"Ömrümün son gününə kimi
yazıb-yaradacağam"
Şəfiqə Axundovanın 85 yaşı tamam oldu
Dünən Şərqin ilk opera yazan qadın bəstəkarı, xalq artisti Şəfiqə Axundovanın 85 yaşı tamam olub. Ad günündə APA-ya açıqlama verən tanınmış bəstəkar həyatından razı olduğunu qeyd edib: "Mən ömrümün 70 ilini Azərbaycan mədəniyyətinə həsr etmişəm. Çox sevinirəm ki, bu illərim hədər getməyib. Bu gün xalq məni, mən isə xalqımı çox sevirəm. Bu sevgi heç zaman bitib-tükənməyəcək".
Özünü çox yaxşı hiss etdiyini vurğulayan Ş.Axundova bir müddət əvvəl səhhətində yaşanan problemlərin artıq yavaş-yavaş aradan qalxdığını bildirib.
Bəstəkar onu da qeyd edib ki, 85 yaşının tamam olması münasibəti ilə onu təbrik edənlərin sayı çox olub: "Gülyaz və Gülyanaq Məmmədovalar, Elza Seyidcahan və başqaları mənim yanıma gəldilər. Çox şükür ki, bu günümü tək keçirmədim. Mənə diqqət və qayğı göstərən hər bir insana təşəkkür edirəm. Mən ömrümün son gününə kimi xalqım üçün yazıb yaradacağam".
Ş.Axundova qeyd edib ki,
sonuncu mahnısını iki il əvvəl yazıb. Bu
mahnı xalq şairi Bəxtiyar Vahabzadənin "Sevgi
ölmür" şeirinə yazılıb.
Ekspress.- 2009.- 22 yanvar.- S. 10.