Məhərrəmova T.

 

“İndi ən ağlasığmaz qazanc gətirən biznes kinodur”

 

Xaqani Həşimov, prodüser: "Bizdə kinoya pul qoymaq

istəyən iş adamları tapmaq qeyri-mümkündür"

 

Milli kinomuzun inkişafına dövlət tərəfindən göstərilən qayğı bir sıra prodüser mərkəzlərinin fəaliyyəti üçün də geniş imkanlar yaradıb. Artıq prodüser mərkəzləri dövlət sifarişi ilə filmlər çəkir, festivallara göndərir və müəyyən uğurlar əldə edirlər. Sənədli-bədii filmlərin, serialların, kliplərin, reklam çarxlarının çəkilişi, dublyay, montay və qrafika işləri ilə tanınan "Ritm Production" şirkəti də kinematoqrafiyaya öz nailiyyətlərini vermək fikrindədir. Şirkətin direktoru Xaqani Həşimov rəhbərlik etdiyi prodüser mərkəzinin strategiyasını dünya təcrübəsindən yararlanaraq qurmağa çalışdıqlarını vurğulayır.

 

- "Ritm Production" şirkəti hansı zərurətdən yarandı?

- Mütləq bir səbəb yox idi. O vaxt mən və kinoreyissor Elçin Musaoğlu Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində işləyirdik. Potensialımızı daha geniş formada üzə çıxarmaq üçün sonradan müstəqil çalışmağa üstünlük verdik və 2003-cü ildə "Ritm Production" şirkətini təsis etdik.

- Şirkətin fəaliyyət və strategiyasını necə formalaşdırmısınız?

- Dünyanın hər yerində müstəqil prodüser şirkətləri fəaliyyət göstərir. Keçmiş SSRİ dövründə bu sahə olmayıb. Sovet kinosunun ideologiyası haqqında kinematoqrafiya üzrə Dövlət Komitəsi qərar verirdi. Kinostudiyalara pul ayırır, ideoloyi kursu senzura yoxlayır, keyfiyyət kateqoriyasını və tirayı təyin edirdi. Quruluş dağıldıqdan sonra 1990-cı illərdən Rusiyada müstəqil prodüser şirkətləri yaranmağa başladı. Bu sahə bizdə yeni olsa da, strategiyamızı dünya təcrübəsindən yararlanaraq qurmağa çalışırıq. Biz ancaq Azərbaycan, Qafqaz və ya keçmiş SSRİ məkanında hansısa bir yenilik edə bilərik.

- Azərbaycan reallığında prodüser kimdir?

- Məkandan asılı olmayaraq prodüser elə prodüserdir. Sadəcə, Azərbaycanda bu peşə son illərdə aktuallaşıb. Hərdən efirdə və ya mətbuatda müxtəlif fikirlər səsləndirirlər. Yeni yaranmış sahə haqqında konkret fikir söyləmək, peşəkar axtarmaq düzgün deyil. Bu peşə üçün praktika azdır, məktəb olmalıdır, dərsliklər yazılmalıdır. Buna isə zaman lazımdır. Prodüser xüsusi bilik və bacarıqlara malik olmalıdır: mövzu seçmək, büdcəni təmin etmək, biznes-planı tərtib etmək, marketinq strategiyasını təyin etmək, işin gedişini bütün mərhələlərdə nəzarətdə saxlamaq, müəlliflik hüquqları ilə bağlı qanunları bilmək və s. Kinoprodüser ideyanı ssenariyə çevirməyi, çəkiliş qrupunu formalaşdırmağı, filmin prokatını və satışını təşkil etməyi bacarmalıdır. Bizdə kino yeni inkişaf mərhələsinə qədəm qoyduğu kimi prodüserlik peşəsi də sürətlə formalaşır. İnanıram ki, yaxın bir neçə ilə bizdə də müstəqil, peşəkar prodüserlər yetişəcək. Buna Mədəniyyət və Turizm Nazirliyinin də marağı çoxdur. Çünki təkcə dövlətin ayırdığı maliyyə ilə filmlər çəkməklə kifayətlənmək azdır. Çox film çəkilməlidir, buna isə müxtəlif maliyyə mənbələri tapılmalıdır.

- Prodüser mərkəzləri dövlətin sifarişi ilə film çəkirlər. Sizcə indiyə kimi neçə film çəkilib?

- İndiyə kimi prodüser mərkəzlərində dövlət sifarişi ilə çəkilən filmlərin sayını dəqiq deyə bilmərəm. Onu deyə bilərəm ki, hər il bu filmlərin sayı artırılır. Bu da həm kinomuzun sürətli inkişafı, həm də prodüser mərkəzlərinin formalaşması üçün çox mütərəqqi bir addımdır.

- Verdiyiniz ideyaların hamısı bəyənilirmi?

- Ola bilməz ki, bizim təqdim etdiyimiz ideyaların hamısı bəyənilsin. Düşüncələr və yanaşmalar fərqlidir. Nazirlikdə komissiya yaradılıb və təqdim olunan layihələr həmin komissiya tərəfindən qiymətləndirilir.

- Layihələrinizin hamısına Mədəniyyət və Turizm Nazirliyi tərəfindən vəsait ayrılırmı?

- Biz təkcə Mədəniyyət və Turizm Nazirliyi ilə işləmirik. Müxtəlif fondlarla, istehsalçı şirkətlərlə əməkdaşlıq edirik. ACİ YF-yə təqdim etdiyimiz layihələrdən ayrı-ayrı illərdə üçü bəyənilib. Sənədli filmlər çəkmişik. Müxtəlif şirkətlər üçün tanıtım filmləri, kreativ videoroliklər işləmişik. Televiziyaların sifarişi ilə xeyli film dublyay etmişik.

- Mərkəzin birgə istehsalat problemi nə səviyyədədir?

- Dünyanın hər yerində prodüser şirkətləri üçün birgə istehsal maraqlıdır. Azərbaycanda bir neçə film birgə istehsal olunub. Biz keçən il "40-cı qapı" adlı tammetraylı bədii filmi çəkdik. Düzdür, büdcənin əsas hissəsini Mədəniyyət və Turizm Nazirliyi vermişdi. Bununla bərabər, İsveçrənin Əməkdaşlıq və İnkişaf Agentliyi və Almaniyanın "Zerofikşn" prodüser şirkəti də maliyyə ayırıb. Layihələrimizi reallaşdırmaq üçün həmişə tərəfdaşlar axtarırıq. Onu da diqqətinizə çatdırım ki, film artıq hazırdır. Premyerasını keçirməyə hazırlaşırıq.

- Birgə istehsalata maraq təkcə maliyyə dəstəyi ilə bağlıdır?

- Əlbəttə, layihəni reallaşdırmaq üçün ilk növbədə maliyyəni tapmaq lazımdır. Ancaq iştirak edən digər tərəflərin missiyaları fərqli də ola bilər. Bizimçün həm də ona görə maraqlıdır ki, əlaqələrimiz də genişlənir. "Zerofikşn" prodüser şirkəti ilə işlədik və oradakı professional prodüserlərdən bir çox şey öyrəndik. Onu da deyim ki, birgə istehsalda iştirak edən tərəflərin hər birinin konkret maraqları olur. Gələcəkdə filmin prokatı və ya satılmasından əldə olunan gəlirdən hər kəsin qoyduğu büdcəyə uyğun payı olur. Dünyanın hər yerində bu belədir. Bu bir həqiqətdir ki, indi ən yaxşı, bəzən də ağlasığmaz qazanc gətirən biznes kinodur. Ancaq təəssüf ki, bizdə kinoya pul qoymaq istəyən iş adamları tapmaq qeyri-mümkündür. Bəlkə də bu, bizim yaradıcı insanlara inamsızlıqdan irəli gəlir. Odur ki, bizim bircə variantımız qalır: xaricilərlə işləyək, hansısa nailiyyətlər qazanaq, onda bəlkə özümüzünkülər də bizə inanıb etibar edərlər.

- Sizcə rəhbərlik etdiyiniz prodüser mərkəzi hazırda milli kinomuzun inkişafına nə qədər təkan ola bilir?

- Bilirsiniz ki, son bir neçə ildə cənab prezidentin milli kinomuzun inkişafına dair imzaladığı sərəncamlardan sonra ölkəmizdə kino sahəsi sürətli inkişaf dövrünə qədəm qoydu. Mədəniyyət və Turizm Nazirliyi özəl şirkətlərə maliyyə ayırmağa başladı. Bu, müstəqil şirkətlərin inkişafına çox böyük dəstək oldu. Qısametraylı filmlərin nazirliyin komissiyasına məhz özəl şirkətlərdən təqdim olunması rəqabətin formalaşmasına aparır. Sağlam rəqabət olan yerdə həmişə inkişaf var. Bu, həm şirkətlərin formalaşmasında, həm də keyfiyyətli filmlərin ərsəyə gəlməsində böyük əhəmiyyət kəsb edir.

- Bugünkü qəzet-yurnal bolluğunda "CineMAN" yurnalını nəşr etdirmək qərarına necə gəldiniz?

- Bugünkü qəzet-yurnal bolluğunda oxucu yığmaq əlbəttə ki, çətindir. Amma bizim yurnal Azərbaycan mətbuatı arasında tərtibatına, mövzu seçiminə görə yeganə dərgidir. Bu yurnal bir kino adamı olaraq bizim sırf öz istəyimizdən yarandı. "CineMAN" yurnalında həm maarifçilik xarakterli rubrikalar, həm də Azərbaycan və dünya kinosunun korifeyləri haqqında yazılar və xəbərlər yer alır. Eyni zamanda, gənclərin potensialını üzə çıxarmağa çalışırıq. Ümumiyyətlə, dərgidə kino aləmində baş verən ən maraqlı hadisələrdən yazmağa çalışırıq. Onu da qeyd edim ki, yurnal tanınmış sənət adamlarımız tərəfindən çox yüksək dəyərləndirilir. Dərginin ilk sayının təqdimatına dəvət olunmuş sənətçilərin üzündə sevinc görürdük. Danışmaq üçün hamının ürəyi dolu idi. Tanınmış kinoşünas Aydın Kazımzadə, Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov, Xalq artisti Həmidə Ömərova, media nümayəndələri - hamı bu dərginin işıq üzü görməsini çox lazımlı və vaxtında atılmış bir addım kimi qiymətləndirdilər. Düzü, yurnalın bu qədər yaxşı mənada hay-küyə səbəb olacağını özümüz də gözləmirdik. Çox ruhlandıq. Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbə kollektivi ilə görüş keçirdik, birgə əməkdaşlıqla bağlı müzakirələr apardıq.

- 2008-ci il üçün mərkəzin fəaliyyəti nə ilə yadda qaldı?

- Bu il bizim iki ən böyük uğurumuzla yaddaqalan oldu. "40-cı qapı" bədii filminin istehsalını tam başa çatdırdıq. Bir də çoxdan arzusunda olduğumuz "CineMAN" yurnalını təsis etdik. Yurnalı dərc etməklə biz ətrafımıza yeni insanlar: yurnalistlər, kinoşünaslar, dizayner, fotoqraf, ssenari yazanlar toplaya bildik. Devizimiz isə belə oldu: "Sinemamızın intibahı naminə!". Bu kollektiv yurnalı ərsəyə gətirməklə bərabər, həm də "Ritm Production"nın müxtəlif layihələrində yaxından iştirak edirlər.

 

Kaspi.- 2009.- 8 yanvar.- S. 11.