Xəlilzadə F.

 

Böyük Üzeyirin tələbəsi

 

Xalq artisti, bəstəkar, prezident təqaüdçüsü, "Şöhrət" ordenli Şəfiqə xanım Axundova ilə nə vaxt söhbət etsən, ilk növbədə böyük ehtiram və məhəbbətlə adını çəkdiyi şəxsiyyət dahi Üzeyir Hacıbəyov olur. Bu da səbəbsiz deyil. O, unudulmaz Üzeyir bəydən dərs almış tələbələrdən biridir. Bir bəstəkar kimi qazandığı bütün uğurların mayasında müəlliminin əməyini görür.

Görkəmli bəstəkar Şəfiqə Axundovanın ecazkar musiqisində təbiətin min bir rəngi, gözəlliyi görünür, ətri duyulur. Onun bütün bəstələrində insanı düşündürmək, saflaşdırmaq qüdrəti var. Şəfiqə xanımın nəğmələri qəlbləri riqqətə gətirir. Ötən günlərin, vaxtsız ayrılıqların arxasınca elə həzin haray qoparır ki, musiqidəki çağırışın ürəktitrədən ahəngi hər kəsi daim öz cazibəsində saxlayır:

Sənsiz Günəş batar, ulduzlar sönər,

Getmə, ey baharım, ey gündüzüm, gəl!..

Haradandır bu qədər doğmalıq, məhrəmlik onun musiqisində? Apardığımız söhbətlərdən bu qənaətə gəldik ki, şeir onu tutmasa, ürəyincə olmasa, heç vədə nəğməyə döndərə bilməz. "Bütün mahnılarımın ilk ifaçısı özüməm" söyləyən Şəfiqə Axundova pianonun şirmayı dillərinə toxunmamışdan öncə ürəyi, nəfəsi ilə o misraları oxuyur. Məhz ondan sonra könlündə doğulanı nota köçürür. Bəlkə də bu səbəbdəndir ki, əməkdar incəsənət xadimi, xalq artisti, bəstəkar Şəfiqə Axundovanın bir-birindən gözəl mahnılarını, romanslarını, musiqilərini sevməyən tapılmaz. Bu musiqilərin mayasında millilik, soy-kökə bağlılıq o qədər təsirli və harmonik vəhdət təşkil edir ki, Şəfiqə Axundova musiqisi ilk səslənişindən müəllifinin kimliyini özü pıçıldayır.

Görkəmli bəstəkarımız 60 ildən çoxdur ki, Azərbaycan mədəniyyətinə, incəsənətinə fədakarlıqla xidmət edir. Bu illər ərzində o, bir-birindən gözəl, dəyərli əsərlər yaratmışdır. Söylədiyinə görə, ailələrində heç kim onun musiqiçi olmasını istəməyib. "Pianoda çalmağı özüm öyrənmişəm. Heç bir musiqi təhsilim yox idi. Bircə böyük bacım Zümrüd (akademik Məmməd Arifin ömür-gün yoldaşı) çalmağımı çox xoşlayırdı. Onların evinə məşhur adamlar gələrdi. Mən ilk dəfə dövrün böyük yazıçı və şairlərini, tanınmış sənət adamlarını bacımgildə görmüşdüm. Səməd Vurğun, Mirzə İbrahimov, Əvəz Sadıq, Mir Cəlal, Cəfər Xəndan və başqaları. Bir dəfə sözarası Zümrüd bacım Mirzə müəllimə dedi ki, bu il Şəfiqə orta məktəbi bitirir. Bilmirəm neyləyək. Özünün həvəsi musiqiyədir. Mirzə İbrahimov da dərhal cavab verdi ki, burada nə çətin iş var? Üzeyir bəydən xahiş edərəm Şəfiqəni yoxlasın. Görək, həqiqətən də bu qızda musiqi duyumu var, ya yox? Zəng etdi. Üzeyir bəy də cavabında bildirdi ki, indi gəlsinlər. Bacımla getdik. Bu olub 1941-ci ildə. Aşıq Mirzə Bayramın sözlərinə hazırladığım "Bala" mahnısını çaldım və oxudum. Bir rəng və bir neçə də rəqs ifa etdim. Üzeyir bəy mənə çox diqqətlə qulaq asdıqdan sonra dedi: "Bu qızın çalğısında yaradıcılıq hiss olunur. Amma mütləq musiqi savadı almalıdır". Təsəvvür edin ki, 17 yaşım var idi. Amma bircə not da bilmirdim. Kim idi məni bu yaşımda musiqi məktəbinə götürən. Məhz Üzeyir Hacıbəyovun - o böyük insanın qayğısı mənə bu yolda kömək oldu. Onun məsləhəti ilə əvvəlcə Azərbaycanın ilk qadın bəstəkarı Ağabacı Rzayevanın sinfində musiqi nəzəriyyəsi ilə tanış oldum. Sonra da Hacı Xanməmmədovun tar sinfinə getdim. Bəxtimdən Üzeyir bəyin təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyasının nəzdində "Yaradıcılıq kursları" açıldı. Tar sinfindən çıxdım. Üzeyir bəy məni öz qrupuna götürdü. Musiqiyə meylim o qədər güclü idi ki, hər şeyi gözlənildiyindən də tez qavrayırdım. Klassik musiqini daha çox sevirdim. Nəhayət, 1945-ci ildə konservatoriyaya daxil oldum. O zaman dahi Üzeyir bəy Hacıbəyovun dəvəti ilə rusiyalı professor Boris İsakoviç Zeydman Bakıya dəvət edilmişdi (indi Azərbaycanda məşhur olan bir çox bəstəkarlar məhz onun yetirməsidir). Mən də onun sinfində oxudum. Yadımdadır, imtahan zamanı Qara Qarayev çox ciddi tərzdə dedi: "Bu qız əsl bəstəkar olacaq".

Dahilər proqnozlarında heç vaxt yanılmayıblar. İndi o günlərdən neçə il ötüb. Bu, fərəhli bir faktdır ki, Şəfiqə Axundova məhz Üzeyir bəyin kəşfi idi. Bu kəşfin də uğurlu bəhrəsidir ki, xalqımız haqlı olaraq Şəfiqə Axundova ilə öyünür və bu qürura səbəb çoxdur. Şəfiqə Axundova ilk azərbaycanlı qadın bəstəkardır ki, simfonik poema yazıb, simfonik kvartet üçün pyeslər bəstələyib, fortepiano üçün sonata və sonatinaların müəllifidir. Simfonik süitası var. İlk azərbaycanlı qadın bəstəkardır ki, libretto müəllifidir. "Ev bizim, sirr bizim" musiqili komediyasını oxucularımız xatırlamamış olmazlar.

Respublikanın xalq artisti Nəsibə Zeynalovanın iştirak etdiyi bu tamaşanın librettosu məhz Şəfiqə xanıma məxsusdur. Nədənsə biz onu Şərqdə opera yazan ilk qadın bəstəkar adlandırırıq. Halbuki bu şöhrətin, bu fəxrin miqyası daha genişdir. Çünki Şəfiqə Axundova dünyada ilk qadın bəstəkardır ki, opera yazıb. Süleyman Rəhimovun "Gəlin qayası" povestinin motivləri əsasında İskəndər Coşqunun yazdığı libretto Şəfiqə xanımın musiqi yozumunda özünün çox uğurlu həllini tapıb. 1974-cü ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində neçə-neçə ifaçını yetişdirən, tamaşaçı alqışı ilə qarşılanan "Gəlin qayası" operası bu gün də eyni təravət və məhəbbətin ünvanıdır. Şəfiqə Axundova 600-dən çox nəğmə bəstələyib, 5-dən artıq tamaşaya musiqi yazıb.

Hər şeyin ilki unudulmazdır, deyiblər. Çünki ilkinlikdəki sevinc, şirinlik insanı heç vaxt tərk etmir. Bu mənada 85 baharlı bir ömrün çox ilkini var. Peşəkar bəstəkar kimi ilk dəfə şairə Mirvarid Dilbazinin "Beşik başında" şeirinə müraciət edib. Mahnılarının ilk ifaçısı böyük Bülbül olub. 1944-cü ildə Tiflisdə keçirilən "Musiqi baharı" festivalında o, Şəfiqə Axundovanın "Röya" adlı mahnısını ifa edib. Sonra Şövkət Məmmədova, Sara Qədimova, Şövkət Ələkbərova, Tükəzban İsmayılova, Zeynəb Xanlarova onun mahnılarını oxuyub. Nəğmələri çoxaldıqca ifaçıların sırası da artıb. İndi onun mahnılarını bütün müğənnilərimiz məmnuniyyətlə və ürəklə oxuyurlar. Çoxlarının da ilk bəstəkarı məhz Şəfiqə Axundovadır. Neçə istedadlının qolundan tutaraq sənətə gəlməsində Şəfiqə xanımın böyük rolu olub.

Onun ürəyi xatirələrlə doludur. Xüsusilə də Üzeyir Hacıbəyovu tez-tez xatırlayır: "Üzeyir bəy təkcə istedadları seçməklə məşğul olmurdu. O, həm də hər bir gəncə əlindən gələn köməyi etməyi çox sevirdi. Heç yadımdan çıxmaz. Biz qastrollara gedəndə o bizim bütün qayğılarımızı öz üzərinə götürərdi. Geyimdən başlamış yemək-içməyimizə qədər hər şeyin xərcini özü çəkərdi".

Görkəmli bəstəkarımız mərhum Tofiq Quliyevə məxsus fikirdir: "Şəfiqə Axundovanın bəstəkar kimi səmərəli zəhməti istedadına bərabərdir". Onun həyatı ilə tanış olduqca Tofiq müəllimin sözlərindəki həqiqəti bir daha dərk edirsən. 1956-cı ildən 1989-cu ilə kimi Azərbaycan İncəsənət Universitetində çalışan Şəfiqə Axundova tələbələrə musiqi savadından, solfeciodan, musiqi tarixindən, tamaşanın musiqi tərtibatı fənlərindən dərs deyib. 1989-cu ildə isə qüsursuz və səmərəli fəaliyyətini qeyd edərək onu təqaüdə yola salıblar.

Şəfiqə Axundova qəribə və istedadlı bəstəkar olduğu kimi də, bənzərsiz xarakterə malikdir. Reklamdan, özünü öyməkdən çox uzaqdır. Mehriban və sadə təbiətli insandır. Yapışıqlı, danışığından, xatirələrindən həmişə qəlblərə xoş emosiyalar hopur. Vaxt olub ki, musiqisi ilə qəlbləri ehtizaza gətirən, mahnıları ilə milyonların sevimlisinə çevrilən bəstəkar ailə, məişət qayğılarının məngənəsində çırpına-çırpına qalıb. Ehtiyaclarını içində boğub. Kiməsə ağız açmayıb, harasa üz tutmayıb. Biz çox vaxt istedadlı adamlarla, elə dahilərlə bir əsrdə, bir şəhərdə, bəzən də lap bir həyətdə yaşayırıq. Çoxumuz görə bilmirik onları. Şəfiqə xanımın unudulduğu vaxtlar da olub. Amma biz onu ha tərpətsək də, dilinə giley gəlmədi. Xəfif bir kədərlə Tofiq Quliyevi xatırladı. Onun göstərdiyi diqqətdən danışdı. Ümummilli lider Heydər Əliyevin yaradıcı insanlara verdiyi qiymətdən ehtiramla söz açdı: "Ulu öndər bizə elə həssas münasibət göstərib ki, onu unuda bilmərik. Hər dəfə prezident təqaüdünü alanda fikirləşirəm, Heydər Əliyev sağlığında qəlblərdə özünə əbədi heykəl ucaltdı. Təsəvvürünüzə gətirirsiniz, 1998-ci ildə mən xalq artisti adına məhz ulu öndərimizin fərmanı ilə layiq görüldüm. İllər idi ki, mənzil şəraitinin darısqallığından əziyyət çəkirdim. Bir görüşümüzdə o bunu bilən kimi dərhal həll etdi. İndi çox rahat, müasir üslubda tikilmiş və təmir edilmiş gözəl mənzildə yaşayıram. Bütün bu rahatlığı mənə və ailəmizə məhz Heydər Əliyev bağışlayıb. Onun bir mənim yox, bütün sənətçilərin boynunda böyük haqqı var. Mən deyərdim ki, bizim iki böyük pənahımız olub - onun biri ulu Tanrıdır, ikincisi də əzizimiz Heydər Əliyev idi. Az yaşım yoxdur. Nələr görməmişəm bu həyatda. Heydər Əliyev kimi qətiyyətli, həssas, qayğıkeş, duyumlu insan olmayıb. O, başqa aləm idi".

Səhhətində yaranan problemlər əvvəlki kimi işləməsinə, yeni əsərlər yaratmasına mane olsa da, sinəsindəki həyat eşqi Şəfiqə xanımı həmişə nikbin ruhda saxlayır. Məşhur bir mahnıda deyildiyi kimi:

 

Həyat, sən şirinsən,

Kim səndən doydu getdi?!

Gedənlər öz qəlbini

Dünyada qoydu getdi.

 

Əlbəttə, Şəfiqə xanımın musiqisi nəinki həmişə səslənəcək, həm də millət yaşadıqca seviləcək.

 

Azərbaycan.- 2009.- 28 yanvar.- S. 7.