Ağaoğlu T.

 

İkinci ömrünü yaşayanlar

 

Yaradıcılığı ilə tanınan istedadlı yazıçı-publisist, əməkdar mədəniyyət işçisi, altmış ildən artıq müxtəlif mətbuat orqanlarında fəaliyyət göstərən Nahid Hacızadənin yaxın günlərdə "Yada düşdü" xatirələr, məqalələr toplusu (Bakı, "Araz" nəşriyyatı, 2008-ci il) işıq üzü görüb.
Bu günümüz üçün vacib, yüksək dəyərlərinə görə gələcək nəsillərə ərməğan olmağa layiq həmin sanballı kitabı həyəcansız oxumaq mümkün deyil. Müəllif publisistik yazılarında tarixi şəxsiyyətlərin talelərindən, keçdikləri ömür yollarından ətraflı məlumat verməklə yanaşı, həm böyük ümidlər bəslədiyimiz sabahlara ayna tutub - həyat reallığını, şəxsiyyət ucalığını məharətlə təsvir edib.

Kitabda ilk diqqətçəkən fikir budur: "Hər insan sirli-sehrli bir aləmdir. Yaradıcı insanın könül dünyası isə daha cazibədar, təlatümlü, coşqun, üfiqləri daha geniş, əlçatmaz olur..." Milli-mənəvi dəyərlərimizi məharətlə qələmə alan N.Hacızadənin "Yada düşdü" kitabında da maraqlı məqamlar çoxdur. O yazır: "İnsan yaşa dolduqca kövrəkləşir, daha çox xatirələrlə yaşayır. Hərdən oxuduğum əsər, dinlədiyim həzin musiqi, seyr etdiyim mənzərələr, rastlaşdığım dostlar məni duyğulandırır. Bəzən yazı masamdan həftələrlə ayrılıram, əvəzində xatirələrini əziz tutduğum insanlarla xəyalən üz-üzə qalıram..."

Kimlərdir həmin şəxsiyyətlər ki, yazıçının varlığına, duyğularına qor salır? Yenə müəllifin fikrinə istinad edirik: Nazim Hikmət, Bülbül, Əli Vəliyev, Rəsul Rza, Mir Cəlal, İlyas Əfəndiyev, Nəsir İmanquliyev, Əliağa Kürçaylı, Şahmar Əkbərzadə, Vilayət Rüstəmzadə. Unudulmaz insanlar haqqında Nahid müəllimin müxtəlif dövrlərdə qəzet jurnallarda dərc olunan, indi isə "Yada düşdü" toplusundakı xatirə yazıları maraqla qarşılanır, həvəslə oxunur. Təsvir etdiyi şəxsin işıqlı obrazı, millətimizin, ədəbiyyatımızın uğrunda çəkdikləri cəfalar xəyallarda canlanır. Onun taleyindən küskün, lakin işıqlı təfəkkürü, qələmiylə şöhrət qazanmış görkəmli yazıçı Ənvər Məmmədxanlı haqqında "Dayanmaz karvanın sənin" bədii-publisistik məqaləsi sözdən yaranmış monumental abidəyə bənzəyir. Müəllif yazır: "Ənvər Məmmədxanlı Azərbaycan nəşrinin xan çinarıdır. O, xoşbəxt gündə, işıqlı Ay, ulduzlar altında doğulmuşdu. Yazıçı olanda da beləsindən olasan. Sözün dillərdə gəzə, ürəklərdə yuva qura..."

N.Hacızadənin ekran və kino, səhnə üçün yazdığı əsərlər - 30-a yaxın sənədli, bədii televiziya filmləri, "Son qəmin olsun, Vətən", "Qayalarda qalan səs", "Yaşa, ey haqq!" televiziya tamaşalarının ssenariləri oxucunu dərindən düşündürür, çox da uzaq olmayan keçmişə aparır. 1990- il 20 Yanvar faciəsinə həsr etdiyi, musiqisini Eldar Mansurovun bəstələdiyi "Qalx, qalx, ulu torpaq!" mahnısının sözləri bu gün dillər əzbəridir. Bu əsərlər müxtəlif dillərə tərcümə olunub. Pyesləri teatr səhnələrində uğurla oynanılıb. "Azərbaycan" qəzetində 9 aprel 2006- il tarixdə onun 70 illik yubileyi münasibətilə indi adıçəkilən kitabda dərc olunan "Qələminə güvənən yazıçı" məqaləsində oxuyuruq: "Nahid Hacızadə doğma vətənə, yurda ürəkdən bağlı olan, milli dəyərlərimizi, mentalitetimizi uca tutan, xalqımızın sevinci ilə sevinən, dərdini öz dərdi bilən söz adamı, qələm sahibidir. Yazıçı "Bir ana tanıyırdım", "Ürəyin çağırışı", "Ömür gözləyir bizi", "Məhəbbət ölüncə var", "Payız leysanları", "Qərib axşamlar", "Dağlar yuxuma girir", "Hələ gec deyil" başqa kitablarında bəşəri hissləri, vətənpərvərlik duyğularını, gələcəyə inamı bədii lövhələrlə vermişdir. Qarabağ mövzusu onun yaradıcılığında önəmli yer tutur.
"Yada düşdü" bədii-publisistik kitabı ilə Nahid Hacızadə bir daha sübut etdi ki, yaşının ixtiyar çağında da yaradıcılığına sadiq qalıb. Həvəslə yazıb-yaradır, bu günümüzü, xoşbəxt gələcəyimizi təsvir edir. Kitabın redaktoru Dilarə xanım Vəkilovanın fikrini oxucuların diqqətinə çatdırırıq: "Mir Cəlal müəllimin işıqlı, gülümsər siması, Həmid Araslının ciddi görkəmi, Əli Sultanlının zəhmli baxışları, Nəsir İmanquliyevin doğma davranışı, tələbələrinin məhəbbətini qazanmış Bəxtiyar Vahabzadənin müdrik kəlamları,.. ümumiyyətlə tarixi şəxsiyyətlərin bir çoxu Nahid Hacızadənin "Yada düşdü" kitabında ikinci ömür tapıblar".

 

Azərbaycan.- 2009.- 7 yanvar.- S. 7.