Kazımov Q.

 

Azaflı yaradıcılığına salınan işıq

 

Mikayıl Azaflı o xoşbəxt insanlardandır ki, xalqın yaddaşında ozan, ustad aşıq, saz-söz ustası, el sənətkarı - şair, bəstəkar kimi yaşayır. Qurbani kimi, Ələsgər kimi, indi onu da "aşıq" adlandırırıq. Aşıqlar isə şifahi ədəbiyyatın nümayəndələri hesab olunurlar. Fikrimizcə, bu cür qiymətləndirmə ilə belə sənətkarlar öz həqiqi qiymətlərini ala bilmirlər. Əslində, Mikayıl Azaflının son nümayəndələrindən olduğu bu ədəbiyyatı şifahi ədəbiyyat nümunəsi saymaq məntiqsizdir. Onların keçdiyi yol böyük yoldur. Bu yolun başlanğıcında adlarını bilmədiyimiz çox qədim ozanlar durur, onların bizə çatan son və ən qədim nümayəndəsi Dədə Qorqud dayanır. Sonralar bu yol Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Valeh, Alı, Ələskər sənəti ilə inkişaf edib.

Bu sənət XV-XVI əsrlərdə ədəbiyyata Şah İsmayıl Xətaini verib, XVIII əsrdə M.P.Vaqifi, XIX əsrdə Q.B.Zakiri, XX əsrdə S.Vurğunu, O.Sarıvəllini, H.Arifi və nəhayət, Z.Yaqubu bəxş edib. Bu üslub şifahi ədəbiyyatla yazılı ədəbiyyat arasında mövqe tutan orta üslubdur. Bu üslubun nümayəndələrinin yaratdığı sənət əsərləri xalq ruhuna son dərəcə yaxındır və xüsusilə, yazı-pozunun nisbətən az olduğu keçmiş dövrlərdə onların əsərləri asanlıqla öz müəllifini itirib şifahiləşə bilirdi. Onlar əsl el sənətkarı, el şairləridir. Onların şeirlərinin çoxunu yazılı ədəbiyyat nümunələrindən fərqli olaraq, xalq əzbər bilir.

Aşıqlıq onların yüksək saz havaları bilməsi, bəstəkarlığı, saz çalıb-oxuma sənətkarlığı ilə bağlıdır. Bizim böyük saz ustaları ozanlardan gələn bu qabiliyyəti daim mühafizə etmişlər - saz çalıb-oxumaq, oynamaq, şeir demək. Mikayıl Azaflı XX əsrin ikinci yarısında xalqın yetişdirdiyi görkəmli el sənətkarıdır, şairdir, eyni zamanda, görkəmli saz havaları yaradan ustaddır.

Sovet dövründə Mikayıl Azaflının əsərləri toplu şəkildə işıq üzü görə bilməyib.

 

Qoca Azaflıyam, dilim var, lalam,

Təbrizdə qardaşım, Sibirdə balam.

Elə dərd varmı ki, çəkməmiş olam,

Bax, onlar ağartdı başımı mənim

 

- deyən aşığın əsərlərini təbii ki, çap etmək mümkün olmazdı. Bu günlərdə Musiqili Komediya Teatrında yüksək səviyyədə təqdimatı keçirilən 760 səhifəlik "Qoca Azaflıyam" kitabı ədəbi ictimaiyyətə böyük hədiyyədir. Kitab İraq-türkman folklorunun Azərbaycanda və bir sıra Şərq ölkələrində geniş yayılmasında xüsusi xidmətləri olan professor Qəzənfər Paşayevin geniş ön sözü ilə çap olunmuşdur. Redaktorlar: professor Məhərrəm Qasımlı və Gülarə Azaflı, rəyçilər: xalq şairi Zəlimxan Yaqub və filologiya elmləri namizədi Elxan Məmmədlidir. Belə bir kitabın işıq üzü görməsində maddi kömək göstərdiyinə görə xeyriyyəçi ziyalı Namazalı Məmmədov təşəkkürə layiqdir.

Kitab Mikayıl Azaflının, demək olar ki, bütün poetik irsini əhatə edir. Q.Paşayev ön sözdə Mikayıl Azaflının keçdiyi enişli-yoxuşlu həyat yolunu ətraflı işıqlandırmış və ilk dəfə olaraq sənətkarın yaradıcılığının bir sıra mühüm xüsusiyyətlərini aydınlaşdırmışdır. "Qoca Azaflıyam" kitabında aşıq yaradıcılığı tarixində ilk dəfə olaraq gəraylı, təsnif, qoşma, təcnis, müxəmməs, divani, vücudnamə, sicilləmə, ustadnamə, cahannamə və digər aşıq şeir şəkillərində hər bölmədən əvvəl onun şəkli xüsusiyyətləri barədə qısa məlumat verilmiş, eləcə də həmin şeir şəklində Azaflının xidmətləri açıqlanmışdır. Kitabda, eləcə də aşıq poeziyasında Aşıq Şəmşir və Azaflıya qədər az yer alan, bu səbəbdən də indiyə qədər aşıq yaradıcılığında, demək olar ki, tədqiqata cəlb olunmayan ithaflar, nəzirələr, mərsiyələr, şeir-məktublar haqqında ilk dəfə olaraq ətraflı danışılmış, onlar ayrı-ayrı bölmələrdə verilmişdir. Aşığın bağlama-qıfılbəndləri, deyişmələri, bayatıları, rübailəri, qəzəlləri, zindan şeirləri, poemaları və "Səlim Şah" dastanı ayrıca bölmələrdə verilmişdir.

Mən Azaflı ilə keçən əsrin 80-ci illərinin əvvəllərindən tanış idim. Kəlbəcərdə - İstisuda tanış olmuşduq. El sənətinin tarixinə dair xeyli söhbət etmişdik. Onun özünəməxsus bilik və ifadə tərzi, yaxşı yaddaşı vardı.

Mən bilirdim ki, Mikayıl Azaflının gəraylıları, təcnisləri, qoşmaları var. Amma mən təsəvvür etməzdim ki, Mikayıl Azaflı belə bir zəngin yaradıcılığa malikdir. Onun bütün əsərlərini ortalığa çıxarmaqla Qəzənfər müəllim və Maral Azaflı aşığa yeni həyat bəxş edib, ona əbədiyyət qazandırıb. Mikayıl Azaflı üçün bundan böyük mükafat təsəvvür etmirəm. Çünki adətən, el sənətkarı vəfat etdikdən, onun əsərləri itib-batdıqdan, əldən-ələ gəzib korlandıqdan sonra əl-ayağa düşüb qırıq-quruq nə ələ gəldi toplamaq bizim vərdişimizdir. Amma Qəzənfər müəllim və sənətkarın qızı Maral Azaflının yaradıcılığını, ədəbi irsini olduğu kimi toplayıb çap etdirməklə şairə heykəl ucaltmışlar. Q.Paşayev ön sözdə yazır: "Aşığın şeir bağçasında yer alan bir-birindən gözəl gəraylılar, təcnislər, qoşmalar, müxəmməslər, divanilər, vücudnamələr, cahannamələr, sicilləmələr, ustadnamələr, ithaflar, nəzirələr, bağlama-qıfılbənd deyişmələr, şeirlə məktublaşmalar, bayatılar, hətta rübai və qəzəllər, poema və dastanlar saz-söz pərəstişkarlarını məftun edir. Bu onun həm klassik aşıq sənətinə dərindən bələd olması, həm də yazılı ədəbiyyatımızı yaxşı bilməsi ilə bağlı idi".

Azaflının bir kitablıq gəraylısı, qoşması, tərtibçilərin "təsnif" adlandırdığı xeyli başqa formalı şeirləri var. Bunların, demək olar ki, hamısı orijinal şeirlərdir və klassik aşıqlarımızdan iqtibaslara təsadüf edilmir.

Mikayıl Azaflının çətin janr olan təcnis yaradıcılığı çox zəngindir. Aşıq təcnisin 28 növündə şeirlər yazmış, struktur-forma tələbləri ilə bərabər, mənaya da ciddi diqqət yetirmişdir. Bunlar onun yaradıcılığının nə qədər əlvan olduğunu aydın göstərir.

 

Gənclik, illər təki hey keçər gedər,

Silsilə dağları ay aşa-aşa.

Xəyallarda keçən tarix seyr edər,

Əllidən keçəndə a yaşa, yaşa.

 

 

Mikayıl Azaflının eyni zamanda, gözəl müxəmməsləri də var. 16-lıq şəklində yazılmış bu müxəmməslərin misralarını aşıqlar asanlıqla 8 hecalı şeir kimi bölüb oxuyurlar. Adi müxəmməslərlə yanaşı, qoşayarpaq cığalı müxəmməsləri də maraqlıdır. Vücudnaməsi, divaniləri, sicilləmələri, ustadnamələri, cahannamələri vardır.

Mikayıl Azaflı bir vaxtlar "Dövlət Təhlükəsizlik Komitəsinin qara siyahısına düşmüş" və 1961-1964-cü illərdə həbsxana həyatı keçirmişdir. Həbsxanada bir sıra şeirlər yazmışdır. Tərtibçilər həmin şeirləri "Zindan şeirləri" adı altında vermişlər. Zindan şeirləri aşığın kədər və iztirablarını, haqsızlıqdan şikayətlərini, dostlardan, qohumlardan ayrı düşdüyünü, "dünyada ədalətin olmadığını" göstərən şeirlərdir:

 

Azaflı nə desin belə dünyaya,

Olubdur qanunlar tələ dünyaya.

Tarix söylədi ki, hələ dünyaya

Bir doğru ədalət, divan gəlməyib.

 

Azaflı Şəhriyara, Səməd Vurğuna, Qarslı Aşıq İslama, Hüseyn Bozalqanlıya, Aşıq Ələsgərə, Aşıq Alıya, Aşıq Şəmşirə, Aşıq İmrana, qızı Marala, Aşıq Pəri məclisinə, Mülkülü Həsənə, Cahan Əfruza, Əli Kafkasiyalıya, Osman Sarıvəlliyə, Aşıq Mirzəyə və bir sıra başqa şəxslərə ithaflar yazmışdır. Qarşılıqlı olaraq ona da başqalarının ithafları vardır. Bunlardan əlavə, Azaflı bir sıra görkəmli aşıqların, şairlərin ünvanına mərsiyələr yazmışdır. Kitabın böyük bir hissəsini Mikayıl Azaflının deyişmələri tutur. Tərtibçilərin "bənzərsiz şeirlər" adlandırdıqları şeirləri, qəzəlləri, mənzum məktubları, poemaları da göstərir ki, Azaflı məhsuldar yaradıcılıq yolu keçmişdir.

Bu abidə əsər Azaflı yaradıcılığına əbədi işıq tutur. Həmişə xeyirxah əməllərlə, dəyərli kitablarla cəmiyyəti sevindirən filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev və Maral Azaflı fundamental "Qoca Azaflıyam" kitabını nəşr etdirməklə Mikayıl Azaflı yaradıcılığına yuxarıda qeyd etdiyimiz kimi, yeni həyat bəxş edib, aşığa əbədilik qazandırıb.

 

Azərbaycan.- 2009.- 13 yanvar.- S. 7.