Çəng arfadan daha qədimdir

 

Fəzilə Rəhimova dünyada hələ ki bu musiqi alətində ifa edən yeganə musiqiçidir

 

Azərbaycan mədəniyyəti, musiqisi hər zaman qsdimliyi ilə öyünə bilib. Hətta Azərbaycanda elə musiqi alətləri, musiqi janrları var ki, dünyanın heç bir xalqı deyə bilməz ki, bu milli sərvətlər onlarda da var. Bu da heç kimə sirr deyil ki, Azərbaycanda Qədim Musiqi Alətləri Ansamblı fəaliyyət göstərir. Ansambla daxil olan hər bir musiqi aləti bəlkə də bu gün musiqi tarixində yaranan ən qədim musiqi alətlərinə doxildir.

Biz də "Şərq" olaraq çalışdıq ki, belə musiqiçilərlə tanış olaq. Tanışlığımız Qədim Musiqi Alətləri Ansamblının ifaçılarından olan Fəzilə Rəhimova ilə başladı. Fəzilə xanım Qədim Musiqi Alətləri Ansamblında çəng musiqi alətini ifa edir. Xatırladaq ki, Fəzilə xanım bu gün dünyada hələ ki bu musiqi alətində ifa edən yeganə musiqiçidir. Əslində çəng aləti bir balaca alfanı xatırladır. Çoxları elə hesab edir ki, alfa Avropa musiqi aləti qrupuna daxildir. Əslində çəng alfadan daha qədim musiqi alətidir və ilk dəfə məhz Şərqdə yaradılıb. Bu gün Fəzilə xanım dünyanın bir çox ölkələrinə qastrol səfərlərini çənglə ifa edərkən fransızların, italyanların böyük alqışını qazana bilir. Çoxları maraqlanırlar ki, çəng musiqi alətinin kökü haradan qaynaqlanır? Söhbətimiz zamanı Fəzilə xanım da bildirdi ki, qastrol səfərlərində ona tez-tez bu musiqi aləti barədə suallar ünvanlanır. Fəzilə xanım qastrol səfərlərində milli geyimlərdə çıxış etdiyini də xüsusi şəkildə vurğuladı. Bildirdi ki, onların ansamblının geyindiyi geyimlər 12-13-cü əsrlərə aid geyimlərin eskizi əsasında hazırlanıb. Qədim Musiqi Alətləri Ansamblının bədii rəhbəri Məcnun Kərimov ilk dəfə uzun əsrlərdən sonra çəng alətini yenidən hazırlamağa nail olub. Fəzilə xanımın sözlərinə görə, Məcnun Kərimov bu aləti 12-13-cü əsrlərin miniatür eskizləri əsasında hazırlayıb. Fəzilə xanım da bu aləti görər-görməz ona aşiq olub. Fəzilə Kərimova bildirdi ki, əvvəlcə o, Konservatoriyada simli alətlər şöbəsinin alfa sinfini bitirib. Çəng musiqi aləti ilə tanışlığı isə ikinci kursdan başlayıb. Elə ilk tanışlıqdan da bu aləti əlindən yerə qoymayıb. Yeri gəlmişkən onu da qeyd edək ki, Fəzilə xanım iki övlad anasıdır. Fəzilə xanım ailəsi ilə yanaşı, sənətə hörmətlə yanaşdığını vurğuladı. Bildirdi ki, hətta həyat yoldaşı belə onun musiqiyə bağlılığını hiss etdiyindən bu sahədə ona yardımını əsirgəmir. Fəzilə xanım bizimlə söhbətində "Mən özümü bəxti gətirənlər sırasına aid edirəm. Çünki həyat yoldaşım musiqiçi olmasa da, bir musiqiçi kimi məni başa düşür, yardım etməyə çalışır. Hər zaman dəstək olur. Çəng alətinə bağlılığımı görüb mənə mane olmadı. Onun yardımı olmasaydı, yəqin ki, mənim üçün çətin olardı" söylədi.

Maraqlandıq ki, Fəzilə Rəhimovanın tələbələri necə, varmı? Suallarımıza cavab verən F.Rəhimova "Bu alətin Milli Konservatoriyanın tədrisinə salınması barədə danışıqlar gedir. Ümid edirik ki, yaxın gələcəkdə çəng aləti simli alətlər bölməsinə daxil ediləcək. Çox istərdim ki, bu sahədə tələbələrim yetişsin. Çünki bizim məqsədimiz bu sahədən pul qazanmaq deyil, qədim musiqilərimizin, musiqi alətlərimizin dünyada tanınmasıdır. Bəzən bizə təklif edirlər ki, restoranlarda çıxış edək. Ancaq biz bunu özümüzə yaraşdırmırıq. Çünki çəng aləti hələ 12-ci əsrlərdə saraylarda ifa olunub bu alətə saray aləti kimi baxıblar. Ona görə bu gün bu alətin ifaçılarının çoxalmasını arzulayırıq. Çünki bu gün ölkəyə gələn bir çox dövlət səviyyəsində qonaqlar gəlirlər ki, məhz onları qarşılama mərasinnində bizim ansambl çıxış edir" söylədi.

 

Şərq.- 2009.- 16 yanvar.- S. 14.