Şirinov E.
Üzeyirsevərlərə dəyərli
töhfə
Yazıçı-publisist Mustafa çəmənli
"Leyli və Məcnun" operasının
100 illiyi ilə bağlı sənədli-bədii ensiklopediya yaradıb
Bu günlərdə Mədəniyyət və Turizm Nazirliyi görkəmli yazıçı-publisist Mustafa çəmənlinin ""Leyli və Məcnun" - 100 il səhnədə" adlı kitabını nəfis şəkildə nəşr etdirib.
Qeyd edək ki, oxucular M.çəmənlini "Mənim dünyamın adamları", "İtirilmiş səs", "Səs qərib olmur", "Fred Asif", "Nəğməli xatirələr", "Oxu, gözəl", "Muğam dünyasının Xanı", "Xallı gürzə", "Burdan bir atlı keçdi", "Səsin ruhu", "Mən olmayanda dostum ol", "Sənətkar ömrünün izləri", "Ruhların üsyanı", həmçinin digər bədii və bədii-publisistik əsərlərin müəllifi kimi tanıyırlar. M.çəmənlinin ""Leyli və Məcnun" - 100 il səhnədə" kitabı isə mövzu əhatəsinə görə mədəniyyətimizin və incəsənətimizin tarixi ilə bağlı orijinal bir əsərdir. Bu kitabı 100 il səhnədən düşməyən ilk milli operamız haqqında sənədli-bədii ensiklopediya da adlandırmaq olar. Adından da göründüyü kimi, burada səhnəyə qoyulduğu ilk gündən başlayaraq dövrümüzə qədər "Leyli və Məcnun" tamaşasında iştirak edən müğənnilər, bu möhtəşəm əsəri müxtəlif quruluşlarda səhnəyə qoyan rejissorlar, eləcə də dirijorlar, konsertmeysterlər, xormeysterlər, baletmeysterlər, rəssamlar haqqında ensiklopedik məlumatlar, bədii oçerklər toplanıb. Qeyd edək ki, kitabda "Leyli və Məcnun" operasının yaranması və tamaşaya qoyulmasının şahidi və bilavasitə iştirakçısı olan bir çox sənətkarların xatirələri, məqalələri də yer alıb.
Müəllif kitabda "Leyli və Məcnun" operasının oynanıldığı Tiflis, Aşqabad, Təbriz, İrəvan, eləcə də Naxçıvan, Qazax, Ağdam, Şəki, Lənkəran, Ağdaş və digər əyalət teatrları barədə də ətraflı məlumat verib. Müəllif imkanı daxilində kitaba sözü gedən əyalət teatrlarında vaxtilə Leyli və Məcnunu oynayan aktyorlar haqqında, orada çalışan müxtəlif görkəmli səhnə xadimləri barədə də oçerklər daxil edib.
Kitabda yazılar əlifba sırası ilə, yaxud ad-sana görə yox, sənətkarların səhnə fəaliyyətinə başladığı tarix əsas götürülüb. Kitabda 400-yə yaxın dəyərli, artıq əyani sənədə çevrilmiş şəkillər, proqramlar, afişalar, eləcə də üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasının mətni də öz əksini tapıb. Kitaba "Leyli və Məcnun" operasının yaranması, tamaşası ilə bağlı bir çox sənətkarların xatirələri, məqalələri, eyni zamanda operada başqa rollarda özlərini sınayan, lakin səhnədən tez gedən müğənnilər haqqında da qısa bilgilər yer alıb. Müəllif kitabın ön sözündə qeyd edir: "Yüz il ərzində "Leyli və Məcnun" oynanılmadığı teatr mövsümü olmayıb. "Leyli və Məcnun" 100 ildir ki, fasiləsiz oynanılıb və oynanılacaq. Bu ölməz səhnə əsərində nəsillər nəsilləri əvəz edib, dəyişib, dəyişilməyən, zamanın amansız, güzəştsiz zərbələrinə şərəflə sinə gərən isə yenə bütün Şərqdə ilk opera olan "Leyli və Məcnun" olub. üzeyir bəyin bu ölməz məhəbbət dastanı zaman-zaman yaşayacaq, yeni-yeni Leylilər, Məcnunlar, İbn Səlamlar, Nofəllər... yetişəcək".
Kitab gərgin zəhmətin, axtarışların bəhrəsidir. Müəllif kitab üzərində işləyərkən "Leyli və Məcnun" operasında iştirak edən sənətkarların ifasını yaddaşında bəlkə də yüz dəfə, min dəfə səsləndirib, surətlərini gözləri önündə canlandırıb...
Qeyd edək ki, kitabın elmi redaktoru Respublikanın xalq artisti, professor Ramiz Zöhrabov, rəyçilər Əməkdar incəsənət xadimi, professor Kazım Əliverdibəyov, Respublikanın xalq artisti, professor Arif Babayev və nəşriyyat redaktoru Gülər Ələkbərqızıdır.
Biz də M.çəmənliyə yeni yaradıcılıq uğurları diləməklə, ""Leyli və Məcnun" - 100 il səhnədə" adlı kitabını nəfis şəkildə nəşr etdirdiyinə görə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə, həmçinin bu işə sayğı və ehtiramla yanaşan hər kəsə minnətdarlığımızı bildiririk.
Təzadlar.- 2009.- 27 yanvar.- S. 11.