Məmmədova  R.

 

Milli mədəniyyətimizi necə qorumalı?

 

"Milli Mədəniyyətin Müdafiəsi" İctimai Birliyi bu istiqamətdə işə başlayır

 

"Bizim əsas məqsədimiz milli mədəniyyətimizi qorumaq, təbliğ etmək onu bütün dünyaya çatdırmaqdır. Nahaq deməyiblərki,bir xalqı yox etmək üçün ilk növbədə onun mədəniyyətini məhv etmək lazımdır". Bu sözləri "Milli Mədəniyyətin Müdafiəsi" İctimai Birliyinin sədri, filologiya elmləri namizədi, dosent Yalə Cəfərova dünən keçirilən mətbuat konfransında söylədi. Birliyin sədri bəyan etdi ki, milli mədəniyyətimizin müxtəlif sahələrinin, o cümlədən musiqimizin təbliği yönündə işlər görmək üçün əlindən gələni əsirgəməyəcək: "Bu gün , dünən , sabah da qürur mənbəyimiz olan mədəniyyətimizi yaşatmalıyıq. Bunun üçün böyük maliyyə dəstəyinə ehtiyacımız var".

Birliyin sədri bildirdi ki, layihənin birinci mərhələsində məktəblərdə, muzeylərdə seminarlar keçiriləcək. Onun sözlərinə görə, həll edilməsi vacib olan ilk , uşaq mədəniyyətimizi inkişaf etdirməkdir: "Mən bu yaxınlarda bir neçə məktəbəqədər təhsil müəssisəsində oldum. Orada keçirilən musiqi saatlarında bir dənə olsun, uşaq mahnısı eşitmədim. Gəlin razılaşaq ki, bu gün uşaq mədəniyyətimiz xaos vəziyyətindədir". Y.Cəfərova buna görə böyük narahatlıq keçirdiyini vurğuladı.

Birliyin sədri onu da əlavə etdi ki, bugünkü gənclərimizin çoxu nəinki tariximizi, heç siyasi repressiya qurbanlarını belə tanımırlar: "Tarixini bilməyən bir gənc hansı vətənpərvərlikdən danışa bilər? Mən həmişə tələbələrimə məşhur alim Servantesin bir məsəlini xatırladıram: "Sərvət ona malik olmaq deyil, ondan məqsədəuyğun şəkildə istifadə etməkdir". Bu gün biz xalqımızın ən böyük sərvəti sayılan milli mədəniyyətimizi qorumalı, onu yaşatmalıyıq".

Gənclərin bu yönümdə zəif maarifləndirilməsindən şikayət edən Y.Əsgərova dulusçuluq, xalçaçılıq, rəssamlıq digər incəsənət sahələrinin təbliğinin yetərli olmadığını dedi: "Bizim elə istedalı gənc rəssamlarımız, evlərində qalaq-qalaq əsərləri yatan elə yazıçılarmız var ki, maliyyə dəstəyinə ehtiyac duyurlar. Hər gün efirdə bayağı mahnılar oxumaqla xalqın zövqünü korlayan müğənnilərə sponsorluq edən oğullardan xahiş edirəm ki, bir az da xalqın xeyrinə çalışsınlar".

Tədbirdə iştirak edən Xalq artisti Flora Kərimova bildirdi ki, Y.Cəfərova çox ciddi bir problemə toxunub: "Bu gün musiqimiz öz mahiyyətini itirir. Son vaxtlar bir çox xalq mahnılarımız gənc ifaçılar tərəfindən yeni aranyimanda ifa olunur. Bu isə çox vaxt musiqinin gözəlliyinə xələl gətirir". Müğənni onu da əlavə etdi ki, musiqilərimizin Avropaya inteqrasiyasının əleyhinə deyil.

Bundan başqa, Xalq artisti torpaqlarımız kimi milli-mədəniyyət nümunələrimizin bədxah qonşularımız tərəfindən zəbt olunması mövzusuna toxundu: "Cəmiyyətimiz bu problemə çox soyuqqanlılıqla yanaşır. Halbuki, ermənilər hər dəfə bir musiqimizi oğurlamaqla musiqi mədəniyyətimizi müflisləşdirirlər. Tələsmək, bu cur halların qarşısını tezliklə almaq lazımdır".

 

Kaspi.- 2009.- 24-26 yanvar.- S. 15.