Səni dinlədikcə aşiq olduq...

 

12 yaşından 80 yaşınadək oxuyan Lütfiyar İmanovun xatirəsinə

 

Anım tədbiri

 

Dünən Lütfiyar İmanovun anım günü idi.

Bu münasibətlə Lütfiyar İmanovun dəfn olunduğu Fəxri Xiyabana gələn mədənyyət və turizm naziri Əbülfəs Qarayev, o cümlədən ölkənin bir sıra sənət və ictimai-siyasi xadimləri, musiqiçilər böyük sənətkarın qəbrini ziyarət etdilər. L.İmanovun həyatla vidalaşmasının sənətsevərlərə ağır təsirindən söz açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dedi: «Lütfiyar İmanov artıq bir ildir ki, aramızda yoxdur. Bu çox kədərli hadisədir. Amma düşünürəm ki, öz əməlləri ilə yaddaşlarda qalan insanlar ölmürlər. Bura gələn insanların sayı və tərkibi Lütfiyar İmanov adının mədəniyyətimiz üçün ictimaiyyətimiz üçün nə qədər doğma olduğunun göstəricisidir”.

Müasir Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi Lütfiyar İmanov milli musiqimizin inkişafında müstəsna xidmətləri olan sənətkarlarımızdandır. Onun klassik opera sənəti və xalq musiqisinin vəhdətindən bəhrələnən yüksək ifaçılıq məharəti Azərbaycan vokal sənəti tarixində yeni bir mərhələ təşkil edir. L.İmanovun adı ölkəmizin, eləcə də xarici ölkələrin konsert salonlarını və opera səhnələrini fəth etmiş bir müğənni kimi məşhurdur. Sənətkarın yaradıcılığı çoxcəhətlidir: o həm xalq və bəstəkar mahnılarının, həm çox çətin və rəngarəng repertuarlı opera və operettalarda əsas ariyaların mahir ifaçısı,  həm də bənzərsiz aktyor, milli və dünya klassik operalarını çox fəhmli, dərin təfsirçisi olmuşdur. L.İmanov 1928-ci ildə Sabirabadda anadan olmuş, uşaq yaşlarından incəsənətə meyil göstərmiş, teatrda aktyor işləmişdir. Rəssamlıq sənətinə də xüsusi meyil göstərən, hələ 2-ci sinifdə oxuyarkən “Pioner” qəzetinin rəsm müsabiqəsində   2-ci yeri tutan Lütfiyar yuxarı siniflərdəykən məktəbin divar qəzetinin redaktoru olmuşdur.

Hələ 12 yaşı olanda patefon valında Bülbülün “Səni gördüm, aşiq oldum”  ariyasına (“Koroğlu”) qulaq asıb özünə qarğıdan at, taxtadan saz düzəldib, başına motal papaq qoyaraq, səsini zilə çəkərmiş. 1941-ci ilin mayında -13 yaşı olanda öküz arabasında Sabirabaddan Əli Bayramlıya (indiki Şirvan şəhərinə), oradan da at arabasında Bakıya gələn Lütfiyar Bülbülün ifasında ”Koroğlu”ya baxıb, rayona qayıdır. Tay-tuşlarına deyirmiş ki, artıq Koroğlunun 7777 dəlisindən biri də mənəm!

1957-ci ildə A.Zeynallı adına Musiqi Məktəbində pedaqoq A.Milavanovun sinfində təhsilini bitirən L.İmanov Dövlət Estrada Orkestrində, sonralar Musiqili Komediya Teatrında işləməyə başlayır.

1958-ci ildə gənc Lütfiyar SSRİ xalq artisti, bəstəkar Niyazinin diqqətini çəkir və maestro onu opera teatrında Koroğlu rolunda çıxış etməyə dəvət edir.

1959-cu ildə Bülbül L. İmanovun ifasını dinlədikdən sonra “Molodyoj Azerbaydjana” qəzetində onun gələcəyi haqqında yüksək fikirdə olduğunu,   səsində qəhrəmanlıq elementləri olduğunu vurğulayır.

  1954-1957-ci illərdə A. Zeynallı adına Bakı Musiqi Məktəbinin vokal şöbəsində, 1962-1968-ci illərdə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsində təhsil alan L. İmanov, 1965-ci ildə SSRİ Böyük Teatrında, 1975-ci ildə “La Skala” (İtaliya) teatrında təcrübə keçib.

 Əmək fəaliyyətinə hələ gənc yaşlarında ikən - 1943-cü ildə Sabirabad  Dövlət Dram Teatrının aktyoru kimi başlayan L.İmanov 1948-ci ildə Sabirabad Şəhər Mədəniyyət Evinin bədii rəhbəri, 1954-1956-cı illərdə Azərbaycan Televiziyası və Radiosu xorunun, 1956-1957-ci illərdə Azərbaycan Dövlət Estrada Orkestrinin solisti olub. 1956-1959-cu illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışan sənətkar 1958-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti kimi fəaliyyət göstərib.  

İndi musiqini sevən, lakin L. İmanovu tanımayan adama çətin rast gəlmək olar. Vokal sənəti həvəskarları onunla ilk olaraq 1959-cu ildə Moskvada Böyük Teatrın səhnəsində (Azərbaycan incəsənəti ongünlüyündə) əfsanəvi qəhrəman Koroğlu obrazını yaradarkən tanış olublar.

F.Əmirovun “Sevil” operasında Balaş, C.Cahangirovun “Azad” operasında Ayaz, R.Mustafayevin eyniadlı operasında Vaqif, M.Maqomayevin “Nərgiz” operasında Əlyar, V.Adıgözəlovun “Ölülər” operasında İsgəndər, S.Ələsgərovun “Bahadır və Sona” operasında Bahadır müğənninin parlaq şəkildə yaratdığı opera obrazlarıdır.

L. İmanov dünya klassik operalarında məharətlə çıxış etmiş, J.Bizenin “Karmen” operasında Xoze, P.Çaykovskinin “Qaratoxmaq qadın” operasında German, C.Verdinin “Aida”sında Radames, “Otello” operasında Otello, Ofenbaxın “Hofmanın nağılları” operasında Hofman, Ş.Qunonun eyniadlı opearsında Faust, Toska operasında Kavaradossi obrazları o dövr mətbuatı tərəfindən yüksək qiymətləndirilib.

  Ömrünün yarım əsrə yaxın bir dövrünü opera ifaçılığına həsr edən L. İmanov musiqi mədəniyyətimizdə daim öz dəst-xətti ilə seçilən bir mədəniyyət xadimi olmuşdur. Tanınmış sənətkarın yüksək səhnə mədəniyyəti, aktyorluq məharəti və güclü səsi ona geniş repertuarla çıxış etməyə imkan verib. Onun Azərbaycan və dünya klassiklərinin şah əsərlərində ifa etdiyi partiyalar, yaratdığı obrazlar öz dolğunluğu, kamilliyi və təbiiliyi ilə səciyyələnib. Sənət fəaliyyəti boyu təqdirəlayiq uğurlar əldə edən L. İmanov milli və dünya klassik opera nümunələri ilə yanaşı, müxtəlif konsert proqramlarında kamera-vokal əsərləri, romansları və xalq mahnılarını zövq və ustalıqla oxuyub. İfaçısı olduğu əsərlərin üslub xüsusiyyətlərini dərindən duyma və onları özünəməxsus tərzdə məharətlə çatdırma qabiliyyəti L. İmanova musiqisevərlərin rəğbət və məhəbbətini qazandırıb.

Xarici ölkələrə qastrol səfərləri 1960-cı ildən Hindistandan başlayıb. Hətta həmin ildə hind mahnılarını Azərbaycan dilinə çevirib və onları hər iki dildə   ifa edib. O, Hindistan, Norveç, Bolqarıstan, Kuba, Çexiya, Polşa, Almaniya, Türkiyə, Yaponiya, Livan, Küveyt, Suriya, İordaniya, Fransa, İtaliya, Belçika, Hollandiya, İspaniya, Malta, Macarıstan, Yunanınstan, Rumıniya və b. ölkələrdə konsertlər verib.

Lütfiyar İmanov milli musiqinin daha da zənginləşməsi naminə hədsiz sədaqətlə çalışaraq, dərin tarixi köklərə malik Azərbaycan ifaçılıq məktəbinin inkişafı yolunda istedad və bacarığını əsirgəmiyib. Yaradıcılığının başlıca qayəsi xalq mənəviyyatına xidmətdən ibarət olan Lütfiyar İmanov ölkəmizin hüdudlarından xeyli uzaqlarda, dünyanın ayrı-ayrı guşələrində mötəbər konsert salonlarındakı çoxsaylı çıxışları ilə Azərbaycan mədəniyyətini daim layiqincə təmsil etmiş və ona şöhrət gətirmişdir.

L. İmanovun zəngin yaradıcılığı yeni sənətkarlar nəsli üçün əsl örnəkdir. O, uzun illər ərzində pedaqoji fəaliyyətlə məşğul olaraq, opera müğənnilərinin yetişdirilməsi işində diqqətəlayiq xidmətlər göstərib, ifaçılıq sənəti tarixində topladığı zəngin təcrübənin gənc musiqiçilər nəslinə çatdırılması üçün böyük əmək sərf edib.

Çoxşaxəli fəaliyyəti bütövlükdə sənətə sonsuz bağlılıq nümunəsi olan Lütfiyar İmanov milli musiqi mədəniyyətinin inkişafı sahəsində mühüm nailiyyətlərinə görə müstəqil Azərbaycan Respublikasının ən ali mükafatı- “İstiqlal” ordeni ilə təltif edilib.

O, dinləyicilərə yüksək niyyət, nəcib hərəkət və insan qəlbinin gözəlliklərini çox gözəl çatdıra bilirdi. L. İmanovun sənəti müxtəlif millətlərdən olan adamlar üçün yaxın və anlaşıqlı olur, onları daxilən zənginləşdirir, daha da saflaşdırırdı. Onun ifası insanı dərindən həyəcanlandırır, əsl zövq gətirir. Bütün bunların səbəbi müğənninin nadir ilhamı, onun böyük aktyor cazibədarlığı, təsirli obraz yaratmaq bacarığı idi.

Lütfiyar İmanovun yaradıcılıq siması üçün əla vokal keyfiyyətlərlə möhkəm professional hazırlıq, musiqili-dramaturji obraza dərindən nüfuz etmək, vokal və aktyor sənətinin harmonik ahəngi xarakterikdir. Aktyor öz sənətini səxavətlə tamaşaçılara bəxş edir, öz ürək duyğularının dərinliyini açır. Hər bir əsər - yeni kəşfdir və dinləyicilər onu hərarətlə qiymətləndirir, onun istedad və ağlına, şəxsiyyətinə yüksək qiymət verirlər. Məhsuldar səhnə fəaliyyəti və daimi zəhmət L. İmanovun sənətini cilalamış, onu bu dövrümüzün ən yaxşı sənətkarları sırasında ilk yerlərdən birinə çıxarmışdır. L. İmanov 1978-ci ildə SSRİ xalq artisti adına layiq görülüb.

Görkəmli opera müğənnisi, SSRİ xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Lütfiyar Müslüm oğlu İmanov 2008-ci il yanvarın 21-də - ömrünün 80-ci ilində vəfat edib.

 

Azərbaycanlı musiqiçilər və Lüblin Orkestri

 

Azərbaycanlı musiqiçilər Ramiz və Eyyub Quliyevlər yanvarın 16-da Polşanın Lüblin şəhəri Filarmoniyasının səhnəsində öz çıxışları ilə dinləyiciləri sehrləyiblər. Onların konserti yerli dinləyicilərin o qədər xoşuna gəlib ki, ora toplaşan auditoriya musiqiçilərimizi səhnədən buraxmaq istəməyib və bir neçə dəfə “bis”ə dəvət ediblər.

 Azərbaycanın xalq artisti, tarzən Ramiz Quliyev və beynəlxalq müsabiqələrin laureatı, prezident təqaüdçüsü, dirijor Eyyub Quliyev öz konsertlərini Polşanın ən yaxşı musiqi kollektivlərindən biri - Lüblin Orkestri ilə birlikdə veriblər. E.Quliyevin rəhbərliyi altında orkestr Qərb və rus bəstəkarlarının -  K.M.Veber (“Oberon” operasının uvertürası) və P.Çaykovskinin (Beşinci simfoniya) klassik əsərlərini ifa ediblər. Konsertin ikinci hissəsində isə tarzən R.Quliyev Azərbaycanın gözəl bəstəkarı Hacı Xanməmmədovun tar və simfonik orkestr üçün yazdığı musiqini ifa edib. E.Quliyevin sözlərinə görə, R.Quliyevin çıxışı polyaklara o qədər təsir etmişdi ki, bundan sonra o, orkestrlə birlikdə məşhur polyak əsəri “Polonez”i xüsusi olaraq ifa edib. Bu ifanı zal ayaq üstə dinləyib.

Çıxışdan sonra Lüblin Filarmoniyasının rəhbərliyi yeni müştərək konsertlərin həyata keçirilməsi təklifi ilə müraciət edib. Azərbaycan musiqiçilərinin çıxışı polyak mətbuatında geniş işıqlandırılıb. 

 

Mədəniyyət.- 2009.- 22 yanvar.- S. 4.