Sevda

 

Mahnı yaradıcılığında boşluq var

 

Ramiz Zöhrabov iki dövrün musiqisini müqayisəyə gətirdi

 

Xalq artisti, Bəstəkarlar İttifaqının şöbə müdiri Ramiz Zöhrabov "Kaspi"yə söhbətində mahnı yaradıcılığının indiki dövrünə nəzər yetirərək ürəkaçan fikirlər söyləmədi. Onun qənaətincə, bu istiqamətdə kifayət qədər boşluq var. Bəstəkar qeyd edir ki, vaxtilə xalq mahnıları adı ilə tarixə düşən kiçik həcmli əsərlər böyük məna yükü daşıyıb və bu səbəbdən də tarix onları yaşadır. Lakin o, indiki mahnı yaradıcılığının mətn və musiqisində düşündürücü məqamları tapa bilmədiyini təəssüflə söylədi: "Bunun yeganə səbəbi sənətə təsadüfi musiqi ordusunun axınıdır. Vaxtilə Bəstəkarlar İttifaqının üzvü olmayan həvəskar musiqiçinin yaradıcılığına adamlar birmənalı baxmırdılar. Lakin indi qeyri-peşəkarların sayı günü-gündən artır. Ona görə ki, arada məhdudiyyət yoxdur, bir insan həm bəstəkar, həm şair, həm də aranyimançı kimi fəaliyyət göstərir".

Ramiz Zöhrabovun fikrincə, bəzi insanlar müstəqillikdən ozbaşınalıq kimi faydanlanmağa çalışdılar. O hesab edir ki, əsl bəstəkar tək mahnı yaradıcılığı ilə məhdudlaşmamalıdır. Onun fəaliyyətinin əsas hissəsini opera, balet kimi böyük əsərlər, yaxud kiçik həcmli əsərlər təşkil etməlidir: "Vaxtilə fəxri adları yalnız mahnı yaradıcılığı ilə məşğul olan insanlara vermirdilər. Adı tarixə qızıl hərflərlə yazılan bəstəkarlar böyük əsərlərlə özlərini təsdiq etdikdən sonra dövlət mükafatına, fəxri adlara layiq görülərdilər. İndi meyarlar dəyişib, hamı ad almaq istəyir".

Söhbətinin davamında Ramiz Zöhrabov daha bir məsələyə toxundu. O bildirdi ki, müstəqillik dövründə lentə alınan vətənpərvər mahnılar yüksək səviyyədə yazılmır. Sovet dövrünün istehsalı olan eyni ruhlu mahnıları indikilərlə müqayisəyə gətirən bəstəkar bunları qeyd etdi: "Müharibə şəraitində olan bir ölkənin musiqi yaradıcılığının əsas hissəsini sanballı vətənpərvər mahnılar təşkil etməlidir. Lakin bu yöndə yazılan mahnıların səviyyə yükü olduqca aşağıdır. Bu və digər istiqamətlərdə senzuranın tətbiqini vacib hesab edirəm".

 

Kaspi.- 2009.- 9 yanvar.- S. 15.