"Eurovision-2009" müsabiqəsində mahnının seçilməsi üçün müsabiqə elan olunub

 

"Eurovision-2009" mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin ifa edəcəyi mahnının seçilməsi üçün müsabiqə elan olunub. Müsabiqəyə mahnı təqdim etmək istəyən peşəkarlar bir həftə müddətində öz musiqilərini İctimai Televiziya və Radio Verilişləri Şirkətinə təqdim etməlidir. Bu mahnılar disk halında təqdim edilməlidir. Müsabiqə üçün təqdim edilən mahnılar orijinal olmalı və 2008-ci ilin 1 oktyabrına qədər heç bir yerdə səslənməməlidir. Əsas şərtlərdən biri də mahnının səslənmə müddətinin üç dəqiqədən artıq olmamasıdır.

    Ötən ilin oktyabrında İTV-nin daxilində "Eurovision-2009" müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün qapalı şəkildə milli seçim keçirilib. Milli seçimdə 40-a qədər müğənni iştirak edib. Onlar, əsasən, kanallarda keçirilən müsabiqələrdə iştirak etmiş gənclər və bir qədər də tanınmış müğənnilər idi. Onların adlarını rəsmən açıqlanmır, amma bunlar hamısı rəsmən milli seçimlərdə iştirak ediblər. İTV-nin əsas hüquqlarından biri qapalı seçim keçirib və heç kimə həmin seçimi nümayiş etdirmədən qərar verə bilməsidir. Bu, o deməkdir ki, seçimlər qapalı aparılır və onlar nümayiş olunmayacaq. Ötən ildən fərqli olaraq bu il iştirakçıların adları açıqlanmayacaq və milli seçim final gününə kimi musiqi nömrələri nümayiş olunmayacaq. 

 

Səs.- 2009.- 17 yanvar.- S. 12.