Rübabə Muradovanın
yadigarı unudulub
Xalq artisti Rübabə Muradovanın bacısı, müğənni Tahirə Muradovanın adı bu gün unudulan sənətçilərin siyahısındadır. Eyni situasiya ilə vaxtilə Rübabə və Mahrux Muradovaların da qarşılaşdığını deyən Tahirə xanım onların bu dünyadan nisgillə ayrıldıqlarını dilə gətirdi: "Rübabə xanım ölümündən əvvəl bir neçə ay xəstə yatdı. Bunu bilən televiziya nümayəndələri onu xəstə-xəstə efirə dəvət edib konsertini təşkil etdilər. Bu onun sağlığında yazılan bütöv şəkildə ilk lent yazısı hesab olunur. Məlahətli səsi ilə uzun illər incəsənətə xidmət edən Rübabə xanımın bu gün bir neçə sayda lent yazısı durur. Halbuki Opera və Balet Teatrında, konsert məkanlarında onun dəfələrlə çıxışı olub. Deyirlər ki, "Leyli və Məcnun"da Leylini Rübabə xanım qədər şirin oxuyan olmayıb. Amma həmin tamaşa bütöv şəkildə televiziyada göstərilmir. Rübabənin qəribə xasiyyəti var idi. O, ruh adamı idi. Oxuduğu zaman gözündən gilə-gilə yaş axırdı. Onun "Heydər babaya salam" mahnısı boş yerdən dillər əzbəri olmayıb".
Tahirə xanımın dediyinə görə, Rübabə xanımın dövründə sponsor ifadəsi, ümumiyyətlə, olmayıb. Sənətkara sənəti ilə qiymət verilərdi. Bütün dövrlərdə maddi durumlarının qaydasında olmadığından söz açan Tahirə xanım onun ailəsində maddiyyata bir o qədər maraq göstərilmədiyini söylədi: "Nə Rübabə, nə Mahrux, nə də mən sənətimi maddi dəyərlər üzərində inkişaf etdirməmişik. Bəlkə də belə olmasaydı, iki bacım qazandığı pullarla yaradıcılıq arxivini genişləndirərdilər. Bu, nə onların, nə də ki televiziyanın bir o qədər marağında olub. Millət Rübabənin səsinin vurğunu idi. Hamı məclislərdə onu eşitmək istəyirdi. Əgər həmin ifaların 20-30 faizi lentə yazılsaydı, bu gün incənət tarixi daha artıq qazanardı".
Son illər özünün də az-az yada düşdüyünü deyən Tahirə xanım televiziyaların onu, ümumiyyətlə, yad etmədiyini dilə gətirdi. Bu gün səsli sənətkarların nadir hallarda yetişdiyini söyləyən həmsöhbətim dəyərlərin bir qədər arxa plana keçdiyini vurğuladı: "Pullar ekranı zəbt edən savadsızlar ordusunun təbliğatına xidmət göstərir. Efir Rübabə və onun kimi sənətkarları az-az yada salır. Biz dəyərlərimizi belə-belə itiririk. Çoxları bu günün tələbi ilə yaşayır, sabahını düşünmür. Bir nəfər də olsun qapımı döyüb demir ki, uzun illərdir səsi gəlməyən Rübabə xanımın yadigarı haradadır? Biz üç bacının səsi oxşar olub. Düzdür, Rübabənin səsinin əvəzi yoxdur. Amma hərdən Mahruxla mən oxuyanda o dəqiqə deyərdilər "Rübabənin avazı eşidilir".
Qəzetimizin ona verdiyi
fürsətdən istifadə edən Tahirə xanım
ismarıc göndərməyi də unutmadı: "Bu gün
Rübabə Muradovanın yaradıcılığından
bəhrələnənlər çoxdur. Amma onlardan bir
xahişim var, onun mahnılarını aranjiman
etməsinlər, olduğu kimi oxusunlar. Çünki mahnı
özəlliyini itirir, süniləşir".
Mövqe.- 2009.- 15-16 yanvar.- S. 9.