Qismətoğlu F.
"Gürzə"
Ənvər Seyidovun müəllifi olduğu teleserial tamaşaçılar
tərəfindən böyük
maraqla qarşılanıb
Uzun müddət müxtəlif televiziya kanallarında Braziliya, Argentina, Amerika, Türkiyə filmləri nümayiş etdirilib. Sözün açığı, bu filmlər Azərbaycan milli mentalitetinə yad olmaqla yanaşı, əxlaqi dəyərlərimizə də zərbə vurur, insanların mənəviyyatının formalaşmasında mənfi iz qoyur. Nə yaxşı ki, axır vaxtlar Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində milli teleserialların çəkilişinə və onun nümayiş etdirilməsinə böyük önəm verilir. Bu mənada şirkətin sədri Arif Alışanovun milli dəyərlərimizə və mədəniyyətimizə önəm verməsi böyük əhəmiyyət kəsb edir. Çünki milli dəyərlərimiz, mədəniyyətimizlə bağlı uzun müddət Azərbaycan televiziya məkanında bir boşluq yaranıb. Artıq bu boşluq zaman-zaman öz yerini doldurmaqdadır.
"Təlatüm" televiziya filmindən sonra Ənvər Seyidov kriminal mövzuda, özü də məhkəmə sənədləri əsasında ikinci bir beş serialı "Gürzə" filminin ssenarisini ərsəyə gətirdi. Bu filmi isə Azərbaycan televiziyasının çox istedadlı və təcrübəli rejissorlarından olan, "Qızıl Dərviş" mükafatı laureatı Məhərrəm Bədirzadə çox orijinal və yeni bir formada çəkə bilib. Filmin gözəlliyi ondan ibarətdir ki, onun tərbiyəvi, əxlaqi və mənəvi tərəfləri çox incəliklə qabardılır. Həm müəllif, həm də rejissor ənənəvi formadan uzaqlaşaraq yeni bir ovqatda tamaşa ortaya qoymaq istəyiblər və buna da nail olublar.
Filmdə insan taleyi, onun üzləşdiyi çətinliklər və eləcə də insanın müxtəlif çətinliklərlə qarşılaşan zaman onun hansı psixoloji sarsıntılar keçirdiyi çox peşəkarlıqla verilib. Burada müəllif, rejissor və aktyor işi çox incəliklə və ustalıqla bir-birini tamamlayır. Bir ilə yaxın müddətdə çəkilişləri aparılan beş seriyalı televiziya filmi Biləsuvarda, Şirvanda və Bakının kəndlərində lentə alınıb. Nə qədər çətin olsa da, müəllif, rejissor və aktyor heyəti yuxusuz gecələr və alın təri bahasına bu filmi ərsəyə gətirə biliblər.
Filmin uğurlu alınmasının əsas səbəblərindən biri ssenari müəllifi Ənvər Seyidovun uzun müddət məhkəmə sistemində işləməsi və qələmə alınan mövzunun incə detallarına qədər qabardılmasıdır. Hiss olunur ki, kriminal mövzuda yazılan və çəkilən "Gürzə" filmi peşəkar bir qələmdən süzülüb. Burada həm müəllifin məhkəmə təcrübəsi, həm də güclü bədii təxəyyülü filmin uğurlu alınmasında çox böyük rol oynayıb.
Nə yaxşı ki, qarşıya qoyulan bütün məsələlər öz incəliyi ilə filmdə öz əksini tapıb. Burada insan taleyindən tutmuş, onun faciəsinə, dünyanı dərk etməsinə qədər bütün elementlər yerli-yerindədir. O da maraqlıdır ki, film başlanandan sona qədər tamaşaçını öz aurasına alaraq ona müsbət enerji verir. Yəni, hər bir tamaşaya baxanda tamaşaçı ondan nəsə öyrənmək və əxz eləmək istəyir. Təbii ki, teleserialda əsas süjet xətti Əhməd kişinin həyat yoldaşı Nigarın, oğlu Həsənağanın və gəlini Gülsümün (Gürzənin) üzərində qurulur. Elə süjet də sona qədər bu formada cərəyan eləyir. Onu da qeyd edək ki, teleserialdakı Əhməd kişi (xalq artisti Nurəddin Mehdixanlı), Nigar (Rada Nəsibova), Dəmir (Müdhət Aydın), Gülsüm (Könül Yusifqızı), Ziba (Dilarə Nəzərova), Şərif (Rafiq Hüseynov), Rəhim kişi (Kazım Abdullayev), Sənəm (Sevda Orucova), yengə (xalq artisti Nuriyyə Əhmədova), baş həkim (xalq artisti Elxan Ağahüseynoğlu), Rəci (Anar Heybətov), hakim (Qabil Mehdixanlı) çox təbii və səmimi olaraq bu obrazları yarada biliblər. Eyni zamanda filmin operatoru İsa Kazımov, rəssamı Rafael Əlizadə, bəstəkar İqbal Ağayev də tamaşanın maraqlı çıxması üçün bütün istedadlarını ortaya qoyublar.
Filmdə xalq artisti Nurəddin Mehdixanlının yaratdığı Əhməd kişi obrazı bütün detalları ilə tamaşaçıların rəğbətini qazanır. Aktyor burda Əhməd kişinin faciəsini elə canlı və inandırıcı yaradır ki, adamın tükləri biz-biz olur. Məhkəmənin hökmü ilə ömürlük cəzaya məhkum olunan Dəmir və eləcə də, 15 il muddətinə məhkum olunması haqqında məhkəmə hökmü çıxarılan Gülsümə baxaraq Əhməd kişi (Nurəddin Mehdixanlı) deyir ki, mən bunları Allaha tapşırıram. Qoy cəzanı Allah versin. Dərdini unudan və son anda göz yaşları içində Allahdan başqa heç kimə sığına bilməyən bu insanın həmin anda Ulu Yaradandan başqa heç kimi olmadığı hiss olunur. Allah sevgisi və Allah məhəbbəti tamaşada fəlsəfi fikri olaraq müəllif və rejissor tərəfindən çox ustalıqla qabardılır.
Yaratdığı mənfi obrazları ilə tamaşaçılarda nifrət hiss oyadan Müdhət Aydın "Təlatüm"də olduğu kimi, "Gürzə" filmində də özünəməxsus bir obraz yaradır. Onun yaratdığı Dəmir təpədən-dırnağa qədər cəmiyyət üçün qorxulu və təhlükəli bir tipdir. Bu adam narkotika alış-verişi ilə məşğul olur, hətta bu işə başqalarını belə cəlb etməkdən çəkinmir. Dəmirin həyat tərzi pul, yeyib-içmək və kef üstə qurulub. O, bu pulu isə ən iyrənc yolla - narkotika alveri ilə məşğul olub qazana bilir və sonra da özü və başqaları bu "ağ ölüm"ün qurbanı olur.Filmdə müəllif və rejissor fikiri onun üstündə cəmlənir ki, cəmiyyət bu cür əxlaqsız, mənəviyyatsız adamlardan təmizlənib, durulmalıdır. Bu adamlar o qədər harınlaşırlar ki, hətta başqalarını belə öldürməkdən çəkinmirlər. Əxlaqsızlığın və mənəviyyatsızlığınsa qurbanı bir nəfər deyil, bir neçə nəfərdir. Həsənağanı çox amansızcasına qətlə yetirən Dəmir və Gürzə onu iki yerə parçalayıb həyətdə basdırırlar. Bundan da böyük vəhşilik olarmı?
Dərddən, qəmdən və kədərdən dünyasını dəyişən Nigar həyat yoldaşı Əhmədin yuxusuna girir. Elə oğlunun öldürülüb basdırıldığı yeri də Nigarın ruhu göstərir. Bütün bunlar bayaq dediyimiz kimi, müəllif və rejissor işinin birgə fəaliyyətinin bəhrəsidir. Tamaşada ifa olunan mahnıların sözləri də Ənvər Seyidova məxsusdur. Sözün düzü, həmin şerləri eşidəndə tamaşaya baxarkən elə bildim ki, mahnının sözləri başqa yerdən götürülüb. Amma müəlliflə, rejissorla söhbətdən sonra hər şey mənə gün kimi aydın oldu.
Filmin rejissoru Məhərrəm Bədirzadə bizimlə söhbətində dedi ki, dördüncü seriya efirə gedəndə canlı idman proqramı olduğuna görə, həmin film o axşam göstərilmədi. İnanın, həmin an o qədər adam bizə zəng vurub maraqlandı ki, nə üçün "Gürzə"nin dördüncü seriyasını bu axşam vermədiniz? Mən də bizə telefon açan insanlara bildirdim ki, obyektiv səbəb üzündən həmin film efirə gedə bilməyib, sabah dördüncü seriyaya baxa bilərsiniz.
Artıq televiziya məkanında yabançı teleseriallar deyil, öz milli ruhlu və mentalitetimizə yaxın, insanlara gözəl əxlaqi dəyərlər və məziyyətlər aşılayan televiziya filmləri göstərilir. Əgər bu televiziya filmlərinə böyük tamaşaçı kütləsi maraqla baxırsa və ondan bəhrələnirsə nə üçün efirlərimiz bu cür milli dəyərlərə söykənən teleseriallarla zənginləşməsin. Bu mənada Ənvər Seyidovun ssenari müəllifi olduğu və rejissor Məhərrəm Bədirzadə tərəfindən çəkilən "Gürzə" teleserialı tamaşaçıların çox böyük marağına səbəb olub.
Ədalət.- 2009.- 15 yanvar.- S. 6.