Aydınoğlu T.

 

Üzeyir Hacıbəyov milli mədəniyyətimizin fəxridir

 

Milli musiqimizin banisi, dahi Üzeyir Hacıbəyovla və onun ölməz irsi ilə bağlı suallarımızı üzeyirbəyşünas Səadət Qarabağlı cavablandırdı

 

- Yeni dövr-müstəqillik epoxası üzeyir bəy şəxsiyyətinə və onun zəngin yaradıcılığına yeni yanaşma tələb edir. Sizcə, bu yanaşma hansı məsələləri önə çəkməyi, xüsusi diqqət yetirməyi vacib edir?

- Dahilər dahisi olan üzeyir bəy Hacıbəyov hər dövr üçün ölməz, nadir sənətkardır. İstər çarizm dövründə, istər sovet dönəmində, istərsə də müstəqillik zamanında üzeyir bəyə və onun sənətinə yeni yanaşma tələb olunmuşdur. çünki ü.Hacıbəyov bir fenomendir. Bu insan nə qədər sahəni özündə ehtiva etmişdir. üzeyir bəy - bəstəkar, üzeyir bəy - musiqişünas, üzeyir bəy - dirijor, üzeyir bəy - publisist, üzeyir bəy - dramaturq, üzeyir bəy - yazıçı, üzeyir bəy - pedaqoq, üzeyir bəy - tərcüməçi, üzeyir bəy - akademik, üzeyir bəy - ictimai xadim... özü də çoxsaylı fəaliyyətində üzeyir bəy Hacıbəyov adi, sıradan biri deyil, hərtərəflidir, dahidir. Bu insan məşğul olduğu bütün sahələrə möhürünü vurmuşdur. Ona görə də üzeyir bəyə yanaşmada çox həssas olmaq gərəkdir.

Lakin etiraf edək ki, bizim üçün yaratdıqlarının müqabilində ona kifayət qədər diqqət yetirməmişik. İndiyə qədər üzeyir bəy Hacıbəyovun yaradıcılıq irsinin külliyyatını nəşr etməmişik, onları bir yerə toplamamışıq. Onun bu gün də çox aktual olan publisistik yazılarını, musiqi əsərlərini, bədii yaradıcılığını xalqa tam çatdırmamışıq. üzeyir bəyin yarımçıq qalmış musiqi əsərləri, eskizləri var ki, hələ onlardan xalqımızın xəbəri yoxdur. Bunları mütləq nəşr etdirmək lazımdır. Yoxsa, sonra gec olacaq...

Müstəqil dövlətimiz var, bu işləri özümüz görməliyik. üzeyir bəyə yeni yanaşma buradan başlamalıdır. ü.Hacıbəyov ev-muzeyinə son dövrlərdə verilmiş arxiv üzərində ciddi tədqiqat aparılmalıdır. Bu iş üzeyir bəy Hacıbəyovun irsini dərindən bilənlərə tapşırılmalıdır. Əfsus ki, bu məsələdə gecikirik...

- üzeyir bəylə bağlı bəzən həqiqətə uyğun olmayan faktlar, mülahizələr səslənir. Bunların üzeyirbəyşünaslığa təsirini necə qiymətləndirirsiniz?

- Bunların üzeyirbəyşünsalığa təsirini çox mənfi qiymətləndirirəm. Elə şəxsiyyətlər var ki, onlar haqqında danışmaq həm şərəflidir, həm də məsuliyyətli. üzeyir bəy Hacıbəyov məhz belə dahilərdəndir. Onun haqqında söz demək üçün yüz ölçüb, bir biçmək lazımdır. ü.Hacıbəyov haqqında danışarkən faktları dəqiqliklə söyləməli, məsuliyyət hiss etməlisən... O, böyük bir xalqın dahi sənətkarı, bütün dövrlərdə sevilən bir dühadır.

Bu yaxınlarda telekanallardan birində eşitdim ki, ü.Hacıbəyovun 1915-1942-ci illərdə yaşadığı bina (bəstəkarın indiki ev-muzeyi), guya, 1918-ci ilin mart hadisələrində yandırılıb və üzeyir bəyin bəzi əsərləri orada məhv olub. Bununla bağlı mənə çoxlu telefon zəngləri oldu. Faktın nə qədər həqiqətə uyğun olub-olmadığını soruşurdular. Ermənilər o vaxt Bakıda çox evləri yandırıblar. Xoşbəxtlikdən, üzeyir bəy Hacıbəyovun vaxtilə yaşadığı, indiki ev-muzeyinin yeriləşdiyi bina heç vaxt yanmayıb. 1918-ci ilin mart soyqırımı zamanı üzeyir bəyi fıziki cəhətdən məhv etmək üçün bu binanı ermənilər gülləbaran etmişlər. ü.Hacıbəyovun baldızı oğlu, uzun illər onun şəxsi katibi olmuş, bəstəkarın ev-muzeyinin yaradıcısı Ramazan Xəlilov danışırdı ki, muzeyin açılışına hazırlıq görülən vaxt bina əsaslı təmir olunub. O zaman bu evin divarlarının güllələrdən dəlik-deşik olduğuna bir daha diqqət yetiriblər. üzeyir bəy də, Məleykə xanım da binanın erməni daşnakları tərəfindən güllə yağışına tutulduğunu söyləyirmişlər.

üzeyir bəyin əsərlərinin yanğında, məhv olmasına gəldikdə isə, onu bildirmək istərdim ki, üzeyir bəy Hacıbəyovuneyx Sənan" (1909) operasından başqa hec bir əsəri məhv olmamışdır. Bu operanın partiturasını bəstəkar özü cırmış və yandırmışdır. Həmin əsərdəki musiqilərdən isə məşhur "Koroğlu" operasında istifadə etmişdir. Televiziyadakı o çıxışa gəldikdə, qeyd edim ki:, ü.Hacıbəyovun "Milli marş"ı haqqında yanlış məlumat verildi, türk marşlarını oxuyan həkim Bəxtiyar İsmayıllının da adı səhv söyləndi. Zənnimizcə, efirdən səslənən hər bir fikir dürüst və dəqiq olmalıdır.

Başqa birisi televiziyada çıxış edərək deyirdi kı, ü.Hacıbəyov 1918-ci ilin mart hadisələrində İrana qaçmışdır. Yanlış fıkirdir. Baxmayaraq ki, 1918-ci ildə üzeyir bəyin evini ermənilər güllə atəşinə tutmuşdular, onu məhv etməyə çalışırdılar, lakin millətini canından çox sevən böyük insanın heç yerə getmək fikri olmamışdı. Yalnız Nəriman Nərimanovun təkidindən sonra (hətta biletləri də alınmışdı) üzeyir bəy "Hacıbəyov qardaşları"' teatr truppası ilə birlikdə 1918-ci ilin may ayından sentyabra qədər İranda qastrol səfərində olmuşdu. Oradan Bakıya döndükdən sonra ü.Hacıbəyov "Azərbaycan" qəzetində 1918-ci ilin mart soyqırımı ilə bağlı bir çox məqalələr dərc etdirmişdi.

Türk ordusunun Azərbaycana gəlməsini, Bakını erməni daşnaklarından azad, xalqımızı xilas etməsini üzeyir bəy böyük qürurla qələmə almışdır. 1919-cu ilin 31 mart tarixli "Azərbaycan" qəzetində çap etdirdiyi "31 Mart" məqaləsində ustad sənətkar belə yazırdı: "Bundan fəna bir hal olmaz ki, sənə qarşı təcavüz edilə və sənin də bu təcavüzü dəf etməyə heç bir vəsilən olmaya! Bakı müsəlmanları mart günlərində bu halda idilər! Və əgər türklər, osmanlı türk qəhrəmanları vaxtlı-vaxtında gəlməsə idilər, azəri türkləri Bakı həzimətindən sonra özlərini yığışdırıb müdafiəyə hazır olmağa fürsət tapınca bir Bakıda, Şamaxıda deyil, bəlkə ümumi Azərbaycanda daş-daş üstə qalmazdı..."

- Sizcə, üzeyir bəyi özümüzə və dünyaya tanıtmaq uçün daha nələri etməliyik?

- çox doğru dediniz, özümüzə tanıtmaq... Əfsus ki, üzeyir bəy Hacıbəyovu hələ də özümüzə dərindən tanıda bilməmişik. üzeyir bəy bir zirvədir ki, onu fəth etmək çox da asan məsələ deyildir. Bunun üçün illər lazımdır. üzeyir bəy hər zaman yenidir. O, zirvəsi görünməyən dağı, dərinliyi bilinməyən dəryanı xatırladır. Ona görə də ü.Hacıbəyovu özümüzə və dünyaya yetərincə tanıtmaq üçün çox işlər görülməlidir.

Birinci növbədə, yuxarıda da qeyd etdiyim kimi, üzeyir bəy Hacıbəyov irsinin külliyyatı çap edilməli, həm də yüksək səyiyyədə hazırlanmalıdır. Mütəmadi olaraq üzeyir Hacıbəyov adına müsabiqələr beynəlxalq festivallar keçirilməlidir. Əsərləri xarici dillərə tərcümə edilməlidir. Bütün musiqi əsərləri dünya miqyasında sənətsevərlərə çatdırılmalıdır. Bu gün həm ölkəmizdə, həm də dünyada üzeyir bəyin həmişəyaşar musiqisinə ehtiyac vardır. Təsadüfı deyil ki, 2006-cı ilin yayında Kanadadakı Niaqara şəlaləsinin sahilində Motsartın yubileyinə həsr edllmiş festival ü.Hacıbəyovun xalq çalğı alətləri (notlu) orkestri üçün 1931-ci ildə yazdıği "Birinci fantaziya"sı ilə açılmışdır.

Sonda bildirim ki, üzeyir Hacıbəyovun dahiliyi, onun əsərlərinin şahanəliyi zamanın sınağından çıxmış, dünya miqyasında təsdiqlənmişdir. Biz belə bir soydaşımızın qədrini bilməli, onu dərindən tanımağı və tanıtmağı bacarmalıyıq. üzeyr bəy xalqımızı dünyada nişan verən sənət mayağıdır.

 

Təzadlar.- 2009.- 8 yanvar.- S. 4.