Məhərrəmova T.
Ələsgər Ələkbərov fenomeni
O, bütün rollarında yaratdı surətə
çevrilirdi
"Hər şeydə arzu və həvəs böyük rol oynayır. Əgər bu arzu və həvəs iş zamanı ciddiyyətə çevrilərsə, o zaman hər başlanmış iş müvəfəqqiyyətlə nəticələnir". Bu sözlər görkəmli aktyor Ələsgər Ələkbərovun yaradıcılıq kredosu idi. O, adi aktyordan nadir sənətkara çevrilmək üçün uzun və maraqlı bir sənət yolu keçib. 98 il bundan öncə Bakı şəhərində dünyaya göz açan Ələsgərin uşaqlığının xoş olmayan üzü öndə dayanır. O, yoxsullaşmış tacir ailəsində doğulub. Hələ uşaqlıqdan gördüyü hər şeyə marağı olub. Kiçik yaşlarında şeirə, sənətə həvəs göstərib. Bakı Realnı Məktəbində ibtidai təhsil alan Ələsgər məktəb yığıncaqlarında çıxışlar edirdi. O, boş vaxtlarında kəndirbazlara baxır, qapı-qapı gəzərək yanıqlı səslə, aydın tələffüzlə oxuyan dərvişləri dinləyir, "kos-kosa" oyunlarından həzz alırdı. Balaca Ələsgər bu oyunlara tamaşa etməyə çox vaxt atası ilə gedərdi. 1920-ci ildə atasının vəfatı Ələsgəri belə tamaşa və gəzintilərdən məhrum edir. Atasının ölümündən sonra ailənin bütün ağırlığı anası Zübeydənin üstünə düşür. Anası övladlarını dolandırmaq və oxutmaq üçün gecələri gündüzə qatıb paltar tikməklə çörəkpulu qazanırdı.
Həyatı nə qədər çətin keçsə də, balaca Ələsgərin teatra olan həvəsi azalmır. Məktəbdə oxuduğu illərdə tez-tez Əbilov klubundakı dram dərnəyinə getməyə başlayır. Anası onu bu həvəsindən çəkindirmək istəyirdi. Çünki bilirdi ki, camaat artist tayfasına yaxşı baxmır. Ancaq dram dərnəyində Ələsgərə ümidlə yanaşırdılar. Fitri qabiliyyəti, gözəl hafizəsi, gur səsi, yaraşıqlı xarici görkəmi, temperamentli oyunu onun gələcəkdə istedadlı bir aktyor olacağından xəbər verirdi.
Axı məndə nə görüblər?
Ələsgər Ələkbərov 1927-ci ildə teatr məktəbində oxumaqla bərabər, Bakı Türk İşçi Teatrına qəbul olunur. Bu teatr onun aktyorluq qabiliyyətinin daha da inkişaf etməsində mühüm rol oynayır. Həmin illər təkcə yaradıcılığında deyil, şəxsi həyatında da bir hadisəyə çevrilir. Teatrda işlədiyi illərdə görkəmli aktrisa Hökumə Qurbanova ilə ailə qurur. Onlar məktəbdə tanış olmuşdular. Onda Hökumə xanım musiqi məktəbinin fortepiano sinfində təhsil alırdı. Sonra bu tanışlıq dostluğa, daha sonra da məhəbbətə çevrilir. Qız evinə də Ələsgər özü elçiliyə gedir. Ancaq Hökumənin anası bu evliliyə razı deyildi. Düzdür, Ələsgərin boy-buxunu, qəşəng xarici görkəmi xoşuna gəlirdi, ancaq gələcəkdə qızının ehtiyac içində yaşamasını istəmirdi. Ələsgərin kasıb olması ananın ürəyindən deyildi. Hökumə isə inadla iki barmağını bir başmağa dirəyir: "Əgər məni ona verməsəniz, başqa heç kimlə ailə qurmayacağam. Evdə oturub qarıyacağam". Ana qızının inadkarlığını görüb evlənmələrinə razılıq verməyə məcbur olur. Bu evlilikdən onların Nailə adlı qız övladları dünyaya gəlir.
1933-cü ildə Bakı Türk İşçi Teatrı Gəncəyə köçürülür. Gənc ailə də Bakıdan Gəncəyə köçür. Teatrın səviyyəsini qaldırmaq üçün Bakıdan Gəncəyə gələn Abbas Mirzə Şərifzadə teatrda həm reyissor, həm də aktyor kimi çalışmağa başlayır. Elə bu zaman Hökumə xanımın istedad və bacarığı onun gözündən yayınmır. O, tamaşalarda Hökumə xanımla məşq etdikcə Ələsgər qısqanclıqdan alışıb yanır. Elə Hökumə də onu qəşəng aktrisalara qısqanırdı. Bu qısqanclıq teatrın divarları arasında qalmır, ailə həyatlarında da mənfi rol oynayırdı. Evdə tez-tez küsüşür, bir-birlərini ittiham edir, dava-dalaşları da olurdu. Nəticədə yerli-yersiz bu ittihamlar onların ailəsinin dağılmasına səbəb olur. Hökumə xanımla ayrılandan sonra Ələsgər univermaqda işləyən bir rus qızı ilə evlənir və ətrafdakıların qınağı ilə rastlaşsa da, heç kimə məhəl qoymur.
1933-cü ildə isə Ə.Ələkbərov Akademik Dram Teatrında işləməyə başlayır. Mirzəağa Əliyev, Sidqi Ruhulla, Abbas Mirzə Şərifzadə kimi aktyorların əhatəsində çox şey öyrənir.
Leyla Bədirbəyli xatirələrində yazır: "Bəzən həyatda bir adamı yalnız görən zaman yada salır, xatırlayırsan. Lakin elə insanlar da olur ki, onları təkcə bir dəfə görür, amma uzun illər, hətta ömrün boyu unutmursan. Ələsgər Ələkbərov belə şəxslərdəndir. O, tam mənasında səhnə üçün, sənət üçün doğulmuşdu. Bu mahir aktyoru səhnədə bir dəfə görən heç zaman unutmurdu. Heç yadımdan çıxmır, bir dəfə onun ad gününə yığışmışdıq. Çox da böyük olmayan məclis həddən artıq şən keçirdi. Ələsgər isə hamıdan şən idi. O, pianoda çalır, oynayır, şadlanırdı. Rəqsdən xüsusi zövq alırdı. Milli azəri rəqsi onun ifasında çox gözəl təsir bağışlayırdı. Qonaqlar təkrar-təkrar Ələsgərin şərəfinə sağlıq söyləyir, yüksək sənətindən, nəcib insanlığından danışırdılar. Bu zaman mənimlə yanaşı oturan Ələsgərin gülməkdən özünü zorla saxladığını görüb təəccüblə ona baxdım. Baxışımdakı sualı hiss edib dedi: "Başa düşə bilmirəm ki, bunlar bu qədər tərif dolu sözləri haradan tapırlar? Axı məndə nə görüblər? O qədər də gözəl deyiləm, gözlərim olduqca balacadır. Qəlbən gülmək istərkən gözlərimin lap kiçiləcəyini xatırlayıb özümü zorla saxlayıram. Çünki güləndə gözlərim tamam yumulur". Mən dedim ki, yəqin tilsim, möcüzə yolu ilə sən özünü xalqa sevdirirsən. Bu zaman o, ürəkdən güldü. Həqiqətən kiçik gözləri tamamilə yumuldu. Lakin coşqun məhəbbətlə yaratdığı vüqarlı səhnə surətlərini - Elxan, Aydın, Otello, Vaqif, Fərhad və Cavanşirin ülvi hisslərini məhz bu gözlərdə görmüşdük. O, yüz dəfə, min dəfə Otellonun, Vaqifin faciəsini öz faciəsi kimi yaşamış və bu "ölümlər"lə ölməzlik qazanmışdı".
"Ələsgər Ələkbərovun sənətə vurğunluğunu təsdiq eləmək üçün onun yaratdığı surətləri yada salmaq kifayətdir" - deyə reyissor Hafis Fətullayev xatırlayır: "Ələsgər Ələkbərov üçün rolun böyük-kiçiyi yox idi. O, bütün rollarına yaradıcılıq həvəsi ilə yanaşırdı. Səhnədə demək olar ki, tamamilə təsvir edilən şəxsə çevrilir, tamaşaçıları və səhnədəkiləri ardınca aparmaq qüvvəsinə nail olurdu. Salondakılar onunla birlikdə gülür, tamaşaya baxdığını unudur, səhnədə baş verən hadisəni həyatın bir parçası kimi qəbul edirdilər. Ələsgər bütün rollarında yaratdığı surətə çevrilirdi. Onun zəngin daxili aləmi, emosionallığı səhnədəki başqa ifaçılara da təsir edirdi".
"Otello"nun uğuru
1959-cu ildə Moskvada Azərbaycan mədəniyyəti və ədəbiyyatı ongünlüyünü indiyədək xoş təəssüratla xatırlayırlar. Vaxtanqov teatrının səhnəsində Azərbaycan Dram Teatrının kollektivi "Otello"nu oynayırdı. Hər pərdənin sonunda alqış səsləri səhnəni titrədirdi. Bütün salonun diqqəti ən çox bir aktyora - Ə.Ələkbərova dikilmişdi. O, Otello rolunu oynayırdı. Ə.Ələkbərov Moskvada neçə-neçə Otellolar görmüş tamaşaçılar qarşısında Otello oynayırdı.
Tamaşa qurtarır, pərdə bağlanır, ancaq salonu bürümüş alqış səslərinin ardı-arası kəsilmir. Moskva tamaşaçıları Azərbaycanın qüdrətli aktyorunun ifasında yeni Otello görürdülər. Bu Otello doğrudan da onların indiyədək gördüyü Otellolardan tamamilə fərqli idi.
Ongünlük təkcə uğuru ilə yadda qalmır. Dekadanın sonunda Azərbaycandan gələn incəsənət xadimlərinə ittifaq səviyyəli fəxri adlar verilməliydi. Rəşid Behbudov, Qəmər Almaszadə, Leyla Vəkilova SSRİ Xalq artisti fəxri adına layiq görülür. Hamı Akademik Dram Teatra ayrılan fəxri adın Ə.Ələkbərova veriləcəyini gözləyir. Ancaq bu fəxri ad teatrın rəhbəri Adil İsgəndərova verilir.
Bakıya qayıdandan sona Ə.Ələkbərov teatrdan çıxmaq üçün ərizə ilə Mədəniyyət Nazirliyinə müraciət edir. Mədəniyyət naziri Məmməd Qurbanovun etirazına baxmayaraq, o, teatrdan uzaqlaşır. Ə.Ələkbərov bir də teatra 1959-cu ilin axırında - Adil İsgəndərov vəzifəsindən uzaqlaşdırılandan sonra qayıdır. Ancaq sonra özü də başa düşür və etiraf edirdi: "İsgəndərovsuz teatr həmin teatr deyil".
Ə.Ələkbərov teatrla yanaşı, kino tariximizdə əbədilik qalan "Kölgələr sürünür", "Qara daşlar", "Ögey ana", "Uzaq sahillərdə", "Fətəli xan" və s. filmlərdə də uğurlu obrazlar yaradıb. Eyni zamanda, 1960-cı ildə Dovyenko adına Kiyev kinostudiyasında çəkilən "Varislər" filmində don Aqilla rolunu uğurla oynayıb. Aktyorun ən böyük uğuru onda idi ki, kinoda çəkildiyi obrazlarla səhnə qəhrəmanları arasında yaxın əlaqə yarada bilirdi. 1963-cü ildə çəkildiyi "Böyük dayaq" filmindəki Rüstəm kişi onun ən mükəmməl obrazlarındandır. Rüstəm kişi Ə.Ələkbərovun kinoda son roludur. "Böyük dayaq" filmi ekranlara çıxanda tamaşaçılar artıq öz sevimli aktyorunu itirmişdi. Ancaq Ə.Ələkbərov vida rolunda da sənətkarlıq hünərinə sadiq qalmışdı.
Ə.Ələkbərov teatr üçün doğulmuşdu. O, ömrünün axırına qədər səhnədə çalışıb. 1963-cü ildə "Səyavuş" faciəsinin məşqləri zamanı onun yolunu gözləyən həmkarları Ə.Ələkbərovun ölüm xəbərindən sarsılırlar.
Böyük aktyoru son mənzilə yola salmağa gələnlər arsında köhnə dostu Adil İsgəndərov da vardı. Onlar vaxtilə birlikdə teatrın tarixinə qızıl hərflərlə yazılan tamaşalar hazırlamış, teatrın şöhrətini ölkə hüdudlarından kənara yaymışdılar. Ancaq sonradan onların bir-birindən küsmələri hesabına milli teatrımız çox şey itirmişdi. Bunu sağlığında mərhumun özü də, Adil İsgəndərov da, tamaşaçılar da yaxşı bilirdi.
Son mənzilə gedən
yolda isə artıq bu etirafların mənası yox idi.
Əsas o idi ki, Azərbaycan teatr və kino sənətinin
canlı bir əfsanəsi - Ə.Ələkbərov fenomeni
kino lentlərində, insanların yaddaşında
həmişə yaşayır.
Kaspi.- 2009.- 30 yanvar.- S. 11.