Abbaslı T.
Alın yazısı...
Bu isə o böyük Tanrı yazısı haqda
kiçik anım yazısıdı...
O alın yazısının "Ön
söz"ü "İyul-1944", "Son söz"ü
"Yanvar-2009". Sonra gəlir 65 illik Sabir Novruzov
ömrünün səhifələri. Çoxu çoxlarınınkına,
bir parası seçilmişlərinkinə, bir azı da
yalnız onun özünəməxsus səhifələr. Sənət
sətirlərindan əvvəl, təbii, peşə
sətirləri gəlir: 1967-ci ildə Politexnik İnstitutuna
(Azərbaycan Memarlıq və İnşaat
Mühəndisləri Universiteti) daxil olub, 1973-də bitirib.
Düz 40 il bu ali məktəbdə müəllim
işləyib. Sənət səhifələri isə
çox azlarınınkına bənzər. Bunlar onun
ömürlüyünə özgə bir rənglə - qəzet-kitabçılıqda
işlənən kursiv xətlərlə yazılıb. Bu
səhifələri vərəqləsən,
üz-gözünü şirin zəngulə
ləpələri sığallar, zövqi-tövrünün
çiçəyi çırtlayar, ürəyinin san simi
şüştər-şüştər titrəyər, heyratı-heyratı
çağlayar, segah-segah ağlayar...
"Zər qədrini zərgər
bilər" məsəlinə "sənətkar qədrini
sənətkar bilər" qənaətimizi timsal edib,
öncə xalq artisti Canəli Əkbərova, sonra əməkdar
artist (mərhumun bacısı qızı) Simarə
İmanovaya telefon açdıq.
Canəli Əkbərov:
- Sabir Novruzov bu xalqa çox yaxın, çox bəlli bir xanəndədir. Mən onu tələbəlik illərindən tanıyıram. Məşhur xanəndələrin, xüsusən Yaqub Məmmədovun heç bir konsertini buraxmazdı. Onu çox vaxt ustad Yaqubun yan-yörəsində görərdik. Sonralar qardaşları Qaçay və Sadayla tanış oldum. Hamısı bir-birinə, el-obaya layiqli qardaşlar idi. O, ağırbatman muğam sənəti yükünün layiqli daşıyıcısı oldu. Onunla el şənliklərində, dövlət tədbirlərində çox olmuşuq. Mənim hörmətimi həmişə saxlayardı.
Onun səsi də çox gözəl idi, özü də, dostluq-yoldaşlığı da, ailə başçılığı da...
Sənətindən danışmaqla qurtaran deyil.
Səsindən Yaqub Məmmədovun avazı
duyulurdu,
şirin zəngulələrindən doymaq olmurdu.
Sabir Novruzovun ifaları çox
orijinal idi. Xüsusilə segahları! Onun
səsi elə bil "Segah" üçün yaranmışdı. Mirzə Hüseyn
segahını o qədər yanğılı oxuyurdu ki, hər dəfə
xatırlayanda kövrəlirsən. Məxmər kimi, billur kimiydi rəhmətliyin səs-sədası, Hər qulaq asanda riqqətə gəlirəm, ruhum təzələnir...
Onun səsinin nüvəsində milli koloritimiz,
milli gözəlliyimiz var. Səsinin
diapozonunda muğama xas olan bütün
çalarlar, xəlqi
bir məlahət var idi. Siz bir
onun "Mirzə Hüseyn"ini,
"Şahnaz"ını, "Zabul-Segah"ını xatırlayın! Sabir Novruzov öz sənətinin fanatı idi.
O, muğama canı-qanı ilə bağlı sənətkar idi. Təəssüf ki, həyatdan erkən köçdü. Amma neyləmək olar?
Allahın hökmü, bəndənin
alın yazısı ilə
barışmaq lazımdır. O cismən
aramızda yoxdursa da, mənən
qəlbimizdə həmişə
yaşayacaq.
Onun yaxınlarına başsağlığı
vermişəm, qəzetiniz
vasitəsilə
pərəstişkarlarına da başsağlığı
verirəm. Onun ruhuna hörmət və ehtiramımı bildirirəm.
Sabir dövlətimizin verdiyi
"Əməkdar artist"
kimi şərəfli
bir ad daşıdı, şərəfli
bir ömür
yaşadı...
Allah bu qardaşımıza, həmkarımıza,
xalqın sevimli sənətkarına qəni-qəni rəhmət
eləsin, ailəsinə,
övladlarına səbr, can
sağlığı versin.
Simarə İmanova:
- Sözsüz, hər
sənətkar öz sahəsinin sənətkarı olmalıdır.
Amma əsl insan, ləyaqətli vətəndaş olmaq,
doğrudan da çətindir.
Sabir Novruzov çox gözəl insan idi, çox gözəl keyfiyyətləri
vardı, çox gözəl
ailə başçısı idi. Onun 2 oğlu,1 qızı var. Xanım-xatın həyat yoldaşı var. Sənətinə
gəldikdə isə...
Onun səsindən-nəfəsindən
müdrik muğam sənətimizin, ifa mədəniyyətimizin gözəllikləri
duyulur. Çox
sağ olsun hökumətimiz.
Çox sağ olsun hörmətli prezidentimiz
İlham Əliyev, çox
sağ olsun YUNESKO-nun
xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva.
Onların sənətə, sənətkara qayğısı
nəticəsində Sabir Novruzov
da layiqincə qiymətləndirildi.
ona əməkdar
artist adı verildi. Bütün sənətçilər
kimi, mən də sevindim ki, Sabir Novruzov belə qiymətləndirildi.
İnsan dövlət tərəfindən
dəyərləndiriləndə, doğrudan-doğruya qürur hissi keçirir.
Sabir Novruzovla biz çox səfərlərdə
ayrı-ayrı bölgələrimizdə,
el şənliklərində olmuşuq. Onun duzlu-məzəli söhbətlərinin,
gözəl, məlahətli
ifalarının yaxın dinləyicisi olmuşam. Onun mətn, qəzəl seçiminə heyran
qalırdim. O oxuyanda, istər-istəməz,
insanın ruhu tərpənir,
duyğuları gözəlləşir.
İndi çox gözəl
səslər var, amma onun səsində tamam başqa bir yanğı vardı...
Onun ölümündən
çox sarsıldım. Sabir Novruzov mənim üçün təkcə
bir həmkar, muğam ifaçısı deyildl.
O həm də mənim dayım idi. O, mənə həm sənətkar, həm də bir dayı kimi yol göstərib,
öyüd-nəsihət almışam ondan. O heç vaxt heç kimin qəlbinə dəyməzdi.
Sabir Novruzov fitrətən
mömin insan idi və elə
bilirəm, onun
imamlarımızın şəhid olan günü
dünyasını dəyişməsi də mənimçün
bir Tanrı təsəllisidir.
Tanrı bu gözəl
sənətkarımıza rəhmət eləsin, qəbri nurla dolsun, həyat
yoldaşına, övladlarına və onu qəlbən sevən tamaşaçılara, dinləyicilərə, oxuculara
səbir versin...
Mədəniyyət.- 2009.- 15
yanvar.- S. 9.