Xəlilzadə F.
Adı korifeylər sırasındadır
Azərbaycan teatrının təşəkkül tapıb inkişaf etməsində əməyi olan sənətkarların sırasında bir imza da diqqətimi tez-tez çəkirdi: Əjdər Sultanov. Xalq artistini səhnədə görməmişdim, çəkildiyi filmlər də tez-tez nümayiş etdirilmədiyindən, hansı obrazı yaratdığını, hansı sənət xüsusiyyətlərinə görə həmkarlarından fərqləndiyini təyin edə bilmirdim. Amma həmişə teatr mütəxəssislərinin, sənətşünasların söhbətlərində onun adını tez-tez eşidərdim.
Aktyor sənəti belədir. Görünən və tamaşaya baxılan zaman sənəti yaşayır. İstedadı, qüdrəti, potensialı, enerjisi tamaşaçıya da bəlli olur, teatrşünaslara da. Deyək ki, biz nəsil Hüseyn Ərəblinskini, Hüseynqulu Sarabskini, Abbas Mirzə Şərifzadəni, Sidqi Ruhullanı... eləcə də bu sırada adı çəkilə biləcək bəzi sənətkarları səhnədə görməyib. Amma xoşbəxtlikdən onların haqqında çox yazılıb, deyilib, xatırlanıb. Bilmişik ki, teatrımızın yaranmasında bu korifeylərin böyük xidməti olub. Halbuki Əjdər Sultanov da milli teatrın təşəkkülündə cəfakeşlik göstərən çox fədakar sənətkarlardan olub. Təəssüf ki, onun haqqında ətraflı məlumat toplamaq çətin oldu. Həm həmkarları dünyasını dəyişib, həm də onu səhnədə görənlərin əksəriyyəti indi sağ deyildi.
Bioqrafiyasına nəzər saldıqda öyrəndik ki, Əjdər Sultanov 1909-cu ildə Bakıda anadan olub. Teatr texnikomunu 1928-ci ildə bitirib. Səhnə fəaliyyətinə isə 1926-cı ildə hələ tələbə olarkən Bakı-Türk İşçi Teatrında başlamışdır. Sonralar Gəncə Dram Teatrının səhnəsində (1933-1937) aktyorluq etmişdir. 1939-cu ildə yenidən Bakıya qayıdaraq indiki Milli Dram Teatrının səhnəsində müxtəlif rollar yaratmışdır.
Cəmi 53 il yaşamış Əjdər Sultanov xalq artisti fəxri adını alanda 40 yaşı vardı. Təbii ki, ziddiyyətli bir dövrün ab-havasında yaradıcılıqla məşğul olmaq, repressiyaların hər cür şiddətini hiss etmək və bunun da müqabilində parlaq sənət nümunələri yaratmaq, belə ağır dövrdə şərəfə nail olmaq, təltiflənmək çox mətləblərdən xəbər verir. Bununla yanaşı, keçirdiyi həyəcanlar, üzləşdiyi vahimələr Əjdər Sultanovun sevincindən çox olub. Elə bu səbəbdən də az yaşayıb.
Sənətşünaslıq doktoru, professor İnqilab Kərimov onun haqqında yazıb: "Əjdər Sultanov səhnə mədəniyyəti, gur və gözəl səsi, aydın diksiyası ilə seçilən aktyor idi. Yaratdığı obrazları həyatiliyi, müdrikliyi və mənəvi paklığı ilə fərqlənirdi". Başqa bir xatirədən çəkdiyimiz ləçək də maraqlıdır: "Əjdər Sultanov Hüseyn Ərəblinskiyə bənzəyirdi. Onun kimi yaraşıqlı, sənətə ciddi münasibət göstərən məsuliyyətli, yaradıcı, tamaşanın hazırlanmasında mövqeyi olan sənətkar idi".
Xalq artisti Əjdər Sultanov indiki milli teatrın səhnəsində Cəfər Cabbarlının, Hüseyn Cavidin, Səməd Vurğunun, Süleyman Rüstəmin, İlyas Əfəndiyevin və başqalarının pyeslərinin tamaşalarında, eləcə də dünya ədəbiyyatının məşhur dramaturqlarının səhnələşdirilmiş əsərlərində müxtəlif rolların mahir ifaçısı kimi tanınmışdır. O, istedadlı, zəhmətkeş, cəfakeş aktyor olmaqla bərabər həm də müasirlərindən öyrənməyi daha çox sevərdi. Bu səbəbdən də Əjdər Sultanovun yaradıcılığında Kazım Ziyanın, Sidqi Ruhullanın, Mirzəağa Əliyevin, Adil İsgəndərovun, İsmayıl Dağıstanlının və başqalarının güclü təsiri var idi. O həmişə yaratdığı obrazların kəmiyyətinə yox, keyfiyyətinə böyük fikir verərdi.
Əjdər Sultanov həm də görkəmli pedaqoq idi. İndiki Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığından dərs deyərdi. Vaxtilə ondan dərs almış Əzizağa Quliyev öz müəllimi haqqında qələmə aldığı xatirəsində yazırdı: "Əjdər Sultanov Milli Dram Teatrında işlədiyi müddətdə bütün təcrübəli və istedadlı rejissorların hazırladıqları tamaşalarda rollar oynamışdır. İ.Hidayətzadə, A.İsgəndərov, M.Məmmədov, A.Şərifov, T.Kazımov, Ə.Ələkbərov... onunla məmnuniyyətlə işləmişlər".
Əjdər Sultanovun bir sənətkar kimi gözəl xüsusiyyətlərindən biri də tamaşa hazırlayarkən gənc rejissorlara qayğı göstərməsi, onlara kömək etməsidir. Rejissor Nəsir Sadıqzadə o günləri xatırlayaraq belə yazırdı: "1959-cu ildə ilk dəfə "Tufan" pyesinə quruluş verməli idim. Məşqlərdə sıxıntı keçirirdim. Həmin sıxıntıdan qurtarmaq üçün Əjdər Sultanov bir gün məni evlərinə çağırdı. Mənimlə xeyli söhbət etdi. Bu görüşdən sonra bütün həyəcanlarım ötüb keçdi. Təcrübəli sənətkarın mənimlə - gənc rejissorla birgə əməkdaşlığı uğurla nəticələndi".
O dövrdə bu tamaşa haqqında bütün mətbuat orqanlarında dərc olunan resenziyalarda həm gənc rejissor Nüsrət Sadıqzadənin quruluşu, həm də Çjoy rolunun ifaçısı Əjdər Sultanov haqqında müsbət fikirlər söylənilmişdir.
Əjdər Sultanov çoxşaxəli yaradıcılıq yolu keçmiş aktyor olub. Müqtədir sənətkar Opera və Balet Teatrında da fəaliyyət göstərib, kinoya da çəkilib. Xüsusilə də, filmlərin səssiz lentə alındığı dövrlərdə Əjdər Sultanovun bu sahədə böyük xidməti olub. Onun yaratdığı obrazlar rəngarəngliyi, zənginliyi ilə seçilirdi. Teatr tariximizdə öz yeri olan Əjdər Sultanovun yaradıcılığı gənc nəslə mütləq öyrədilməli, onun yaratdığı xarakterik rollardan söz açılmalıdır.
O, təkcə istedadlı aktyor, nüfuzlu müəllim olmayıb. Müasirlərinin söylədiklərinə görə Əjdər Sultanov zəngin mənəviyyata malik şəxsiyyət imiş. Bu məziyyətlər onun yaratdığı obrazlarda da öz təsirini göstərirmiş.
Müasiri olduğu aktyorların ön cərgəsində ləyaqətlə addımlayan xalq artistinin İkinci Dünya müharibəsindən sonra yaradıcılıq yolu çox məhsuldar olmuşdur. Bu dövrdə o, həm Azərbaycan dramaturqlarının, həm də xarici ölkə müəlliflərinin səhnə əsərlərində parlaq obrazlar yaratmışdır.
Həm rejissorların, həm də tamaşaçıların rəğbət və məhəbbətini qazanmış Əjdər Sultanov yaşadığı dövrün ağrı-acılarını içində çəkərək həyatı çox erkən tərk edib. Görkəmli aktyorun 100 ili tamam olur. Görünüb-görünməməyindən asılı olmayaraq aktyor fəaliyyəti boyu maraqlı, yaddançıxmaz obrazlara həyat verirsə, heç vaxt unudulmur. Əjdər Sultanov Azərbaycan teatr sənətinin inkişafında elə bir xidmət göstərmişdir ki, onun adı həmişə korifeylərin sırasında hörmətlə çəkilir.
Azərbaycan.- 2009.- 24 yanvar.- S. 6.