Qarabağlı S.
Bir tamaşa haqqında
qeydlər
2008-ci il bir neçə əlamətdar yubileylərlə yaddaşlara həkk olundu. Məhz həmin il cahanşümul dahi bəstəkar, musiqişünas, dramaturq, publisist, tərcüməçi, pedaqoq, akademik, ictimai xadim, əvəzsiz insan Üzeyir Hacıbəyovun bütün Şərq aləmində ilk operası olan "Leyli və Məcnun" əsərinin premyerasının100 illiyi, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, alim, pedaqoq Mir Cəlal Paşayevin anadan olmasının 100 illik yubileyi YUNESKO kimi nüfuzlu bir təşkilatın xətti ilə bütün dünyada keçirildi, bu qurumun öz iqamətgahında da xüsusi qeyd edildi. 2008-ci ildə, eyni zamanda, xalqımızın dünyaşöhrətli bəstəkarı, pedaqoq, ictimai xadim Qara Qarayevin 90 yaşı beynəlxalq miqyasda, yüksək səviyyədə düzənləndi. Elə buna görə də iki böyük sənətkarın - yazıçı M.C.Paşayevlə bəstəkar Q.Qarayevin müştərək işi olan, əfsuslar ki, uzun müddət mədəni ictimaiyyətin diqqətindən kənarda qalmış "Mirzə Xəyal" tamaşası barədə söhbət açmaq yəqin yerinə düşər.
Bu yaxınlarda istedadlı pianoçu, Respublikanın əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının professoru Ülviyyə Hacıbəyova mənə gözəl bir musiqi çaldı və dedi ki, bu Mir Cəlal Paşayevin "Mirzə Xəyal" pyesinə Qara Qarayevin yazdığı musiqidir. Məlum oldu ki, Ülviyyə xanım ona təsadüfən Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivində rast gəlmiş, arxivin direktoru Maarif Teymurun köməkliyi ilə partituranın surətini əldə etmiş və onu fortepiano üçün işləmişdir. Tanınmış pianoçu Ü.Hacıbəyova burada bəstəkar kimi də öz bacarığını göstərmişdir. Q.Qarayevin orkestr üçün yazdığı partituranı professionallıqla pianoya uyğunlaşdırmışdır.
Ülviyyə Hacıbəyovanın ifasını dinlərkən səslərin ahəngi məni valeh etdi. Azərbaycanda avanqard musiqinin yaradıcısı kimi tanınan görkəmli sənətkar Q.Qarayevin bu bəstəsi o qədər milli, o qədər koloritlidir ki, dinləyicinin qəlbini ovsunlayır. Xalq musiqisinin incəliklərini özündə əks etdirən gözəl səslər aləmində Üzeyir bəy ruhu, Üzeyir bəy dəst-xətti hiss olunur. Bu da tamamilə təbiidir. Çünki Qara Qarayev də ölkəmizin digər tanınmış bəstəkarları kimi Üzeyir bəy Hacıbəylinin əlindən su içmiş, Azərbaycan xalq musiqisinin əsaslarına məhz ustadının sinfində yiyələnmişdir.
Qəlbəyatımlı bu musiqini eşitdikdən sonra böyük yazıçımız Mir Cəlal Paşayevin "Mirzə Xəyal" əsəri ilə maraqlandım və onu kitabxanalarda axtarmağa başladım. Lakin təəssüf ki, tapa bilmədim. Nəhayət, nicat məkanı sayılan Dövlət saxlancına - Ədəbiyyat və İncəsənət Arxivinə müraciətdə bulundum. Həmişə olduğu kimi, bu dəfə də xeyirxahlığına hörmət bəslədiyim Maarif Teymur yardımçı oldu. Mir Cəlalın şəxsi arxivindən "Mirzə Xəyal"ı tapdı və onun surətini mənə təqdim etdi. Böyük məmnuniyyətlə əsəri oxudum. 1920-ci ildə Azərbaycan sovet ordusu tərəfindən işğal edildikdən sonra Almaniyaya pənah aparmış tacirin, otel sahibi olmuş Mirzə Xəyalın acı taleyi qəlbimi ağrıtdı. Düşündüm ki, gör bu xalqın başına zaman-zaman nə müsibətlər gətirilib, nə qədər mirzə xəyalların aqibəti faciələrlə tamamlanıb. Şübhəsiz ki, Mirzə Xəyal ümumiləşdirilmiş obrazdır. Müəllif burada xam xəyallarla yaşayan Mirzə Xəyalın, həmçinin onun həmvətənləri olan İsrafil bəyin, Hacı Rəhimin, Altayın və digərlərinin timsalında bu keşməkeşli taleyi yaşayan insanların aqibətini ustalıqla göstərmişdir. Pyes komediya janrında - satira və yumorla yazılsa da, əsərin qəhrəmanlarının doğma vətəndən uzaqda torpaq həsrəti ilə yaşadıqları aydın sezilir və ürəyi sızladır. Əsəri oxuduqca daxilən bir ağrı keçirir və o quruluşa ikrah edirsən. Bu da təbii ki, yazıçının nailiyyətidir. Teatrşünas professor İlham Rəhimli "Mirzə Xəyal"ı doğru olaraq tragikomediya adlandırmışdır.
Bu pyesi Mir Cəlal 1943-cü ildə yazmış, elə həmin ildə də əsər Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrının repertuarına salınaraq tamaşaya qoyulmuşdur. "Mirzə Xəyal"ın premyerası İkinci Dünya müharibəsinin ən qızgın çağında, 6 iyul 1943-cü ildə oynanılmışdır. 5 pərdəli, 6 şəkilli komediyanın quruluşçu rejissoru Səftər Turabov olmuş, bədii tərtibatını isə Əsgər Abbasov vermişdir.
Cəfər Cababrlı adına Dövlət Teatr muzeyində "Mirzə Xəyal" tamaşasının ilk proqramları saxlanılır. Həmin sənədlərdən görünür ki, əsərdə Mirzə Xəyal rolunda Ağahüseyn Cavadov, onunla bir taledə olan mülkədar, müsavatçı israfil bəyi Ağasadıq Gəraybəyli, Mirzə Xəyalın dostu Hacı Rəhimi Vəlixanlı, Hacı Rəhimin oğlu Altayı İsmayıl Osmanlı, alman zabiti Zer-hayzeri Mustafa Mərdanov, əsir qızıl əsgər Nəsiri Sadıq Saleh, Mirzə Xəyalın arvadı Mariya xanımı Sofiya Bəsirzadə, Altayın anası Ayna xanımı Yeva Olenskaya və başqa tanınmış aktyorlar müvəffəqiyyətlə ifa etmişdilər.
Hadisələr İkinci Dünya müharibəsi illərində cərəyan edir. Almanların əliylə vətənə dönmək, qoyub getdiklərinə sahib çıxmaq xəyalları ilə yaşayan əsərin qəhrəmanları sonda vətənə qayıdırlar, lakin elə doğma torpaqda da məhvə məruz qalırlar. Bütün bu psixoloji anları, tragi-komik situasiyaları 25 yaşlı Qara Qarayev musiqinin dili ilə açıb göstərməyə nail olmuşdur. Hadisələrin cərəyanı, obrazların daxili aləmi əsərə bəstələnmiş musiqidə gözəl əks edilmişdir.
Hər bir teatr tamaşasının uğurlu alınmasında musiqinin də çox önəmli yeri vardır. Bu baxımdan Mir Cəlal Paşayev qələmi ilə Qara Qarayev bəstəsi bütövlükdə məharətlə uzlaşmış, vəhdət təşkil etmişdir.
Musiqi mədəniyyətimizin təəssübkeşi Ülviyyə xanım Hacıbəyovaya təşəkkür edirik ki, böyük bəstəkar Q.Qarayevin "Mirzə Xəyal" əsərinə bəstələdiyi musiqinin simfonik orkestr üçün yazılmış partiturasının əlyazmasını aşkar etmişdir. Və bir də S.Mümtaz adına Respublika Ədəbiyyat və İncəsənət Arxivinin direktoruna, həmçinin bütün əməkdaşlarına mənəvi irsimiz olan incilərin qorunub saxlanmasında göstərdikləri vətəndaşlıq borcuna görə minnətdarlığımızı bildiririk.
P.S. Q.Qarayevin
öz xətti ilə yazdığı partituranın 9-cu səhifəsini,
"Karxana" musiqisinin
əlyazmasını oxuculara
təqdim edirik. Bəstəkar özü səhifənin sağ kənarında rus dilində "Muzık pyese "Mirza Xəyal" ("Mirzə
Xəyal" pyesinə
musiqi) sözlərini
yazmış və imzasını qoymuşdur.
Ədəbiyyat qəzeti.- 2009.- 23
yanvar.- S. 2.