"Qatar" muğamının mahir ifaçısı

 

Sirli-soraqlı musiqi dünyamızın xanəndəsi - Rəhilə Hacıyeva-Cəfərova

 

İllərdən, qərinələrdən boylanan səslərin ahəngində nisgil, qəm-kədər, sevinc duyulur. Bu səslər yaşanılan zamanın əks-sədası, sorağıdır. Səsinin cazibəsi ilə dünyanı gəzən, irqindən-dinindən asılı olmadan geniş coğrafi məkanda nüfuz qazanan Azərbaycan xanəndələri, zamanın ölçülməyən məsafəsində əbədi yaşamaq hüququ qazanırlar. Zərif təbəssümü, geniş səs diapazonu, səsinin möcüzəsi, xırdalıqları, səhnə görkəmi və mədəniyyəti ilə musiqi aləmimizdə yurd-yuva salan bir xanımın qeyri-adi ifası vaxt-bivaxt bizlərin ruhuna xoş ovqat gətirir və bizimlə bahəm olur: Rəhilə Hacıyeva - Cəfərova. Bu ismin tərcümeyi-halı yazılmış salnamələrdə, yaradıcılıq yolunda daha parlaq, obrazlı görünür. Müasir dünyamızın qaynar bir dövründə klassik sənətə yaranan tələbat, mənəvi ehtiyac hər zövqlü dinləyicini böyük sənət məktəbi keçmiş Rəhilə xanım kimi musiqiçilərlə təmasda olmağa, onların ruhi dünyasına qovuşmağa vadar edir.

   Rəhilə xanım kimdir? Sənət, tale yolu haradan başlanır? Azərbaycan musiqi sənətində uğurlu illərini yaşayan Rəhilə xanım muğam dünyasına sənətdə səs, avaz, istedad, gözəllik kimi meyarlara xüsusi diqqət yetirildiyi zamanda qovuşmuşdur. Rəhilə xanımın səsindəki avaz Tanrı vergisi idi desək, fikrimizdə yanılmarıq. Amma ondakı bu istedadın formalaşması, üzə çıxarılması, ailəsində musiqi sənətinə olan vurğunluqdan irəli gəlmişdir. Onun babasının gözəl səsi olmuş, Azərbaycan muğamlarının məharətli ifası səs imkanlarından irəli gəlmişdir. Qeyri bir peşənin sahibi olsa da, ömrünün sonuna qədər musiqi aləmində yaşamış, ona sevgisi tükənməmişdir. Onun atası dövrünün sayılıb-seçilən ziyalılarından olmuşdur.

   Azərbaycanda fəaliyyət göstərən maşınqayırma zavodlarının baş direktoru işləmiş və xeyriyyəçi kimi öz işçilərinin ailə-məişət problemlərinin qayğısına qalaraq, hətta onları mənzillə təmin etmiş, xüsusi olaraq paytaxtımızın mərkəzində binalar tikdirmişdir. Heydər Əliyev tərəfindən fəxri fərmanla təltif olunmuşdur. Onu da deyim ki, Azərbaycanın ilk neftçilərindən biri olmuş, layihələri ilə Amerika kimi bir dövlətdə şöhrətlənmişdir.

   Ziyalı ailəsində dünyaya gələn Rəhilə xanım ailədə 3 bacı, 3 qardaş olmuşlar. Bacısı Sona xanım musiqi nəzəriyyəçisi olaraq, uzun illər Asəf Zeynallı adına Musiqi Kollecində dərs demiş Gülyaz və Gülyanaq Məmmədovalar, Alim Qasımov, Zeynəb Behbutova, Aygün Bayramova və onlarla belə ifaçılar ondan dərs almışlar. Ailənin digər üzvləri də musiqi sənətinə bağlı olmuş və hər biri ayrı-ayrılıqda orta ixtisas musiqi təhsilinə yiyələnmişlər. Sənətə olan sevgi hissinin nəticəsi olaraq o, muğam ifaçısı Zülfü Adıgözəlovun, Seyid Şuşinskinin tələbəsi olmuşdur. O, Asəf Zeynallı adına Musiqi Kollecində muğam sinfində əla qiymətlərlə oxumuş, 1966-cı ildə buranı əla qiymətlərlə bitirərək, Azərbaycan Dövlət Filarmoniyasında solist olaraq işə dəvət olunmuşdur.

   Seyid Şuşinski öz tələbəsi haqqında çox böyük məhəbbətlə söz açmış və bildirmişdir ki, geniş səs imkanlarına malik olan Rəhilə xanım gələcəkdə gözəl xanəndə olacaq. Rəhilə xanım bir müddət filarmoniyada çalışdıqdan sonra Azərbaycan Konsert Birliyində fəaliyyətini davam etdirmişdir. Filarmoniyada, eləcə də, "Azkonsert"də çalışdığı zaman Azərbaycan muğamlarını, xalq musiqisini məharətlə ifa etmiş, klassik nümunələrə də ifasında yer ayırmışdır. Səsinin gücü bu gənc xanəndəni tez bir zamanda şöhrətləndirir. Rəhilə xanım qadın ifası üçün zəruri olan və ifası məqbul sayılan bütün Azərbaycan muğamları xırdalıqları ilə tamaşaçılara təqdim edirdi. Mütəmadi olaraq Azərbaycan Dövlət Filarmoniyasında təşkil olunan muğam gecələrində, klassik musiqi axşamlarında Rəhilə Hacıyeva-Cəfərova xalq artistləri Teymur Mustafayev, Sara Qədimova, Şövkət Ələkbərova, Elmira Rəhimova, Raziyə Şirinova kimi sənətkarlarla səhnəni bölüşmüşdür. 40 ilə yaxın sırf sənətlə məşğul olan sənətkar, tələbə olduğu zaman Ramiz Hacıyev, Canəli Əkbərov, Raziyə Şirinova, Elmira Rəhimova ilə bir sinifdə dərs almışdır.

   Filarmoniyadakı mütəmadi çıxışları həm tamaşaçılar, həm də həmkarları tərəfindən maraqla qarşılanırdı. Hətta konsert proqramından sonra onun avazının sehrinə düşmüş sənətkarlar Rəhilə xanımı gül-çiçəyə qərq edər, onun qarşısında baş əyərdilər. Deyilənə görə, hətta məhrum sənətkar İslam Rzayev onun ifasından o dərəcədə vəcdə gəlib ki, səhnəyə çıxaraq, Rəhilə xanımın boğazından öpərək, onun bu səsi qarşısında öz məhəbbətinin qeyri-adiliyini təsdiqləmişdir.

   Sənətdə səsi ilə xoşbəxtliyə qovuşan Rəhilə xanımın xalq artisti Həqiqət Rzayeva səs imkanlarını nəzərə alıb, ona Opera və Balet Teatrında işləməyi məsləhət görsə də, nədənsə xanəndə yaradıcısı ola biləcək gözəl obrazları sənət qalereyasına həkk etməmişdir. Rəhilə xanım "Qatar" muğamının mahir ifaçısı idi. Azərbaycan rayonlarında zəhmətkeşlərlə, ziyalılarla, eləcə də, həbsxanada olan məhbuslarla tez-tez görüşə gedər və tamaşaçılar ondan məhz "Qatar" muğamını ifa etməyi tövsiyə edərdilər. Rəhilə xanımın "Qatar" muğamının kraliçası adlandırırdılar. Bəzi hallarda isə onu el arasında "Qatar xanım" deyə çağırırdılar. "Qatar"ı elə məharətlə, yanğı ilə ifa etmişdir ki, ona öz möhrünü əbədi vurmuşdur. Rəhilə xanım geyim və repertuar seçimində böyük zövq sahibi idi.

   Xanəndəyə konsert proqramlarında çıxışına görə cəmi 8 manat pul verilirdi. Bu da onun kimi sənətkarın əməyinə olan münasibətin haqsızlığını göstərirdi. Azərbaycan səhnəsində alqışlarla qarşılanan Rəhilə xanım hələ sovet məkanında olduğu zaman dünya ölkələrində maraqlı repertuarla çıxış etmiş, qeyri-millətlərin zövqünü oxşamışdır. Deyilənlərə görə, onun ifasını xarici ölkə tamaşaçıları ayaq üstə alqışlarla qarşılamışlar. Polşada, Türkiyədə, Çexoslovakiyada və digər ölkələrdə çıxış edən sənətkar Azərbaycan musiqisinin layiqli şəkildə tərənnümçüsünə çevrilmişdir. Rəhilə xanım, təəssüflər olsun ki, bütün ömrünü sənətə həsr etsə də, öz layiqli qiymətini vaxtında ala bilməmişdir.

   Sənətə məsuliyyətli olduğu kimi həyatda da özünə tələbkarlığı ilə fərqlənmiş, yaradıcılığında bütün xırdalıqları saf-çürük edərək, tamaşaçılara təqdim etmişdir. Rəhilə xanım gözəllik vurğunu idi. O, özündə sonra bir muzeyin qalmasını arzulayır və çox antik nümunələrə yer verirdi.

   Rəhilə xanım təkcə musiqiçi kimi həyat yolunu davam etdirməmiş, o dünya ictimaiyyətində, eləcə də, Azərbaycanda gedən ictimai-siyasi prosesləri diqqətlə izləyərək, hətta onlara münasibətini belə bildirmişdir. Özünü daim hadisələrin içərisində hiss edən xanəndənin yaradıcılıq dünyasından da bu, izsiz ötməmişdir. O, yaşadığı dövrdə Azərbaycanda baş verən erməni münaqişəsi zamanı erməni təcavüzkarlığının məqsədini dərindən anladığından, verdiyi müsahibələrdə yalnız ölkə daxilində və xaricində baş verən çəkişmələrin və qalmaqalların sona yetməsində Heydər Əliyev kimi bir liderin hakimiyyətdə olmasını bildirmişdir. O, müsahibələrinin birində belə deyir: "Heydər Əliyev dünyanı xilas edəcək. Tanrı dünyanın taleyini Heydər Əliyevin taleyi ilə bağlayıb. O, bütün dünyaya kömək edəcək. Heydər Əliyev dünya miqyasında əvəzsiz siyasətçidir. Heydər Əliyevin Azərbaycanın yox, bütün bəşəriyyətin taleyi narahat edir". O, daim mübarizə aparırdı, xalqının təəssübünü çəkən zabitəli bir xanım olmuşdur. Moskvanın bir çox rəhbər işçilərinə teleqram vurub, Bakıda tökülən qanın qarşısını almağa və onların çirkin siyasətlərini Azərbaycanda faciələrlə nəticələndiyini bildirmişdir. Hərbçilərin 20 Yanvar faciəsindən sonra Azərbaycanda gəzişməsi və hökmranlığını o, heç cür qüruruna sığışdıra bilmirdi. Azərbaycanda gedən hadisələrdən sonra Rəhilə xanım heç cür özünə gələ bilmir, şəxsi taleyini yox, sırf Azərbaycanın taleyi ilə bağlı məsələlər onu narahat edirdi. Azərbaycanda, eləcə də, dünya məkanında keçirilən konqreslər, simpoziumlar onun nəzərindən yayınmırdı. Onların hər birinin tarixini və məqsədini ayrıca bir dəftərə yazır, özünə yaddaş olaraq saxlayırdı. Mütaliəni çox sevərdi. Qəzetlərdə gedən son informasiyaları diqqətlə izləyər, Azərbaycanın həyatı, uşaqların gələcəyi onu rahat buraxmazdı. Olduqca həssas qəlbə malik olan Rəhilə xanım 1990-cı il hadisələri zamanı Litvada çıxan "Exo Litva" qəzetinin baş redaktoru Vasili Karpoviçə teleqram vuraraq, Qorbaçovun gördüyü işləri heç bir qanunauyğun olmadığını göstərib, 20 Yanvar hadisəsi zamanı tökülən qanların qarşısını almağı, eyni zamanda, İtaliyanın Roma şəhərinin din xadimi Panu Pavlo II İvana teleqram göndərərək, yer üzərində sülhün bərqərar olmasını tələb edirdi. Bütün müşküllərin açarının Heydər Əliyevdə olduğunu bildirirdi.

   Dünyanı Bethovenin, Motsartın simfoniyalarının yox, Azərbaycan muğamlarının xilas edəcəyini düşünürdü. Rəhilə xanım olduqca həyatsevər bir qadın idi. Rəhilə xanım dünyasını 7 il bundan əvvəl dəyişmişdir. Çox təəssüflər olsun ki, belə gözəl səs diapozonuna malik xanımın xatirəsi yad edilmir.

   Rəhilə xanımın şəcərəsi hazırda onun ocağında davam etdirilir. Onun yaşadığı evin divarlarına səsi, səsinin avazı hopmuşdur. Vaxtilə Rəhilə xanımgilin ailəsində olan musiqiyə vurğunluq, bu gün də nəslin davamçılarının tutduğu mövqedə, seçdiyi peşədə özünü göstərir. Rəhilə xanımın qızı Gülarə xanım muğamı çox sevsə də, vokal sənətinə daha çox üstünlük vermiş və bu istiqamətdə fəaliyyət göstərmişdir. Muğam sənətinə olan vurğunluq ona anasından irsi olaraq keçmişdir. 16 yaşından professional musiqi sənəti ilə məşğul olmağa başlayan Gülarə xanım Tamara Xəlilovadan musiqi dərsləri almışdır. Tanrı tərəfindən ona verilən səs Gülarə xanımı Asəf Zeynallı adına Musiqi Kollecinə gətirib və burada o, Yemilyanov kimi tələbkar müəllimdən əla qiymətlər almışdır. Gülarə xanım ali təhsilə üstünlük verdiyindən Azərbaycan Dövlət Konservatoriyasına (indiki Bakı Musiqi Akademiyası) daxil olmuşdur. O cümlədən, vokalist bir müddət Moskvadakı Qnezin adına Musiqi Texnikumunun müəllimindən vokal sənətinin sirlərini mənimsəmişdir. Elmira Quliyevanın hazırlıq sinfində volkaldan dərs almışdır. Tələbə olarkən Azərbaycan Dövlət Opera və Balet Teatrında fəaliyyətə başlamışdır O, burada çalışdığı zaman "Leyli və Məcnun"da, "Koroğlu"da, "Knyaz İqor"da, "Trubadur"da və başqa tamaşalarda uğurlu çıxışlar etmişdir.

   Çox keçmir ki, Gülarə xanımı Azərbaycan Dövlət Filarmoniyasına Mahnı və Rəqs Ansamblına dəvət edirlər. Gülarə xanım Üzeyir Hacıbəyovun "Arşın mal alan" operasından Gülçöhrənin ariyasını, "Koroğlu"dan Nigarın ariyasını, eləcə də, dünya klassikasından Raxmaninovun "Salavi Alyabiyeva" və digər əsərləri çox məharətlə ifa etmiş və repertuarında xüsusi yer almışdır. Gülarə xanım italyan, rus, türk mahnılarına xüsusi önəm verir. O, Fikrət Əmirovun, Elza İbrahisovanın və başqa bəstəkarların əsərlərini məharətlə ifa edir. Eləcə də, xalq mahnılarına repertuarında xüsusi yer ayırır.

   İndi bu yolu bu nəsildə davam etdirən balaca Asiya Zelixa vardır. O, Rəşid Behbudov adına orta ixtisas musiqi məktəbində fortepianodan dərs alır. Bir çox müsabiqə və yarışlarda birincilik qazanmışdır. Belə istedadlı gənclərə, yeniyetmələrə müstəqil dövlətimizdə geniş imkanlar yaradılıb. Müasir dövrümüzdə Azərbaycan musiqisinə böyük diqqət yetirilir. İlham Əliyevin Azərbaycan musiqi sənətinə yetirdiyi diqqət və qayğının nəticəsində klassik musiqimiz dünya musiqisində tanınaraq sevilir. Eləcə də, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın xüsusi dəstəyi ilə istedadlı uşaqlara və gənclərə diqqət yetirilir və onlara maddi-mənəvi köməklik göstərilir. Belə sənətkarların yetişib, formalaşması üçün hər cür şərait yaradılıb.

 

Səs.- 2009.- 29 yanvar.- S. 12.