbaycan dilinin danışıq tərzindən xəbərsizdilər. Mətndə nə yazılıbsa, onu da oxuyurlar. Məsələn, bizim cavan dublyaj aktyorlarına başa salmaq olmur ki, mətndə "məndən" yazılıbsa, onu "mənnən" kimi tələffüz eləmək lazımdır. Belə misallar yüzlərlədir. Tərcüməçi bunu nəzərə alanda danışıldığı kimi yazanda da, redaktor sözü təzədən düzəldir. Nəsə ki, dublyajın indiki vəziyyəti bir daha kinonun kollektiv əməyin bəhrəsi olduğunu təsdiqləyir. İstər bu filmin yaranma prosesi olsun, istərsə də dublyajı. Mərhələlər bir-biri ilə qarşılıqlı əlaqədə olmalıdır. Yəni cavabdeh şəxslər işlərini "dediyim, dedikdi" prinsipi ilə görəndə nəticə yaxşı olmur.

   - Necə bilirsən, hətta girişi sərbəst olanda belə kinoteatra qədəm basmaq istəməyən azərbaycanlıları kino adamı hesab eləmək olar?

   - Bütün Azərbaycan bir-biri ilə kino dilində danışır. Filmdə qulağa maraqlı gələn bütün sözləri şəhərdə də, ucqar kəndlərdə də aforizmlərə çevirirlər. Məncə, azərbaycanlılar kino xalqıdır, sadəcə bu xalqa heç vaxt yaxşı kino göstərə bilməmişik. Nə vaxt kinoteatrda yaxşı film göstərdilər, heç kim də gedib baxmadı? Azərbaycan tamaşaçısını yaxşı yerli kino ilə tanış etməyin vaxtı gəldi, keçir artıq. Tələsmək vacibdir.

 

Üç nöqtə.- 2009.- 17 yanvar.- S. 8.