"3 teatrın
birləşdirilməsi müzakirə
olunmalıdır"
Bakı Kamera Teatrının rejissoru xəbəri
mətbuat səhifələrindən oxuyub
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Dövlət Gənclər Teatrı və Bakı Kamera Teatrının birləşdirməsi barədə açıqlaması müzakirə mənbəyinə çevrilib. Kamera Teatrının kollektivi hələlik məsələ ilə bağlı onlara müraciət olunmadığını bildirdi. Qeyd edək ki, Bakı Kamera Teatrının kollektivi hazırda məşqlərini Əbilov adına Mədəniyyət Evində aparır, tamaşalarını isə A.M.Şərifzadə adına Aktyor Evinin tamaşa zalında nümayiş etdirir. Teatrın baş reyissoru Cənnət Səlimova bildirdi ki, Mədəniyyət və Turizm Nazirliyinin 3 teatrı birləşdirmək qərarı barədə mətbuat səhifələrindən məlumatlanıb. Bu səbəbdən geniş danışa bilməyəcəyini deyən Cənnət xanım teatr kollektivinin nazirlə görüşmək istədiyini bildirdi: "Yəqin ki, məsələnin detalları nazirin bizimlə görüşü zamanı həllini tapar. 3 teatrın birləşdirilməsinin mümkünlüyü mütləq müzakirə olunmalıdır".
Xatırladaq ki, nazir üç teatrın birləşdirilməsi planının Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının əsaslı təmirdə olan binasının təhvilindən sonra həyata keçiriləcəyini bildirib: "Azərbaycanda teatrların yersiz, əziyyətlə, imkansız şəkildə fəaliyyət göstərməsini istəmirik. Ona görə də biz üç teatrı birləşdirmək qərarına gəldik. Amaliya Pənahovanın rəhbərlik etdiyi Bələdiyyə Teatrı öz fəaliyyətini davam etdirəcək. Ancaq çox gözəl tamaşalar hazırlayan Bakı Kamera Teatrının yeri yoxdur. Hesab edirik ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının binası hazır olandan sonra Novruz bayramı ərəfəsində yeni formada tamaşaçıların ixtiyarına veriləcək. Elə həmin vaxt Gənclər Teatrı və Kamera Teatrının birləşdirilməsi və möhkəmləndirilməsi mərhələsinə start verəcəyik. Bu qərar yeni şəraitin və yeni yaradıcı mühitin yaradılmasına təkan verəcək".
Ə.Qarayev onu da
qeyd edib ki, üç teatr birləşsə də, heç bir teatrın kollektivində ixtisar olmayacaq, heç bir reyissor və
aktyor işsiz qalmayacaq. Nazirin sözlərinə görə, Gəncə şəhərində Gəncə
Poeziya Teatrı ilə Gəncə Dövlət Teatrı birləşdirilib və hazırda vəhdətləşmiş
kollektiv şəklində
layihələr həyata
keçirilir. Əməkdar
incəsənət xadimi,
reyissor Bəhram Osmanov isə iki il müddətinə
Gəncə Dövlət Teatrına ezam olunub. Nazir
onu da qeyd
edib ki, paytaxtın bir neçə teatrında studiya da yaradılacaq
və bununla bağlı hazırlıq
işlərinə yaxın
müddətdə başlanılacaq.
Kaspi.- 2009.- 24-26 yanvar.- S. 16.