Əzimov S.

 

“Qarabağın maralı” kimindir?

 

Xalq mahnısı adı ilə dillər əzbəri olan bu mahnı İsgəndər Novruzlunundur

 

Bir şair özü haqqında yazdığı qeydlərində göstərir ki, şairlik Haqq vergisidir. Tanrıdan gələn bu verginin müddəti isə ömürlükdür. Tatar şairi Musa Cəlil deyir, xoşbəxt o adamdır ki, öləndən sonra da yaşayır.

Belə adamlardan biri də İsgəndər Novruzovdur. İsgəndər haqqında uzun müddətdir müxtəlif söz-söhbətlər gedir, onun həyatı, yaradıcılığı haqqında maraqlananlar - xüsusilə vətənindən kənarda da bəzən xalq mahnısı kimi tanınan, sözləri də, musiqisi də özünün olan "Qarabağın maralı"nın yazılmasını, kimə həsr olunmasını hərə bir cür izah edir.

Əvvəla, bu gün yaşlı nəsil arasında onu yaxından tanıyan iki adam varsa, biri mənəm. Onunla həmkəndliyik, dədə-babadan qapı bir qonşu olmuşuq. Əslində o kənddə az yaşayıb. Bədii yaradıcılıqla məşğul olub. Onun müxtəlif şeirlərinin, qoşma və qəzəllərinin mövzusunu əsasən vətənin, el-obasının, çayların, dağların, şır-şır axan bulaqların, gözəllərin tərənnümü təşkil edir. özünün əxlaqi, xasiyyəti, davranışı ilə hamı ilə ünsiyyəti, münasibəti vardı. Kinsiz-küdurətsiz, olduqca mehriban insan idi.

***

İsgəndər bəy nəslindədir. Keçmişdə Ağdamın hər yerində olduğu kimi, Novruzlu kəndində də çoxmərtəbəli binalar az idi. Azad bəyin, Kərbəlayi Abbasın, Kərbəlayi Məhərrəm uşaqlarının, Məşədi Möhbalının, Aslanın və başqalarının evi iki mərtəbəli, yaraşıqlı binalar olub. İsgəndərin atası Hacı bəyin evi isə üçmərtəbəli idi (kənddə yeganə bəy evi idi). Qasımov İsgəndər Hacı bəy oğlu təxminən 1917-1920 ci illərdə Ağdamın Novruzlu kəndində anadan olmuşdur. O, 1930-35-ci illərdə kənddə ilk fəaliyyət göstərən Molla Hətəmovun ərəb-rus dilləri öyrədilən məktəbində, sonra isə Ağdamda Mexanikləşdirmə Texnikumunda təhsilini davam etdirsə də, oranı qutara bilməyib. çünki 1938-1939-cu illərdə bir neçə tay-tuşu ilə - Şirin Əhmədov, Əzim Əzimov və Bəşir Əkbərovla sovet-fin mübaribəsinə yollanıb. Fin müharibəsindən yaralanıb qayıtdıqdan sonra - 1941-45-ci il müharibəsində iştirak edib. Cəbhədə yaralanan İsgəndər doğma kəndi Novruzluya qayıdır. Lakin sinəsi poeziya nümunələri ilə dolu olan İsgəndər kəndə sığışmadı. Orta boylu, qaşı-gözü qara, yaraşıqlı olan İsgəndərin həm də şaqraq səsi vardı. Şairlik təbi ilə yanaşı gözəl tar çalırdı. Müğənni, tarzən kimi el məclislərində iştirak edirdi.

***

Bir sirri də açım ki, İsgəndərin adı İngilis idi. O zaman hər şeyə şübhə ilə yanaşan, adamlara qara yaxan Sovet hökuməti bəy nəslindən olan İsgəndərə də şübhə ilə baxırdı. Nəhayət, o, yaxasını izlənməkdən qurtarmaq üçün adını dəyişərək İsgəndər qoydu və vətəndən uzaqlara - Aşqabada getdi. O, bir müddət Aşqabad filarmoniyasının solisti oldu. Orada olarkən əslən Şuşadan olan (vaxtilə atası, anası oraya Şuşadan gedib) Sona xanımla evlənir. İki oğlu (Rövşən, Nizami), iki qızı (Natella, Nailə) dünyaya gəlir. 1948-ci ildə İsgəndər resp\ublikadan kənarda olanda, bədbəxt hadisə - zəlzələ olur, təcili Aşqabada qayıdır, şəhəri xarabazar görür, evini, ailəsini axtarsa da tapmır. Sən demə uçqunun altından salamat çıxanları şəhərdən uzaq xəstəxanalara aparırlar. İsgəndərin axtarışı heç bir nəticə vermir. Kimsəsiz, tək-tənha qalan şair vətənə - Novruzluya qayıdır. Yadımdadır, onun kəndə gəlişi böyük nisgilə, məyusluğa səbəb oldu. Uzun müddət kənddə yas saxlanıldı.

***

Başına müsibətlər gələn İsgəndər kənddə darıxmağa başladı. Meylini meyə saldı. Şair-bəstəkar təbiətin ona vurduğu amansız yaranı unuda bilmirdi. Hamı onun halına acıyırdı. Eyni zamanda onun istedadını qiymətləndirməyə şərait də yox idi.

Deyirlər, dünya yaxşı adamlardan xali deyil. 1950-ci illərdə böyük hörmət və şöhrət sahibi olan rejissor Adil İsgəndərov yaxından tanıdığı, yaradıcılığına bələd olduğu İsgəndər üçün Ağdama gəlir, onunla görüşür. İşsiz olduğunu biləndə onu Novruzlu kənd soveti nəzdində klub müdiri vəzifəsinə təyin etdirir.

Günlər, aylar keçsə də İsgəndər başına gələn müsibətləri unuda bilmir.  O vaxt Ağdam 7 illik musiqi məktəbinin direktoru işləyən Əlipaşa Daşdəmirov və kamança çalan Əli (ayaması Depo idi) tez-tez Novruzluya gəlirdilər. Məqsədləri İsgəndərin məlahətli səsinə qulaq asmaq (Əlipaşa müəllim özü yaxşı tarzən idi) təzə şeirlərini dinləmək idi. Qədirbilən adamlar İsgəndəri ovundurur, onu darıxmağa qoymurdular.

İsgəndər kənddə klub müdiri kimi fəaliyyətə başlayanda kənd ziyalıları, xüsusilə müəllimlərlə daha sıx əlaqə saxlayırdı.

***

Mən 1951-ci ildə ilk dəfə olaraq Novruzlu kənd orta məktəbində müəllimliyə başladım. O zaman kənd 7 illik məktəbin direktoru Əhməd Qasımov, dərs hissə müdiri isə Təyyar Abbasov idi. Əhməd müəllim poeziya həvəskarı, Təyyar müəllim isə tar çalırdı.

Bir gün İsgəndər məktəbə gələndə söhbətində dedi ki, "Qarabağın maralı" adlı - sözləri də, musiqisi də özünün olan bir mahnı yazıb. Təyyar müəllim tarda, o isə "Qarabağın maralı" mahnısını zümzümə etdi. Hamının xoşuna gəldi. O, tez-tez tarda bizə məlum olmayan bir melodiyanı çalırdı. Beləliklə, indi xalq mahnısı adı ilə dillər əzbəri olan "Qarabağın maralı" mahnısını İsgəndər bizim yanımızda bəstələdi:

Ay qız, gəzmə aralı,

Qəlbim səndən yaralı.

Gözlərinə heyranam,

Qarabağın maralı.

 

Sən bulaq üstə gələndə,

Qıyqacı baxıb güləndə

Aldın səbri-qərarımı,

Qarabağın maralı.

 

Mən qurbanam gözlərə,

Şirin-şirin sözlərə,

Bir qonaq gəl bizlərə,

Qarabağın maralı.

O günə qurban kəsərəm,

Gəlməsəm səndən küsərəm,

Gəzərəm səndən aralı,

Qarabağın maralı.

 

Turşsu olsun yaylağımız,

Gözəl Şuşa oylağımız,

Sən olaydın qonağımız,

Qarabağın maralı.

 

çıxaq Qırxqız yaylağına,

Ceyran-cüy

ür oylağına,

Enək İsa bulağına,

Qarabağın maralı.

 

İsgəndərin "Bakılısan sən" mahnısı ilə yanaşı, "Ağdam" mahnısı da onundur.

 

Ağdam, Qarabağın toy otağısan,

Bülbüllər səyrişən gül yatağısan,

Həmişə baharın gülşən bağısan,

Nə gözəl yaraşır ad sənə, Ağdam!

Baxdıqca oluram şad sənə, Ağdam!

 

Yenə Şah bulağın sorağı gəlir,

Xaçının axışıb qonağı gəlir,

Elimin nə gözəl növrağı gəlir,

Layiqdir bu gözəl ad sənə, Ağdam!

Baxdıqca oluram şad sənə, Ağdam!

 

Göylərə sığmayan səadətin var,

Musiqi ocağısan, cəsarətin var,

Tarixi yadigar İmarətin var,

Layiqdir bu gözəl ad sənə, Ağdam!

Baxdıqca oluram şad sənə, Ağdam!

 

Başının üstündə Qırxqızın da var,

Onun varlığıyla coşanda Qarqar,

Novruzlu İsgəndər yazdı yadigar,

O verdi əbədi ad sənə, Ağdam!

Baxdıqca oluram şad sənə, Ağdam! 

İsgəndər olduqca sadə, gülərüz, mehriban adam idi. Bu üzdən də onun çoxlu dostları vardı. Həmin dostlardan biri həmyerlisi mədəniyyət şöbəsində səyyari klubların müdiri işləyən Məhiş Abdullayev idi. Məhiş müəllim çox usta qarmon çalan idi. El-oba şənliklərində camaatın xeyir işlərində - toylarda İsgəndərlə birlikdə  iştirak edirdilər.

***

Bu yaxınlarda Məhiş müəllimlə görüşəndə İsgəndərdən söz düşdü. Məhiş müəllim kövrəldi, onunla etdiyi yoldaşlıqdan, xoş xatirələrdən danışdı:

- Kənd olmasına baxmayaraq, el-obada musiqini yaxşı bilən, başa düşən adamlar çox idi. Bütün toylarda o, özünün şeirlərini, mahnılarını oxuyardı. Toyun axırıncı gecəsində o, bəy tərifini deyəndə camaat pulu İsgəndərin başına xəzəl kimi səpirdi...

***

Xeyli söhbətdən sonra Məhiş müəllim onun "Qarabağdadır", "Qarabağın maralı", "Ol Qarabağda", "Anasının ruhu ilə söhbəti", "...Açıb ürəyimi deyə bilmədim" və başqa şeirlərini əzbərdən söylədi.

 

Qarabağdadır

 

Xəstə könül, uzaq getmə, bir dayan,

Hər dərdin dərmanı Qarabağdadır.

Səninlə həmdəm olub nəğmələr qoşan

Bülbülün yuvası Qarabağdadır.

 

Səhrada ahularla o ülfət tutan,

Məcnunun Leylası Qarabağdadır.

İnsan həyatına nəğmələr qoşan,

Vaqifin, Nizaminin və Natəvanın

Məzarın axtarsan Qarabağdadır.

 

Segah üstündədir anamızın laylası,

Beşikdədir körpəsinin qarası,

Muğamat yaraşır Azərbaycana,

Oxuyanın binası Qarabağdadır.

İsgəndər, nə gözəl vətənin vardır,

Ətirlər qoxuyan zümrüdlü çəmən,

Şeyda bülbül ilə iydə, yasəmən,

Yalqız ömrümün sevdası Qarabağdadır.

 

Ol Qarabağda

 

İstəsən muğamat oxşasın səni,

Onda məskənini sal Qarabağda.

İstəsən duyasan bülbül deyəni,

Bir bahar fəslində ol Qarabağda.

 

Məskən et Şuşanı, gözəli dinlə,

O yerlər fəxr edir gözəllərilə.

İstəsən əylənsin canan səninlə,

Ol qızın yanında, qal Qarabağda.

 

Var gözəl bağçalar, meyvəli bağlar,

Turaclı çəmənlər, kəklikli dağlar,

Axır üzərindən ayna bulaqlar,

Baxıb ilhamını al Qarabağda.

 

Axır üzərindən şırhaşır çaylar,

Uçur üzərində dəstə qağayılar,

Keçirsən qürbətdə həftələr, aylar,

İsgəndər, öləndə öl Qarabağda.

 

Məhişlə söhbətləşirdik ki, həmyerlimiz, hörmətli ziyalı Tağı Abdullayev gəldi. Tağı müəllim də İsgəndərlə əlaqədar xeyli xatirə danışdı, şeirlərindən nümunələr söylədi. Həm də dedi ki, 1957-ci ildə İsgəndəri şərləyib tutduranda, məhkəmə zalından son sözünü şeirlə deyib:

 

Yazma

 

Haqq-ədalətə əyləşən hakim,

Amandır, qələmi tərsinə yazma.

Bir qulam, nahaqdan düşmüşəm tora,

Sən haqqı unudub, nahaqı yazma.

 

Pürkamal olmuşam, gözüm tor seçir,

Dünənki dostlarım bu gün yan keçir,

Başımdan zimistan, boran, qar keçir,

Amandır, ömrümü zindana yazma.

 

Novruzlu İsgəndər, baxmadın sözə,

Odur ki, alışıb-yanırsan közə.

ürəkdən iltimas edirəm sizə,

Bahar növrağımı sən qışa yazma.

***

Haşiyə:

Bu yaxınlarda İsgəndərin qardaşı oğlu Hacı ilə görüşdüm (Hacının atası Məhəmməd kişi çox ağır təbiətli, mehriban, qohumcanlı bəy oğlu bəy idi). Hacı dedi ki, "İsgəndər əmim 50-60-cı illərdə həyatdan küskün yaşayırdı. İşlədiyi rayon mədəniyyət şöbəsində onun paxıllığını çəkən xain adamlar vardı. Gözü götürməyənlər onu şərləyib tutdurdular. Günahsız əmim haqsızlığa dözmədi. 1958-ci ildə Şuşa türməsində dünyasını dəyişdi. Həbsdə olanda çoxlu şeirlər yazıb. Onun şeir dəftərlərinin çoxu, deyilənə görə, Seyidlidən tarçalan Şahmalının əlinə keçib. ölümündən xeyli sonra - 1973-cü ildə atamla Aşqabada getdik. çox axtarışdan sonra İsgəndər əmimin həyat yoldaşı Sona xanımı və böyük qızı Natellanı tapdıq. Bir neçə günü birlikdə keçirdik. Sən demə, zəlzələ baş verəndə uçuq divarların altında huşsuz vəziyyətdə qalıblar. Hərəsi bir xəstəxanada müalicə olunublar. Nəhayət, ana balanı soraqlayıb tapıb. İndi bir yerdə yaşayırlar. Atam Sona xanımdan çox xahiş etdi ki, onları gətirək Ağdama - Novruzluya. Lakin gəlmədilər. İsgəndər əmimə Allah rəhmə eləsin. İndi onun qəbri Novruzlu qəbiristanlığındadır. El-obamız işğaldan azad olsaydı, heç olmasa, gedib onun qəbrini ziyarət edərdik..."

***

Dedim, yeri behişt olsun, Allah ona rəhmət eləsin. Gün o gün olsun ki, yerimiz-yurdumuz düşməndən azad olunsun, doğmalarımızın qəbrini ziyarət edə bilək.

 

Təzadlar.- 2009.- 6 yanvar.- S. 11.