Qaliboğlu E.

 

Düzgün ifaçı olmaq çox çətindir

 

Tarzən Vamiq Məmmədəliyev: "Çox hallarda klassik qaydalarda yenilik bayağı alınır"

 

Azərbaycan musiqisinin özünəməxsusluğu, bəşər musiqisi tarixindəki əvəzsiz yeri danılmazdır. Muğamda insanın pillə-pillə həqiqətə doğru yol getməsi, sonda həqiqətinə qovuşması ilahi şəkildə ifadə olunur. Əsasən kədərin ifadəsi olan muğamlarımıza qulaq asdıqca ümidlənirik. Azərbaycan muğamlarının ifasını xanəndənin canlı ifası ilə yanaşı həm tarda kamançada dinləməyi xüsusən yaşlılar, orta yaşlılar çox sevirlər. Azərbaycanda tar sənətinin inkişafında tanınmış tarzən Vamiq Məmmədəliyevin xüsusi xidmətləri var. Onun çalğısındakı sanbal ilk növbədə diqqəti cəlb edir. Həm pedaqoq olan V.Məmmədəliyev tarzənliyi aqibəti hesab edir. Deyir ki, tarzən olmaya bilərdi, əgər gözünü açıb evdə tar görməsəydi: "Atam muğamlara gözəl bələd idi. Uzun müddət Tibb Universitetində latın dilindən dərs deyib, can həkimi idi. Yadımdadır, hər bazar günü radioda muğam konserti veriləndə bizi çağırardı ki, gəlin diqqətlə qulaq asın, bu, filan muğamdır. O zaman mən balaca idim. Kürdəxanıda tar məktəbi açılmışdı. 1958-ci ildə tar məktəbinə getdim. Əvvəl solaxay idim, sonra sağa keçdim. Tar ruhuma necə hakim kəsildisə, ömürlük ona bağlandım. Atamın köhnə plastinkaları vardı, onları oxudub öyrənirdim. Üç dəqiqəlik vallara dəfələrlə qulaq asırdım...

Əsgərlikdən gələndən rəhmətlik Hacıbaba Hüseynov məni Əhməd Bakıxanovun yanına gətirdi. Onun tarda "Xaric Segah"ını öyrənmişdim. Çaldım, çox xoşuna gəldi, nəticədə 1972-ci ildə A.Zeynallı adına Musiqi Texnikumuna qəbul olundum. Buranı da qurtardım, 34 yaşımda qərara gəldim ki, Konservatoriyada da təhsil alım. Mən girən ili kamançaçı Elman Bədəlov 50 yaşda Konservatoriyanı bitirdi. Ona baxanda təsəlli tapırdım ki, hələ cavanam. Mənə "əməkdar tələbə" deyirdilər. 12 il tələbə kimi tar gəzdirmişəm".

Vamiq müəllim tanınmış tarzənlərdən Bəhram Mansurov, Əhsən Dadaşov, Hacı Məmmədov, Sərvər İbrahimov başqa tarzənlərlə olan söhbətləri xatırlayır: "Kəndimizə gələn xanəndələrə diqqətlə qulaq asardım. Kənd camaatı muğamatdan başı çıxanlara belə həmişə hörmət edirdi. Tarixən Bakı kəndlərində muğama ciddi münasibət olub. Bu gün toylarda meyxanadan da istifadə olunur. Meyxana həmişə adətən Bakı toylarında olub. 60-70-ci illərdə meyxanada Hacı Kazım, Nəcəfqulu, Ağahüseyn vardı. Əliağa Vahidi görməmişəm. Bunların camaat arasında hörməti vardı, həm yaşlıydılar, əxlaq prinsiplərinə əməl edirdilər. Düzdür, qulaq dəyişmək üçün onlar bədiyyə deyirdilər. İndiki meyxanaçılar arasında bu sənəti gəlir mənbəyinə çevirənlər təəssüf ki, az deyil. Həm daha çox əzbərçiliyə meydan verildi. Qabaq meyxana deyiləndə çırtma vurulurdu. Sonra meyxanada oxumaya keçdilər. İndikilər oxuyurlar. Meyxana əslində kişinin dediyi hökmlü sözlərdir. Amma meyxanaçılar bizim sənətə həmişə sayğı ilə yanaşırlar. Həmişə xanəndə, tarzən, kamançaçı məclislərin başında oturub. Qabaqlar kəndə məşhur xanəndələr gələndə bayram olurdu".

Azərbaycan ruhunda, musiqisində tarın yeri haqqında qənaətlərini bölüşən Vamiq müəllim yenə tara ciddi münasibətin qalmasıyla yanaşı həm təəssüflənir ki, bu gün bayağı oxumalar artdığından tarın, kamançanın ifa xüsusiyyətləri dəyişib: "Bayağı tarzənlər yaranır. Saz varsa, tarda niyə saz barmağı vurursan? Əhməd Bakıxanov sazda saz yoluyla "Segah" çalıb. Görürsən, indikilər sazı, gitaranı, klarneti tara gətirirlər ki, camaatın xoşuna gəlir. Bununla da tarzən özünü aldadır, camaatı da aldadır. Burada pərdə üzərində elə dartmalar, gəzişmələr var ki, axşama qədər çalsan da yorulmazsan. Amma tarda klassika ilə çalmaq çox çətindir".

Yaradıcılıqda iki əsas cəhət - məsuliyyət zəhmətsevərlik son dərəcə vacibdir. Vamiq müəllim deyir: "Bu ya digər tarzəndən tələb etmək olmaz ki, Qurban Pirimov kimi çal: o, məktəbdir. Eləcə digər məşhur tarzənlərimiz. O məktəbin imkanlarını genişləndirmək lazımdır. Gərək tarzənin özünəməxsusluğu olsun. İndikiləri çalğısından tanımaq olmur, çünki hamısı əsasən eyni cür ifa edir". Əslində V.Məmmədəliyevin bir tarzən olaraq xoşbəxtliyi tarın siqlətindən gələn ciddiliyi yaşatmasındadır. Təzə tarzənlərin əksəriyyətinin elementar oturuş qaydasına səhnədə əməl etməməsi tamaşaçıda ikrah yaradır. Həmçinin ciddi muğam oxuyan zaman üçlüyün biri-birinə baxıb gülüşməsi bağışlanılmaz haldır. Tarzən bu qənaətdədir ki, səhnə mədəniyyəti məsələsi son dərəcə vacibdir: "Həmişə həmkarlarım, eləcə rejissorlar çəkiliş zamanı mənə irad tuturdular ki, gül . Guya güləndə camaat musiqini yaxşı qəbul edəcək. Tarzən xanəndəni müşayiət edir. O, ilk növbədə ciddi olmalıdır. İndikilər yenilik etməyə çalışırlar, amma təəssüf ki, çox hallarda klassik qaydalarda yenilik bayağı alınır. Mən belə şeyləri qəbul edə bilmirəm. Gərək xanəndə, tarzən kamançaçı biri-birlərini çox gözəl anlasınlar. Vahid deyir ki, özünə güvənən xanəndə qavalsız, tarçalan kamançasız olmasın". Solo ifaçılığının çətinliyinə diqqəti çəkən tarzən deyir ki, soloda müşaiyətdə tamam başqa forma alırsan: "Gərək ifaçının hissiyyatı güclü olsun, muğamda təhriflərə yol verməsin. Muğam əvvəldən-axıra qədər insanı düşündürür. Tamaşaçını düşündürən sənətkarın vurduğu xallardır, xanəndədə nəfəslərdir. Düzgün ifaçı olmaq çox çətindir".

İran tarı ilə Azərbaycan tarını muqayisə edən tarzən bunların arasında fərqlər olduğunu deyir: "İran tarına "Şiraz tarı" deyirlər, o, diz üstündə çalınır. Cəmi 6 simi var. Bizdə əvvəl tar diz üstündə çalınıb. Sonradan onu məşhur tarzən Sadıqcan tədricən sinəyə qaldırıb. Tar birdən-birə indiki durumuna yetməyib. Tarın sinəyə qalxması ilə möcüzə baş verdi. Tarımız sinəyə qalxandan sonra muğamdakı gərginliyi daha təkmil şəkildə ifa etməyə başladı".

Muğam əvvəl səs kimi yaranıb, tədricən alətlərdə ifa olunub, sonradan onda qəzəliyyatdan istifadə olunub. Tarzən deyir: "Bu sənət məndən ardıcıl axtarışlar, çətinliklərə inamla dözməyi tələb edir. Gərək sənətinin vurğunu olasan. Eyni muğamı hər dəfə elə çalmalısan ki, ilk növbədə özünü heyrətləndirəsən. Əgər bu, baş verdisə, onda sənə qulaq asanı da heyrətləndirə zənginləşdirə biləcəksən. Fars muğamlarında sərbəstlik var. Onlarda bu ya digər muğamın oxunma müddətinə heç vaxt məhdudiyyət qoyulmayıb. Məsələn ansambl böyük bir dəraməd ifa edir, sonra "Şur" başlayır".

Tar çalmaq ardıcıl adətkərdəlik tələb edir. Vamiq müəllim deyir ki, gərək bir an da olsun, dayanmayasan: "15 gün tar çalmayanda istər-istəməz barmaqlara təsir edir. Amma təbin gəlmə vaxtı var. Üzeyir bəydən üzübəri bütün bəstəkarlarımız milli musiqimizi yaxşı öyrəniblər. Bu şəxslər xalq musiqisini gözəl bildikləri üçün yaşarı musiqi yarada biliblər. Sevinirəm ki, döyülə-döyülə, əzilə-əzilə olsa muğamlarımız bu formada bizə gəlib çatıb. Bəziləri tara əlavə pərdələr bağlayırlar ki, müəyyən səsləri alsınlar. Onda bu, fars muğamı olur. Tarzənlər iddia edirlər ki, bu səslər əvvəl olub, indi niyə olmasın? Mən deyirəm ki, bu səslər olanda Azərbaycan muğamı Azərbaycançılıqdan çıxır.

Məncə, bu sahəyə yaxşı kadrların ardıcıl şəkildə cəlb edilməsi onların səviyyəsinin yüksəldilməsinə nail olmaq vacib məsələdir. Gərək sənət adamının zəruri elm sahələrindən xəbəri olsun. Ümumi dünyagörüşünə malik olmaq vacibdir

 

Xalq cəbhəsi.- 2008.- 6 yanvar.- S. 14.