İbrahimova S.

 

"Efirdəki boşluğu yaradıcılığımla doldurmağa çalışıram"

 

Gövhər Həsənzadə sağlam rəqabətə ehtiyac duyur

 

Mahnı yaradıcılığında liderlik edən bəstəkarlardan biri Gövhər Həsənzadə mahnılarına çəkilmiş kliplərdən söz açdı. Heç vaxt bu mövzuda danışmayan bəstəkarın etirafına görə, musiqidə canlandırdığı mövzunu ekranda olduğu kimi izləməyib: "Klipmeykerlərin işinə heç zaman qarışmamışam. Amma bugünədək olmayıb ki, mahnıda yaratdığım obrazları kliplərdə canlandıra bilsinlər. Görməyi arzuladığım obrazları, məkanları görə bilməmişəm. Amma buna baxmayaraq, kiminsə işinə müdaxiləni sevmirəm. Hər kəs bir mövzuya başqa aspektlərdən yanaşır. Bu da klip çəkənlərə məxsus bir yozumdur".

Həyatda baş verən hadisələri musiqiyə köçürən Gövhər xanım ətrafında cərəyan edən hadisələrə biganə qala bilmədiyini söyləyir: "Məqsədim dürüst həyat tərzi sürməkdir. Bu gün həyatımız oyunlar üzərində qurulduğu üçün insanlar oynayırlar, mən məcbur olub bəzən oynayıram. Tutaq ki, bir konsert proqramı təşkil edirəm orada sevmədiyim bir sənətçi iştirak etməlidir. Mən ona "sifət edəcəyəm", adını siyahıdan pozacağam. Çünki xalq arasında onun da publikası var. Onu gördüyüm müddətdə oynayıram, onun haqqında düşündüyüm mənfi fikirləri büruzə vermirəm, gözəl sözlər demirəm, sadəcə, "yola verirəm". Amma arzulayıram ki, elə bir dövrana gəlib çıxaq ki, insanlar sözün düzünü söyləməkdən qorxmasınlar. Zənnimcə, ağlına yox, hisslərinə tabe olan insan həyatda həmişə uduzur".

Eyni zamanda kütləvi konsertlər, tədbirlər təşkil edən G.Həsənzadə bu işin çətinliklərindən söz açdı: "Bu tədbirləri hazırlamaq çox çətindir, mənsə yaxşı təşkilatçıyam. Hər bir işimi böyük səbirlə uğurla başa çatdırıram, məhz buna görə bir çox qurum mənə müraciət edir. İkincisi, mənim bütün sənət adamları ilə çox isti münasibətim var. Heç kəs sözümü yerə salmır. Ən məşhur müğənnilərimiz belə, təşkil etdiyim konsert günü bütün toyu idarə etdiklərinə baxmayaraq, mütləq konsertə özlərini çatdırıblar. Təşkil etdiyim konsertlər əsasən xeyriyyə xarakteri daşıyır. Heç bir kommersiya əsaslı tədbirin siyahısında mənim adımı görə bilməzsiniz. Bir dəfə kimsəsiz uşaqlar üçün Yeni illə bağlı konsert təşkil etmişdim. Uşaqlar tez-tez yaxınlaşıb Faiq Ağayevin gəlib-gəlməyəcəyini soruşurdular. Faiq isə rayonda idi, beş saatlıq məsafədə. Ona zəng vuranda dedi ki, qırx dəqiqə proqramı uzat, özümü çatdıracağam. Elə oldu, foyedə Faiqi görəndə gözlərimə inana bilmirdim. Bu mənim onlara göstərdiyim hörmətin qarşılığıdır. Ümumiyyətlə, tədbirlər təşkil etməklə konsert salonlarında boşluğu doldurmağa çalışıram. Fikrimcə, bu gün efirdə böyük boşluq var. Bu boşluğu yaradıcılığım təşkilatçılığımla doldurmağa çalışıram ki, xalq nəyəsə qulaq asa bilsin. Amma çox istəyirəm ki, sağlam şəkildə rəqabət olsun". 

 

Kaspi.- 2009.- 22 yanvar.- S. 16.