Ağaoğlu T.
Muğam ustadı
Ötən
əsrin ilk ilinin bahar çağı
idi. Təbiət sanki dil açıb
danışmaq istəyirdi.
Günəş qürub
edən vaxt şimşək çaxdı,
göy guruldadı, yağış başladı.
Xəbər yayıldı
ki, Aslan kişinin ailəsində dünyaya oğlan uşağı gəlib. Yaşlılar körpənin
gələcək qismətini,
bəxtini yozmağa başladılar. Biri dedi: ildırım çaxanda dünyaya göz açan uşağın qismət
payını Yaradanımız
verər. Nurani-pirani bir ağsaqqal da fikrini belə
bildirdi: su aydınlıqdır, gurultu
səsdir, şimşək
işıqdır...
Tarix boyu Şuşa yurdumuzun dilbər guşəsi kimi tanınıb. Amma erməni ləpiri
onun ərazisinə, torpağına düşəndən
təbiətin də üzü açılmayıb.
1905-1907-ci illərdə bu
füsunkar diyar xalqımızdan mərhəmət
görmüş ermənilər
tərəfindən yaralandı.
Onda İsfəndiyar kimi tanınan uşağın 6 yaşı
vardı, hələ bilmirdi ki, ermənilərin yaratdığı,
törətdiyi qarşıdurma
nə deməkdir.
Günlər,
aylar ötüb keçirdi. O da yaşa dolur, həddi-büluğa çatırdı. Tədricən
avazı şirinləşir,
özü sevilir, bəxti üzünə gülürdü. Doğmaları,
tanışları isə
onun istedadından, səsinin könüllər
oxşamasından həvəslə
danışardılar. Uşaqdan-böyüyə
hamı adını hörmətlə çəkər,
ona ehtiramlarını
bildirərdilər. Çünki
səsi cəlbedici idi, bu səbəbdən
də onun ifaçılıq bacarığı
tezliklə Qarabağ bölgəmizə yayıldı.
Günlərin birində
bundan milli musiqi sənətimizin korifeylərindən biri İslam Abdullayev xəbər tutdu. Onların ilk görüşü
1918-ci ildə Ağdam
rayonunun Novruzlu kəndində, toy məclisində oldu. İsfəndiyar "Məndən
gen gəzmə" mahnısını oxuyurdu.
Səsi çoxları
kimi ustad xanəndəni də məftun etmişdi. O, həmin gəncin alnından öpdü, onu sinəsinə sıxdı. Əlini saçlarına çəkib
dedi:
- Oğul,
barəndə eşitmişdim.
Şükürlər olsun,
özünü də
gördüm. Sən xalqımızın iftixarı,
sevilən ifaçısı
olacaqsan. Səsin bulaq suyu kimi
duru, Şuşanın
havası təki təmizdir, Tanrı vergisidir. Avazın səslərin zirvəsi, xanıdır.
Həmin
görüşdən sonra
İsfəndiyar Cavanşirov
Xan Şuşinski kimi tanındı. O, həmişə qürurlu,
təmkinli, vüqarlı
görünərdi. Hansı
toya gedirdisə, həmin ailə xoşbəxt olardı. Ayağı yüngül,
ruzuluydu.
Ömrü boyu
tək bircə "Qarabağ şikəstəsi"ni oxusaydı, yenə adı milli musiqi tariximizə
qızıl hərflərlə
yazılardı. Bu şikəstə ilə
M.Bağırov, İ.Stalin
kimi "dəmir qəlbli" adamların da ürəklərini yumşaltmışdı. Bağırov
1938-ci ildə onun Bakıya gəlməsinə
qayğı göstərmiş, Stalin isə Xan əmi
ilə Moskvada görüşmüş, ünvanına
təriflər demişdi.
Bakıya
gəldikdən sonra onu Azərbaycan Dövlət Opera və Balet Teatrına
dəvət etdilər,
getmədi. Bu imtinadan Üzeyir bəy Hacıbəyov əsla incimədi. "Sənət könüllü
olmağı sevir",
- dedi. Xeyli müddət filarmoniyada çalışdı. "Şuşanın
dağları" mahnısının
sözlərini yazdı,
musiqisini bəstələdi.
Di gəl ki, "Şuşanın dağları başı dumanlı" misrasına
görə onu xeyli incitdilər, sənətdən küsdürməyə
çalışdılar. Məcbur
etdilər ki, "Şuşanın dağları
deyil dumanlı" oxusun. Hətta Azərbaycanın ən gərgin, ziyalılarımızın
repressiyanın qurbanları
olduğu dövrdə
o bəyan etdi: "Ölərəm,
o cür oxumaram". Sonralar yenə Şuşanın dağlarını duman aldı. Ruhun şad olsun, Xan əmi, bir
misra ilə dünyanın hər yerindən görünən
bugünkü reallığı
canlandıran monumental
tablo, fundamental abidə yaratmısan.
Xan əminin 75 illik yubileyinin təntənəli,
yüksək səviyyədə
qeyd olunması üçün söz, sənət, sənətkar
qədri bilən böyük şəxsiyyət
- Azərbaycan KP MK-nın
birinci katibi Heydər Əliyev tapşırıq vermişdi.
Biz də ustadın həyatına, ifalarına aid "Havalansın Xanın səsi!.." bədii-publisistik veriliş hazırlamağı planlaşdırmışdıq.
Onunla Şuşada,
"Natəvan bağı"nda görüşdük.
Gəlişimizin məqsədini
dedik. O:
- Niyə
əziyyət çəkib,
bu qədər yol gəlmisiniz?.. Oğul, mənim səsim Şuşanın
rəmzi, simvoludur. Ona layiq olmağım
üçün çox
əzablara qatlaşmışam.
Elə ki, doğma diyarın havasını udmuşam, ağrı-acılarım,
gileylərim canımdan
çıxıb. Ahıl
vaxtımda uşaqlığım
keçdiyi yerlər məni yenə bura gətirdi. Torpağın da canı, səsi var. Gərək onun qədrini, dilini biləsən.
Yaradanımız
Xan əmiyə boy-buxun, yaraşıq vermişdi. Dupduru, apaydın baxışları
vardı. Çöhrəsindən
nur yağardı, mənalı danışardı:
"Nə yaxşı,
Təbrizi, Ərdəbili
gördüm. Heç
demə, səsim tikanlı məftillərin
üstündən aşıb
soydaşlarımıza da
çatırmış. Orada
dili, dini bir bacı-qardaşların
alqışları məni
yamanca kövrəltdi.
Qardaş da qardaşdan ayrı yaşayar? Məgər ürək daşdandır?!"
X.Şuşinski
uzun müddət Dövlət Filarmoniyasının
solisti olmuşdu. Oxuduğu mahnı - muğamlarda klassik gəzişmələrdən, zəngulələrdən
məharətlə istifadə
etmişdi. Həmin illərdə "Şuşanın dağları",
"Məndən gen gəzmə", "Ay gözəl" mahnılarını,
"Mirzə Hüseyn
segahı", "Şahnaz",
"Rast", "Bayatı-Şiraz", "Qatar",
"Çahargah", "Mahur", "Heyratı",
"Şur" muğamlarını
lent yaddaşına yazdırıb, gələcək
nəslə yadigar qoymuşdu. O, həm
də xeyirxah, mərhəmətli insan kimi tanınmışdı.
Bəyəndiyi, səs
diapazonuna inandığı
gənc həmkarlarına
qayğı göstərərdi.
Azərbaycanı oba-oba
gəzərdi. Dəfələrlə
Moskvanın böyük
səhnəsində çıxış
etmişdi. Orden-medal, mükafatlar almış,
1940-cı ildə isə xalq artisti
fəxri adına layiq görülmüşdü.
Ustad sənətkarı
yaxından tanıyanların
fikirləri:
Əlibaba
Məmmədov, xalq artisti: - Dahi sənətkar Xan Şuşinskini Bakının
kəndlərində çox
sevər, toy məclislərinə dəvət
edərdilər. Böyük
ürəyi, geniş
qəlbi vardı. Yaxşılığını kimsədən əsirgəməzdi.
Hələ sağlığında
rəhmətlik qazanmışdı.
Həmişə onu özümə müəllim,
ustad bilirəm.
Arif Babayev, xalq artisti:
- Xan əmi çoxdan dünyasını
dəyişib. Amma bir saat da
olsun yaddan çıxmır. O, əsl bəy oğlu idi - vüqarlı, qürurlu, ləyaqətli.
Ürcahına çıxan çətinliklərə
mərdliklə dözmüşdü.
38 yaşında Bakıda yaşadı.
Amma yarı canı Qarabağda, Şuşada qalmışdı. 34 il övladsızlığa
tab gətirdi. Ancaq Tanrı
arzusunu ürəyində
qoymadı, Yaradanımız
ona iki övlad
qismət etdi. Daha nə deyim,
nə qədər ki, xalq mahnılarımız,
muğamlarımız səslənəcək,
Xan əmi də yaşayacaq.E
Azərbaycan.- 2009.- 9 yanvar.-
S. 7.