Təranə
“Biz yüksək insan yetişdirmək arzusunda
olmalıyıq”
Üzeyir bəy, Q.Qarayev,
F.Əmirov, Niyazi, R.Hacıyev kimi böyük
bəstəkarların yaratdığı əsərlərin
ahəngindən yaranan qeyri-adi gözəllik duyulanda
həmişə qürur hissi keçiririk. Nə
yaxşı ki, bu böyük sənətkarların
məktəbinin sehrindən güc alıb, onların
saldığı yollarla gələnlər indi də var.
Əməkdar incəsənət xadimi, Musiqi
Akademiyasının professoru, tanınmış bəstəkar
Nəriman Məmmədov da belə bəstəkarlardandır.
-
80 yaş yaradıcı insan üçün nə deməkdir?
-
Yaşa dolmaq sevincimiz demək deyil.
Düşünürsən ki, ömürdən bir il də
getdi... Bəstəkarlıq çox çətin
sənətdir. Hər gün çalışırıq,
yenə də vaxt çatmır. Gecə yatanda yuxuya getmək
də çox çətin olur. Bəlkə başqaları
üçün gecələr istirahətdir, amma bizim ən
darıxdığımız vaxt gecədir.
Öyrənmək üçün bəstəkara çox
uzun illər lazımdır. Biz yazdıqlarımızı
həmişə obrazla, hisslə, duyğuyla
əlaqələndiririk. İnsanların psixologiyası,
romantikası bəstəkarda böyük təsir yaradır.
Gözəl bir musiqiyə qulaq asandan sonra insan mütləq
nəsə yazmaq istəyir. Əlbəttə, yaş
gəldikcə insan kədərlənir. Ona görə ki,
həyatın bütün nemətlərini
görməmisən, dahi insanlarla az-az təmasda olmusan,
çox şeydən imtina etmisən. Allah bizə ömür
verib, ancaq bu, yenə azdır. Çünki
həyatımızın çox hissəsini
çalışmağa həsr edirik. Nə zaman ki, insan
püxtələşir, var gücüylə
çalışmaq istəyir, onda da... Ancaq nə etmək
olar? Bu, həyatın qanunudur. Yaranan bir gün getməlidir.
Bununla əlaqədar heç vaxt yaşı qeyd
eləmirəm. Allah bəstəkara nə qədər ömür
bəxş edirsə, o qədər yazmaq qabiliyyəti verir.
Bəstəkarın xoşbəxtliyi odur ki, yaşa dolduqca
onun duyğuları daha da zənginləşir, yazmaq
imkanları genişlənir. Xoşbəxtliyimiz odur ki,
yaşca qocalsaq da, sənətdə qocalmırıq. İnsan
hər bir şeyə marağını itirirsə, demək,
onda qocalır. Bethovenin gözləri kor, qulağı kar
ola-ola 9-cu simfoniyanı yazıb. O, bu əsəri daxili
duyğuları hesabına yaradıb. Verdi ən gözəl
əsərlərini 90 yaşına qədər yazıb.
Stravinski 64 yaşında Moskvaya gəlmişdi. Mən onu
səhnədə görmək üçün Moskvaya getdim.
Bu mənimçün böyük xoşbəxtlik idi.
Sənətin gözəlliyi bizi belə
ovsunlamışdı. Biz adi musiqiçi olmaq, adi
əsərlər yazmaq istəmirdik.
-
Yubileyinizi təntənə ilə qeyd etdinizmi?
-
Çox təəssüf ki, yubileyim heç kəsin
yadına düşmədi. Mən bəstəkar olmaq
üçün bütün ömrümü həsr
eləmişəm. Mən 7 simfoniyanın, 2 baletin, 7 konsertin,
oratoriyaların, süitaların, musiqili komediyaların,
çoxlu mahnının müəllifiyəm. Ancaq
Bəstəkarlar İttifaqı mənim yubileyimi qeyd
eləmədi. Bu laqeydliyə baxmayaraq, həvəsdən
düşmürəm. Yenə də yazıb yaradıram.
-
Bir bəstəkar kimi ömür yolunuza nəzər salanda
razı qaldığınız, yoxsa gileyləndiyiniz
məqamlar çoxdur?
-
Özümü dünyanın xoşbəxt adamlarından
biri sayıram. Ona görə ki, sənətimi düzgün
seçmişəm. Mən musiqiyə təsadüfi
gəlməmişəm. Sonralar özümü yoxlayanda
görmüşəm ki, başqa bir sənətə bundan
artıq sevgi göstərə bilməzdim. Nəticələr
də odur ki, simfoniyalar, oratoriyalar, baletlər, konsertlər,
müxtəlif mahnılar, romanslar və başqa
əsərlər yazmışam. Mahnılarım
məşhur müğənnilərin ifasında
səslənir. Gec də olsa, professor adı almışam.
Gec-tez haqq öz yerini tapır. İnsan yersiz nəyəsə
nail olanda onun gözəlliyi o qədər hiss olunmur. Budur
insanın xoşbəxtliyi. İnsan bir ev tapıb
yaşayır, aldığı maaşla birtəhər
dolanır. Əsas odur ki, cansağlığı olsun. Mən
heç vaxt narazı olmuram. Fəxri ad almaq sevindirici
haldır, almamaq isə faciə deyil. Zəhmət heç
vaxt hədər getməyəcək. Mən ancaq sevinci
axtarıram. Nə iş görmüşəm, nəyə
nail olmuşam? Allahdan ancaq cansağlığı
arzulayıram. Vaxtım çatmadığından imtina
etdiyim gözəllikləri, həyatın nemətlərini
duymaq istəyirəm. Bizə çox gözəl
işləmək tərbiyəsi veriblər.
Puşkin, Mikayıl Müşfiq, Səməd Vurğun,
Hüseyn Cavid kimi dahi adamlar həyatdan çox erkən gedib,
fantaziyalarını axıradək həyata keçirə
bilməyiblər. Bu xoşbəxtlikdir ki, biz hələ
yaşayırıq. Qoy insanlar xırda şeylərə fikir
verməsinlər, vaxtlarını boş şeylərə
sərf etməsinlər, bir-birlərinin qəlbini
incitməsinlər. Aldığımız tərbiyəyə
uyğun məsləhət vermək borcumuzdur.
Müəllimlərimiz də bizə bu məsləhəti
veriblər. Mən özümü hələ də
tələbə kimi aparıram, çünki bizi belə
tərbiyə ediblər. Qoy gələcək nəsil musiqini
əyləncəyə çevirməsin. Musiqi
əyləncə deyil, insanın mənəvi
dünyasıdır.
-
Ömrün qısalığına baxmayaraq, insan
həmişə çalışır. Bəs
gördüyü işlərdən
fərəhlənməyə nə zaman vaxt tapır?
-
Biz hamımız bu dünyada qonağıq. Rəhmətlik
Mirzə Babayev Xuraman Vəfanın sözlərinə
yazdığım bir mahnını oxuyurdu: "Əzrayıl
qapını döyəndə heç kim kömək edə
bilmir. Yəni axırı ölümdür". Hamı
həyatda bir iş görməyə çalışır.
Həyatda boş-boş, mənasız yaşayıb
gedənlər də olur. Biz insanlara nə qədər xeyir
veririk, onu bilmirik. Fərəh hər bir anda olur. Mən o
fərəhi hər gün tapıram. Fərəhi hər bir
akkordda, hər bir intonasiyada tapmaq olur. İşimin
yaxşı nəticəsi olanda məndə
əhval-ruhiyyə yaranır və şad oluram. Elə bir
günüm də olur ki, yeni bir şey tapa bilmirəm, onda
bütün günü bədbin oluram. Hər mahnıda yeni
bir söz deməlisən. Onda fərəh yaranır. Mən
akademiyada işlədiyim üçün Azərbaycanın
bütün bölgələrində olmuşam. Xalq
mahnılarını toplayıb məcmuə halında
dərc etdirmişik. Oyun havaları və
mahnılarını, Azərbaycan muğamlarını, vokal
dəstgahlarını nota salmışam. Moskvanın
yaradıcılıq evində böyük bəstəkarlar
üçün muğam çalıb onlara saatlarla muğam
haqqında söhbət açanda mən o fərəhi
duymuşam. Nota saldığım muğamları
İngiltərə, Amerika, Türkiyə və başqa
ölkələrdən sifarişlə alıblar.
Muğamları və köməkçi muğamları
instrumental formada, bir də partitura şəklində
yazmışam. Yeni əsərlərim çoxdur. Ancaq, heyif
ki, bu əsərlər səslənmir. Televiziya kanalları
efirdə yalnız "təlxək"lərə meydan
verir. Biz nə qədər yeni əsərlər yazsaq da, xeyri
yoxdur. Xalq bizim əsərlərimizi eşitmək
imkanından məhrumdur. Efirdən yalnız
peşəkarlıqdan uzaq əsərlər səslənir.
Xalqın mənəvi dünyasını korlayırlar. Burada
zərər xalqındır. İndi oxuyanlar çoxalıb.
Heç birinin də səsi yoxdur. Mikrofon gücünə
oxuyurlar. O adam efirə çıxmalıdır ki, xalqa
dərs versin. Dərin bir sənəti primitivləşdirməyə
heç kəsin haqqı yoxdur. Bu, biz bəstəkarları
çox narahat edir. Axır zamanlar televiziya kanallarının
səviyyəsi aşağı düşüb.
Müəyyən məqsədlərlə
gecə-gündüz indiki "ulduz"ları
səsləndirirlər. Musiqi aləmi şadlıq evlərinə,
restoranlara qulluq edir. Müğənnilər professional
bəstəkarlarla işləməkdən
çəkinirlər. Onlar müvəqqəti
populyarlıqlarını itirməkdən qorxurlar.
Bəziləri yersiz halda özlərini dahi
adlandırırlar. İnsan özünü nə
qədər balaca saysa və bilsə ki, hələ
öyrənmədiyi dəryalar var, onda inkişaf daha da
yaxşı olar. Yox, əgər bilsə ki, artıq hər
şeyə nail olub, bu onun zəifliyidir.
-
Sizcə, bu gün yaranan bayağı musiqilərin
cəmiyyətə hansı zərərli təsiri var?
-
Musiqi insanı formalaşdırır, onda zəngin duyğular
tərbiyə edir. Musiqi insanın mənəvi
dünyasıdır. Bayağı musiqilər keçmişdə
də olub, amma bu səviyyədə yox. Axır zamanlar
uşaqların, gənclərin restoranlarda
yığışaraq saldıqları
çığır-bağır televiziya kanallarında
göstərilir. O tamaşaçılar arasında bircə
nəfər də sanballı adam olmur. Orada aşağı
səviyyəli adamlar toplaşır. Restoranlarda
səsləndirilənlərin heç biri musiqi deyil. Bu
sahədə təcrübəsi olan bir insan kimi bu sözü
deməkdə səhv edə bilmərəm. Mən 40 il
Moskvada Yaradıcılıq Evində məşğul
olmuşam. Çox böyük dahi bəstəkarlar
görmüşəm, onların əsərlərini
dinləmişəm. İndiki musiqilərin heç biri yadda
qalmır. Bunun çox zərərli təsiri ola bilər.
Xalqın indiyədək qoruduğu ənənələr
heçə gedir. O vaxt Üzeyir bəy radioda yaxşı bir
veriliş səsləndirilməyəndə tez sədrə
zəng vurub verilişi saxlatdırırdı. Ona görə
yox ki, paxıllıq edirdi. Ona görə ki, bu veriliş
xalqın səviyyəsinə pis təsir göstərə
bilərdi. Əfsus ki, bu gün bizim buna gücümüz
çatmır. Biz o zaman gözəl musiqişünaslara qulaq
asardıq. Mən sizə açığını deyim:
musiqidə millət məsələsi yoxdur. Biz yüksək
insan yetişdirmək arzusunda olmalıyıq. Yüksək
insan millətini böyüdə bilər,
şöhrətləndirər. Biz həmişə
görkəmli şəxsiyyətlərdən dərs
almışıq. Moskvada oxuyanda dərs aldığım
müəllimlər heç vaxt bizim milliyyətimizlə
maraqlanmırdılar. Onları maraqlandıran bizim hansı
qabiliyyətə malik olmağımız idi. Biz də
onların etimadını doğrultmaq üçün gecə-gündüz
çalışırdıq.
-
Hazırda nə yazırsınız?
-
Dörd ildir ki, "Şeyx Sənan" baletini başa
çatdırmışam. Ancaq əhəmiyyət verən
yoxdur. Bu əsərlə bağlı Mədəniyyət
və Turizm Nazirliyi ilə də müqaviləm var. Opera
və Balet Teatrı isə əsərlə maraqlanmır.
Əsərin səhnələşdirilməsi
üçünsə sponsor axtaranlardan deyiləm. Bu mənim
xarakterimə uyğun deyil. Mən bütün
ömrümü musiqiyə həsr etmişəm. Bundan sonra
da nə qədər ömrüm var, yazıb yaradacağam.
Məni yaşadan budur.
Mövqe.- 2009.- 10-12 yanvar.- S. 13.