Vüqar Ç.

 

Əfsanəyə dönmüş “Cücələrim”

 

Mahnılar... Onların da taleyi insanlarınkı kimidir. Onların da öz qisməti, öz taleyi, öz bioqrafiyası var. Bəzən bir mahnını yada salanda sənə doğma olan insanların surəti ilə qarşılaşırsan. Bir mahnı ömrü ömürlərə qatılır. Bir mahnı ömrü neçə-neçə insanın, bəzən isə bir millətin mədəniyyətinin tarixinə çevrilir. Mahnını yaradan dünyadan köçür və onun yaratdığı mahnı həmin şairin, bəstəkarın ömrünə ömür qatır, onu yaşadır, unudulmağa qoymur.

Belə unudulmaz mahnılardan biri də "Cücələrim" mahnısıdır. O "Cücələrim" ki, qanadında öz yaradıcıları olan əməkdar incəsənət xadimi, tanınmış şair Tofiq Mütəllibov ilə Qənbər Hüseynlini bütün dünyanı dolaşdırıb. O "Cücələrim" ki, bir vaxtlar "cip, cip, cücələrim" yazan şair Tofiq Mütəllibovun qələmindən çıxaraq millətin varlığına hopub. Çox az adama tale yazdığı mahnısı ilə təkcə doğma vətənində deyil, vətən hüdudlarından kənarda da əbədiyaşarlıq qazanmaq nəsib olmuşdur. Məhz "Cücələrim" ilə Tofiq Mütəllibov doğma xalqımızın mədəniyyət tarixində əvəzsiz xidməti ilə solmayan cığırlar açmışdır. Mahnıya dönərək dillər əzbəri olan "Cücələrim" sərhədləri aşdı. Sonra Gənc Tamaşaçılar Teatrında "Cücələrim" adlı tamaşa oynanıldı. "Cücələrim" Özbəkistana qanad açdı və orada əməkdar incəsənət xadimi şair Tofiq Mütəllibovun "Çuçaxo" - yəni "Cücələrim" adlı kitabı 1967-ci ildə özbək dilində işıq üzü gördü. Adətən musiqini təbiətin nitqi adlandırırlar. Bu, həqiqətən də belədir. Məgər "Cücələrim" uşaqların qəlbinin, ana-bala məhəbbətinin, təbiətdəki səs çalarlarının əks-sədası deyilmi? Uşaq yaşlarımızdan bizlər "Cücələrim"i munis bir duyğularla uduruq, canımız şirələnir. Bizlər bu mahnını şəffaf  bulaq suyu tək içirik. İllər bir-birini əvəz edir. Sanki "Cücələrim" bizlərin əlindən tutaraq pillə-pillə həyatı adladır. Ata-ana oluruq, övladlarımız ana laylası ilə yanaşı bu mahnının sədaları altında böyüyür. Yaşımızdan asılı olmayaraq bu mahnını eşidəndə dodaqlarımız xəfifcə gülümsəyir, baxışlarımız ötən uşaqlıq illərinə boylanır. O uşaqlıq illərinə ki, bizlərə nağıl dünyanı xatırladır.

Arif Qazıyev "Cücələrim"ə ikinci bir ömür verdi.

Bildiyimiz kimi, 2009-cu il möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə uşaq ili elan edildi. Bu il həm də “Cücələrim”in 60 yaşı tamam olur. Bu sərəncama səs verən isə ilk olaraq " Muğam" teatrının direktoru, tanınmış rejissor Arif Qazıyev oldu. O Arif Qazıyev ki, elə “Cücələrim”in ilk ifaçısı olubdur. Milli musiqimizin təəssübünü çəkən Arif Qazıyev unudulmaz anları belə xatırlayır: " "Cücələrim"i ifa edəndə mənim 8 yaşım var idi. Filarmoniyada Yay Olimpiadası keçirilirdi. "Cücələrim" adlı böyük bir kompozisiya hazırlanmışdı və mən "Cücələrim"i oxudum. Bu mənim incəsənət aləmində atdığım ilk uğurlu addımlarımdan biri idi. Həmin alqış səslərini bu gün də unuda bilmirəm".

Beləcə "Cücələrim" dillərə düşdü. 1959-cu ildə hamımızın "Ulduz" filmindən Yetər obrazı kimi tanıyıb sevdiyimiz Suğra Bağırzadə Moskvada "Cücələrim"i oxudu. Beləcə, Arif Qazıyev ilə Suğra Bağırzadənin ifasında dillər əzbərinə çevrildi. Səslər sehrində "Cücələrim" boy atdı, bütün dünyanı gəzdi, dolaşdı, dildən-dilə düşdü.

Beşik nəğməmiz qədər əziz oldu hər kəsə "Cücələrim" 60 ildir ki, azərbaycanlı körpələrin dilində "cip-cip cücələrim, tükü ipək cücələrim" millətindən, dilindən, dinindən, irqindən asılı olmayaraq dünyanın demək olar ki, bütün xalqlarının körpələri də səs verib, öz dillərində bu gözəl, sevimli uşaq mahnısını ifa edirlər. "Cücələrim" artıq bir xalqa aid uşaq mahnısı anlayışından çıxaraq beynəlmiləlləşib, bəşəriləşib. Ecazkar ifa tərzi, aydınlığı ilə, şirin və qəlbəyatımlı sözləri, musiqisi ilə seçilən "Cücələrim" mahnısı dünyanın bütün uşaqlarının dilində sevə-sevə oxunaraq onları bir-birinə yaxınlaşdırır, sevdirir. Bu gözəl uşaq mahnısı uzun illərdir ki, dünyada xalqımızı təmsil edir.

"Cücələrim"ə "Cücələrim" ansamblı da qol-qanad verdi. Onlar hər səfərlərində çıxışlarına məhz bu mahnı ilə başladılar. Bu il "Cücələrimln 60 illik yubileyidir və bu il mərhum şairimiz Tofiq Mütəllibovun 80 illik yubileyi qeyd olunacaq. 21 kitabın müəllifi olan şairimiz yaddaşlarda həm nəğməkar, həm uşaq şairi kimi qalıb.

Tofiq Mütəllibov uşaqlar üçün şeir yazmağı çox sevərdi. Qəlbi uşaq qəlbi qədər təmiz idi. Kukla teatrında, Gənc tamaşaçılar teatrında onun uşaqlar üçün yazdığı əsərləri tamaşaya qoyulardı.

Hazırda "Muğam" teatrında məşhur "Cücələrim" mahnısının 60 illik yubileyinə hazırlıq işləri gedir.

Bu gün Azərbaycan uşaq şeirləri, mahnıları əfsuslar olsun ki, unudulmaqdadır.

"Cücələrim" isə oxunur... Bulaqların gözündən süzülür bu mahnı, uşaqların qəlbindən gəlir bu səda, ana-bala məhəbbətini səsləndirir. İllər bir-birini əvəz edəcək "Cücələrim" yaşayacaq. Habilin kamanında, "Cücələrim" ansamblı ilə birlikdə gəzəcək, dolaşacaq dünyanı, ana laylası ilə birlikdə səslənəcək, körpələrimizin ilk sözü olacaq "Cücələrim". Yaşayacaq "Cücələrim". Özü yaşadıqca, onu yaradanları da yaşadacaq.

 

Respublika.- 2009.- 17 yanvar.- S. 7.