Mükərrəmoğlu M.

 

Leyla xanım Azərbaycanın qənirsiz gözəli idi

 

Hər dəfə Leyla xanım Bədirbəylini xatırlayanda onunla öz evindəki söhbətlərimiz bir daha yaddaşımda canlanır. O vaxt bu böyük sənətkarın yubileyi ilə bağlı xüsusi buraxılış hazırlayırdıq. Dedim ki, Leyla xanım bəzi mənbələr sizin anadan olma tarixinizin 1919-cu il olduğunu yazır. Durub, pasportunu gətirdi. Dedi, oğlum mən 1920-ci ilin yanvar ayında doğulmuşam. İndi o vaxtdan 89 il ötür. Amma biz Leyla xanımı həmişə xoş xatirələrlə yad edirik. Leyla Bədirbəyli Bakıda dünyaya göz açıb. Anası Bikə xanım Şəmkirli Musa xanın qızı, atası Ağalar bəy isə həmin bölgənin bəylərindən olub. Sonradan onlar Bakıya köçmüşlər.

Uşaqlıqda çox ərköyün idi, Leyla xanım. 12 yaşına qədər hər hansı bir qonaqlığa gedərkən atasının qucağında qayıdardı. “Yorulmuşam, gedə bilmirəm” deyən Leylanı atası məcbur olub qucağına alardı. O zaman Bikə xanım Əli Bayramov klubuna-qadınların dərnəyinə gedirdi. Qızını da özü ilə aparırdı. Leylanın incəsənətə marağı da o vaxtdan yaranmağa başlayır.

O, səhnəyə çox gənc ikən çıxıb. Heç 16 yaşı tamam olmamışdı, amma Filarmoniyada solist kimi çalışırdı. Şəxsən Leyla üçün rəqslər qoyulurdu. “Toy” və Əlibaba Məmmədovun “Bir dənəsən, bir dənə” rəqsləri məhz onun üçün nəzərdə tutulmuşdu. Filarmoniyada çalışdığı illərdə “Ayna”, “Bakının işıqları” filmlərində çəkilir. 1941-ci ildə isə onu Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət edirlər. İlk tamaşası Rəsul Rzanın “Vəfa”-sı olur. Bacısı Ofelya xanım xatırlayırdı: “Tamaşalarda həmişə baş rolları oynayırdı. Bacımın incəsənətdə heç bir çətinliyi olmayırdı. Çünki öz işinə çox ciddi yanaşırdı. Çıxış edəcəyi tamaşaya 2 saat əvvəl gəlirdi. Leyla ”Solğun çiçəklər"də Saranı oynayırdı. Səhnələrin birində Sara ölür. O tamaşanı Leyla dəfələrlə oynayıb. Amma bir dəfə də olsun yadıma gəlmir ki, tamaşa qurtarıb pərdə açılanda o, səhnəyə çıxsın. Deyirdi axı, Sara ölüb, mən necə çıxıb tamaşaçıların qarşısında baş əyim. Sənətinə belə məsuliyyətlə yanaşırdı".

Leyla xanımın Üzeyir bəylə tanışlığı da Filarmoniyadan başlayıb. 1938-ci ildə Moskvada Azərbaycan mədəniyyət günləri keçirilən zaman nümayəndə heyətinə Üzeyir bəy rəhbərlik edirdi və o şəxsən özü Leylanı nümayəndə heyətinin tərkibinə daxil etmişdi. Onların Moskvadakı çıxışı çox böyük uğurla qarşılanmışdı.

1945-cü ildə “Arşın mal alan” filmi çəkilməyə başlayan zaman Gülçöhrə rolunu ifa etmək istəyən 100-dən artıq namizəd var idi. Onların hər biri sınaq çəkilişlərində olmuşdu, ancaq Leyla Bədirbəyli heç bir sınaq çəkilişlərində iştirak etməyib. O, Üzeyir bəyin dəvəti və təşəbbüsü ilə filmə çəkilib. Filmin çəkilişləri yay aylarında Şüvəlanda gedirdi. Sınaq zamanı rol alınmırmış. Bunu görən Üzeyir bəy Leylanı yanına çağırıb deyir: “Qızım, mən səni bu filmə çəkə bilməyəcəm. Çünki bu rol səndə alınmır”. Leyla qayıdır evə. Gecə nə düşünürsə, səhər yenidən gəlir Üzeyir bəyin yanına və onun roluna sonuncu dəfə baxmağı xahiş edir. Bu dəfə Gülçöhrə obrazı uğurlu yaradılır. Üzeyir bəy isə “mən belə dedim ki, gedib öz üzərində çalışasan” deyir. Və beləcə Leyla Bədirbəyli dünya ekranlarına çıxan “Arşın mal alan” filminə çəkilir. O zaman Rəşid Behbudovla Leyla Bədirbəyli arasında məhəbbət macərasının yaşandığı haqqında söhbətlər gedirdi. Lakin bunların hamısı şaiyə idi: “Onda Rəşid Behbudovun Bakıda evi yox idi. Köhnə ”İnturist"də qalırdı. Özü də gec evlənmişdi. Anam çox xeyirxah qadın idi. Deyirdi ki, evi yoxdu, yeməyini heç kim bişirmir. Rəşid bizimlə ailəvi yaxınlaşmışdı. Yeznəmizlə də yaxın dost idilər. Bir dəfə hamılıqla oturub evdə yemək yeyirdik. Kimsə zəng etdi. Yeznəm dəstəyi götürdü və onu nalayiq sözlərlə söyməyə başladılar ki, sən evdə oturmusan, ancaq sənin arvadın Rəşidlə gəzməyə gedib. Halbuki anam, Rəşid, Leyla-hamımız süfrə arxasında oturmuşduq. Yeznəm də dedi ki, yaxşı eləyirlər, qoy gəzsinlər, kef çəksinlər. Onlar haqqında belə sözlər çox danışırdılar. Bu, Rəşidə çox təəccüblü görünürdü. Bizimkilər onu sakit edirdilər ki, fikir vermə, burada çox şey danışa bilərlər". Leyla Bədirbəyli 1937-ci ildə 16 yaşı olarkən ailə həyatı qurub. Lakin bu ailənin ömrü çox qısa 1-2 il olub. 1942-ci ildə isə Kamil Aslanovla ailə həyatı qurub. 1947-ci ildə ilk qız övladı Lalə dünyaya gəlir. 1964-cü ildə isə ikinci qızları olur.

Uzun müddət kinostudiyada çalışdı. Burada “Dəli Kür”, “Sevil”, “Görüş”, “Onun böyük ürəyi”, “Kişi sözü”, “Dərviş Parisi partladır” filmlərində çəkildi.

“Azərbaycanfilm” studiyasında “Aktyor teatrı” yaratdı. Öz təcrübəsini gənclərə öyrətdi.

Allah ona hər şeyi nəsib etmişdi. Gözəllik, ailə səadəti, sənət uğuru. Onun xoşbəxt ailə həyatı var idi. Onu sevən və sevilən həyat yoldaşı, 2 övladı və nəvələri. O, dünyada ən gözəl hiss olan analıq hissini yaşamışdı. Ürəyində heç bir arzusu qalmamışdı. Qadınlar arasında birinci “İstiqlal” ordenini Leyla Bədirbəyli, ikincisini isə Əminə Dilbazi alıb. Lakin hər şey öz axarı ilə davam etdiyi zaman ailədə faciə baş verir. 1995-ci ildə həyat yoldaşı Kamil xarici ölkədə yol qəzasına düşdü. Yağışlı havada maşın sürüşür, çevrilir və... Ərini ürəkdən sevən həyat yoldaşı üçün bu itkiyə dözmək çox çətin olur. Ancaq bu, bəs etmirmiş kimi, dərd üzərinə daha bir dərd gəlir... Heç bir il keçməmiş buna bənzər daha bir faciə baş verir. Leyla Bədirbəylinin böyük qızı Lalə xanımı Kukla Teatrının qabağında maşın vurdu. Övlad itkisi də ananın ürəyinə dağ çəkdi. İki böyük itki Leyla xanımın ömrünü şam kimi əritməyə başladı. Həyatdan küsdü. Ər, övlad itkisindən sonra özünə qapandı. 3-4 il isə ümumiyyətlə, evdən çölə çıxmadı.

1999-cu il noyabrın 23-də hamının gözəlliyinə heyran olduğu qadın, böyük sənətkar Leyla Bədirbəyli gözlərini əbədi olaraq yumdu. Azərbaycan Respublikasının xalq artisti, SSRİ və Azərbaycan SSR Dövlət mükafatları laureatı Leyla xanımın yaradıcılığı isə ölməzdir, əbədidir.

 

Xalq qəzeti.- 2009.- 13 yanvar.- S. 7.