Azər Zeynalovun “Sarı bülbül”ləri birinci oldu

 

Xeyriyyəçi-şair Gülağa Tənhanın şeirlərindən ibarət mahnı müsabiqəsi yekunlaşdı

 

Ötən gün xeyriyyəçi-şair Gülağa Tənhanın şeirlərindən ibarət mahnı müsabiqəsinin ilkin turunun nəticələri ilə bağlı mərasim keçirildi. İlk əvvəl mərasimin rəsmi hissəsi çox maraqlı məqamları ilə diqqət çəkdi. Mərasimi tanınmış aparıcılar İlkin Həsənli və Günel Musəvi idarə edirdilər. Eyni zamanda tədbir boyu Akademik Milli Dram Teatrının aktyorları Elnar Qarayev, Sərdar Rüstəmov və Şəlalə Gülağa Tənhanın şeirlərini səsləndirdilər. Daha çox isə Elnar Qarayevin ifası mərasim iştirakçılarının ürəyindən oldu. Çünki gənc aktyor şeirləri o qədər ürəklə, professional şəkildə ifa edirdi ki, bununla Gülağa Tənha yaradıcılığı iiə yanaşı, Gülağa Tənha dünyası barədə daha çox məlumatlı olmaq imkanı yarandı. Mərasimin ən həyəcanlı məqamı isə müsabiqədə yer tutan qaliblərin adlarının açıqlanması zamanı baş verdi. Yeri gəlmişkən onu da xatırladaq ki, Gülağa Tənha həqiqətən Azərbaycan mədəniyyətini, ədəbiyyatının inkişaf etməsi, zənginləşməsi istiqamətində bir çox xeyriyyəçilik addımları atıb. Uzun illər vətəndən uzaqda yaşayan Azərbaycan oğlu qəlbi, ruhu ilə hər zaman Azərbaycanla bağlı olub. Bu kimi müsabiqələri və mərasimləri keçirməkdə məqsəd isə Azərbaycan incəsənətinin inkişaf etməsi, istedadı kölgədə qalanlara yardım etməkdir. Tədbirin ən həyəcanlı məqamı məhz qaliblərin açıqlanması ilə başladı. Müsabiqəyə 22 bəstəkarın 51 mahnısı təqdim olunub. Ümumilikdə müsabiqədə 44 müğənni qaliblik uğrunda mübarizə aparırdılar. Nəhayət, qaliblərin adı açıqlandı. 14 müğənni ilkin turun nəticəsinə görə qalib elan olundular. Birinci yerin sahibi Azər Zeynalov oldu. "San bülbül" mahnısına görə Azər Zeynalova 2 min manat pul mükafatı təqdim edildi. Eyni zamanda qaliblər arasında Lalə Məmmədova, Rəqsanə İsmayılova, Cavid Hüseyn, Miriş Hüseynov, Namiq Qasımov, Ülviyyə Tağıyeva, Fidan Süleymanova, Sədaqət onüçlüyə daxil oldular. Adıçəkilən müğənnilərin arasına da 1500, 1000 avro arasında pul mükafatı təqdim edildi. Elə ən həyəcanlı anlar da bu zaman baş verdi. Pul mükafatlarını təqdim etmək üçün GüIağa Tənhanı səhnəyə dəvət etdilər. Xeyriyyəçi-şair ilk əvvəl maraqlı nitqi ilə diqqət çəkdi. Bildirdi ki, onun məramı yalnız Azərbaycan musiqisinin, incəsənətinin inkişaf etməsi, onun dünya arenasında səslənməsidir. Bu istiqamətdə sənətçilərin maddi problemlərinin həlli üçün dəstək duracağını deyən xeyriyyəçi-şair müsabiqədə yer almayan sənətçilərin ruhdan düşməməsi üçün çox maraqlı bir jest nümayiş etdirdi. Gülağa Tənha bildirdi ki, yer almayan qaliblər belə hərəsi 1000 avro dəyərində pul mükafatı ilə təltif olunurlar. Bunu etməkdə məqsədi gənclərin ruhdan düşməməsi, növbəti tura daha ürəkdən hazırlaşmaları üçün stimul yaratmaqdır. Mərasimin rəsmi hissəsi bitdikdən sonra əyləncəli hissəyə keçid oldu. Mərasimin əyləncəli hissəsində müsabiqəyə qatılan sənətçilərin ifasında musiqilər səsləndi.

 

Şərq.- 2009.- 16 yanvar.- S. 14.