Şəmsiyyə
“Daxilimdən gələn səsi
dinləyirəm”
Baloğlan Əşrəfov:
“Oxuduğum mahnıların taleyimlə əlaqəsi yoxdur”
O, adət-ənənəmizə olduqca bağlıdır. Elə bu səbəbdən də vətənini qarış-qarış gəzməkdən zövq alır. Bizimlə görüşməyə məmnuniyyətlə razı olan əməkdar artist Baloğlan Əşrəfov söhbət əsnasında yaradıcılığındakı yeniliklərdən danışmaqla bərabər, illərdən bəri ürəyində gəzdirdiyi bəzi sirləri də açıqladı.
- Hər bir müğənni repertuarını yeni mahnılarla zənginləşdirməyə çalışır. Fikrimcə, müğənninin seçdiyi mahnının dinləyicilər tərəfindən rəğbət qazanması ən uğurlu yenilikdir. Çox zaman məni sevənlər 20 il bundan əvvəl oxuduğum mahnıları yeni aranjimanda təqdim etməyimi xahiş edirlər. O dövrdə oxunulan mahnıları bu gün efirlərdə olduğu kimi səsləndirmək, bəlkə də qəbul edilməz. Buna görə də əvvəlki mahnılarımı yeni aranjimanda səsləndirmək niyyətindəyəm. Mənim ifama tələbat var və bunun şahidi olduqca sevinirəm. Bu da məndə işləmək həvəsi yaradır. Bilirsiniz, zaman dəyişir, nəsil yeniləşir, ancaq mənim mahnılarım köhnəliyin qalığı kimi deyil, dövrün marağı ilə üst-üstə düşür. Hərdən dinləyicilərimdən köhnə mahnılarımın adlarını eşidərkən özüm də təəccüb edirəm ki, onlar bu mahnını necə xatırlayırlar? Ona görə də yaradıcılıq planlarımın əsas hissəsi köhnə mahnılarımın 50-60 faizini yeniləşdirməkən ibarətdir. Bundan başqa, el nəfəsindən süzülən bir şeirə də mahnı yazmışam. Düzdür, mən peşəkar bəstəkar deyiləm. Ancaq hesab edirəm ki, musiqi duyumu olan kəs mahnı yazırsa və xalq da onu sevirsə, o, niyə bu bacarığını dinləyicilərindən əsirgəməlidir? Etiraf edim ki, poetik ifadələr deyil, bəsit söz yığınından ibarət olan şeirlərə çox təsadüf edirəm. Düzdür, bu sözlərə mahnı bəstələmək olar. Lakin bu mahnının ömrü olduqca qısa olacaq. Əgər şeirdə dərin məna yoxdursa, oxucunu təsirləndirmirsə, onu musiqiyə çevirib xalqa çatdırmağın bir mənası yoxdur. Mən ancaq təsirləndirmək gücünə malik şeirlərə mahnı bəstələyirəm. Müəllifi tanımadan, onunla şəxsi münasibətim olmadan çox şeirə mahnı yazmışam. Şairə Gülayə Şınıxlının “Məndən nə apardın, halalın olsun” adlı şeiri də belə yarandı.
Məndən nə apardın, halalın olsun,
Candan can qopardın, halalın olsun!
Məni
təsirləndirən bu ifadələr qəlbimdə
mahnıya çevrildi.
- Maraqlıdır, mahnı
misraların təsirindən yarandı, yoxsa xatirələr
dilə gəldi?
- Mən çox qəribə tale
yaşamışam. Güclü şairlərin
poetik ifadəsindən qaynaqlanan misralar duyğularıma
toxunur. Şeiriyyəti qaydalardan kənara
çıxmayan nəzm məni ruhlandırıb. Bəzən sual verirlər ki, oxuduğun mahnılar
öz həyatınamı işarədir? And-aman
edirəm ki, bu mənim taleyim deyil. Sadəcə,
şeirin gözəlliyindən ilham alıb, o obrazı
yaratmışam. Əlibala
Hacızadənin “Nədəndi” şeirinə mahnı
yazıb oxuyanda onunla şəxsi tanışlığım
yox idi. “Ürəyimə od salıbdır bir gözəl , odu deyir, közü deyir, sev
məni”. Bu sətirlərdən necə
təsirlənməmək olar? Bu mahnını
Türkiyənin tanınmış müğənnisi Sərdar Ortac da oxudu. “Tale səni rəva görməyəydi kaş
mənə, ey gül” - “Oldun ürəyi daş mənə,
ey gül” adlı mahnım ilk dəfə Azərbaycan
Televiziyasında səsləndirildi. Sözün
təsirindən mənanı əks etdirən obrazı
yaradaraq yeni bir mahnıya imza atdım. Yəqin
ki, qəlbimin hökmündən yaranan yeni mahnım da
aləmə səs salacaq. Daxilimdən
gələn səsi hər zaman dinləmişəm. Və bu qayda ilə də addımlamışam.
Tamaşaçılarımdan narazı qalmamışam.
Ancaq son zamanlar mətbuatda səslənən
bəzi məqamlarla razılaşmıram. Əvvəllər “ara müğənnisi”
kəlməsi çox səslənirdi. Azərbaycan
müstəqillik qazandıqdan sonra söz azadlığı
deyilən bir anlayış zamanımızda öz əksini
taparkən biz də həqiqəti dilə gətirmək
cəsarəti əldə etdik. Sovet
ideologiyasına xidmət edən mahnıları oxumaq
məcburiyyətində idik. Mən etiraz
edəndə efirin qapıları üzümə
bağlanırdı. Elə olub ki, 6 ay
efirə buraxılmamışam. Bu
mahnıları oxumayan müğənniyə “ara
müğənnisi” damğası vurulurdu. O
dövrdə millətlərarası qardaşlıq və
digər mövzularda mahnı oxumaq əsas şərt idi. Mən isə sevgi
janrında oxuyurdum. İndi o zaman bizə
qadağa qoyan insanlarla qarşılaşarkən
üzrxahlıqla o dövrün şərtləri
çərçivəsində hərəkət
etdiklərini deyirlər. Məncə, bu
gün pis və ya yaxşı, məişət
səviyyəsində və bədii dildə yazılan
mahnılar arasında seçim aparmaq lazımdır.
- Deməli, bu təklif
yaranmış söz-söhbətə son qoya bilər?
- Nüsrət
Kəsəmənlinin sözlərinə yazılan mahnılar
dillər əzbəridir. Hələ gənclik illərimdə
Ələmdar Quluzadənin “Azərbaycan qadını”
jurnalında “İtən eşqim” adlı şeiri diqqətimi
cəlb etmişdi. Bu sözlərə
mahnı bəstələyib oxudum. O zaman Ə.Quluzadə
Xankəndində yaşayırdı. Onunla
şəxsi tanışlığım yox idi. Bu mahnını oxuyanda məni çox incitdilər.
“Sovet İttifaqında “İtən eşqim”
kəlməsi eşidilə bilməz” kimi sərt
qadağalarla qarşıma sədd çəkirdilər.
Bu gün isə sevgi janrına damğa vurulmur.
Ancaq bu o demək deyil ki, kim nə
istəsə efirdə oxuya bilər.
- Bu qədər qadağaların
qarşılığında efirdə görünmək
imkanı qazanmağınızın da bir yolu olmalı idi...
- Bu səddi yarmaq çox
çətin idi. Ancaq hər bir insanın
özünəməxsus siyasəti var. Mən də bu
işin çəmini tapmışdım. Bir tələb olunan mahnı oxuyanda ikisini də
öz bəstəmdən ifa edirdim. Mən
efirdə “Ay uçan quşlar” mahnısını oxuyanda
televiziyanın ünvanına çoxsaylı məktublar
gəlmişdi. Qəribə bir
nəfəs, boğazlardan bəhs edən fikirlər
səslənirdi. Kimlərsə qəbul
edirdi, kimisi qısqanır, kimisi də qorxurdu. Gəncliyimdə də çox maraqlı
hadisələr olub. Bir gün
ziyalılardan birinin toyunda oxuyurdum. Fikirləşdim
ki, dostluq, qardaşlıq mövzusunda olan mahnılardan
başlayım. Necə olsa da,
ziyalıların toplaşdığı bir məclis idi.
Bir az keçmədi ki, toy sahibləri
mənə yaxınlaşıb repertuarımda olan sevgi
mahnılarını oxumağımı xahiş etdilər. Fikirləşdim ki, ziyalı ailəsi ancaq məhsul
bayramı, dövlət ideologiyasını tərənnüm
edən mahnılar dinləyə bilər. Öz
bəstələrimi ifa etməyə çəkinirdim. Ancaq onların bu sözündən sonra
ürəkləndim. Mən özüm ali
təhsilli filoloqam. Sovetlər dövründə əla qiymətlərlə
instituta qəbul olmuşam. Sadəcə, el
şənliklərində iştirak etməklə
sənətimdən uzaqlaşdım.
- O dövrdə sevgi janrında olan
mahnılar qəbul olunmurdu?
- Bir dəfə “Ay uçan
quşlar” mahnısını oxuyurdum. Çəkilişi
dayandırıb, bir qədər sevinc hissi ilə
mahnını ifa etməyi məsləhət etdilər. Sonradan bunun alınmayacağını anlayıb,
rejissor hər şeyi mənim ixtiyarıma buraxdı. O
dövrdə sevgi janrı qəbul olunurdu. Ancaq
Sovet İttifaqında nakam sevgidən oxumaq olmazdı. Sovet vətəndaşı yalnız xoşbəxt
görünməli idi.
- Bu sənətdə indi
fəaliyyət göstərmək asandır, yoxsa o zaman?
- İfadəmə
görə üzr istəyirəm. İndi yoldan
keçən də istədiyi formada səhnəyə
çıxır. Mən o çətinliyə görə, vaxtilə
bizə kömək edən insanlara
minnətdarlığımı bildirirəm. Biz öyrənirdik, səhvlərimizi
düzəltməyə çalışırdıq. Məncə, efirə çıxan hər kəs
öz davranışına, geyiminə fikir verməlidir.
Məgər Rübabə Muradova, Şövkət
Ələkbərova, Sara Qədimova sənətkar
olmayıblar? Zeynəb Xanlarovadan irəli
gedən olub? Onların geyimi, davranışı,
özünü təqdim etmək mədəniyyəti
yüksəkliyi ilə seçilib.
- Klip
çəkilişinə münasibətiniz o qədər
də yaxşı deyil. Özünüzə
necə ssenari yazırsınız?
- Bir-iki klipim var. Klip çəkilişi vaxtımı alır. Bir dəfə mənə bir ssenari təqdim olundu. Deyərdim ki, lap heysiyyətimə toxundu. Açıqlamaq istəmirəm. Ssenari mənim xarakterimə, fikirlərimə uyğun gəlməlidir. Müasir dövrdə çəkilən ssenariləri qəbul edə bilmirəm. Yalnız təmiz əxlaq, ədəbli ssenarilərə imza ata bilərəm. Məni bu cür tanıyan insan sabah başqa bir formada müşahidə edərsə, hansı əxlaqdan, davranışdan söz aça bilərəm. Bizim Azərbaycan torpağı öz gözəlliyi və təmizliyi ilə seçilir. Bölgələrimizdə yeni yaradılan istirahət yerlərində olan yüksək xidmət, şərait dünyanın heç bir ölkəsindən geri qalmır. Hər bölgənin öz gözəlliyi var. Çəkiliş gərək barda və ya restoranda ola? Nə isə, deyiləsi sözlər çoxdur. Yaxşı olar ki, hər kəs öz işində məsuliyyətli olsun. Yalnız bunu qeyd edə bilərəm.
Mədəniyyət.- 2009.- 24
yanvar.- S. 4.