“Qala” “Qızıl heykəl” üçün yarışacaq

 

Azərbaycanlı rejissor Şamil Nəcafzadənin çəkdiyi "Qala" filmi ABŞ Kino Akademiyasının "Ən yaxşı xarici film" nominasiyası üzrə "Oskar" müsabiqəsinə təqdim olunub. Film Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyası və "United Multimedia Profil" şirkəti tərəfindən istehsal olunub.

Ş.Nəcəfzadə APA-ya açıqlamasında Azərbaycan filminin bu mükafata təqdim olunmasını ölkənin kino tarixi üçün önəmli hadisələrdən biri kimi qiymətləndirib: "Biz etiraf etməliyik ki, Amerika Kino Akademiyasının xəritəsində hələlik Azərbaycan kinosu yer tutmur. Bu müsabiqəyə ilk dəfə qatılmaqla mükafat qazanmaq mümkün deyil. Amma Azərbaycan kinosunun "Oskar" mükafatına təqdim olunması faktı ölkəmizin Amerika Kino Akademiyasının xəritəsində yer tutmasına zəmin yaradacaq". Xatırladaq ki, "Qala" filminin quruluşçu rejissoru Şamil Nəcəfzadə, ssenari müəllifi şair Ramiz Rövşən, operatoru Kənan Məmmədov, rəssamlaArif Məhərrəmov və Əziz Məmmədovdur. Filmdə baş rolları xalq artistləri Rasim Balayev və Firəngiz Mütəllibova canlandırıb.

 

Ekspress.- 2009.- 23 yanvar.- S. 10.