Rasimoğlu A.
Azərbaycan beynəlxalq tədbirlərin mərkəzinə, sammitlər şəhərinə və qlobal layihələrin təşkilatçısına çevrilib
Son illər yüksək sürətli inkişafı ilə güclü dövlətə çevrilmiş Azərbaycan regional layihələrin iştirakçısı olmaqla yanaşı, təşkilatçı funksiyasını da artırmışdır. Ölkəmizdə bəşəriyyəti daim narahat edən problemlərlə əlaqədar beynəlxalq konfransların təşkil edilməsi, mədəniyyətlərarası siyasi dialoqları ehtiva edən, iqtisadi əməkdaşlığa rəvac verən forumların keçirilməsi, mötəbər toplantılara ev sahibliyi edilməsi həm də Azərbaycanın xarici aləmdəki nüfuzunun, gücünün göstəricisidir. Ötən il respublikamızda təşkil olunmuş beynəlxalq tədbirlər iqtisadiyyat, elm və təhsil, siyasət sahələrini əhatə etməklə bahəm, sivilizasiyalararası dialoqu reallaşdıran qlobal sosial problemlərin müzakirəsindən də kənarda qalmadı.
Azərbaycan ümumbəşəri problemlərlə mübarizənin önündədir
Respublikamız ümumbəşəri sosial bəla olan korrupsiyaya qarşı məqsədyönlü mübarizə aparır, bu sahədə kompleks tədbirlər görür. Ölkəmizin Birləşmiş Millətlər Təşkilatının dəstəyi ilə yaradılmış Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının təşkilatçılarından biri olması, dünyanın 140-dan çox dövlətini birləşdirən bu qurumun Çində keçirilmiş təsis konfransında Azərbaycanın ədliyyə nazirinin assosiasiyanın vitse-prezidenti seçilməsi respublikamızın bu sahədə mövcud olan problemlərin həllində əldə etdiyi uğurlardan xəbər verir. Ölkəmizin ümumbəşəri sosial problemə qarşı mübarizədə fəal iştirakı nəzərə alınaraq Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının rəhbər orqanı olan icraiyyə komitəsinin 2008-ci ilin martın 31-də Bakıda iclası keçirildi. İclasda mühüm təşkilati məsələlər müzakirə olunaraq quruma yeni üzvlər qəbul edildi və növbəti tədbirlərin keçirilməsi mexanizmləri ətrafında fikir mübadiləsi aparıldı. 15 ölkədən 30-dan çox nümayəndə, o cümlədən Şimali İrlandiya, İndoneziya, Ukrayna, Çinin prokurorluq orqanlarının rəhbərləri və digər rəsmi şəxslərin iştirak etdiyi konfransda Azərbaycanın korrupsiyaya qarşı mübarizənin önündə getməsi bəyan edildi.
İcraiyyə Komitəsi iclasının 31 mart Azərbaycanlıların Soyqırımı Gününə təsadüf etməsi erməni vəhşiliyi qurbanları haqqında assosiasiya nümayəndələrinin dolğun məlumatlandırılması baxımından da xüsusi əhəmiyyət kəsb etdi. Qonaqlara ölkəmiz barədə hazırlanmış dolğun məlumatlar, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatları, respublikamızın qazandığı yüksək nailiyyətləri, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri əks etdirən jurnal təqdim olundu. Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının prezidenti Szya Çunvan Prezident İlham Əliyevlə görüşündə Azərbaycanın son illərdə böyük nailiyyətlər əldə etdiyini bildirdi. O, qeyd etdi ki, dinamik inkişafa nail olmuş respublikamız dünya birliyində öz mövqelərini xeyli gücləndirmişdir.
İnsan hüquqlarının qorunması başlıca meyardır
Ölkəmizin
sivil dövlət quruculuğu prosesində əldə etdiyi
müvəffəqiyyətlər sosial-iqtisadi inkişafla
paralel olaraq demokratik təsisatlara, insan hüquq və
azadlıqlarının qorunmasına xüsusi diqqət
ayrılması ilə əlaqədardır. Ötən il
aprelin 7-də Bakıda Siyasi Məhbus Problemləri
üzrə Şuranın, İnsan Hüquqları - XXI əsr Azərbaycan Fondunun,
Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi
İctimai Birliyinin Bolqarıstanın Məhbusların
Reinteqrasiyası Assosiasiyasının dəstəyilə
"Azərbaycanda siyasi hüquqların müdafiəsi"
mövzusunda keçirilən beynəlxalq konfrans da elə bu
məqsədə xidmət edirdii. Dünyanın 27 inkişaf etməkdə olan
ölkəsindən 70-dən çox tanınmış
ekspert və hüquqşünasın, Avropa Şurasına
üzv olan 16 dövləti təmsil edən deputatların
və Azərbaycanın rəsmi qurumlarının
nümayəndələrinin qatıldığı
tədbirdə hüquq və məhkəmə islahatlarının mövcud durumu,
müdafiəsi məsələlərinə dair
müzakirələr aparıldı. Konfransda
məhkəmə islahatlarının perspektivləri, söz
və mətbuat azadlığının qorunması, siyasi
hüquqların müdafiəsi müzakirəyə
çıxarıldı və gələcəkdə bu
istiqamətdə görüləcək
işlər müəyyənləşdirildi. Tədbir
iştirakçıları bildirdilər ki, müasir
dövrdə insan hüquqlarının qorunmasının vacib
məsələ olması, azadlıqların təminatı
Azərbaycanın önəm verdiyi məsələlərdir.
Müstəqil respublikamızın tarixində ilk dəfə
olaraq 1995-ci ildə qəbul olunmuş Konstitusiyada 50-yə
yaxın maddə məhz insan hüquq və azadlıqları
ilə bağlıdır. Ötən dövrdə insan
hüquqlarına dair 6 Konstitusiya qanunu qəbul olunub.
Konfransda "Konstitusiya təminatı, mülki və siyasi hüquqların müdafiəsi", "Mülki və siyasi hüquqların idarə olunması və bərqərar edilməsi istiqamətində beynəlxalq sənədlərə müqayisəli baxış, onların Azərbaycan qanunvericiliyində həyata keçirilməsi", "Əsas hüquq və azadlıqların müdafiəsində Konstitusiya Məhkəməsinin rolu və təcrübəsi", "Azərbaycanda məhkəmə sisteminin inkişafı", "Azərbaycanda KİV-in fəaliyyətinin hüquqi əsasları" mövzularında məruzələr dinlənildi. Qonaqlara məlumat verildi ki, 1993-cü ildən Azərbaycanda demokratiyanın inkişafı, insan hüquqlarının qorunması işlərinə başlanılmış və yaxşı nəticələr əldə edilmişdir.
Prezident İlham Əliyevlə görüşən beynəlxalq konfrans iştirakçıları - Almaniya Bundestaqının üzvü Eduard Lintner, İspaniya senatoru Pedro Aqramunt, Belçika senatoru Pol Vil və bu ölkənin parlamentində Belçika-Azərbaycan dostluq qrupunun sədri Alen Desteksi bildirdilər ki, Azərbaycanı daha yüksək demokratik səviyyəyə qaldırmaq üçün vacib və uğurlu addımlar atılır. Hazırda qeyri-neft sektorunda və regional əməkdaşlığın şaxələndirilməsi sahəsində işin aparılması ilə yanaşı, enerji amili gələcək illər ərzində də respublikamızın iqtisadi inkişafını, eyni zamanda, regional əməkdaşlığı şərtləndirəcək.
GUAM-ın gələcək fəaliyyət istiqamətləri diqqət mərkəzindədir
Beynəlxalq təşkilatlar sırasında mövqeyini gücləndirmiş GUAM-ın fəaliyyət perspektivləri, eyni zamanda, təşkilata üzv dövlətlərdə mövcud olan münaqişələrə münasibət Azərbaycanın bu birliyə sədrlik etdiyi 2008-ci ildə də xüsusilə diqqət mərkəzində saxlanıldı. Ötən il təşkil edilən tədbirlər beynəlxalq təşkilatın növbəti mərhələ üçün nəzərdə tutulmuş fəaliyyət istiqamətlərinin geniş müzakirəsinə imkanlar yaratdı. Aprelin 15-də Bakıda "GUAM dövlətlərinin ərazilərində münaqişələrin həllinin prinsipial əsasları" mövzusunda işə başlayan beynəlxalq konfransın məqsədi dövlət başçılarının qərarlarının yerinə yetirilməsi və üzv ölkələrin mövqeyinə geniş beynəlxalq ictimai dəstəyin səfərbər edilməsi, habelə münaqişələrin sülh yolu ilə həlli istiqamətində göstərilən səylərə impuls verməkdən ibarət idi. Toplantının işində birliyə üzv dövlətlərlə yanaşı, ABŞ, Türkiyə, Böyük Britaniya, Almaniya, İsrail, Polşa, Rumıniya, Avstriya və Baltik regionundan, ümumilikdə 15 ölkədən nümayəndənin iştirak etməsi bu təşkilata olan marağın artmasını sübut etdi.
Ukraynanın Azərbaycandakı səfiri Stepan Volkovetski, Gürcüstanın reinteqrasiya üzrə dövlət nazirinin müavini Dmitri Mandcavidze, Moldovanın reintqerasiya üzrə dövlət nazirinin müavini İon Stevila GUAM çərçivəsində münaqişələrin həlli istiqamətində aparılan müzakirələrin nəticəsi olaraq Azərbaycanın, Gürcüstanın və Moldovanın ərazi bütövlüyünün təmin edilməsi vacibliyini vurğuladılar. Xarici ölkələrin rəsmiləri qeyd etdilər ki, Dağlıq Qarabağ, Cənubi Osetiya, Abxaziya və Dnestryanı münaqişələr ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Azərbaycan, Gürcüstan və Moldovanın ərazilərində mövcud olan qeyri-qanuni hərbi qüvvələr bu dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və siyasi müstəqilliklərinə, habelə tammiqyaslı demokratik islahatlara, Avratlantik strukturlara inteqrasiya proseslərinə mənfi təsir göstərir. Bakı konfransı GUAM ölkələrinin münaqişələrinin həllinə dair ortaq mövqeyini bir daha sübut etdi.
GUAM ölkələri təbii-coğrafi mövqeyinə görə Avropa ilə Asiya arasında təbii dəhliz təşkil etdiyindən bu, xalqlar və dövlətlər arasında ticarətin, normal dialoqun inkişafına mane olan sədlərin aradan qaldırılmasında mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın təşkilata sədrliyi çərçivəsində aprelin 29-da Bakıda işə başlayan "Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM-Tranzit" mövzusunda iki günlük beynəlxalq konfrans quruma üzv ölkələrin tranzit dəhlizinin hazırkı vəziyyəti, onun potensialının təkmilləşdirilməsi, inkişaf perspektivlərinin təmin edilməsinə beynəlxalq dəstək və sərmayənin cəlb olunmasına dair müzakirələrin təşkili məsələsinə həsr edilmişdi. Avropa, Orta Asiya ölkələri, Çin Xalq Respublikası, Yaponiya, Koreya Respublikası, Baltikyanı ölkələrin, Avropa İttifaqına daxil olan dövlətlərin nəqliyyat üzrə təşkilatlarının təmsilçilərinin, hökumət nümayəndələrinin qatıldığı tədbir GUAM-ın dünya birliyinə uğurlu inteqrasiyasının göstəricisi idi. Konfransda, eyni zamanda, birliyə üzv ölkələrin ərazisindən keçən nəqliyyat dəhlizlərinin inkişafı, həmin sektorda həyata keçirilən iri layihələrlə bağlı təqdimatlar keçirildi, bu sahənin inkişafına dair müzakirələr aparıldı.
Bakı konfransında GUAM ölkələrinin nəqliyyat nazirlərinin müavinləri səviyyəsində keçirilmiş işçi qrupunun iclasında əvvəlki qərarların icrası, həmin sahə üzrə əlaqələrin genişləndirilməsi və cari məsələlərə xüsusi diqqət ayrıldı. Toplantıda münaqişələrin mənbəyi, səbəbi və nəticələri, dövlətlərin ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyinetmə hüququ, münaqişələr zamanı güc tətbiq etməklə ərazilərin işğalı, səmərəli nəzarət və beynəlxalq hüquq məsuliyyətinə dair məruzələr dinlənildi, problemlərin həlli yolları araşdırıldı, inkişaf perspekitvləri müzakirə olundu
Demokratiya və sabitlik naminə əməkdaşlıq
Azərbaycan demokratik dəyərlərin inkişafının yüksək göstəricisinə malik ölkədir, burada demokratiya insanların daxilindən gələn hissdir və həmin dəyərlərə yüksək hörmətlə yanaşılır. Cənubi Qafqazın lider dövləti olan Azərbaycanda daimi sabitlik və əmin-amanlıq şəraitində demokratik təsisatlar sürətlə inkişaf edir. Bu fikirlər mayın 7-də Bakıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illik yubileyinə həsr edilmiş "Demokratiya və sabitlik naminə: əməkdaşlığın yeni imkanları" mövzusunda keçirilən beynəlxalq konfransda səsləndirildi. Dünyanın 33 ölkəsindən 60-dan çox nümayəndənin qatıldığı tədbirdə ABŞ-ın Demokratlar Partiyasının sədr müavini Susan Törnbul, Almaniyanın keçmiş dövlət katibi, Almaniya-Azərbaycan Forumunun sədri Otto Hauser, Macarıstan Milli Elmlər Akademiyası Siyasi Elmlər İnstitutunun professoru Cozef Bayer, Fransa Milli Assambleyasının üzvü Terri Marianin, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq şöbəsinin müdiri Çen Fensyan, İndoneziya Parlamentinin Nümayəndələr Palatasının üzvü Ati Suqandi, Belçika Senatının üzvü Alan Disteksi, ABŞ-ın Luiziana ştatından Respublikaçılar Partiyasının sədri Rocer F Viller, Moldova Elmlər Akademiyasının prezidenti George Duka, Əfqanıstan Elmlər Akademiyasının Regional Tədqiqatlar Məkəzinin direktoru Gafur Lival və başqaları iştirak edirdilər.
Almaniya Bundestaqının Xarici siyasət komissiyasının, Almaniyanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Eduard Lintner respublikamızın demokratik dəyərlərin inkişafı ilə bağlı Avropa Şurası ilə uğurlu əməkdaşlıq etdiyini diqqətə çatdırdı. Tədbirin təşkilinin bu əməkdaşlığın nəticəsi kimi vurğulayan E.Lintner bildirdi ki, Azərbaycan torpaqlarının işğal altında olması beynəlxalq hüquq normalarının pozulmasına gətirib çıxarıb. O, bütün dövlətləri işğal olunmuş Azərbaycan torpaqlarının azad olunmasına səy göstərməyə çağırdı.
Küveyt Universitetinin ictimai elmlər fakültəsinin siyasi elmlər departamentinin rəhbəri, professor Əbdül-Reda-Asiri Azərbaycanda gedən proseslərin ölkəsində və dünyada yaxından izlənildiyini bildirdi. Respublikamızın müstəqilliyini bərpa etdikdən sonra bir çox problemlərlə üzləşdiyini xatırladan qonaq qeyd etdi ki, ilk illər müstəqil siyasət, xarici əlaqə yox idi. Heydər Əliyev hakimiyyətə gələndən sonra onun ciddi səyi, mətinliyi sayəsində Azərbaycan xarici dövlətlərlə normal və sağlam əlaqələr qurdu, iri iqtisadi layihələr reallaşdırmağa başladı. Küveytlilər separatizmin nə olduğunu başa düşürlər və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər.
Moldova Elmlər Akademiyasının prezidenti George Duka Azərbaycanda gedən quruculuq işlərini yüksək qiymətləndirərək əldə olunan nailiyyətləri ulu öndər Heydər Əliyevin xidmətləri ilə əsaslandırdı. Məhz bu uzaqgörən siyasətçinin məharəti nəticəsində Azərbaycan müstəqilliyini qoruyub saxlaya bilmişdir.
"Demokratiya və sabitlik naminə: əməkdaşlığın yeni imkanları" konfransında Azərbaycan diasporunun da fəaliyyətinə toxunuldu. Latviya-Azərbaycan parlamentlərarası əməkdaşlıq qrupunun sədri Oleq Denisovs ölkəsindəki Azərbaycan diasporunun fəaliyyətini yüksək qiymətləndirərək icma və birliklərimizin imkanları daxilində iki dövlət arasındakı səmərəli siyasi, iqtisadi və mədəni münasibətlərin yaranmasına, inkişafına töhfə verdiyini bildirdi. Hindistan Milli Konqresinin üzvü Salman Xurşid Avropanın regional münaqişələrdən əziyyət çəkdiyini söyləyərək hamılıqla birləşib dünyada mövcud problemlərin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə çalışmağın vacib olduğunu bəyan etdi. O, bildirdi ki, Hindistan birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağ münaqişəsinin respublikamızın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır.
Ümummilli lider Heydər Əliyevi Ukraynanın yaxın dostu adlandıran Ukrayna Ali Radasının üzvü, "Bizim Ukrayna" Xalq Birliyi Partiyası sədrinin müavini Zinovi Şkutyak xatırlatdı ki, məlum Çernobıl hadisəsinə ən əvvəl ciddi reaksiya verən, bununla bağlı ilk çıxış edən Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev olmuşdur. Uzaqgörən xadim Heydər Əliyev GUAM-ı yaratmaqla, əslində, bu təşkilata üzv dövlətlərin demokratikləşməsinə və inkişafına təkan verdi. Sevindirici haldır ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə Ukrayna Prezidenti Viktor Yuşşenko arasında dostluq münasibətləri mövcuddur.
Belarus Milli Məclisi Nümayəndələr Palatasının əmək və sosial müdafiə məsələləri komissiyasının sədri, Belarus-Azərbaycan dostluq qrupunun sədri Sergey Kamanetski iki dövlət arasındakı əlaqələrin dinamikasından bəhs edərək Azərbaycanın indiki uğurlarında Heydər Əliyevin əvəzedilməz tarixi rolunun mövcud olmasından bəhs etdi. Tacikistan Demokratik Xalq Partiyası sədrinin birinci müavini Davlatali Davlatzod bildirdi ki, Tacikistanla Azərbaycan xalqlarını ta qədimdən dostluq və əməkdaşlıq telləri birləşdirir. Taciklər ulu öndər Heydər Əliyevin siyasi xəttini ardıcıl davam etdirən Prezident İlham Əliyevin sayəsində Azərbaycanın qazandığı uğurlara ürəkdən sevinirlər.
Vyetnam Xarici İşlər Komissiyasının departament direktorunun müavini Le Hoa Than, Əfqanıstan Elmlər Akademiyasının Regional Tədqiqatlar Mərkəzinin direktoru Gafur Lival Bakı konfransının sivilizasiyalar arasındakı dialoqun inkişafında, dünyada sülhün və sabitliyin bərqərar olmasında əhəmiyyətindən, Pakistanın Strateji Elmlər İnstitutunun eksperti Meşviş Sara isə Azərbaycanın terrorizmə qarşı mübarizədə xüsusi rol oynamasından bəhs etdilər.
"Demokratiya və sabitlik naminə: əməkdaşlığın yeni imkanları" konfransının əhəmiyyətini yüksək qiymətləndirən qonaqlar bu cür tədbirlərin ayrı-ayrı dövlətlərdə deyil, bütövlükdə, qloballaşan dünyada sabitliyin təmin olunmasında və demokratiyanın inkişafında mühüm rol oynadığını diqqətə çatdırdılar. Bakı konfransı təkcə demokratik dəyərlərin deyil, həm də ölkələr arasında iqtisadi, siyasi əlaqələrin genişləndirilməsinə töhfə verdi.
Prezident İlham Əliyev konfrans iştirakçıları ilə görüşündə beynəlxalq tədbirin ulu öndər Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü ərəfəsində keçirildiyini bildirərək bunun rəmzi xarakter daşıdığını dedi. Dövlət başçısı qeyd etdi ki, məhz ulu öndərin rəhbərliyi altında Azərbaycan 1993-cü ildən başlayaraq həm demokratik inkişaf, həm də sabitliyin möhkəmləndirilməsi, tam şəkildə bərqərar olması baxımından çox böyük uğurlar əldə etmişdir. Dağıstan hökumətinin sədri, "Yedinaya Rossiya" Partiyasının Ali Şurasının üzvü Şamil Zeynalov, Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini, Böyük Millət Məclisinin üzvü Haluk İpək, Fransa Milli Assambleyasının üzvü Terri Mariani Bakı konfransının demokratik dəyərlərin inkişafında mühüm rol oynayacağını qeyd etdilər.
Son illər yüksək sürətli inkişaf nəticəsində güclü dövlətə çevrilmiş respublikamız regional layihələrin iştirakçısı olmaqla yanaşı təşkilatçı funksiyasını da artırmışdır. Ölkəmizdə bəşəriyyəti daim narahat edən problemlərlə əlaqədar beynəlxalq konfransların təşkil edilməsi, mədəniyyətlərarası siyasi dialoqları ehtiva edən, iqtisadi əməkdaşlığa rəvac verən forumların keçirilməsi, mötəbər toplantılara ev sahibliyi etməsi həm də Azərbaycanın xarici aləmdəki mövcud nüfuzunun, gücünün göstəricisidir. Ötən il respublikamızda təşkil olunmuş beynəlxalq tədbirlər iqtisadiyyat, elm və təhsil, siyasət sahələrini əhatə etməklə bahəm sivilizasiyalararası dialoqu reallaşdıran qlobal sosial problemlər də diqqətdən kənarda qalmadı.
Qlobal savadlılığın dəstəklənməsi
Azərbaycan qlobal savadlılığın dəstəklənməsində yaxından iştirak edərək bu prosesə öz töhfəsini verir. Mayın 14-də "Avropada subregional çərçivədə savadlılıq problemlərinə baxış: tərəfdaşlıq əlaqələrinin qurulması və innovativ yanaşmaların tətbiqinə dəstək" mövzusunda keçirilən Bakı konfransı qlobal savadlılığın dəstəklənməsinə yönəlmiş regional və subregional YUNESKO konfranslarının davamı idi. Avropanın 31 ölkəsini əhatə edən tədbir dünya miqyaslı layihələr sırasında xüsusi əhəmiyyət kəsb edirdi.
YUNESKO-nun, Heydər Əliyev Fondunun və respublika Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən konfrans Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdı. Konfransda YUNESKO-nun baş direktoru Koişiro Matsuura, Hollandiya şahzadəsi xanım Laurentien, YUNESKO-nun xoşməramlı səfirləri - İordaniya şahzadəsi xanım Ferial və İslandiyanın sabiq prezidenti xanım Viqdos Finboqadottir, habelə bir sıra ölkələrin təhsil nazirləri, çoxsaylı mütəxəssisləri, diplomatik korpusun nümayəndələri iştirak edirdilər. Bu, milli, regional və beynəlxalq səviyyələrdə savadlılığın təşviq edilməsinə yönəlmiş birgə səylərin nəticəsi idi.
Tədbirdə Heydər Əliyev Fondunun YUNESKO ilə əlaqələrini genişləndirməkdə davam etdiyi vurğulandı. Qeyd olundu ki, Heydər Əliyev Fondu bir sıra birgə layihələr və proqramlar həyata keçirir. 2007-ci ildə ölkəmizdə peşə təhsilinin inkişafı ilə bağlı layihənin həyata keçirilməsi haqqında YUNESKO, Azərbaycan hökuməti və Heydər Əliyev Fondu arasında saziş imzalanıb. YUNESKO-nun baş direktoru Koişiro Matsuura YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsilin, mədəniyyətin, sülhün və dialoqun inkişafında əlahiddə rolunun olduğunu bəyan etdi. Təhsilin inkişafına göstərdiyi qayğıya görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirən Hollandiya şahzadəsi xanım Laurentien Avropada bu sahədə həllini gözləyən çoxsaylı problemlərin mövcudluğundan söhbət açdı.
Azərbaycan modernləşmə yollarında
Ölkəmiz modernləşmə yollarını müəyyən edərək demokratiya xəttini respublikanın inkişafının əsas vektoruna və milli strategiyanın həlledici amilinə çevirməyə çalışır. Vətəndaş cəmiyyətinin, habelə iqtisadiyyatın modernləşməsi, ictimai məkanın demokratikləşməsi, milli məkanın sistemli liberallaşmasının formalaşdırılması milli strategiyanın əsas prioritetidir. Mayın 23-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin və Böyük Britaniyanın Konfliktlər və Dövlət Quruculuğu üzrə London İnformasiya Şəbəkəsinin (LİNKS) təşkilatçılığı ilə "Azərbaycan-2008: modernləşmə yollarında" mövzusunda keçirilən beynəlxalq konfransın təşkil edilməsində məqsəd Azərbaycanın inkişaf strategiyasında sabitləşmədən modernləşməyə doğru gedən yolu və beynəlxalq aləmdə ölkənin tutduğu siyasət xəttini, onun əsas prioritetlərini ətraflı müzakirə etməkdən ibarət idi.
Böyük Britaniyanın Konfliktlər və Dövlət Quruculuğu üzrə London İnformasiya Şəbəkəsinin icraçı direktoru Dennis Sammut Azərbaycanda aparılan iqtisadi siyasət nəticəsində ölkənin yeni tarixi mərhələyə qədəm qoyduğunu bəyan etdi. O bildirdi ki, bu gün qloballaşan dünyada artan neft gəlirləri ölkələrin iqtisadi siyasətinin müəyyənləşməsində həlledici rol oynayır. Azərbaycan hökumətinin qarşısında yeni imkanlar yaranıb. Neftlə zəngin Azərbaycan iqtisadiyyatını daha da inkişaf etdirmək məqsədilə bu gəlirlərdən səmərəli istifadə edir.
Ölkəmiz mədən sənayesində şəffaflıq təşəbbüsünə qoşulmuş ilk ölkələrdən biridir, neft gəlirlərinin xərclənməsi baxımından uğurlu siyasət yürüdür. AFR Silahlı Qüvvələrinin Rəhbər Heyəti Akademiyası yanında Beynəlxalq Təhlükəsizlik Forumunun üzvü Yohannes Rao Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin strateji əhəmiyyətini vurğulayaraq bu layihənin respublikamız üçün ilk növbədə iqtisadi əhəmiyyət kəsb etdiyini dedi. Y.Rao Nabukko layihəsinin regionun iqtisadi inkişafında strateji əhəmiyyət kəsb etdiyini bildirərək onun "Yujnı potok" kəməri ilə rəqabətə davam gətirə biləcəyindən danışdı.
Enerji təhlükəsizliyi baxımından Azərbaycanı önəmli ölkə adlandıran türkiyəli siyasi şərhçi Cem Oğuz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bölgənin iqtisadi inkişafına əngəl törətdiyini qeyd etdi. O, Qərb ölkələrini bu məsələdə ədalətsiz mövqe tutmaqda, münaqişələrin həllinə ikili standartlarla yanaşmada günahlandırdı. Tədbirdə bir daha vurğulandı ki, Avropa və Azərbaycan arasında əlaqələr yalnız enerji sahəsində əməkdaşlıqla məhdudlaşmır. Respublikamız Avropa Şurasının və ATƏT-in üzvü kimi Avropa dəyərlərinə sadiqliyini təsdiqləmişdir. Lakin Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu ölkəmizdə bir sıra problemlər yaratmışdır. Münaqişənin sülh yolu ilə həlli ölkəmizin iqtisadi potensialını artıra, regionun daha parlaq gələcəyinə gətirib çıxara bilər.
Ümumbəşəri dəyərlərə töhfə verən Bakı konfransı
Müasir dövrdə sivilizasiyalar arasında dialoq qlobal səviyyədə bəşəriyyətin ən vacib ehtiyaclarından biridir. Son illər mədəniyyətlərarası dialoqa həsr edilmiş beynəlxalq forumların keçirilməsinin ənənəyə çevrilməsi Azərbaycanın öz siyasətində sivilizasiyaların dialoquna böyük önəm verməsinin bariz nümunəsidir.
İyunun 10-da Bakıda "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda ikigünlük beynəlxalq konfrans işə başladı. Heydər Əliyev Fondunun təşəbbüsü, YUNESKO və İSESKO-nun dəstəyi ilə dünyanın müxtəlif ölkələrindən 300-dən çox nümayəndənin, bir neçə dövlətin birinci xanımları, İSESKO-nun baş direktoru, YUNESKO-nun xoşməramlı səfirlərinin iştirak etdiyi tədbirin keçirilməsində əsas məqsəd müxtəlif ölkələrin və mədəniyyətlərin təmsilçilərinin bir araya gəlməsindən, sivilizasiyalararası dialoqa qadın mövqeyindən yanaşmaqdan ibarət idi. Tədbirdə çıxış edən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bildirdi ki, qadın potensialı mədəniyyətlərarası, sivilizasiyaların dialoqunun möhkəmlənməsində böyük rol oynayacaq.
İSESKO-nun baş direktoru Əbdüləziz Bin Osman Əl-Tübeycri BMT Baş Məclisinin qərarı ilə 2001-ci ilin sivilizasiyaların dialoqu ili elan olunması ilə mədəniyyətlərarası dialoq ideyasının yeni mərhələyə qədəm qoyduğunu xatırlatdı. O bildirdi ki, Bakıda keçirilən beynəlxalq forum ümumbəşəri mədəniyyətə, sülhə və əmin-amanlığa yeni töhfələr verəcək. Mədəniyyətlərarası dialoqların vacib məsələ olduğunu qeyd edən Polşanın birinci xanımı Mariya Kaçınski, Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğan, Latviyanın birinci xanımı Lilita Zatler Azərbaycan paytaxtını sivilizasiyalar arasındakı körpü, qonaqpərvərlik rəmzi adlandıraraq Heydər Əliyev Fondunun bu mövzuya ilk dəfə toxunmadığını qeyd etdilər. Tədbir iştirakçıları bildirdilər ki, Azərbaycanın bu foruma ev sahibliyi etməsi onun insan hüquq və azadlıqlarının, eyni zamanda qadın hüquqlarının qorunmasına verdiyi önəmin xüsusi göstəricisidir.
Almaniyanın Zigen Universitetinin professoru Eberhard Şnayder, Harvard Universitetinin doktoru Aişə Musa, Rusiya Federasiyası Federasiya Şurasının sədr müavini Svetlana Orlova forumun əhəmiyyətini yüksək qiymətləndirərək Azərbaycanın birinci xanımının təşəbbüsü ilə təşkil olunan bu tədbirin mədəniyyətlərarası dialoqun başlanğıcı olmaqla yanaşı bir sıra problemlərin həllinə imkan yaradacağını bəyan etdilər.
"Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda keçirilən beynəlxalq forum çərçivəsində təşkil olunan Gənclər Forumunda çıxış edən İKT-nin Dialoq və Əməkdaşlıq Uğrunda Gənclər Forumunun mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məsələləri üzrə birinci baş əlaqələndiricisi Leyla Əliyeva Azərbaycanın həm mədəniyyətlərarası dialoq, həm də qadınların inkişaf rəmzlərini təcəssüm etdirdiyini bildirdi. Leyla Əliyeva qeyd etdi ki, Azərbaycanda hələ qədim zamanlardan dini dözümlülük, müxtəlif mədəniyyətlərə və dinlərə böyük hörmət mövcud olub.
Son illər yüksək sürətli inkişaf
nəticəsində güclü dövlətə
çevrilmiş respublikamız regional layihələrin
iştirakçısı olmaqla yanaşı
təşkilatçı funksiyasını da
artırmışdır. Ölkəmizdə
bəşəriyyəti daim narahat edən problemlərlə
əlaqədar beynəlxalq konfransların təşkil edilməsi,
mədəniyyətlərarası siyasi dialoqları ehtiva
edən, iqtisadi əməkdaşlığa rəvac verən
forumların keçirilməsi, mötəbər
toplantılara ev sahibliyi edilməsi həm də
Azərbaycanın xarici aləmdəki mövcud nüfuzunun,
gücünün göstəricisidir. Ötən il respublikamızda
təşkil olunmuş beynəlxalq tədbirlər iqtisadiyyat,
elm və təhsil, siyasət sahələrini əhatə
etməklə bahəm sivilizasiyalararası dialoqu
reallaşdıran qlobal sosial problemlər də
diqqətdən kənarda qalmadı.
Dövlət
quruculuğunun meyarları
Azərbaycan Parlamentinin 90 illik yubileyi dünya
ölkələrinin ali qanunverici orqanları arasında
əlaqələrin genişləndirilməsi baxımından
mühüm əhəmiyyət kəsb edir. İyunun 19-da bu
münasibətlə keçirilən təntənəli
yığıncaqda iştirak edən Gürcüstan
parlamentinin sədri David Bakradze,
Qazaxıstan Senatının sədri Qasım Comərd Tokayev,
Pakistan Parlamenti Senatının sədri Mühəmmədmian
Sumro müstəqil Azərbaycan parlamentinin inkişaf etdirilməsində
görkəmli dövlət xadimi Heydər Əliyevin
böyük xidmətlərindən danışaraq
qarşılıqlı parlament səfərlərinin
zəruri olduğunu qeyd etdilər. Pakistan Parlamenti
Senatının sədri Mühəmmədmian Sumro
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli məsələsində
ölkəmizin haqlı mövqeyini
dəstəkləməkdə davam edəcəyini
söylədi.
Polşa Senatının sədri Boqdan Boruseviç
qeyd etdi ki, Azərbaycan özünün İstiqlal
Bəyannaməsində xalqların öz
müqəddəratını təyin etməsi, demokratiya,
milliyətindən və dinindən asılı olmayaraq
vətəndaşların hüquqlarının
müdafiəsi prinsiplərini bəyan etmişdir. Moldova
parlamentinin sədri Marian Lupu, Rumıniya Senatının
sədri Nikolae Vekeroyu beynəlxalq aləmdə
Azərbaycanın əlaqələrinin genişləndiyini
bildirdilər. Tədbir iştirakçıları
ölkələrin ali qanunverici orqanları arasındakı
əlaqələrin möhkəmləndirilməsi
zəruriliyinə toxunaraq təntənəli
yığıncağın qarşılıqlı
əməkdaşlığa təkan verəcəyini
söylədilər.
Qarşılıqlı
faydalılıq əmsalı: Avropa
İttifaqı-Xəzər hövzəsi nəqliyyat
dəhlizi
Respublikamızın
dinamik inkişafı aydın şəkildə göstərir
ki, mütəşəkkil rəhbərlik, əhatəli
yanaşma sayəsində ölkə tərəqqiyə
doğru irəliləyir. Azərbaycanın son illərdə
əldə etdiyi nailiyyətlər bir çox ölkə
üçün nümunədir.
Noyabrın 14-də Bakıda keçirilən IV Enerji
sammitində Türkiyə Prezidenti Abdulla Gül, Litva Prezidenti
Valdas Adamkus, Ukrayna Prezidenti Viktor Yuşşenko,
Gürcüstan Prezidenti Mixeil Saakaşvili, Polşa Prezidenti
Lex Kaçınski, Bolqarıstanın vitse- prezidenti Angel
Marin, Macarıstanın Baş naziri Ferents Dyurçan son
illərdə Azərbaycanın qazandığı nailiyyətlərə
toxunaraq bunun davamlı proses olduğunu bildirdilər. 21
ölkənin nümayəndələrinin və
diplomatların iştirak etdiyi Bakı sammiti beynəlxalq enerji
təhlükəsizliyi problemlərinə həsr olunmuşdu.
Xəzər hövzəsində hasil edilən
enerji daşıyıcılarının Qara dəniz, Baltik
dənizi regionlarına və Mərkəzi Avropaya
çatdırılması üçün Odessa-Brodı neft
kəmərinin yaradılması və digər
məsələlərin müzakirə edildiyi tədbiri
açan Prezident İlham Əliyev Azərbaycanda
geniş beynəlxalq əməkdaşlığın
olmasının hazırkı sürətli iqtisadi inkişafda
mühüm rol oynadığını söylədi. Dövlət başçısı qeyd etdi ki,
Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin
çəkilməsi və eyni zamanda Qara dəniz sahilinə
çıxan Bakı-Supsa boru kəmərinin istismarı
Xəzər regionunda beynəlxalq
tərəfdaşlığın mərhələlərini
təşkil edir.
Azərbaycanı
dünya dövlətlərini bir araya gətirən
mərkəz adlandıran Gürcüstan Prezidenti Mixeil
Saakaşvili Avropanın demokratik dövlətlərinin enerji
təhlükəsizliyinin gələcəyinin hamı
üçün vacib olduğunu dedi. O bildirdi ki, Avropa
İttifaqı-Xəzər hövzəsi nəqliyyat
dəhlizi hər iki tərəf üçün fayda
verəcək. Litva Prezidenti Valdas Adamkus Azərbaycanın
bölgədə artan mövqeyinə toxunaraq nəqliyyat
dəhlizinin gələcək perspektivlərindən bəhs
etdi. Toplantının enerji sahəsindəki
regional əməkdaşlığa daha geniş
perspektivdən yanaşmağa imkan verəcəyini bildirən
Türkiyə Prezidenti Abdulla Gül Bakı-Tibilisi-Ərzurum
təbii qaz boru xəttini Şərq-Qərb enerji
dəhlizinin ikinci tərkib hissəsi kimi
səciyyələndirdi.
Ukrayna Prezidenti Viktor Yuşşenko Xəzər, Qara
və Baltik dənizləri regionunda enerji
əməkdaşlığı ilə irəli
sürülən təşəbbüsün davam etdirildiyini
söyləyərək Azərbaycanın qlobal
layihələrdəki səylərini alqışladı.
Bolqarıstanın vitse-prezidenti Angel Marini, Estoniyanın
Baş naziri
Andrus Ansip, Macarıstanın Baş naziri Ferents Dyurçan,
ABŞ-ın energetika naziri Samuel Bodman təbii qaz
sahəsində respublikamızda olan yataqların qlobal
irəliləyişi əldə etməyə imkan
verəcəyini bildirdilər. Sammitdə qəbul olunan
Bəyannaməyə qoşulanlar arasında Avropa
İttifaqının üzvü olan 9 dövlətlə
yanaşı Avropa Komissiyası da var. Sənəd
gələcək əməkdaşlıq perspektivləri
üçün geniş imkanlar yaradır və bunun
davamlı proses olmasına rəvac verir.
Avropa
və İslam tarixində ilk
mədəniyyətlərarası dialoq
Prezident
İlham Əliyevin respublikamızda mədəniyyət və
turizm sahələrinin inkişafı, dünya miqyasında
təbliği üçün 100-dən çox fərman
və sərəncam imzalaması bu sahələrə olan
qayğı və diqqətinin göstəricisidir. Qeyd etmək lazımdır ki, dövlət
qayğısı nəticəsində hazırda mədəniyyət
və turizm sahələrinin dünya miqyasında
tanınması üçün daha əlverişli
şərait mövcuddur. 2004-2008-ci illərdə bu
istiqamətdə 71 beynəlxalq saziş və konvensiyanın
imzalanması bunu deməyə əsas verir. Azərbaycan
mədəniyyəti dünya mədəniyyətinin,
habelə onun bir hissəsi olan İslam mədəniyyətinin
tərkib hissələrindən olduğuna görə,
Bakı 2009-cu il üçün "İslam
mədəniyyətinin paytaxtı" elan olunub.
Dekabrın
2-də respublikamızda keçirilən Avropa Şurasına
üzv dövlətlərin mədəniyyət nazirlərinin
konfransı mədəniyyət nazirlərinin ilk
toplantısı idi. "Mədəniyyətlərarası
dialoq Avropa və onun qonşu regionlarında inkişafın
və sülhün əsasıdır" mövzusunda
işə başlayan tədbirdə Avropa Şurasının
üzvü olan, habelə müşahidəçi
ölkələrin, Avropa Mədəniyyət
Konvensiyasını imzalamış dövlətlərin,
qonşu regionları təmsil edən 10
ölkənin, YUNESKO-nun, Avropa Komissiyasının, İslam
Ölkələri Elm, Təhsil və Mədəniyyət
Təşkilatının (İSESKO), Ərəb
Dövlətləri Liqası Ölkələrinin Elm,
Mədəniyyət və Təhsil Təşkilatının
(ALEKSO) yüksək rütbəli rəsmiləri, müxtəlif
fondların və qeyri-hökumət
təşkilatlarının təmsilçiləri də daxil
olmaqla ümumilikdə 250-dən çox nümayəndə,
16 nazir, 18 nazir müavini və 10 beynəlxalq
təşkilatın başçısı iştirak edirdi. Bakı konfransı nəinki respublikamızın
və Qərbin, eyni zamanda Şərqin mədəni
həyatında mühüm hadisə idi. Çünki
konfransın mövzusu, iştirakçıların tərkibi
və əhatə etdiyi regionların miqyasına görə
Avropa və İslam ölkələrinin tarixində
mədəniyyətlərarası dialoq mövzusunda ilk
beynəlxalq tədbir idi.
Konfransda nitq söyləyən Prezident İlham
Əliyev son illər ərzində Azərbaycanın dini, milli
və etnik tolerantlıq məsələlərində
böyük uğurlara nail olduğunu, millətlərarası
münasibətlərin möhkəmlənməsinə
xüsusi diqqət ayırdığını söylədi. Dövlət
başçısı qeyd etdi ki, müstəqillik
əldə olunandan sonra və dünya birliyinə inteqrasiya
edəndən sonra Azərbaycanda müasir siyasi sistem
formalaşır, aparılan islahatlar iqtisadi gücümüzü
daha da artırır.
Avropa
Şurasının baş katibi Terri Devis Azərbaycanı
müxtəlif mədəniyyətlərin qovuşma
nöqtəsi kimi səciyyələndirdi və
ölkəmizin Şərq və Qərb, Şimal və
Cənub arasında təbii körpü olduğunu
söylədi. O qeyd etdi ki, respublikamızın
ev sahibliyi etdiyi beynəlxalq tədbir Avropa Şurasının
özünün mədəniyyətlərarası dialoqa dair
"Ağ kitab"ının yaradılmasından, qanunlar
sənədinin hazırlanmasından sonra nazirlər
səviyyəsində keçirilən ilk konfransdır.
Tədbir
iştirakçıları Bakı konfansının
yüksək səviyyədə təşkil olunduğunu
söyləyərək bu tədbirin Avropanın mədəni
proseslərində yeni bir istiqamətin - "Bakı
prosesi"nin əsasını qoydu. Avropa Şurasının
"Aralıq dənizində mədəniyyət"
proqramının direktoru Fifi Benaboud konfransda təmsil olunan
dövlətləri Aralıq dənizinin şimalı və
cənubu ilə əməkdaşlığa dəvət etdi.
Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni
əməkdaşlıq üzrə xüsusi
nümayəndəsi Mixail Şvidkov Bakı konfransını
mehribanlıq əlaqəsi adlandırdı.
Konfransda
qəbul edilmiş Bakı Bəyannaməsi ilk sənəd idi
ki, konkret mövzuya həsr olunurdu və
gələcəkdə də belə tədbirlərdə bu
sənədə istinad olunacaq. Bəyannamədə ilk
dəfə olaraq Avropa və ona qonşu regionlar arasında
dialoqun praktik vasitələrlə həyata keçirilməsi
nəzərdə tutulur.
2008-ci ildə keçirilən beynəlxalq forumlara,
sammitlərə və konfranslara ev sahibliyi edən
Azərbaycan sülhpərvər və
təşkilatçılıq missiyasının daimi
olduğunu nümayiş etdirməklə yanaşı
ölkəmizin qlobal layihələrin həyata
keçirilməsində maraqlı olduğunu sübut etdi. Regionda təcavüzkar
siyasət yürüdən və Cənubi Qafqazın
inkişafına maneçilik törədən Ermənistan
isə regional layihələrdən və bunun nəticəsi
olaraq iqtisadi inkişafdan kənarda qalmışdır.
Azərbaycan.- 2009.- 27, 28, 29 yanvar.- S. 3.